Könül Səid: «Ədəbi mühitdə bir-birini sevməyən, amma hər gün öpüşüb-görüşən o qədər «yazar» var ki…»

 
 Müsahibimiz gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Könül Səiddir
 
- Könül Səidin necə həyat hekayəsi var? Uşaqlığı, yaşadıqları, gəzdikləri, gördükləri…
- Artıq oturuşmur yaradıcılığa, imzaya sahib olan orta və yaşlı nəsil yazıçının, eyni zamanda gənc, yenicə bu ədəbi mühitə qədəmlərini atan yazarların belə öz həyat tarixçəsi, keçmişi var. Mənim üçün «keçmişi» — var demək bəlkə də bir az böyük səslənir, amma yenə də bu keçmiş hələ ki, üç və yanında içi boş olan bir sıfırla kifayətlənə bilir. Bu otuz yaşa qədər Talıbova Könül (atamın soyadı), Aslanova Könül (yoldaşımın soyadı) və nəhayət Könül Səid kimi fəaliyyətim olub. Könül Talıbova çox dəcəl uşaq olub, Könül Aslanova müəyyən qədər də olsa uşaqlıq dövrü ilə gəncliyin bir keçidini yaşayıb, amma Könül Səid sırf bir ana ilə övladın vəhdətini yaşayır, yaradır. Səid oğlumun adıdır və həyatıma gələndən artıq 5 il yarımdır ki, özümü fərqli bir yaradıcılıq, yetkin bir qadın fikirlərini yaradan yazar kimi görürəm.
Konkret olaraq desəm, uşaqlığım uzaqlardadır, ona qayıda bilmirəm, yaşadıqlarım dar qəfəsdədir açıb azadlığa buraxa bilmirəm, gəzdiklərim və gördüklərim də hələ ki, qarşıda yelkəni ağ rəngdə olan bir qayıq kimi məni gözləyir.
- Yazılarınız gündəlik məsələlərlə sıx surətdə əlaqəli deyil, daha çox insanı əsas götürür. Otuz il insanla işləmək elə də çətin olmayıb ki?
- Gündəlik yaşanan məsələlərin çoxu bir az şou, tanıtım xarakterli olur. Mən də sırf reklam, bir də gündəmi daha da qızışdırmaq kimi məsələlərdən uzaq durmağa çalışıram. Amma təbii ki, nə gizlədim, bəzən maraq dairəmdə olan, gündəmdə yaşanan məsələləri işıqlandırmağa çalışıram.
Qaldı ki, sualın əsas məğzinə, qeyd edim ki, mən bu otuz ildə yalnız öz daxilimdə olan insanla çiyin-çiyinə bu yolda addımlamışam və çətinliyi dəf etməkdə o mənə yardımçı olub.
- Evlisiniz, bir uşağınız var. Mədəniyyətə və sənətə kifayət qədər vaxt ayırırsınız. Üstəlik də çalışırsınız. «Evlilik qadının ictimai və intellektual yönlərini öldürür» — şəklindəki səhv düşüncəyə necə baxırsınız?
- Oğlum həyatımın tam olaraq hər anında istər imzam olaraq, istərsə də övladım olaraq daxil ola bilir. O, həm də çox vaxt mənimlə ədəbi tədbirlərə, vacib getməli olduğum ədəbi gecələrə də gedir. Bir növ onu indidən bu ədəbi və mədəni mühitə hazırlayıram. Amma bir yandan da uzaq olmasını istəyirəm. Çünki bu mühitdə bir-birini sevməyən, amma hər gün öpüşüb-görüşən o qədər «yazar» var ki…
Sualınıza cavab olaraq deyim ki, aktiv yaradıcılıq və iş fəaliyyətim ailəmə, onun qaydalarına heç də təsir etmir. Əksinə həyat yoldaşım ədəbi mühitdə olmağımla, yaradıcılığımla qürur duyur və nə zamansa məni daha yüksək yerlərdə görməyi arzulayır. Əgər evlilik düzgün qurulubsa, o zaman səhv, yalnış olan fikir özünə heç bir halda dayaq nöqtəsi tapa bilməyəcək.
- Şeir, mənə görə, psixoloji bir travma nəticəsində yaranır. Bir şairin dünyəvi bir həyat sürməsi az qala heç rast gəlinməyən bir vəziyyətdir. Bu çərçivədə şairləri bu dünyaya alışdırmağa çalışmaq lazımdırmı?
- Mən ilk olaraq 9-cu sinifdə hiss etdim ki, içimdə yazmaq kimi bir yanğı baş qaldırır. İlk hekayəmi də elə o illərdə yazmışam, hətta dəftərə xüsusi üz çəkib imzamı və tarixi də qeyd etmişdim. Amma 2001-ci ildən şeir yazmağa başladım:
Bəlkə mənim də uşaqlıqdan qalan bəzi xatirələrim yazmağa, öz qapalı dünyamı açmağa, qanadlandırmağa sövq edirdi.
Əslində hər birimiz yazılarımızda alışmadığımız dünyalara səyahət edib nələri isə yazırıq. Alışdırsaq da, alışdırmasaq da şair öz bildiyini, ona parlaq, ya da ləkəli güzgü kimi görünən nə varsa onu yazacaq.
- Şair təkdir, şair öz həyatının ölümüdür. Niyə bəs şair, şair olmaqdan çəkinmir?
- Bir növ hər gün, bəlkə də gündə min dəfə misralarda ölürlər, dirilirlər.. .Şairlər özləri özlərini o ölümün caynağına məhkum edirlər. Bəlkə də onlar mənəvi cəhətdən ilham aldıqları bu ölümdən özləri çəkinmək, qaçmaq istəmirlər. Gəlin bu məsələ ətrafında daha geniş bir diskusiya, ya da bir söhbət açmaq barədə düşünək. Çünki bu mövzu daha hündür dağları aşmalıdır.
- "Yağışda çətiri yoxdur heç bir şairin…" — deyir bir şair. Şairlərin, marginal həyatları ilə cəmiyyət qarışıqlığı içərisində kollektiv bir xarakter xüsusiyyəti daşımadıqları üçün fərdi xüsusiyyətləri ön plandadır. Şairin xarakterinin belə formalaşmasını necə dəyərləndirirsiniz?
- Ətrafında min yol, min küçə, min döngə, minlərlə də insan olsa heç fərq etməz. Çünki mən istədiyim yolu, keçmək istədiyim tikanlı da olsa küçəni, döngəni keçəcəyəm, sevmək istədiyim insanı seçəcəyəm, sevəcəyəm. O, insan da mənim həm çətirim, həm də uğurlu yolum olacaq.
- Bir yazar üçün hansı yazısının daha «sevgili» olduğunu söyləmək çətindir, amma yenə də soruşum: sizin üçün hansı yazınız daha «sevgili»dir?
- Bu haqda heç düşünməmişəm, amma indi qalsaydı o yazdığım ilk hekayəm ilk duyğularımın aşkara çıxması mənim üçün ən «sevgili» yazı olacaqdı. Təəssüf ki, onu da bilmədən kabab həvəskarı olan qohumlarım manqalda yandırıb külünü havaya sovurublar…
- Yazılarınızda keçmişə qayıdışlar, uşaqlıq xatirələrinə sığınmaq daha çox yer alır. Keçmişlə əlaqənizi bu qədər möhkəm edən nədir?
- Yaşaya bilmədiyim uşaqlığım məni dönə-dönə uşaqlıq illərinə aparır. Atamı hələ orta məktəbə qədəm basmadan itirmişəm və təbii ki, bu da məni artıq uşaqlıqdan məhrum edirdi. Mən artıq altı yaşdan yetgin bir qız kimi davranmağa başlayırdım. Bağlılıq bundan o yana gedib çıxa bilməz, çünki sərhədlər artıq bura qədərdir.
- Günümüz şairlərinin müasir şeirimizdən, qədim mədəniyyətimizin imkanlarından faydalandığını düşünürsünüzmü?
- Bu suala bir az səthi cavab verə bilərəm, çünki daha çox bizim hələ də öz istəklərindən o yana olan, pəncərə arxasında qalan ədəbiyyatı görməyən tənqidçilərin işidir. Onlar bax bu suala cavab verməlidir. Mən isə nə desəm də sizi qane edəcək səviyyədə olmayacaq.
- Könül xanım bir az yazmaqdan yox, oxumaq macərasından danışa bilərmi bizə? Daim oxuduğunuz yazıçılar varmı?
- Mən onsuz da yazmaqdan çox oxuyuram, təbii ki, iş fəaliyyətimi nəzərə almasaq. Dönə-dönə oxuduğum və sevdiyim müəllif ingilis yazıçısı Şarlotte Bronte və onun «Ceyn Eyr» əsəridir. Bu əsərin də mənə çox böyük təsiri olub. İlk dəfə 3-cü sinifdə olanda bu romanı rus dilində oxumuşam və ondan sonra məktəbdə, eyni zamanda yaşadığım ərazidə bir kitabxana belə qoymadım ki, ora mənim ayaq izlərimi indi də xatırlamasın. Hətta bir az uzaqları da fəth edib kitab axtarışına çıxmışam.
Ədəbiyyat üzrə təhsil aldığım dövrdə də daima kitabların içində olmuşam. Xarici ədəbiyyatdan bu siayıhını uzada bilərəm, eyni zamanda bizim ədəbiyyatdan da. Amma bizim müəlliflərdən ancaq Anarın «Mən, sən, o və telefon» əsərini qeyd edərdim. O əsər hər ay mənim ürəyimin, xatirələrimin qonağım olur.
- Yazılarınızı oxuya-oxuya məndə fikir yarandı ki, bir gün roman yazmağa başlayacaqsınız. Hekayə və esselərinizdəki dil, qəhrəmanlarınızın düşüncələri məni bunun düşünməyə vadar etdi. Varmı belə bir planınız?
- Həmkarlarımdan fərqli olaraq mən heç vaxt roman yazmağa tələsmirəm, çünki gəncəm, həm də adama «hara qaçırsan?» sualını verə bilərlər. Bəlkə də nə vaxtsa bu mərhələni aşmağa cürət edəcəyəm, amma belə tezliklə yox. Amma deyim ki, artıq iki ildir bir romanın 50 səhifəsini yazıb durmuşam və davam edə bilmirəm, bir növ mistik dünyanın əksi var o romanda. O da davamını gətirməyə mane olur.
- Yaxın zamanda yazmağı, görməyi, danışmağı, sevməyi istədiyiniz nələr var?
- Yaxın zamanda yazmaq istədiyim yazı 29-a əlvida, 30-a xoş gəldin, oradan da avtomatik olaraq 31-ə salam abu-havasında olacaq. Danışmaq istədiyim insanlar və sözlər o qədərdir ki, düşünürəm bir gün onları da həyata keçirəcəyəm. Sevmək istədiyim də sadəcə xatirələrdə qalsın.
- Klassik bir sual ilə bitirək: Könül Səid yazıçı kimi nədən qidalanır?
- Yazıçı sözünün altında bir az əzilməsəm yaxşıdır, hələ mənə yaşım 30 olsa da yazıçılığı öyrənməyə çalışan şagird deyək… Qidalanmaq da hər iki baxımdan mənim həyatımda önəmli rol oynayır, amma konkret olaraq yaradıcılıq qidalanması hər bir haldan ola bilər. Elə klassik bir cavabla da mən yekunlaşdırım: mən ağlayan uşaq görsəm ağlayıram, sentimental film izləsəm ağlayıram, haqsızlıq, ədalətsizlik görsəm ağlayıram, ağladıqca da qəlbimdə baş qaldıran duyğular dəftərə, ya elə müasirlik dəbi olan telefona, ya da soyuq kompüterə köçür…
Söhbətləşdi: Oktay Hacımusalı
/"XalqCƏBHƏSİ" qəzeti
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə