Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı şöbəsinin başçısı Sayman Aruz: “Markesdən yazırlar, amma onun azərbaycanlı ustadını tanımırlar.”
 
 – Çağdaş Güney Azərbaycanda ədəbiyyatının ümumi mənzərəsi necədir? Ədəbi proseslər hansı istiqamətdə gedir, hansı meyllər nəzərə çarpır, yeni imzalar arasında kimlər daha çox parlayır?
– Güneydə 1979-cu il inqilabı və 2006-cı ilin may hadisələrindən başlamaqla iki ədəbi mərhələ var. Ən çağdaş ədəbi dövr artıq 7 ildir ki, başlayıb. Bunların ikisini ona görə ayırdım ki, mühit tam fərqli idi. 1979-cu il inqilabının yaratdığı dalğa, sonra 8 il davam edən müharibə, daha sonra inqilabçı qüvvələrin məğlubiyyəti ədəbiyyata da təsir etdi. O dövrün ən uğurlu yazıçı və şairləri təqiblərdən məhv olub getdi. Qalanları isə dövlətin yaratdığı ədəbiyyat, din ədəbiyyatı və müharibə ədəbiyyatına mənsub idilər. 2006-cı ilin ədəbiyyatı ilə o biri ədəbiyyat arasında fərq ondadır ki, o, sırf milli hadisədir. Orda hansısa bir hakimiyyətin dəyişməsindən söhbət getmirdi. Orda müstəqillikdən, milli ruhdan, ana dili uğrunda milli kimlik uğrunda mübarizədən söhbət gedirdi. Burda artıq dini ədəbiyyatın yeri yox idi. Eyni zamanda 2006-cı ilə qədər farsca yazan yazıçılar da ana dillərinə qayıdaraq yeni əsərlər yaratdılar. Məsələn, Rəsul Dunan, Ziba Kəlbasi kimi şairlər öz ana dillərinə qayıtdılar. Bundan sonra yeni bir nəsil ortaya çıxdı. 17-18 yaşlı yeni bir nəsil yarandı . Hazırda 26-27 yaşında olan həmin nəsil çağdaş ədəbiyyatın bünövrəsini qoydular. Onlarda da əsasən milli ruh, milli kimlik, bəzilərində isə postmodernist, avanqard və anti-ədəbiyyat üslubları yarandı.
 
– Deməli, yeni çağın meylləri – postmodernizm Güneya da gedib çıxıb...
– Güney  ədəbiyyatında postmodernizm artıq bitib. Orda avanqard və ondan da çağdaş anti-ədəbiyyat meyli inkişaf edir. Bu, əsasən ikinci nəsil gənclərə xasdır.
 
– Bəs ədəbi birliklər, qruplar necə, varmı ?
– Ədəbi birliklər dediyimiz səviyyədə təbii ki, ola bilməz. Orda dövlətin yaratdığı ədəbiyyat var, kim istəyir gedir, kim istəyir getmir. Amma gizli şəkildə fəaliyyət göstərən dərnəklər də var ki, onlar mütəmadi olaraq dövlətin basqısına məruz qalır. Məsələn, 2007-08-ci illərdə təxminən 50 nəfərlik bir qrupumuz vardı ki, internetdə bir-birimizin yazıları barədə fikir bildirir, ədəbi prosesləri orda davam elətdirirdik. Canlı şəkildə, göz qabağında bu işləri görə bilmirdik.  
 
– Nəsr və poeziyada yeni imzalar...
– Ən gənclərdən Duman Ərdəm var ki, o özünü anti-ədəbiyyatçı hesab edir. Yəni o müqəddəs bildiyimiz hər şeyi sındırmağa çalışır və deyir ki, heç nə tənqid olunmayacaq dərəcədə ülvi deyil. Hər şeyi tənqid etmək olar. Avropasayağı bir şair olmağa çalışır. Daha sonra Aydın Araz adlı bir yazar da var. Onun Duman Ərdəmdən fərqli olaraq həm klassik, həm də modern düşüncələri var. Eyni zamanda da o yanaşma tərzində də daha çox azərbaycançıdı, daha millidir. Ondan sonra postmodernist qəzəllər yazan Baraz var ki, yazdıqlarına kimsə zəif deyə bilməz. O, həm milli, həm modern, həm də orijinaldır. Təkrarolunmaz qəzəlləri var. Bu yöndə çoxlarının adını çəkmək olar. Onlardan yaşca daha böyük  Rəsul Gilanın adını vurğulamaq olar. O həm fars, həm də Azərbaycan ədəbiyyatında tanınmış şairlərdən biridir. Çox milli şair olan İsmayıl İlkər də var. Urmiyada yaşayan İsmayıl İlkerin şeirində şairlikdən başqa, mütəfəkkir ruhu da var. Xanım yazarlardan Ziba Kəlbasini göstərmək olar, hazırda Londonda yaşayır, çox modern bir şairədir. Dünyanın 10 inqilabçı şairinin sırasında, Pablo Neruda ilə eyni siyahıda onun da adı var. Daha sonra Məlihə Əzizpuru da qeyd edə bilərik. O da İranda yaşamır, hazırda Türkiyədədir. O milliliyi modernliyə qurban vermir, deyir ki, modern Azərbaycan qadını olmaqdansa klassik Azərbaycan xanımı olmaq daha yaxşıdır.
AYB-nin şöbə Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinə 13 yazarın adını təqdim edəndən sonra onların hamısı barəsində tənqid və məqalələr yazılıb. Çox yaxşı da qarşılanıb.  
 
– Həmin gənclər arasında hazırda AYB-in üzvi,  yaxud fəxri üzvi olan yazarlar varmı? 
– Var , ancaq mən ad çəkmək istəməzdim. Çünki sonra onların özlərinə problem yarana bilər. AYB-də şöbə yaranandan bəri 10-a yaxın adamı fəxri üzvlüyə qəbul etmişik. Azlığının səbəbi də odur ki, biz “az və öz” şüarından istifadə edirik.  
 
– Şöbənizin Güney Azərbaycan ədəbiyyatı antologiyası nəşr etmək planları varmı?
– Bəli. Hətta hazırlamışıq da. Antologiyanı həm əruz, həm heca janrında hazırlamışıq. Fikrimiz var ki, ayrıca qəzəl antologiyası buraxaq. Büdcəmiz imkan verən kimi onları çap edə bilərik. Nəsr antologiyasını buraxmaq çətindir. Ona görə ki, bizə əlavə imkanlar lazımdır. Maddi dəstək ilk növbədə lazımdır. Həmçinin əlavə işçilər də lazımdır ki, kitab redaktə, korrektə olunsun və çapa hazırlansın. Mən tək başına onları çatdıra bilmirəm. Ancaq bunların hamısını hazırlamışıq. Əgər qəzəl antologiyası çap olunsa, qəzəlçilərin qəzələ baxışı fikrimcə tamamilə dəyişər.
 
– Əvvəllər AYB-nin rəsmi mətbuat orqanlarında Güney Azərbaycan ədəbiyyatından nümunələr verilirdi . Bəs indi niyə bu nümunələr görünmür?
– Bəzi  nümunələr “Ulduz” və “Azərbaycan” jurnallarında dərc olunub. Ancaq indi virtual dünyanın hökm sürdüyü bir dövrdəyik. Jurnalda dərc olunmaq onların özü üçün də maraqlı deyil. Sadəcə rəsmi orqanlardı deyə rəsmiyyət xətrinə biz onlardan seçirik və təqdim edirik. “Azərbaycan” jurnalının yaxın nömrəsində mənim öz şeirlərim də dərc ediləcək. Ancaq çalışırıq ki, şöbəmizin öz jurnalı olsun. Hazırda o aylıq jurnalın nəşrinə  hazırlıq işləri gedir.  
 
– Bəs Güneydə Quzey Azərbaycan ədəbiyyatının təbliği necə gedir?
– Təbliğat gizli formada gedir. Dövlət səviyyəsində bu işə müxaliflik var. Amma xalq elə deyil. Xalq Nüsrət Kəsəmənlini, Ramiz Rövşəni,  Rəsul Rzanı, Anarı, Fikrət Qocanı, hamını tanıyır. Hər gün facebooku, yaxud e-maillə ordakı dostlar mənə yazır və xahiş edirlər ki, Əli Kərimdən, Anardan yazılar göndərin ki, biz onları çap edək. Bu onun göstərir ki, onlar həqiqətən də Güneydə ədəbi körpünün yaranmasını istəyirlər.
 
– Bakı-Təbriz arasında əvvəllər olan ədəbi səfərləri yenidən bərpa etmək mümkündürmü?
– Belə bir arzumuz var. Ora səfər etmək ağlasığmaz və məntiqəuyğun hal deyil. İranın Azərbaycana, Azərbaycan ədəbiyyatına olan münasibəti göz qabağındadır. Yəqin Fəridlə, Şəhriyarın həbsi yadınızdadır. İndi də Xalidə Xalidi həbs ediblər. Ana dilində yazan şair və yazıçılar hamısı təzyiq altında, zindandadır. Mən o səfərləri təşkil etmək fikrində deyiləm. Ancaq ədəbiyyatın təbliği, yayılması uğrunda əlimdən gələni həmişə etməyə hazıram. Mən şimalla Güney ədəbiyyatı arasında bağ yaratmaqla məşğulam. İşimiz bu iki ədəbiyyatı siyasətdən kənar dirçəltməyə, bütövləşdirməkdir. Orda səslərini çıxara bilməyən gənclərin hayqırtılarını burda eşitdirməyə çalışırıq. Mənə elə gəlir ki, bu işləri uğurla görə bilsək, ədəbi görüşlər də uğurla baş tutmuş olar.
İnsanın insanla birləşməsi o qədər də önəmli deyil, fikrin fikirlə görüşməsi önəmlidir. Vətən ruhdadır. Həmişə deyirəm ki, vətən doğulduğu yerlə yox, açdığı dağlarla hesablanır. Yəni burda sənin ruhunun aşdığı dağlar nəzərdə tutulur. Daşdan qumdan olan sərhədləri dağıtmağa nə var ki?! Biz bir millət kimi bir xalq kimi öz milli birliyimiz uğrunda çalışırıq. Kimisə vurmuruq, kimisə söymürük, ya hansısa xalqın düşməni deyilik. Sadəcə vətənimizi ədəbi, mədəni, coğrafi baxımdan birləşdirməyə çalışırıq. Bu bizim ən ali və təbii haqqımızdır.
 
– Bəs bu gün quzeyli yazarlarının əsərlərində Güney Azərbaycanın varlığı duyulurmu?
– Yox. Mən bunu çağdaş yazarların heç birində görmürəm. Dəfələrlə müraciət etmişəm. Adlarını çəkmək istəmirəm, amma qınayıram. Qonorar alıb vətən barəsində yazacaqsansa, deməli, vətənsiz adamsan,  azərbaycanlı deyilsən. Dünya ədəbiyyatından, tutalım, Markesdən danışırsan, amma bilmirsən ki, Markesin ustadı Qulamhüseyn Saedi Təbrizdə doğulub. Səməd Beyrəngi dünyanın kitabları ən çox satılan yazıçılarındandır. Dövlətabadi oralıdır. Bizim elə güneyli yazıçılarımız var ki, dünyada tanınırlar. Rza Bərəhani Güneyludur. Amma Kanada Pen Klu¬bunun sədri olub. Siz əgər Güney Azərbaycanı, onun ədəbiyyatını mədəniyyətini bilmirsinizə, onun barəsində bir yazı belə yazmayıbsınızsa, bu öz günahındır. Təsəvvür edin ki, 3 ildi döyüşə-döyüşə bu şöbəni yaratmışıq. Bəs hanı gənclər? Bəs hanı gecə gündüz köşə yazıb özlərini tanıtdıranlar? Adlarını deməsəm də, köşə yazılarının adlarını sizə deyim: “Evli qadınla sevişmək“ , “Seks niyə vacibdir?”. Bunu ona görə deyirəm ki, heç olmasa yazandan sonra bir az utansınlar.
Sənin zindanda dırnaqları çəkilən yazıçın var. Otur onun acısın yaz! Evli qadınla sevişməni yox!
 
Elmin Nuri /Modern.az
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə