Azər HƏSRƏT

 Azər qatardan düşüb kəndə sarı gedən yola çıxdı. Artıq çox gec idi. Gecə yarısını – saat on ikini keçmişdi. Fevral ayının ən soyuq günlərindən biri, ətraf ağappaq qar. Heç kim də gözə dəymirdi. İlin-günün bu vaxtında kimin nə işi vardı küçədə?

Adətən bu vaxt gələn qatardan düşüb Dədəli kəndinə gedənlər olardı. Amma indi bir nəfər də yox idi. Qatardan düşənlər olmuşdu, onlar da Dədəliyə getmirdilər. “Deməli, kəndə tək getməli olacam”, - deyə düşündü Azər. “Olsun da. Hava da əladır. Sakitdir, təmizdir. Ətraf da ağappaq qar. Elə bil gündüzdür. Qarın rəngi qaranlığı əməlli-başlı kölgədə qoyur. Palçığa da batmaram. Yolda maşın olar, minərəm, olmaz, ayaqlarıma güc verib qırx dəqiqəyə evə çataram.”

Azər Qusarçay dəmiryol stansiyasından ayrılıb üzü Dədəliyə sarı gedən yola endi. Ətrafa göz gəzdirib yola düzəldi. Bir xeyli getdikdən sonra Dədəlinin ərazisinə çatdı. Burada artıq yol qalın kolların və iri gövdəli ağacların əhatəsindən keçirdi. Özü də elə bir yol idi ki, ağacların arasında tunel kimi uzanıb gedirdi. Bu başından baxanda xeyli irəlini görmək olurdu. Üstəlik də hər tərəf qar olduğu üçün ən adi qaraltı belə gözdən qaçmırdı. Belə olanda arxayın getmək olardı. Düzdür, ilin bu vaxtı çaqqal sürüləri, yalquzaqlar da adamın qarşısına çıxa bilərdi. Ancaq nə etməli, getmək lazımdır. Bu qarda-soyuqda, həm də gecənin bir aləmində küçədə qalan deyildi ki.

Əsgərlikdən yeni gəlmişdi o həm də. Özünə güvənirdi. Güclüydü, idmanla çox məşğul olurdu. Qarşısına bir vəhşi heyvan çıxsa, onunla bacara biləcək qədər gücü vardı. Ona görə də arın-arxayın, ancaq ehtiyatı da əldən vermədən yoluna davam etdi.

Bir qədər getdikdən sonra xalq arasında “Xozeyin arxı” kimi tanınan yeri keçib kəndə yaxınlaşmağa başladı. Kəndin evlərinə çatmağa hardasa bir kilometr yol qalmışdı. Bir azdan ora yetişəcək və rahat nəfəs alacaqdı. Çünki həm evlərdə ara-sıra yanan işıqlar, həm də həyət itləri canavar, çaqqal kimi heyvanların kəndə girməsinə əngəl olurdu. Ona görə də yalnız itlərdən qorunmaq lazım ola bilərdi. Ancaq onlar da adətən həyətdən bayıra çıxmaz, yol keçənlərə toxunmazdı.

Bu düşüncələrlə və ayağının altında xışıldayan qarın səsindən aldığı ləzzətlə irəliləməkdə ikən Azərin gözünə xeyli irəlidə bir qaraltı sataşdı. Bir an addımlarını yavaşıdıb diqqət kəsildi. Yanılmamışdı. Uzaqda görünən qaraltı canavara bənzəyirdi. Elə bil nəsə parıltı da gəlirdi ordan: “Yəqin gözləridir. Axı deyirlər qaranlıqda canavarın gözləri parıldayır. Hə, canavardır. Amma nəsə tərpənmir. Bəlkə pusqu qurur? Bəlkə qəfil hücum edəcək? İndi geri dönüb qaçmaq olmaz. Çünki canavarlar adətən qaçanı qovarlar. Həm də qaçana arxadan hücum etmək onlar üçün daha asan olur. Ən yaxşısı üstünə getməkdir. Hazır olmaq lazımdır ki, birdən hücum etsə boğazından yapışıb boğum. Cəhənnəmə, ora-buramı cırmaqlayacaq, ancaq boğazı əlimə keçəndən sonra ölsə də məndən qurtula bilməz”.

Azər bir az addımlarını yavaşıdıb yaxınlaşmaqda olduğu qaraltını daha diqqətlə nəzərdən keçirməyə çalışdı. Qaraltı isə daha çox canavara bənzəsə də yerindən tərpənmirdi ki, tərpənmirdi. “Lənət şeytana, bu indi mənəmi kələk gəlir? Yüz faiz yalquzaqdır. Özünü tülkülüyə qoyur ki, qəfil üstümə atlansın. Yox, yalquzaq hara, tülkü hara? Onda niyə tərpənmir? Bəlkə yaralıdır? Yaralı yalquzaqlar çox dəhşətli olur deyilənə görə. Elə olsa işim bir az çətin olacaq. Bir də deyirlər canavarlar oddan qorxur. Cibimdə də kibrit yox ki, od yandırım. Siqaret çəkən olsaydım indi kibritim də olardı. Bir od yandırıb onu qorxudardım və yoluma davam edərdim. Eh, hər necə olsa davam etməkdən başqa çarə yoxdur. Qoy gəlsin görüm, kim kimi yenir”, - deyə düşünərək o, artıq canavara bənzəyən qaraltının hardasa yüz metrliyinə yaxınlaşdı.

“Deməli belə. Bu indi yerindən durub mənə doğru cumsa hər şeydən əvvəl gərək heç nəyə baxmayıb boğazından yapışım. Özü də iki əllə. Baş barmaqlarımı xirtdəyinə dirəyib nəfəsini kəsərəm, iki dəqiqə içində canı çıxar. Düzdür, çırpınacaq, mənim üst-başımı cırmaqlayacaq. Ancaq başqa çarə yoxdur. Bacarsam yerə yıxıb belini də sındıraram. Pay atonnan, sonra gör kənddə nə söhbətlər olacaq? “Azər Qurdbasan” qoyacaqlar adımı! Əladır ki! Yaxşı addır vallah! Küçəyə çıxanda hamı məni barmaqla göstərib deyəcək ki, “oho, Qurdbasan gəlir”. Özüm ölüm, bu dastanlarda, nağıllardakı qəhrəmanlar da elə belə ad çıxarır da. Biri, görürsən ayını yalın əllə öldürür, bir başqası pələnglə əlbəyaxa olur, digəri də canavar öldürür. Elə mən də canavar öldürərəm, adım olar Qurdbasan! Kəndimizdə bu adda heç kim yoxdur onsuz da. Mən olaram Qurdbasan! Hələ qızlar nə danışacaq mənim haqqımda? Arxamca düşəcəklər! Hansı qız istəməz canavarı yalın əllə boğan oğlanı? Hə, onda dost-tanış da mənə həsəd aparacaq!”

Azər artıq canavara tam yaxınlaşmaq üzrə idi. Onların arasında bir neçə metr ara qalmışdı. O, indi canavarın açıq ağzında parıldayan dişlərini də təsəvvür etməyə başlamışdı. Qorxunc idi: “Bu dişin biri adamın ətinə batsa bəsdir elə. Bıçaq kimi kəsər adamı bu. Hələ arxa dişlərinə bax. Gör necə qorxuncdur. Yox e, bunun payını verəcəm. Üz-gözümü cırmaqlayar, yerində çapıq qalar. O kinolardakı qəhrəmanların çapıqlarından olar məndə də. Onda əsl qəhrəman olaram ki. Üzümdə çapıq, qızlar arxamca düşür, tay-tuşum da mənə həsəd aparır! Bəh-bəh!”

Sonuncu fikir Azəri necə tutdusa bir anda bütün gücünü toplayıb irəli atıldı. Canavara doğru şığıyıb əllərini irəli uzatdı. Barmaqlarını açıb onun boğazından yapışmaq istəyirdi ki, əli bərk bir şeyə dəydi... və özünə gəldi. Qarşısındakı adi bir qara kötük idi! Bütün ümidləri puç oldu! Bir anda “Azər Qurdbasan”, arxasınca düşən qızlar, üzündəki çapıq, barmaqla uzaqdan göstərilmələr elə bil havaya uçdu. Azər dərin bir xəyal qırıqlığına uğrasa da özünü o yerə qoymadan yoluna davam etdi. Onsuz da kəndin evlərinə çatırdı artıq...

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə