Bu yaxınlarda mərhum xalq şairi Qabil İmamverdiyevin oğlu Mahir Qabiloğlu (İmamverdiyev) 2005-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xüsusi göstərişi ilə atasına ayrılmış 12 sot bağ sahəsinin zəbt olunduğunu bildirib.
 
Oxşar hadisə başqa bir mərhum şairin - Ağa Laçınlının ailəsinin də başına gəlib. Şairlərin şəxsi mülkiyyətinə göstərilən bu münasibət qeyri-adi təsir bağışlayır. Hər halda artıq iki hadisə baş verib. Bu az deyil... 
“Gündəlik Teleqraf” hər iki şairin ailəsinin təmsilçisindən fikir öyrənib, baş verənlərin təfərrüatlarına diqqət yetirib. 
 
Mahir Qabiloğlu atasının heç vaxt mal-mülk eşqi ilə yaşamadığını vurğulayıb: “Atam heç vaxt, bağ, mülk  həvəskarı olmayıb. İstər yay, istərsə də qış fəsli olsun, fərq etməz, həmişə Xəzərin sahilinə getməyi xoşlayırdı. Xoşlayırdı bir az bəsit olar. Xəzərlə nəfəs alırdı. Dostlarının, qohumlarının bağını özününkü sayırdı. Mən isə tamam başqa düşüncəli adamam. Günlərin bir günü dedim ki, insan sevdiyi, istədiyi şeyə həmişə can atır. Bakılı olasan, özü də köklü. Amma bağın olmaya? Bu söz atamı tutdu. Dedi ki, axı o qədər pul yoxdur. Dedim sən torpaq yeri götür, mən də yavaş-yavaş tikərəm. Yenə cavab tapdı. “79 yaşım var, sən onu nə vaxta tikəcəksən ki. Mən indi görmək istəyirəm”. Amma dediyim nəsə ağlına batmışdı. 
Bir də gördüm ki, Hacıbala Abutalıbovun telefonuyla zəng edir ki,  dostum mənə torpaq verir, özü də istədiyim yerdə. Ləhişin lap görməli yerində. Polad Bülbüloğlunun bağı var e, o sırada. Düzünü desəm, mən orda istəmirdim. Həm uzaq idi, həm də guya ki,  nardaranlıların heç kimi o tərəflərə buraxmadıqları haqda şayiələr gəzirdi. Amma atam bakılı idi. Şayiələr düz çıxsaydı belə, problem olmamalıydı. İkincisi də atam Xəzərin Ləhiş sahillərini çox sevirdi. Üçüncüsü də, yəqin bilirsiniz Ləhiş dənizin suyuna, qumuna, havasına görə Bakı bağları arasında birinci yerdədir. 
 
Nəhayət, gəldik Bağlar İdarəsinə. İdarənin rəisi Tofiq müəllim eşidəndə ki,  atam Ləhişdən torpaq istəyir, etiraz etdi: “Novxanı daha yaxşıdır. Həm də torpağı bahalıdır. Tikə bilməsəniz rahat sata da bilərsiniz”. Hələ bir mən tərəfə də gözün süzdürdü ki, Mahir, danış da... Amma xeyri olmadı. Bir nəfər Mamed adlı şəxsi də bizə qoşdu. O da torpağın yerini göstərdi. Çox gözəl yer idi. İzahat da verdi ki, filan hakimlərə də burda yer ayrılıb. Ordan çıxıb gəldik bir restorana. Torpağı “yuduq”. Vəssalam. Bir dənə sənədini aldıq. Yəni ki, müqavilə”.
 
Mahir Qabiloğlunun sözlərinə görə, torpaq sahəsini hasara almağa vaxtı olmayıb: “Atam Novxanıda yer götürmədiyinə görə mən də həvəsdən düşdüm. O torpaq sahəsinə hasar da çəkdirmədik. Məsələ “yumaq”la başladı, “yumaq”la da bitdi. Həm də sonra atam xəstələndi. Heç hasar hayında da olmadıq. Torpağı da kimin zəbt etdiyindən xəbərsizəm. Lap o adamın atamın kimliyindən xəbəri olub, amma bilirsinizmi, insanlar “yeməyənin payını yeyərlər” məsəlini daha çox sevirlər. Məsələnin üstündən 6 il keçib. Ancaq bir dəfə, 2007-ci ilin aprelində (atamın 40-ı çıxmamışdı) Hacıbala müəllimə müraciət etdim. O da “nardaranlı faktorunu” qabartdı. 
 
Təkid etsəydim, başqa bir yerdə, lap yaxşı bir yerdə torpaq verəcəkdilər. Amma atam ölmüşdü. Bağ ona lazım idi. O, Xəzərin sahilindən, duzlu Abşeron qumundan, ağ-qara şanıdan, əncirdən ləzzət almağı bacaran adam idi. Məndə isə o qan yoxdur. Atam öləndən sonrakı 6 il ərzində dənizdə beş dəfə çimmişəm, ya çimməmişəm”. 
 
Mahir Qabiloğlu son illər yaradıcı aləmdə rastlaşdığı tendensiyalar haqqında da danışıb: “Son vaxtlar çox iyrənc bir tendensiyayla qarşılaşmışam. Yazıçılar Birliyinə hələ 8 il bundan qabaq tikintisinə başlanmış “Abidə MTK”-nın binasından ayrılmış hər mənzil 4 nəfər arasında bölünüb. Məncə, o mənzillər ayrılanda nəinki 4 nəfər, heç 2 nəfər arasında bölünməsi söhbəti yox idi. İşlər də, tikinti də  normal gedirdi.
 
Günlərin bir günü Az.TV-nin “Xəbərlər” proqramına bir siqnal gəldi ki, hansısa tikinti şirkəti evlərini sökmək istədiyi sakinləri incidir. Əraziyə getdik. Şikayətçiləri dinlədik. Sonra da əks tərəfi - “Abidə MTK”nı dinləmək üçün ofisinə yollandıq. Bizi mədəni, ziyalı bir adam qarşıladı. Əsasən ofislərə girəndə divarda prezidentimizin şəklini görərsiniz. Burada isə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın çərçivəyə salınmış fotosunu gördüm. Məsələ agah oldu. Peşman oldum gəlməyimə. Tənqidi süjet versəydim Anar atama şikayət eləyəcəkdi ki, bəs Mahir yazıçıların da mənzil alacağı evin tikintisinə mane olur. Süjeti verməsəydim sakinlər deyəcəkdi ki, “Abidə” MTK ağzımızı pulla “yumdu”. Sədr  də qabağımıza düşüb ədəb-ərkanla gəldi. Sakinlərin qabağına. Fikrim də var idi ki,  onun sakinləri sakitləşdirici bir jestini, dialoqunu çəkim verim. Nə şiş yansın, nə kabab. Söküntü yerinə çatmamış MTK sədri sakinlərlə elə “şirin” davrandı ki, axşam süjet elə tənqidi süjet kimi də efirə getdi. Anarın şəkli də köməyinə çatmadı. Onda başa düşdüm ki, MTK Anarı özünə arxa sayır. Və bir mənzil bir yazıçınındır. İndi yəqin tələblər dəyişib. Yəqin ki, Anarın şəkli də “Abidə MTK”nın ofisini bəzəmir.  
Sözün qısası, mən məhkəmə çəkişmələrinin həmişə əleyhinə olmuşam. Azərbaycan dilində bir “halallıq” sözü də var. Əgər həmin adam, yəni bu torpağı zəbt edən kəs, torpağın yiyəsinin kim olmasından asılı olmayaraq gedib halallıq almırsa, deməli, haram çörək yeyib. Onunla da ya qoçu, ya da məhkəmə dilində danışmalısan. Mənimsə buna nə vaxtım, nə pulum, nə də havayı və sonradan bərpa ediləcək əsəbim var. 
Amma Yazıçılar Birliyi bir qurumdur. Hüquqşünası var. Bir var o haram adamın üstünə mən gedim, bir də var Yazıçılar Birliyi. İnanmıram ki, Anar müəllim işə qarışsa  iş məhkəməyəcən gedib çıxsın”. 
 
Mahir Qabiloğlu torpaq sahəsini hələ atasının sağlığında zəbt olunduğunu xatırladıb: “Torpağı, demə, atamın sağlığında zəbt ediblər. Mən onlara haqq qazandırıram. Necə olur axı, erməni gəlib Azərbaycanın 20 faizini işğal edə bilir, hansısa azərbaycanlı azərbaycanlını yox? Əlbəttə, yersiz yumorumu başa düşdünüz”.
Həmsöhbətimiz torpaq məsələsi ilə bağlı heç bir quruma müraciət etməyəcəyini vurğulayıb: “Qoy torpağı zəbt eləmiş adamın hüquqşünası gəlsin.Yeganə varis kimi bu yazıda yazdıqlarımı notariusla təsdiqləyim, bağın sənədini etibarla verim onlara. 
 
Vəssalam. Mənim missiyam bununla başa çatacaq. Bəlkə Hacıbala müəllim böyüklük göstərib, əvəz-əvəz yox, Qabilin ruhuna hörməti olaraq dörd yazıçıya torpaq sahəsi ayırdı. Axı, mən bildirmişəm ki, o torpağı geri alıb 4 nəfər yazıçı ...arasında (hərəyə 3 sot) bölünsün. Hər halda bu missiyam kimlərinsə ürəyinə rəhm sala bilər. Ümid eləyək. Necə deyərlər qaşıyaq, bəlkə qan çıxdı”. 
 
Ağa Laçınlının oğlu Azər Qaraçənli isə ailənin üzləşdiyi mülk problemini belə anladıb: “1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən, Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün atam Ağa Laçınlıya torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsi atama ziyalılara dövlət qayğısı çərçivəsində verilib. 2007-ci ilin noyabrında atam vəfat edəndən sonra həmin torpaq sahəsi vərəsəlik hüququ əsasında ailəmizin mülkiyyətində qalıb və 2008-ci ildə biz bununla bağlı mülkiyyət sənədləri almışıq. Söhbət Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsindən verilən “Torpaq sahəsinin planı və ölçüsü”ndən və “Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan gedir. Bunlar bizim ölkəmizdə mülkiyyət hüququnu təsdiqləyən ən yüksək sənədlərdir.  
 
Torpaq sahəsində problem isə 2011-ci ildə başlayıb. Həmin il iyulun 4-də əraziyə gedəndə bir də baxıb görmüşük ki, bizim sahə zəbt olunaraq daş hasara alınıb. Araşdırmalar zamanı bəlli oldu ki, Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədov icra başçısı işlədiyi zaman, 1995-ci il martın 15-də anası Biliy Məmmədovaya torpaq sahəsinin ayrılması haqda 885 saylı sərəncam imzalayıb. 2011-ci ildə isə bu sərəncam əsasında onlar mülkiyyət sənədləri alıblar. Göründüyü kimi, Məmmədovlar ailəsinin əldə etdiyi bütün sənədlərin tarixi, nömrəsi bizim sənədlərdən sonra gəlir. Onların elə bir sənədi yoxdur ki, bizdən əvvəl alsınlar.
 
Bu, tamamilə qanunsuzdur. Əvvəla, bir sahəyə iki sənəd verilə bilməz. Həmçinin gün kimi aydındır ki, hansı sahə birinci kimə verilibsə, üstünlük hüququ ondadır və digər adamın sonradan o sahəyə aldığı sənəd ya ləğv olunmalı, ya da dəyişdirilməlidir. Mənim sizə dediklərim bu prosesdəki qanunsuzluqların yalnız bir hissəsidir. Burada qanunsuzluğun sayı-hesabı, demək olar ki, yoxdur”.
 
Azər Qaraçənli məsələ ilə bağlı bütün aidiyyəti orqanlara müraciət etdiyini vurğulayıb: “Bütün aidiyyəti orqanlara müraciət etmişik. Səbail Rayon Məhkəməsində iddia da qaldırmışıq. 2012-ci ilin oktyabrından məhkəmə prosesi zəbt edilmiş torpaq sahəsində ekspertizanın keçirilməsi üçün təxirə salınıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi var qüvvəsi ilə məhkəmə prosesinə maneələr törədir. Bu komitə məhkəmənin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etdiyi ekspertizanın baş tutmaması üçün əlindən gələni edir. Nəhayət, çoxsaylı şikayətlərdən sonra 2013-cü ilin aprel ayının 10-da komitənin mütəxəssisləri gəlib Badamdarda bizim torpaq sahəsinin koordinatlarını peyk avadanlığı vasitəsilə yerində göstəriblər. Beləliklə, Məmmədovlar ailəsinin çəkdiyi daş hasarın 9 metrə yaxın hissəsinin bizim sahəyə keçdiyi bir daha təsdiqlənib. İndi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bununla bağlı məhkəməyə arayış verməli, məhkəmənin suallarını cavablandırmalıdır”.
 
Həmsöhbətimiz xalq şairi Qabilin ailəsində yaşanan problemlə də bağlı fikirlərini bölüşüb: “Əvvəla, mən onu vurğulamaq istərdim ki, atam Qabil müəllimi hər zaman özünə ağsaqqal bilib. Atam Qabil müəllimə həmişə Ustad deyə müraciət edərdi. 2000-ci ilin may ayında atamın 60 illiyi ilə bağlı Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən tədbiri Qabil müəllim aparıb. Dörd il sonra böyük qardaşımın toy məclisində başda oturub xeyir-dua verən ağsaqqallardan biri də Qabil müəllim olub. Taleyin qismətinə bax ki, Qabil müəllim də, atam da 2007-ci ildə vəfat etdi. Qabil müəllimdən sonra yaşadığı bir neçə ayda atamın bu itkiyə necə ağrıdığını yaxşı xatırlayıram. İndi cəmiyyətimizdə hər iki şairin ruhunu incidən oxşar problemləri bir tendensiya kimi xarakterizə etsək, yəqin ki, bunu tamahın təmənnasızlığa daha çox güc gəlməsi kimi xarakterizə edə bilərik. Tamahkar onsuz da hər an təmənnasızın əlində olmayanları qamarlamağa çalışır. Ancaq tamahkarın təmənnasızın əlində olanları da qamarlamağa çalışması hər an baş vermir”.
 
Könül Səid
/"GündəlikTELEQRAF" qəzeti - 12.04.2013 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə