"Bəxtəvərlik Tanrının sevgisini qazana bilməkdi..."

-Salam, xoş gördük, əfəndim. İstədim bir könül söhbətində buluşaq, ovqatın nasıl?


-Əleyküm-Salam. Xoş gününüz olsun. Sənnən könül söhbətində buluşmaq hər zaman xoşdu. Təbii ki, “ovqatım yaxşıdı” cavabını gözləyirsən. Maləsəf, elə deyə bilməyəcəm. Gecə saat 2-nin yarısıdı. Eyni zamanda sənin suallarını cavablandırmaq zorundayam. Ovqatdı da... həmişə yaxşı olmaz ki? Amma elə pis də deyil.
-Onda başlıyalım İbrahim İlyaslının mənsub olduğu nəsil-kök şəcərəsindən. İbrahim İlyaslı kim, kimin kimsənəsidir?
-İbrahim İlyaslının nəslinə də, kökünə də bir dostum kimi azdan çoxdan sənin də bələdçiliyin var. Oxuscular üçün soruşursansa, gərək bir az gendən gələk. Yeddi arxa dönənimə qədər – yeddinci ulu babama qədər bilgim var. O kişinin adı Hacı olub. İndi daşıdığımız rəsmi Hacı(yev) soyadımız da ordan qaynaqlanır. Hacı babam Qazağın İncə dərəsi obasına Dəmir Qapı Dərbənddən gəlib. Bu təxminən XVII əsrin sonlarına təsadüf edir. Mən Hacı babamın oğlu İbrahimin adını daşıyıram. Onun oğlunun adı isə İlyas olub. Yəni babamın babasının adı. Bu da mənim imzamda və böyük qardaşım İlyasın adında öz ifadəsini tapıb. Babam Mustafa İlyasoğlunu görmüşəm. Atam Musa müəllimdir. 1930-cu il təvəllüdlüdür. Təqaüdə çıxıncaya qədər – 40 ilə yaxın Aslanbəyli kənd orta məktəbundə fizika müəllimi işləyib. Hal-hazırda anam Sənubər xanımla doğma kəndimizdə - Aslanbəylidə qoşa ömür sürürlər. Allah bütün valideynlərin canını sağ, könlünü xoş eləsin. Bu qədər...
-Bəzi söz adamları  deyir ki, İncə Dərəsindən olan şairlər ona görə böyük şairlər olurlar ki, onlar sözü qanandan Aşıq Avdıya baba deyib ətəyindən yapışıllar. Hər kəs Aşıq Avdını mənəvi babası sayır. Bu müqəddəs kökə bağlılığın sirri nədədir?
-Əslində, İncə dərəsinin yeganə fərqli cəhəti bu obada ulu övlüya – pirimiz, səcdəgahımız Hacı Mahmud Əfəndi kimi bir şəxsiyyətin dünyaya göz açması, Nəqşibəndi təriqəti kimi uca bir təriqət mürşidi olaraq  bu obanı mənəvi mayalaması və bu obada haqqın dərgahına qovuşmasıdır. Bizim oba bu adnan tanınır. O ki, qaldı İncə dərəsindən çıxan sənət adamlarına, onların hər birini haqqa tapınmaları urvatlı edib. Ustadımız Aşıq Avdı Qaymaxlı kəndindəndir. 20-ci əsrin ən böyük aşıqlarındandır. Sazda “İncə gülü”müzün yaradıcısıdır. Onu özümüzün mənəvi babamız bilməyimiz bizim tərbiyəmizin göstəricisidr. Yeri gəlmişkən, məmləkətimizin hər bir obasında bu cür örnəklər var. Göyçədə Aşıq Ələsgər, Kəlbəcərdə Dədə Şəmşir, Borçalıda Aşıq Əmrah, Tovuzda Mikayıl Azaflı, Laçında Sarı Aşıq, ... olan kmi.
-İbrahim İlyaslı necə adamdı?
İbrahim İlyaslı sizin dostunuzdur. Onun necəliyini siz məndən yaxşı bilərsiniz. Mənə qalsa, mən onun ancaq qüsurlarından danışa bilərəm. Bunu da təbii ki, aləmə car çəkmək istəməzdim. Qoy oturub oturduğu yerdə. Məmləkətinin bu günündə qazi deyil, şəhid deyil... uzağı bu təmənnada olub, buna cürəti çatmayanın biridi. Onu qan yaddaşı göynəyənlərin sırasına yazın getsin... 50-ni haqladı, əlifbadan bircə hərfi kamil öyrəndi – T! – Tanrı, Türk, Turan!!!
Bu dünyada bəxtvər olmaq üçün divanə və dəlimi olmaq lazımdır?
Ən azı ikisindən biri olmaq lazımdı. Tanrının sevdiyi bəndələrdi onlar. Bəxtəvərlik Tanrının sevgisini qazana bilməkdi...
-Deyirsiniz ki, “Mən bir şey bilirəm...”, “Bir para şeylər bilirəm” Nə bilirsiniz, əfəndim?
Mənim bu dünyada bəlkə də yeganə qazancım bu sirlərdi... Bundan başqa heçcə nəyim yoxdu. Onu da əlimdən almaqmı istəyirsiniz?
Hə ustad sənin bildiklərinin bir bariz nümunəsidir bu şeir:

Mən bir söz bilirəm - dilimə gəlsə,
Sədası qanıma bələyər məni.
Şahlar yeddi yerə şaqqalayallar,
Rəiyyət daş - qalaq eləyər məni.

Mən bir söz bilirəm - onu söyləsəm,
Kafirlər tonqala atallar məni.
Möminlər üzəllər başımı, sonra
Başlarından uja tutallar məni.

Mən bir söz bilirəm - dilimə alsam,
Alimlər dilimi kəsəllər mənim.
Sözümü asallar dar ağajından,
Özümün üstümdə əsəllər mənim.

Mən bir söz bilirəm - ağzımdan çıxsa,
Aqillər adıma dəli deyəllər.
Dərvişlər o sözə heyran olallar,
Olmayan aşiqlər «bəli» deyəllər.

Mən bir söz bilirəm,  axı nə olsun?-
Ağajda yuvam var, içində balam.
Mən heç nə bilmirəm, ay Məmməd, anjaq
Mən bir söz bilirəm - yaxşı ki, lalam.


-Başınıza olmazın oyunlar gəlir. “olmaz”ları “olar ” bilirsiniz. “Olmaz” necə “olar” ola bilər axı?
-Bunu son nəğməsini oxuyan QUlar bilir... Bir də rəhmətlik Nəcib fazil Qısakürək bilirdi. Ondan öncəkilər də bilməmiş deyildilər.
-Bu dünyada doğrudanmı halal adam yoxdur?
-Adamda nəfs var. Şeytanın istirahət günü olmur. İblisin dörd bar(ğ)daşdan oturduğu yerdə hansı halallıqdan danışmaq olar?
Hərdən uzaqlarda halınız pisləşir, Qəfildən sinənizin altı göynəyir, hərdən də görməyə tələsənlər olur. Halınızı pisləşdirənin, sinənizi göynədənin və görüşünüzə tələsənin görüşünə heçmi getmirsiniz?
Kimdi məni ora buraxan, ay dost?! Yaralarımın qaysaqlarını qopartma. Oralarnan işin olmasın. İndi mən özümə də qısqanıram bu mətləbləri...
-İncə dərəsi, “Bala Təpə”, quzu novatı – necə qalıb yaddaşınızda?  Balaca, quzuçu İbrahimdən ötrü çoxmu darıxır İbrahim İlyaslı?
-Sən niyə bu cür suallar verirsən, Elməddin? Mənnən qəsdi-qərəzinmi var? Gecənin bu vaxtı məni niyə oralara dartırsan? Axı sən Bala Təpə dediyimiz yerdə mənim hallarımın şahidi oldun...

Örtülü saxlayaq gəl bu sevdanı,
Bu mübarək əzab örtülü qalsın.
Vüsal aramızda Quzğun dəryası,
Həsrət aramızda körpüdü, qalsın.

-Deyirsiniz:
Eşqdir Allahın kölgəsi,
Eşqə düşmək bəxt iləndi.
Nə var bu eşqin sonunda?

-Bunu eşqin sonuna varanlar bilər. Mən hardan bilim? Şeyx Sənan bilirdi...
- Doğmaların ögeyliyi qədər ləzzət eliyə bilirmi, qəribliyin doğmalığı?..
- Mən çölü sevirəm. Nəhayətsizliyin vurğunuyam. Çingiz Aytmatovun təsvir elədiyi Qıpçaq çölləri məni həmişə özünə bənd eləyir. Oljas Süleymenovun at təri qoxuyan şeirlərini heyranlıqla oxuyuram. Qəriblik mənə çox doğmadır.
-Bir vaxt sizə demişdilər: “Mən ölsəm ağlayarsanmı”?.... Ölüb sizi ağlatmaq istiyənə sağlığında çoxmu ağlamısınız?
-Hə, adama da beyqəfil belə sözmü deyəllər... Maraqlısı budur ki, o sualın müəllifi çox şən bir xanımdı.
Hal-hazırda Sumqayıt şəhər Əli Kərim adına poeziya klubunun rəhbərisiniz. Orda işləriniz, gənclərin poeziya klubuna münasibətləri və keçirdiyiniz görüşlər barəsində fikirlərinizi bilmək maraqlı olardı....
Artıq 23-cü ildir ki, bu vəzifədə işləyirəm... Yaman çox oldu. Bir iş tapsaydım, böyük məmnuniyyətlə yerimi gənclərə verərdim. Bizim cəmiyətdə ədəbi camiə idarə eləmək ağır işdi. Yorulduğumu etiraf edirəm. Hayıf deyil müstəqillik...
-Ustad, fürsətdən istifadə edib sizi 50 yaşınız münasibətilə təbrik edirəm. Qələminiz iti, sözünüz kəsərli olsun. İbrahim İlyaslının bu 50 ildə qazandıqları və  itirdikləri bir cədvələ salsaq hansı çox olar?
Mən zatən naşükür adam deyiləm. Taleyə inanan adamam. Bu mənim taleyimdir. Qazancın və itginin miqyasını ölçmək mənim ixtiyarımda deyil. Mənim ən böyük arzum riyaziyyatçı omaq idi. Gəlib şeir yazan oldum... Təbrikə görə də sağ olun, təşəkkür edirəm.
-Nadir Məmmədlinin sözündən, Aşıq Elbrusun sazından muğayat olun!

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə