Zülal Kaya: “Ata-babalarım Türkiyəyə yüz il öncə Gəncədən köçüb”
 
 Müsahibim Türkiyədə yaşayan, damarlarında həm azərbaycanlı, həm də Axıska türkünün qanı axan, bir neçə sənədli roman müəllifi olan yazıçı Zülal Kayadır. Onunla tarixi kökləri, müasir yaşamı, dünyagörüşü və ümumən yaradıcılıq rəngarəngliyi ətrafında söhbətləşdik. 
 
- Zülal xanım, ilk olaraq Azərbaycan oxucularına özünüzü təqdim etməyinizi istərdim.
- Mən uzun illər incəsənətin bir sahəsi olan əl işləri və bəzək sənəti üzrə müəllimə kimi çalışmışam, 53 yaşında təqaüdə çıxmışam. Sevdiyim sənətimlə yanaşı həm də yazıçı kimi fəaliyyət göstərirəm. Bu yaradıcılıq yolunda mənim Azərbaycana ayrı bir sevgim və hörmətimi də duymaq olar. Bu da səbəbsiz deyil. Qeyd edim ki, mənim babamın kökləri Azərbaycanın gözəl, füsunkar şəhəri olan Gəncəyə gedib çıxır. Babamın ata-babaları o zamanlar, haradasa yüz il bundan öncə Gəncədən Gümüşhanə şəhərinə köçüblər. Ana tərəfimin kökü isə Axıska türklərinə söykənir. Düzü, bu bölgü məni o qədər də narahat etmir, əksinə, mən hər iki tərəfə yaxınlığımı, bağlılığımı hiss edirəm. 
 
- Dediniz ki, bir tərəfiniz Azərbaycanla, digər tərəfiniz isə Axıska türkləri ilə bağlıdır. Bəs Azərbaycana olan bağlılıq, ümumən kökləriniz barədə nələri bilirsiniz, xatirələriniz varmı? 
-Təbii ki, mən o dövrləri görməmişəm və bildiklərim də ata-babalarımdan eşitdiklərimdən ibarətdir. Vurğulayım ki, ailəm ilk növbədə mənə Azərbaycanın zəngin mədəni irsi haqqında xeyli məlumat verib. Buraya həm tarix, həm ədəbiyyat, həm də digər vacib məsələlər aiddir. Həmçinin mən də eşitdiklərimi hafizəmə həkk etmişəm. Əsas yaddaşımda qalan babamın Azərbaycanın insanı haqqında dediyi fikirlərdir. O, hər zaman deyirdi ki, Azərbaycan xalqı çox səmimi, dürüst və zəhmətkeşdir. Bir də unutmadan deyim ki, babamın danışdıqlarından mənim maraq və diqqətimi azərbaycanlıların əl sənətinə olan sevgi və qayğısı çox çəkirdi. 
 
- Əl sənətinə olan marağınız və bu sənəti seçməyiniz bəlkə elə burdan qaynaqlanır?
- Çox doğru vurğuladınız. Mənim uzun illər çalışdığım sənəti seçməyimdə ailəmin böyük rou olub. Bəlkə də, onlar məni bu sahəyə vurğun ediblər, bəlkə də, ovsunlanmışam, bilmirəm. Amma illərim bu sənətin içində keçib. 
 
- Bəs sizin atanızın, ya da digər ailə üzvlərinizin danışığında Azərbaycan dilinin dadı-duzu  hiss olunurdumu? 
- Sualınız məni çox təsirləndirdi, eyni zamanda dodağıma xəfif bir təbəssüm qondurdu. Rəhmətlik atam son nəfəsinə qədər dədə-babadan ona miras kimi qalan Azərbaycan şivəsi ilə danışırdı. İndi artıq çox illər keçib, buna baxmayaraq hər dəfə Azərbaycan sözünü xatırlayanda belə, qəlbimdə bir nisgil, bir özləm hiss edirəm. Bu duyğuların qəlbimi daha dərin kədərə yükləməməsi üçün bu il mütləq Azərbaycana gəlməyi planlaşdırmışam. Təbii ki, Allah bu səfəri bizə qismət etsə. Amma keçən bahar aylarında mən anamın baba yurduna - Axıskaya baş çəkdim. 
 
- Əl sənətinə marağınız ailənizdən gəlir. Eyni zamanda yazıçısız, bir çox sənədli romanların müəllifisiz, şairsiniz… Ailədə yazıçı, şair vardımı, yoxsa ədəbi mühitə sevgi ilə bağlanan yeganə siz olmusuz?
- Nəslin yaxın keçmişində yazıçı olmayıb, amma çox uzaq keçmişə baxanda bəlli olur ki, mənim yazıçı olmağım ata xəttinə bağlıdır. Bunları ailədə uzun illər sonra öyrənə bilmişəm. Bu bağlılıq, bu dərin yaradıcı bağlar məni sonda öz ailəmin tarixini, həqiqətlərini yazmağa istiqamət verdi. 
 
- Tarixi həqiqətlər deyəndə nələri nəzərdə tutursunuz?
- Ata-babalarımın, yəni Axıska türklərinin yaşadıqlarını, üzləşdikləri haqsızlıqları nəzərdə tuturam. Sənədli romanlarımda Axıskadan gələn insanların acı xatirələri geniş yer alıb. Bu romanlarda xüsusilə axıskalı qadınların igidliyi, rəşadəti haqda geniş bəhs eləmişəm. Bu tarixlə bağlı ilk kitabım “Qarda ayaq izləri”dir. Sonra “Sahibsiz bədənlər” romanını yazmışam. İndi də yenə bir neçə romanım çap olunmaq üşün hazırlanır. 
 
- Axıska türkləri ilə bağlı kitablar, əsərlər yazmısız, bəs Azərbaycanla bağlı yaradıcılığınzda nələr var?
- Bəli, düz deyirsiz, Axıska ilə bağlı bir neçə sənədli roman yazmışam. Burada da nəslin həqiqətlərini oxucuya çatdırmağa çalışmışam. Son kitabım isə daha şox təsiredici notlara söykənib. Çoxları düşünə bilər ki, bu qədər hadisəni, reallığı yazıçı təxəllüyünə sığdırmaq, onu yazmaq o qədər də asan deyil. Mən də cavabında deyim ki, həqiqətən, mən bütün faktları real həyatdan alaraq və dərin araşdıraraq yazıram.  
Təbii ki, yazılarımda Azərbaycan ruhu hiss olunur, amma bu ölkəyə düşündüyüm səfərim zamanı bir kitab yazmaq istəyirəm. Kitab sırf Xocalı ilə bağlı olacaq. Xocalı sakinlərinin başına gətirilən işgəncəni onların öz dilindən eşidib yazmaq istəyirəm. Onu da deyim ki, hekayələrimdə babalarımın Gəncədən köç etməsini də qələmə almışam. 
 
- Sənədli romanlarla yanaşı, incə ruhlu şeirləriniz də var... 
- Tariximi, kökümü sənədli romanlarda əks etdirə bilmişəm, bunlarla yanaşı şeirlər də yazıram. Bu şeirlərin mövzu rəngarəngliyi var təbii ki, amma əsas mövzusu məhəbbətdir. Bu il digər üç kitabımla yanaşı məhəbbət şeirlərimin cəmləşdiyi bir şeir kitabımın da çapını nəzərdə tutmuşam. 
 
- Türkiyədən Azərbaycan ədəbiyyatına boylananda nələri görmək olar?
- Mən öz fikirlərimi ilk növbədə Azərbaycan şeirlərinə olan sevgimlə başlamaq istəyirəm. Azərbaycan müəlliflərinin şeirlərinə qəribə bir sevgim var, amma doğrusu etiraf edim ki, əksəriyyətini oxuyanda anlamağa çətinlik çəkirəm. Bəlkə də, dil baxımından sözlər mənə anlaşılmaz gəlir. Buna baxmayaraq sevə-sevə bu kitabları mütaliə etməyə davam edirəm. Bir az klassik dövrə getmək istəyirəm. Ən çox oxuduğum müəllif Məhəmməd Füzulidir. Onun qəzəlləri çox gözəldir. 
Bir də müasir ədəbi mühiti izləməyə çalışıram, o da ancaq sosial şəbəkələr, saytlar vasitəsilə. Bakıdan dostum Azər Həsrət öz yeni kitabını imzalayaraq mənə göndərib. İndi onu oxuyuram, eyni zamanda şair Əkbər Qoşalını bacardıqca izləməyə çalışıram. Mən özüm millətçi bir insanam, amma bəziləri kimi partiya seçimi məsələsinə o qədər də önəm vermirəm. Mənim üçün önəmli olan millət və vətən sevgisidir. Mən vətən, bayraq və bir də Atatürkün heyranıyam.
 
- Bəs Azərbaycana bu illər ərzində dəvət almısınız?
- Yox, dəvət almamışam, amma dəvət etsələr, təbii ki, buna çox sevinərəm.
 
- Onda öz marağınız sizi Azərbaycana gətirir... 
- Bəli. Əslində arzu edərdim ki, kitablarım Azərbaycanda tərcümə olunub çap edilsin. 
 
- Son illər ərzində Türkiyəyə Azərbaycan yazıçı və şairlərini dəvət edirlər, eyni zamanda Azərbaycana Tükiyədən dəvətlər olur. Bəs Türkiyəyə gələn yazarlardan kimlərlə görüşə bilmisiniz?
- Son illər öz yaradıcılığımla o qədər dərindən məşğul oluram ki, vaxt tapa bilmirəm bu tədbirlərdə iştirak edim. Təbii ki, o tədbirlərə məni dəvət edirlər. Bir də bu il bir şair dostumla Çanaqqalada görüşməyi planlaşdırmışıq. İnşallah qismət olsa görüşəcəyik. 
 
- Siz hazırda Türkiyənin hansı şəhərində yaşayırsız?
- Mən çox vaxt İstanbulda yaşayıram, amma Ankaraya yaxın bir yerdə evim var, arada oralara da gedirəm. 
 
- Ailəniz haqqında danışın.
- Mənim üç övladım var. İki qızım, bir oğlum. Qızlarımın ikisi də müəllimədir, oğlum isə dəzgah mühəndisidir. 
 
- Zülal xanım, övladlarınızdan kimdəsə yazıçılıq istedadı varmı? 
- Təbii ki, mən istərdim ailədə kimsə mənim yolumu davam etdirsin. Amma hələ ki yazısını gördüyüm bir övladım yoxdur, bircə qızlarımın birində yazıçı ruhunu hiss edirəm. 
 
- Çox maraqlıdır bu qədər sənədli roman yazmısınız, bəs onları ekranlaşdırmaq fikriniz də varmı?
- Bu məsələ barədə çox söhbətlər olub, artıq bir filmin çəkilişi haqqında danışıqlar gedir… 
 
Könül Səid 
/"GündəlikTELEQRAF" - 04.04.2013
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə