Şair
Ələmdar Cabbarlı bugünlərdə Türkiyədə Türk Dünyası şairlərinin iştirakı ilə keçirilən "İpək yolu şairlər buluşması”adlı uluslararası tədbirdən qayıdıb. Ə.Cabbarlının bu barədə Bakuinfo.az saytına verdiyi müsahibəni təqdim edirik.
 
- Ələmdar bəy, istərdim ilk öncə deyəsiz: şairlər görüşməsi hansı münasibətlə təşkil olunmuşdu, təşkilatçılar kim idi?
- Məsələ burasındadır ki, 17 avqust 1999-cu ilə Türkiyədə dəhşətli zəlzələ oldu. Zəlzələdən Nəcib Fazil Qısakürəyin vətəni olan Sakarya və ona bağlı məhşur turizm bolgəsi Sapanca da əziyyət çəkdi, minlərlə insan həyatını itirdi. O zaman Sakarya Valiliyi və Sapanca Bələdiyyəsi belə bir ideya irəli sürüblər ki, zəlzələdən əziyyət çəkmiş insanların əhval-ruhiyyəsini yüksəltmək məqsədilə şeir axşamları düzənlənsin. Getdikcə bu tədbir ənənə halını almış və əhatə dairəsi böyümüşdür. Nəticədə Sapanca Şeir Axşamları uluslararası bir mərasimə çevrilmişdir. Bu il 13-cü uluslararası Sapanca Şeir Axşamları keçirilirdi.
Bu tədbir bir qayda olaraq Sapanca gölünün kənarında açıq havada keçirilir ki, mərasimə çox adam qatıla bilsin. Amma bu il həmin tədbirin özəlliyi bundan ibarət idi ki, mərasim Türk dünyasının YUNESCO-cu hesab edilən TÜRKSOY-un 20-ci ildönümünə təsadüf etdiyindən, Şeir Axşamları TÜRKSOY-la birgə keçirilirdi. Eyni zamanda Türk Dünyası Mühəndislər və Memarlar Birliyi, Türk Dünyası Bələdiyyələr Birliyi, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi (İLESAM) və Avrasiya Yazarlar Birliyi də tədbirin birgə təşkilatçıları idilər. Bu, tədbirin əhəmiyyətini və ona olan marağı daha da artırmışdı. Daha bir özəllik ondan ibarət idi ki, bu il digər illərdən fərqli olaraq, Şeir Axşamları yalnız Sapancada deyil, Ankara və İstanbul da daxil olmaqla, Türkiyənin 10-dan artıq şəhər və qəsəbəsində keçirildi. Ona görə də tədbir "İpək Yolu Şairlər Buluşması” adı ilə keçirildi və öncəki illərdən fərqli olaraq 2-3 gün deyil, 11 gün davam etdi. Türksoylu ölkələrdən və türk topluluqlarının hərəsindən bir şairin qatıldığı Şeir Axşamlarının açılış mərasimində əvvəlcə Türkiyə Cümhuriyyətinin Baş Naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxundu. Daha sonra TÜRKSOY-un Baş Katibi Düsen Kaseinov və başqaları çıxış etdi. Bunun ardınca isə şeir oxumaları başlandı. 
 
- Sizi tədbirə kim dəvət etmişdi?
- Dəvət məktubu 2 ay öncə TÜRKSOY tərəfindən  Mədəniyyət və Turizm Nazirliyinə gəlmişdi. Məktubda qeyd olunmuşdu ki, ölkənizdən gənc və tanınmış şairin adını bizə göndərin. Nazirlik də məktubu Azərbaycan Yazıçılar Birliyinə göndərmişdi, AYB-dən də mənim iştirakımı məsləhət bildilər.
 
- Tədbirdə hansı əsərlərlə çıxış etdiniz?
- Öncədən şeirlərimi Azərbaycan və Türkiyə türkcəsində TÜRKSOY-a göndərmişdim. Həmin şeirləri orada oxudum. Bu şeirlər Türk dünyası, Azərbaycan, Qarabağ, haqqında idi. Qeyd edim ki, orada oxuduğumuz şeirlər növbəti Sapanca Şeir Axşamlarına qədər kitab şəklində işıq üzü görəcək. İştirakçı şairlərin hərəsinin bir şeirinin daxil olduğu kitabça isə biz Türkiyəyə gedənə qədər yüksək tirajla çap olunmuşdu və insanlara paylandı.
 
- Bu gün bir ortaq türkcə problemi var. Türk dünyasının müxtəlif yerlərindən gələn şairlər bir-birinin şeirlərini necə başa düşürdülər?
- Ortaq türkcə məsələsini orda şairlərlə, elm adamları ilə  müzakirə etdik. Sonda belə bir qərara gəldik ki, biz bunu çox istəsək də reallaşması hazırda inandırıcı görünmür. O ki qaldı oxunan şeirləri necə başa düşürdülər – deyim ki, türkiyəlilər ən yaxşı məni – Azərbaycandan gələn şairi və Kərkükdən gələn şairi başa düşürdülər. Bu, həm də bizim üzərimizə bir məsuliyyət də qoyurdu. Orta Asiyadan və Rusiya Federasiyasından gəlmiş türklər əsasən rus dilində danışırdılar. Ancaq şeirlərini hər kəs öz türkcəsində oxuyurdu və o qədər də anlaşılmırdı. Ona görə də diktor onların şeirlərini Türkiyə türkcəsində də oxuyurdu. Amma müəyyən istisnalar da vardı. Məsələn, Ukraynadan gələn krım-tatar şairinin, Moldovadan gəlmiş qaqauz şairənin və Kabarda-balkar türkünün şerlərini auditoriya tam anlayırdı.
 
- Şairlər bir yerə yığılanda, şeiriyyatdan danışıb qurtarandan sonra nədən danışırdılar?
- Hər kəs öz ölkəsi haqqında ümumi məlumatlar verirdi. Mənim üçün çox maraqlı fakt bu oldu ki, türk dünyasından gələn şairlərin əksəriyyəti Mübariz İbrahimovu və Ramil Səfərovu tanıyırdılar və onlara müasir türk dastanlarının qəhrəmanı kimi baxırdılar. Bu fakt həm də onu deməyə əsas verir ki, bəlkə də ən böyük əsərləri şair və yazıçılar deyil, Ramil Səfərov və Mübariz İbrahimov kimi qəhrəmanlar yazırlar.
 
- Şeir tədbirlərindən sonra sadə Türkiyə insanları ilə ünsiyyət qura bildinizmi?
- Getdiyimiz şəhərlərin küçələrində öz adlarımız yazılan lövhələri gördük. Bundan əlavə valilik və bələdiyyələr minlərlə insana SMS vasitəsilə dəvət göndərmişdilər. Eyni zamanda şəhərlərin gur yerlərində mikrafonla bizim gəlişimiz elan olunurdu. İnsanlar bizim gəlməyimizdən xəbərdar idilər. Ona görə də istər şeir oxuyan  zaman, istərsə də tədbirlərdən sonra insanlarla ünsiyyət qura bildik. Biz onların necə şeir-sənət sevdalısı və  qonaqpərvər olmalarının şahidi olduq. 
 
- Orada kitab bazarı ilə maraqlana bildinizmi?
- Açığı, proqram o qədər sıx idi ki, əlavə vaxt qalmırdı. Bir də, bizə o qədər kitab bağışladılar ki, onları daşımaqda çətinlik çəkirdik.
 
- Tədbirə qatılan şairlərdən ən çox diqqətini hansı şair cəlb etdi?
- Onların hər biri öz ölkəsinin tanınmış şairi idi və hər birinin şeiri maraqlı idi. Xüsusilə, Tatarıstandan qatılmış Gülnur Qurbanova adlı şairənin çox maraqlı, düşündürücü şeirləri vardı. Yeri gəlmişkən, deyim ki, onun şeirlərinin bir neçəsini Azərbaycan türkcəsinə çevirmişəm. Ümumiyyətlə, belə bir fikrim var ki, orada iştirak edən hər bir şairin 2 şeirini Azərbaycan türkcəsinə çevirib almanax şəklində çap etdirim. Orada ən çox diqqətimi cəlb edən şair isə əlbəttə ki, Kərkükdən gəlmiş türkman İmad Abbasi oldu. Çünki İmad o qədər təmiz Azərbaycan türkcəsində yazır ki, buna heyran olmamaq mümkün deyil. Eyni zamanda o, tədbirə qatılan digər şairlərdən fərqli olaraq bizim şairləri çox yaxşı tanıyır, çağdaş ədəbiyyatımızdan çoxlu şeir bilir. Özü satirik şeirlər yazmasa da satiraya daha çox marağı olan İmad qardaşımız Baba Pünhanın və Əvəz Qurbanlının xeyli şeirlərini əzbərdən dedi, açığı bu məni çox sevindirdi. Amma onu da deyim ki, İmad hər bir kərküklü kimi Səddam zamanında çox ağrı-acı görüb. Atasını Səddamın adamları öldürüblər. Bütün bu zülümlərə baxmayaraq, adət-ənənələrini və dillərini unutmayıblar. Onun bir sözü mənə çox təsir etdi: "Bu qədər zülümlərə tab gətirməyib ölə bilərdik, bizi şeir qoymadı ölməyə”.
 
- Çox şəhər və qəsəbələrdə şeirlər oxumusunuz, sizin özünüzə ən yaxşı təsir bağışlayan hansı oldu?
- Hamısı bir-birindən gözəl idi. Amma Mövlananın vətəni Karamanda daha unudulmaz bir görüş oldu. Bizi əvvəlcə bir geniş salona apardılar. Amma adam çox olduğundan təşkilatçılar tədbiri açıq havada – "Türkcə” adlı parkda keçirməyə qərar verdilər.
 
- Parkın maraqlı adı var...
- Karaman bütün türk coğrafiyasında türk dilinin baş şəhəri, Türk dilinin ilk dəfə rəsmi dil elan olunduğu yer hesab olunur. 13 may 1277-ci ildə Karamanoğlu Mehmet bəy fərman verib ki, bugündən sonra kimsə divanda, dərgahda, məclisdə, meydanda və s. türkcədən başqa dildə danışmasın. Parkdakı lövhədə həmin fərman böyük hərflərlə yazılıb. Parkda böyük lövhələrdə "Türkcəsi varkən...” başlığı altında ümumişlək əcnəbi sözlər, məsələn, "pardon”, "ok” və s. sözlər və onların türkcəsi yazılıb ki, bu sözlərin türkcəsi olduğu halda əcnəbi dildə işlətməsinlər. Mənə elə gəlir ki, bu təcrübədən biz də yararlana bilərik.
 
- Mövlananın qəbrini ziyarət etdinizmi?
- Əlbəttə, çox unudulmaz anlar idi. Bildiyiniz kimi Mövlananın məqbərəsi Karaman yaxınlığında Konya şəhərindədir. Mövlananın 22-ci nəvəsi Əsin xanımla görüşdük. Əsin xanımın görünüşü, danışığı, davranışı, doğrudan da onun Mövlana kimi bir şəxsiyyətin nəslindən olmasına bir dəlil kimi görünürdü. Əsin xanım Mövlanadan çox danışdı, çox söz dedi. Mən bu kəlamlardan birini oxucularla bölüşmək istəyirəm:
"Pis insanı sevmək zorunda deyilsən, amma onun içindəki yaxşını tapmaq zorundasan”.
 
- Səfər müddətində hansısa maraqlı hadisə oldumu?
- Hadisə deməzdim, amma mənim üçün hadisəyə bərabər bir hal oldu: mən tədbirlərin birində şeir oxuyandan sonra bir nəfər – bakan bəy səni görmək istəyir – dedi. Özümə də təəccüblü gəldi. Bakan deyilən hündürboy, şəxsiyyətli kişi əlimi sıxdı, oxuduğum şeirləri bəyəndiyini bildirdi. Azərbaycan haqqında xoş sözlər dedi və sonra maraqlı bir məqamı açıqladı: "Mən Türkiyənin keçmiş dövlət naziriyəm, 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə tanıyanda, o sənədə dövlət naziri olaraq imza atmışam”. Bu, mənim üçün doğrudan da gözlənilməz, eyni zamanda sevindirici oldu. Söhbətin axarında öyrəndim ki, keçmiş dövlət naziri Ali Talip Özdəmir Türkiyə siyasətində önəmli simalaradandır. Nazir olmamışdan əvvəl Bələdiyyə başqanı, iki dönəm millət vəkili, Ana Vətən Partiyasında Turqut Özalın müavini, Məsud Yılmazdan sonra isə Ana Vətən Partiyasının sədri olub. Hazırda AKP-li olan Talip bəy gələn il iqtidar partiyasından Bələdiyyə Başqanlığına namizəd olacaq. Bu məqamda onu da qeyd etmək istəyirəm ki, həqiqətən də müstəqil dövlətimizin olmağı bizim ən böyük xoşbəxtliyimizdir. Dövləti olmayan türk topluluqlarından gələn şairlər bizim dövlət bayraqlarımıza həsədlə baxırdılar və ən böyük arzuları nə zamansa belə bir bayraqlarının olması idi...
 
- Türkiyə mediasının bu tədbirə diqqəti necə oldu?
- Demək olar ki, bütün Türkiyə mətbuatı, televiziyalar şairlər buluşmasını geniş işıqlandırdı. Yerli telekanallar canlı bağlantı qurdular. Türkiyənin bölgələrində media o qədər inkişaf edib ki, təkcə Sakaryanın 20 adda gündəlik qəzeti çıxır.
 
- Sonda deyəcəkləriniz varmı?
- Belə bir tədbirin keçirilməsinə, eyni zamanda yüksək səviyyədə təşkilatçılığa görə TÜRKSOY-un Baş Katibi, professor Düsen Kaseinova və bütün TÜRKSOY ailəsinə bir daha minnətdarlığımı bildirirəm. Həqiqətən də bu təşkilatın türk kültürünün, adət-ənənələrinin, bütövlükdə türk ruhunun yaşadılmasında, təbliğində əvəzsiz xidmətləri var.  
 
Səbuhi Zaman
/Bakuinfo.Az
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə