Bu ilin mart ayında "Tərəqqi" medalı ilə təltif edilmiş, çağdaş gənclər hərəkatının tanınmış nümayəndələrindən Arzu Hüseyinlinin www.dgtyb.org -a müsahibəsi 

 -Arzu xanım, ilk öncə sizi "Tərəqqi" medalı ilə təltif olunmağınız münasibəti ilə təbrik edirik. İstərdik, saytımızın oxucularına tərəqqiyə və "Tərəqqi"yə gedən yolu anladasınız... - Əmək fəaliyyətiniz, ictimai işləriniz, pedaqoji çalışmalarınız, bütün əməli fəaliyyət sahələrində əldə etdiyiniz nəticələr...

- Cox sag olun,təşəkkür edirəm. Əslində düşünmürəm ki,anlatılacaq elə cox fəaliyyətim var.Nəsə etmişəmsə və etdiklərim bu gün cənab Prezident tərəfindən qiymətləndirilirsə bu o deməkdir ki, biz daima diqqətdə olmuşuq və bu diqqət , qayğı üçün mənim əməyimi qiymətləndirən hər kəsə dərin təşəkkürümü bildirirəm.
Biz – taleyinə qaçqın və məcburi köçkün sözü yazılmış bir qrup gənc -(hər biri başqa bölgədən gəlmiş və eyni taleyi yaşamağa məhkum olmuş gənclər) uşaqlığı ilə gəncliyi arasında şaşqın qalmış insanlar, bir təşkilat ətrafında birləşərkən bəlkə də hələ tam anlamırdıq nəyi necə edəcəyik, ancaq bir şeyi dərk edirdik, biz qaçqın və məcburi köçkün adıyla barışmayacayıq və məhz bu ada qarşı mübarizə edəcəyik.Bütün fəaliyyətimizin ana xətti məhz bu oldu. Erməni terrorunu,təcavüzünü dünyaya çatdırmaq və bunların  tarixin bir köşəsində gizlədilməyin qarşısını almaq. Məhz buna görə biz “Mübariz Gənc” adlı qəzet yaratdıq,biz qaçqın və məcburi köçkün gənc yazarların vətənpərvərlik çağrışları olan “Qisasa çagirir” adlı kitabını cap etdik, milli qəhrəmanlarımızı gələcək nəsilə anladan “Mənim ağ şəhərim”i yazdıq və vətəni sevmək azdır vətənin olmaq gərək deyərək cətin bir yola çıxdıq. Artıq 12 ildir ki, 149 saylı Agdam köçkün tam orta məktəbin direktoru kimi çalışıram və ancaq bir amalım var bu gün yaşadıqlarımızı sabah unutmayaq, unutmayaq ki, biz indi Göyçəyə,Zəngəzura ,İrəvana baxdıgımız kimi bu uşaqlar da gözəl Qarabağımıza elə nisgillə, həsrətlə baxmasın.Rəhbərlik etdiyim məktəbin şagirdləri  yüksək ballarla ali məktəblərə daxil olanda, xarici unversitetlərdə təhsil alanda, ölkəmizi beynəlxalq arenada təmsil edəndə düşünürəm ki, bizim fəaliyyətimizin uğurlu nəticələri artıq görünür. Və məhz o zaman yolçusu olduğumuz bu yolun müsbət nəticəsini az da olsa görmək olar.
 
- Siz Çağdaş Azərbaycan gənclər hərəkatının tanınmış isimlərindən biri, ilk növbədə qaçqın-məcburi köçkün gənclərin təşkilatlanmasında lider şəxslərdənsiniz. Bir qədər qaçqın-məcburi köçkün, ümumən gənclərin dünəni, bugünü və perspektivi barədə fikirlərinizi bölüşərdiz,əfəndim.
- Mənim qaçqın-məcburi köçkün gənclərin təşkilatlanmasında əməyimi (əgər olubsa) qiymətləndirdiyiniz üçün təşəkkür edirəm. Təbii ki, müstəqilliyimizi əldə etdiyimizdən bəri gənclərimiz hər sahədə fəal , yaradıcı və mübariz olublar.Ancaq biz qaçqın və məcburi köçkün gənclərin üzərinə düşən vəzifə daha çətin və böyuk olub, çünki, biz müstəqilliyimizi əldə etsək də doğulub böyüdüyümüz torpaqlarımızı itirdik,vətənimizdə vətənsiz qaldıq. Bunun necə ağır bir yük olduğunu yəqin ki, dərk etmək çətin deyil. Biz gənclər məhz belə bir yükü daşıdıq illərcə. Ama bu gün fəxrlə demək olar ki,Azərbaycan gəncliyinin səsi dunyanın bütün aparıcı dövlətlərindən, yüksək kürsülərdən gəlir. Təbii ki, bu gün Azərbaycan gəncləri çətin dövrləri arxada qoyub,biz artıq dövlətlər arasında imzası olan bir dövlətin nümayəndələriyik,öz sözümüzü dünya miqyasında deyə bilirik və buda o deməkdir ki, bizim zamanında üzləşdiyimiz problemlərlə indiki gənclik üzləşmir, onlar üçün daha əlverişli şərait yaradılıb. Düşünürəm ki,bu şəraitdən hər bir gənc yararlanmalıdır,bizim  uğurlarımızla arxayınlaşmaq vaxtımız deyil, çünki, hələ də torpaqlarımız işğal altındadır,hələ də cəbhədən silah səsləri gəlir, Əsgər analarına hələ də   şəhid olmuş oğul xəbərləri gəlir.Demək hələ mübarizə davam edir.  
 
-Bəs gənclərin təşkilatlanması, gənclər hərəkatının veteranlarının zamanında yaratmış olduqları mühit və o mühitdə qurulan dostluqlar, yaranan tanışqlıqlar və evliliklər - hansı ki, siz də yoldaşınızla məhz ictimai hərəkatda tanışm olmusuz - danışarsızmı?
-Mən özüm də o mühitin insanı- gənci olaraq deyərdim ki,o zaman təşkilatlanmış gənclərin hər birinin bir amalı vardı – biz vətənimiz üçün nə edə bilərik və nə etməliyik. O dövrün gənclər hərəkatını mən sözün əsil mənasında müharibə gedən bir dövlət üçün cəbhə hesab edirəm. Biz birləşmişdik, biz mübarizə edirdik, biz hamimiz müstəqilliyini yeni əldə edən və itirmək təhlükəsi ilə üz-üzə qalan bir dövlətin gəncləri idik.Səmimi olaraq mən deyim ki, biz heç gənclik həyatı keçirmədik,qayğilarla dolu bir həyat yaşadığımız üçün biz gəncliyimizi də torpaqlarımızla birlikdə itirmişdik,biz gəncliyimizi unutmuşduq. Ama bütün bunlarla yanaşı biz hamımız bir idik, hamimiz çox yaxın dost idik (o dostluqlardan çoxu bu gün də davam edir).Bəli evliliklərdə oldu, düşünürəm ki, gənclər hərəkatından başlayan tanışlıqlar və evliliklər cox uğurlu oldu.Çünki,biz “cəbhə dostları” idik.Bir çox çətinlikləri birlikdə dəf edirdik. Düşünürəm ki, mənim həyat yoldaşımla bir-birimizi anlamağimiz, sözün əsil mənasında dost olmağimiz məhz həmin “cəbhə dostu” olmağımızdan irəli gəlir. 
 
- Arzu xanım, qaçqın-məcburi köçkün məktəbi direktoru olmaq vəzifədən daha çox QAYĞI deməkdir, həssas sosial qrupla gündəlik iş deməkdir, elə deyilmi?
- Siz gerçəkdən  onu doğru söylədiniz ki, qaçqın-məcburi köçkün usaqlarla işləmək,ümumiyyətlə uşaqlarla işləmək cox böyük məsuliyyət tələb etdiyi kimi qayğı və mərhəmətli olmağı da tələb edir.Ama, həm də böyük zövq verir insana.Bir uşağa qayğı ilə yanaşma,eyni zamanda müəllim cidiyyətiylə yanaşma təbii ki, cətin olduğu qədər də zövq vericidir. Ümumiyyətlə mən işlədiyim illər ərzində həm çalışmışam şagirdlərimə  qaçqın-məcburi köçkün olduqlarını hər zaman xatırladım və həm də  qaçqın-məcburi köçkün olduqlarını unutdurum.Beləki, xatırlamalıdırlar ki, onlar niyə öz doğma torpaqlarında yox məhz burda  qaçqın və məcburi köçkün kimi məktəbə gedirlər.Çunki bu gün bunu unutsalar , gələcəkdə öz vətəni , milləti üçün layiqli insane ola bilməzlər. Unutmalıdırlar ona görə ki, bu uşaqlar qaçqın və məcburi köçkün adını daşımaqla  düşünməməlidirlər ki,cəmiyyətdə onlar digər həmyaşıdlarından fərqlənirlər. Biz əlimizdən gələni edirik ki, bu uşaqlar sözün əsil mənasında şəxsiyyət kimi formalaşsınlar.
 
-Siz həmçinin qələm sahibisiz - doğulduğunuz Ağdam haqqında kitabınız çıxıb, qəzet məqalələriniz olub, habelə "mübariz gənc" qəzetinin yönəticilərindən olmusuz. - Pəki, yaradıcılığa vaxt bula bilirsizmi? - Yaxud nə vaxtsa Ağdam və Ağdamdan qıraqda keçən günləriniz, Ağdamı görmədən həyata vəda edən elağsaqqalı atanız haqqında bir əsər yazmaq düşüncəniz varmı?
- Mən özümü qələm sahibi hesab etmirəm və düşünürəm ki, hər bir insanın özü üçün bir cizma-qaraları olur. Mənim də belə cizma-qaralarım var əlbəttə. Ama atam…. Mənim üçün heç gözləmədiyim bir anda atam bizdən ayrıldı və inanın ki, mən onun bizimlə olmadığına heç inanmıram. Mən qardaşımı itirəndə düşünürdüm ki, bir gün onsuz birlikdə böyüdüyümüz,uşaqlığımızın yaşadığı Ağdama  dönəciyik və mən orda qardaşımı tapacam. Ancaq atamı itirəndə anladım ki, ONU bir də heç vaxt tapmayacam. Bu çox dəhşətli hissdir.Mən atam haqqında heç nə yaza bilmirəm.
 
-Siz, həyat yoldaşınız, qaynınız Şahin Ülvi və bacınız Vəsilə xanım ictimai həyatın tanınmış isimləridir. Belə qaynar ictiami müzakirə mühitinin olması bir ailəyə nələri bəxş edir? (- İdeyalar, təşəbbüslər bolluğu... müzakirə zənginliyi? - elə deyilmi?)
-Doğrudan da bizim ictimai həyatımız ailəmizdə də bizə həm çox kömək olur, həm də bəzi şeylərə mane olur. Beləki,biz asudə vaxtlarımızda da ictimai müzakirələrə, yeni ideyalara, müasir gəncliyin bu günkü durumunu müzakirə etməyə daha çox vaxt ayırırıq. Bilirsiniz, indi Şahin müəllim də, Vəsilə xanim da başqa sahələrdə çalışırlar, ama mən deyərdim ki, onların həyatlarında ictimai bacarıqlar əsas yer tutur. Vuqar müəllim artıq öz rəhbərlik etdiyi QHT yox , Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü kimi bir çox QHT-lərlə də fəal işləyir. Bunlar onu göstərir ki, bizim ailədə daima qızğın içtimai mühit var.
 
-Oxuculara, xanım yazarlara, qaçqın-məcburi köçkün gənclərə sözünüz?
-Sizə təşəkkür edirəm ki, mənə vaxt ayırmisiniz. Qaçqın və məcburi köçkün gənclərə ən böyük arzum odur ki, onların adından qaçqın və məcburi köçkün sözü tezliklə götürülsün və onlara Qarabagdan olan gənclər desinlər. Qadın yazarlara isə arzum budur ki, torpaqlarımızin işgaldan azad olunmasını və bu yolda şücaət göstərən qəhrəmanlarımızı tarixə qızıl hərflərlə yazsınlar və qadınlarımız bir daha müharibədən yox sevgidən, gözəllikdən yazsinlar.
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə