Zarafat-zarafat, İbrahim İlyaslıqağamız 50-yə çatdı. Onun harasa çatma-sından... söz düşəndə qəribə duyğular baş qaldırır məndə. Daha doğrusu, müəyyən olaylar düşür yadıma... Mənim qağayla ölkəiçi və ölkədışı yoldaşlığım olub. Bəzi yoldaşlıqlarımız yaxud onu yola salmağımız da qəribə, macəraçı sonluqla bitib. Oysa, İbrahim İlyaslı da, mən də macərapərəst sayılmarıq. Demək, birinci dəfə qağanı Bursaya yola salasıyıq – Ankaradan Yaqub Dəliöməroğlu tel edib, bir isim istədi, uluslararası şeir festivalı üçün – mən də qağanın adını verdim, sonra özünə dedim, sağ olsun, - Türkiyə, Bursa adını eşidincə, etirazmı edəcəkdi? - həmən bilet kəsildi, uçuşa sanılı gün, sanılı saatlar qaldı... Bəs deməzsənmi, bir də elektron biletə baxanda bəlli oldu ki, uçuş Bakı-İstanbul-Bağdad xətti ilə olacaq, gediləcək yer də Bursa deyil, Bəsrədi... – Allahu Əkbər! Həncəri olubsa, Ankaradan gələn məlum zəngdən – zəng gələndə yerin altında – metroda – basabasdaydım – mən “B” başlanğıclı şəhəri, təbii olaraq Türkiyə içində və Bursa kimi alqılamışam və qağaya da Bursa hazırlığı içində olmağı demişəm. Ünvan İraq və Bəsrə olunca, iş qəlizləşmədimi!?. – O aralar Azərbaycandan İraqa ge¬dən zəvvarların avtobusu atəşə tutulmuşdu, qaliba, ölən-itən də vardı... İndi di gəl, bir şairi bir ilk səfərə yola sal, bunun sorumluluğunu daşı... Üstəlik də, özüm də getmirəm ki, deyəm, nə olacaq ikimizə olacaq... Nə başınızı ağrıdım, dərin kədər hissi ilə, əhvalatı qağaya açmalı oldum. Bir az da üsullu danışıram... – göz önünə gətiriəm – sən ilk səfərə hazırlaşasan – işlə, evlə, dostla-aşina ilə danışıb-razılaşdırasan və birdən də zəng gələ, bəs belə-belə... Nəysə, qağa məni təmkinlə dinlədi və öncə “Baa?!” deyib, ardınca ani susqunluqdan sonra, gözləmədiyim halda, “Heç nə, noolajax, dərdiş, Bursa olmasın, Bəsrə olsun, gedərəm, ora da gedərəm” dedi. İş lap qəlizləşdi..! Uzun sözün qısası, bu dəfə qağanı bir minnətlə, təhlükəsizlik əsaslandırmaları ilə Bəsrədən saxladıq və mən Türkiyəyə növbəti dəvətin ona yönləndiriləcəyinin sözünü verdim. Az keçmiş belə bir dəvət gerçəkləşdi və mən də bir xeyli “çiynindən yük götürülmüş” kimiydim, təbii. Amma deyirlər, ya - “sən saydığını say, gör, fələk nə sayır”. Bu dəfə də qağa uçağa gec qaldı və Bursadan, Bəsrədən sonra Elazığ da əldən çıxdı... Dedim, qağa, Allah üçüncüdən saxlasın; gərək yoldaşlı gedək, tilsim sınsın... Beləliklə, yoldaşlı Ərzurum yolçuluğuna çıxası olduq. (Qələbəlik bir heyətdik, yalnız onu deyim, heyətdən hava limanına ilk gələn İbrahim qağa olmuşdu, ən erkən gələnimizi də hava limanında o qarşılamışdı...) Və bu səfərdə bütün yoldşlarımız İbrahim İlyaslı qazancı ilə geri döndü... doğrudan da, qardaşın xasiyyəti səfərdə tanınarmış... 
 Ötən il isə, qağaynan Quba, Mingəçevir, Şəki, Salyan, Cəlilabadda olduq – bölgə yazarları ilə görüşlərdə... Mən bu səfərlərdə İbrahim İlyaslı kimi reklamsız bir şairin bölgələrdə necə tanındığını gördüm və bu “necəlik”dən məmnun oldum. Özəlliklə, yeni nəsil aşıqlarımızın onun şeirləri üstə oxumalarına tanıq olmaq, qulaq kəsilmək xoşdu... – könülcə, qələmcə, dəftərcə, kitabca...
Bir dəfə də o məni yola salıb – hərbi xidmətə... Demək, qağanı “Ulduz”un “duel”inə çağırmışdım. Sağ olsun, o da “şair “duel”i noolajax, bəri gəl” deyib, məni Sumqayıta – evinə çağırdı. Başımız söhbətə nə təhər qarışmış, çənəmiz necə qızışmışdısa, bir də baxdıq, gecə gecədən keçir... Qağa da, növbəti sözünü belə başladı: “bu gejə haqqı...”. Və həmin “duel” dərgidə yayınlananda mən artıq zabit kimi hərbi xidmətdəydim, “Ulduz” da yazının sonunda bu halı “p.s.”-lə keçmişdi... Qağa, bax, belə qağadı, gərək onu çox bərkə-boşa çəkməyəsən...  
Hə, bayaq “metrodaydım” deyə bir qeyd də keçdim, sizə deyim, İbrahim qağanın “metro”muzla bağlı bir şakalı iradı var, deyir, “a başına dönüm, hər Bakıya gələndə adamın üstünə soyuq su tökürsüz, elə bil... xatırladırsız ki, siz Bakıda yaşayırsız, biz yox – siz paytaxtlısız, biz qonaq, bu nədi, ta yerin altından səslənirsiz: “Hörmətli Bakılılar və şəhərimizin qonaqları”...  
Heç bilmirəm, bu “sorun”u həncəri çözəcəyik?... Əlac ona qalıb, qağanı Bakıya köçürək ya da ona avtomobil arzulayaq... “Avtomobil alaq” demədim, özüm, çün, qağa, özü öz yükünü çəkməyə qeyrət edən, özünün azına qane olan, kiminsə çoxuna tamahsınmayan, könlü-gözü tox qağadır. Bu QAĞA sözünü belə şirin-şirin deməyim də o üzdəndir. Hər adama qağamı deyərəm, yoxsa.!?
 
***
İbrahim İlyaslı 50-yə çatır!
Qutlu olsun!
Deyiləndən yaxşı deməyəcəyiksə, qoy təkrar edək:
Şair, “Əllini aşırdın, yüzə nə qaldı?”
 
***
Sözümün sonunda İbrahim qağaya üz tuturam: 
Qağa, yolun açıq, işin avand, qələmin iti, diləklərin çin, canın sağ, balaların xoşbəxt olsun!
Mən sənin diləklərinin yönünü bilirəm – o yön, o yol TURANlı GƏLƏCƏYə doğrudur! Ülküsüz ömür nə ömürdü, ülküsüz qələm yazdığı nə olacaq? 
Ülkün, qələmin var olsun, özün var ol!
2013
 (nə Bakı, nə Sumqayıt...
ABŞERON)
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə