Ürəyinizdə Günəş olsun, istəkli sabahdaşlarım! Niyəsə Kəpənəkçi adını dilə gətirəndə bu ad sazımızın Ürfanı havası kimi mənim qəlbimdə həmişə həyəcan doğurur. Körpəliyimə şirin vüsal bağışlayan laylalarım burada çalındığına görəmi, ömrümə məna, məzmun gətirən çayların, meşələrin, dağların əsrarəngiz gözəlliyinə şahidlik elədiyinə görəmi, Ulu Türkün müqəddəs harayı olan saza beşik quran Borçalının yavrusu olduğuna görəmi – Kəpənəkçi adı doğmadır ürəyimə, səadətimə. Hər zaman bu yurda üz tutanda içimdə vüsal deyil, həsrət sevinir, könlümə həmdəm istəyəndə həsrət ayağa durur. Toy-büsatlı, dağlı-aranlı xatirələrin, yaylaqlı günlərin nisgili içimdə şeriyyətə çevrilir. Həsrətimin şeriyyəti ilə dağları qucmaq istəyirəm. Ozan babalarım kimi sazı köksümə sıxıb ev-ev gəzmək – doğmalaşmaq, halallaşmaq istəyirəm yurdumun dünəniylə, bugünüylə, sabahıyla. Baş-başa, göz-gözə, ürək-ürəyə söykənmək istəyirəm hikmətli ağsaqqalların, sevdalı gənclərin dünyasında elimin şərəfiylə. Yol olmaq istəyirəm yurdumun başına dolanan. İstəyirəm sevdalı ürəklər mənim köksümdən keçib müqəddəs Sabaha yol başlasınlar. Öz rəngini, öz boyunu, öz xislətini öyən sözə, yadlığa qarşı döyüşkən ruha bənzəmək istəyirəm – yurdumun sədaqətli yavrusu kimi.
Bəli, əziz yurddaşlarım! Borçalının bu gözəl yurdunda da adam şair olmaq, ozan olmaq sevdasıyla yaşayır. Həm də bu arzular bizə ulu yurdumuz Böyük Azərbaycan-Türkelin burada  ləyaqətini dərk eləmək məsuliyyəti tapşırır. Hər bir soy, el, elat böyük ulusa – etnosa bağlıdır. Nəyimiz varsa, Ulusdan gəlir, nə yaradırıqsa, Ulusa veririk. Bu bizim aqibətimizin yönüdür. Bizim kəndimiz Borçalının bir hissəsidir. Borçalı yalnız bu gün coğrafi cəhətdən Azərbaycan-Türkelin ərazisi sayılmır. Fəqət Borçalının nəyi varsa – tarixi, adəti, ənənəsi, dili, sazı, mənliyi Türkə, Türkelə bağlıdır. Biz özümüzü yad dünyada hiss etməməliyik, əzəli yurdumuzda yaşayırıq. Doğrudur, Kəpənəkçi bir kənd olaraq çox da uzaq keçmişdə salınmayıb. Lakin biz buraya, – öz böyük yurdumuz Azərbaycanın bir hissəsinə başqa bir hissəsindən gəlmişik. Siyasi məqsədlərlə tarixi təhrif edənlər bizim varlığımızı saxtakarlıqların altında danmaq istəyirlər, ən azı gizləməyə çalışırlar. Həqiqət isə işıqdır, onu qaranlıqda gizləmək olmaz. Bizi qaranlıqda azdırmaq cəhdləri tamamilə mənasız çabalardır. Tarix yalnız həqiqətlə doğrula bilir. Xalqlararası münasibətlər də həqiqət üzərində qurula bilər. Yalnız bu halda xalqlar gözəl olar, dəyərlər yarada bilərlər. Bir xalq başqa xalqın danılması üzərində əsilləşə bilməz, bəşərilik məzmununda öz təsdiqini tapa bilməz. Bu səbəbdən də Borçalıların, eləcə də Kəpənəkçililərin bədbin yaşamalarına, özlərini gözü kölgəli saymalarına heç bir əsas yoxdur. Yalan söhbətdir ki, Borçalılar indiki yurdlarına XI – XIII yüzillərdə gəliblər. XI – XIII yüzillərdə Borçalıya gələn Səlcuqlar (ulu babalarımız olan Türklər) öz ata-baba yurdlarına, doğmalarının yanına gəliblər. Əgər bu sonradan gəlmə deyimini biz həqiqət saysaq, onda məntiqi bir sual ortaya çıxır: - Bəs o vaxta qədər Borçalı kimin ərazisi olub? Axı o vaxtlar orada ruslar və rusların təsiri olmayıb. Gürcüstana qalanda isə inzibati cəhətdən Borçalı yalnız bir dəfə gürcü çarlığının idarəçiliyinə qatılıb – milad təqvimiylə 1736-cı ildə, Azərbaycan hökmdarı Nadir şah tərəfindən. Bununla da, Nadir şah bizim tariximizdə çox ciddi bir suç işlədib. Vətənin bir hissəsini gürcü çarlığının inzibati idarəçiliyinə daxil etmək  böyük yanlışlıq idi! Bu gün Borçalı məsələsi Azərbaycan üçün qapanmış məsələ deyil, açıq məsələdir.
Beləliklə, aydınlaşır ki, Borçalı, tarixən 11 rayondan ibarət olan bir mahal – Gümrü (Leninakan), Cəlaloğlu (Stepanavan), Daşlı (Kalinino), Başkeçid (Dmanisi), Bolus (Bolnisi), Sarvan (Marneuli), Ağbulaq (Tetriskaro), Barmaqsız (Zalqa), Qaratəpə (Qardabani), Boranlı (Noenbryan), Qaracayurdu (Saqaredco) əzəli türk yurdudur.
Digər tərəfdən, adın mənası da Borçalının qədim türk yurdu olduğunu sübutlayır. «Borçalı» iki  hissədən ibarət olan bir sözbirləşməsidir – börü və çala. Börü – qədim türklərin qurda, canavara dediyi söz, çala isə yuva mənasındadır. Yəni qurd yuvası. Bu isə qədim türklərin totemçiliyi – bozqurdçuluğu ilə bağlıdır. ...Börü qədim sözdür. Son yüzillərdə heç kim heç yerə Börü adı qoymayıb. Borçalı min illər öncə yaranan sözdür və çox qədimdə qoyulan bir addır. ...Bu yazı kəndimizin mənşəyini, məskunlaşma tarixini yeni və doğma bir baxışla öyrənmək və təqdim eləmək  məqsədi daşıyır. Borçalı ilə bağlı bəzi bilgilərə isə ona görə müraciət edirik ki, oxucuda çaşğınlıq yaranmasın. 
Dedik ki, Borçalı əzəli türk yurdudur və onun tarixi miladdan öncəki 6-cı yüzilə dayanır. Əlavə eləmək yerinə düşər ki, coğrafi əraziləri totemik adlandırmalar da əsasən miladdan öncəki yüzillər üçün səciyyəvidir. Onu da vurğulamaq istəyirik ki, bizim toxunduğumuz bu məsələlər tarixi həqiqətləri bilmək və bildirmək istəyimizdən doğur, heç kimə qarşı düşmənçiliyə, yağılığa çağırmırıq. Biz gürcülərlə türklərin sağlam münasibət qurmasının, həqiqəti ləyaqətlə etiraf etmələrinin tərəfdarıyıq. Tarixi adlarımızı, kəndlərimizin adlarını süni şəkildə gürcüləşdirmək cəhdləri, özünü zor üstündə qorumaq mənasızlığıdır. Ayrı-ayrı dövrlərdə elmli, ziyalı adamları işsiz qoymaq, onlara müxtəlif təzyiqlər göstərməklə Borçalıdan uzaqlaşdırmaq, Borçalını ziyalısız qoymaq, onu ələbaxan «qara» işçi qüvvəyə çevirmək meyilləri həqiqəti axıra qədər ört-basdır edə bilməyəcək. İndinin özündə belə antihumanist siyasət yürütməklə gizli təbliğatlar aparılır ki, guya Borçalını Göyçənin aqibəti gözləyir. Bizə görə bunun heç bir əsası yoxdur. Türksüz Ermənistan niyyətinin türksüz Gürcüstan variantı bir neçə səbəbdən mümkün deyil. Birincisi gürcülər öz ölkələrində «ada»dırlar. Abxaziya, Osetiya, Acarıstan, Borçalı kimi muxtar toplumlarla əhatə olunublar. Yalnız gürcülərdən ibarət Gürcüstan meyli baş qaldıra bilməz. Digər tərəfdən, gürcü özünü əhatə olunduğu türk dünyasına qarşı qoymaqla məhv ola bilər. O buna getməyəcək. Ermənini türk dünyasına qarşı ingilislər, fransızlar, ruslar qoyurlar. Türkiyə ilə Azərbaycanın arasında Azərbaycan torpaqları hesabına Ermənistan yaradan həmin məkrli dövlətlər hələ ki, Ermənistanın arxasında dayanırlar. Erməninin başqa yolu qalmayıb. O ya ləğv olmalıdır, ya da oyuncaq funksiyasını yerinə yetirməlidir. Təki Azərbaycanla Türkiyənin vəhdəti möhkəmlənməsin. Bu isə ona görədir ki, Türk Dünyasının qüdrətindən qorxurlar. Biz Türk Dünyasını heç bir xalqa qarşı qoymuruq, öz ləyaqətini qorumasını istəyirik. Bu cür gedişlə biz erməninin sabahını görmürük. Məkrli qüvvələrin əlində oyuncağa çevrilmək sabahsızlıqdır. Gürcülər öz sabahlarını uçurmaq istəməyəcəklər. Bu dediklərimiz sadəcə bir siyasi təskinlik deyil. Biz balaca bir Borçalı deyilik, üç yüz milyonluq türk dənizinin bir hissəsiyik. Özümüzü ümumtürk varlığının bir hissəsi kimi dərk etməliyik.
İndi qayıdaq Kəpənəkçi məsələsinə. Bir vaxtlar gözəl ənənə var idi. Babalar nəvələrə öz babaları haqqında danışardılar. Bunu danışmağa da, dinləməyə də böyük maraq vardı. Bir nəslin tarixi şifahi şəkildə yaddaşlardan yaddaşlara ötürülürdü. Adətən tarix bir neçə istiqamətdə araşdırılır: yaddaşlardan öyrənməklə, maddi dəlillər əsasında tədqiqatlar aparmaqla, şübhəsiz ki, yazılı mənbələrə müraciət eləməklə və s. Bu gün biz Kəpənəkçi olaraq bu imkanların hər birindən məhrum olmaqdayıq. Gənclik başqa meyillərə köklənir, babalar yaddaşlarında olanları özləri ilə qəbrə aparırlar. Yazı səviyyəsi ilə ciddi məşğul olunmur, maddi qaynaqlar isə bizə qarşı olan qüvvələr tərəfindən, harda imkan düşür, orada dəyişdirilir, saxtalaşdırılır.
Ola bilər ki, bizdən öncə kimlərsə qeydlər aparmış və Kəpənəkçi ilə bağlı ayrı-ayrı faktları yazıya almışdır. Lakin biz buna üzdə rast gəlmirik. Odur ki, el ağsaqqallarının, ayrı-ayrı təhsilli adamların yaddaşlarındakı bilgiləri yazıya götürmək istəyimizi ortaya qoyduq. Bizim bu yazımız elmi cəhətdən əsaslı bir tarix  deyil. Biz sadəcə istədik ki, el ağsaqqallarının yaddaşlarında olanları torpağa gömülməkdən qoruyaq və elimizin gənclərinə ərmağan edək. Həm də razılaşmaq olar ki, el ağsaqqallarının, dünyagörmüş qocaların yaddaşları da öz-özlüyündə gözəl bir tarixdir. Bəlkə bunlar gələcəkdə daha geniş tədqiqat aparmaq istəyənlər üçün gərəkli oldu.
Beləliklə, miladi təqvimlə 14 fevral 2005-ci il tarixində Kəpənəkçi ilə bağlı müəyyən bilgilər toplamaq haqqında qərara gəldik. İlk olaraq Kəpənəkçidə irili-xırdalı bütün soyların (nəsillərin) siyahısını tərtib elədik. Bu işdə Talıblı Qara Asdan oğlunun və onun həyat yoldaşı Cahan Hümbət qızının köməyi başlanğıc oldu. Bizim işimizə adı çəkilən adamların böyük həvəs və maraq göstərməsi məsələnin həllinə başlamağı xeyli sürətləndirdi. Bu adamlar tərtib elədiyimiz siyahıda hər bir soy haqqında bilgi əldə eləmək üçün müraciət olunası adamların adlarını da dedilər. Biz Kəpənəkçidə olan bütün soyları siyahıya aldıq. Lakin bizi düşündürən yalnız bir sıra köklü soylar (nəsillər) haqqında araşdırmalar aparmaq idi. Başqa sözlə, Kəpənəkçinin mənşəyini, məskunlaşma tarixini bilmək üçün onun bünövrəsini qoyan soyların nümayəndələri ilə görüşmək daha önəmli idi. Və biz də önəm verdiyimiz məsələdən başladıq. Bütün soyları bir-bir öyrənmək gərəklidir və biz əminik ki, bu əməl bizim addımımızla məhdudlaşmayacaq, dəyərli oğullar həmişə bu cür axtarışlara müraciət edəcəklər. Biz öz elimizin boynuna minnət qoymaq fikrində deyilik. Bu bizim üçün ayıb olar. Amma bildirməliyik ki, ayrı-ayrı məlumatlı adamları tapmaq olduqca çətindir. Vaxtımızın azlığı da bu çətinliyi şərtləndirən amildir. Həm də biz bir bölgənin qayğısı ilə deyil, ümumazərbaycan qayğıları ilə yaşayırıq. Arzulayırıq ki, heç olmasa, hər 50 ildən bir bu ənənə daha yüksək səviyyədə davam etdirilsin.
15 fevral 2005-ci il tarixdən başladıq, necə deyərlər təğyiri-libas olub ev-ev soraqlamağa. İşimizin ikinci günündə Talıblı Hamlet Abbas oğlu ilə, sonrakı günlərdə isə Talıblı Yaşar Əmirasdan oğlu ilə Kəpənəkçini bu başdan o başa gəzib dolaşdıq. Bu gənclər səhərdən axşamadək, böyük həvəs və sevgi ilə bu işdə bizə bələdçilik etdilər. Onların bu işə təmənnasız sevgiləri ləyaqət göstəricisidir. El qarşısında üzləri həmişə ağ olsun!
Hazırda Kəpənəkçi aşağıdakı soylardan ibarətdir: Talıblı (Talıbovlar), Turablı (Turabovlar), Zərgəralılı, Məmmədli (Məmmədovlar), Mehdili (Mehdiyevlər), Saraclıevi (Saraclıyevlər), Hacıməmmədlilər (Mamedovlar), Əyyublu (Əyyubovlar), İmdadevi (Həsənovlar), Budaqlı (Budaqovlar), Ayvazalılar (Ayvazovlar), Göycəlililər (Cəlilovlar), Qaravəlioğlu (Vəliyevlər), Dimidevi (Əhmədovlar), Balaməmmədlilər (Mamedov), Tatevi (İsmayılovlar), Bəkirlilər (Bəkirovlar), Veysalovlar (el arasında nədənsə bunlara Nəziklər deyirlər), Kərimlilər (Kərimovlar), Çobanevi (Çobanovlar), Nənəcanlılar (Nənəcanovlar), Hacalılar (Acalovlar), Cəfərevi (Cəfərovlar), Göyüşlülər (Göyüşovlar), Sonaevi (Sonayevlər), Qarabayramlılar (Qarabayramov), Namazlılar (Namazovlar), Mollaevi (Mollayevlər), Allahverdiyevlər, Omarevi (Omarovlar), Mustafalılar (Mustafayev), Yolçulular (Yolçuyev), Buludlular (Buludovlar), Bədəllilər (Bədəlovlar), Güləhmədlilər (Güləhmədovlar), Mirilli (Miriyevlər), Məlik Qasımlılar (M. Qasımovlar), Qasımlı (Qasımovlar), Seyidlilər (Seyidovlar), Qırxılı (Qırxıyevlər), Həvilevi (Həvilovlar), Saxıllı (İsayevlər), Xasılı (Xasıyevlər), Tahirli (Tahirovlar), Molla Musalı (Musayevlər), Yaqublu (Yaqubovlar), İmirzalı (Mirzəyevlər), Sərdarevi (Sərdarovlar), Yusifli (Yusibovlar), Nəsibli (Nəsibovlar), Xəlilovlar, Süleymanovlar, Qocayevlər, Ruqayevlər, Guvalovlar, Orucovlar, Ocaxlı (Ocaqovlar), Qarabaqovlar. Ola bilər ki, burada bəzi soylar qeyd olunmayıb, buna görə bizi üzrlü bilsinlər. Ardıcıllığa qalanda isə Qara və onun həyat yoldaşı Cahanın dilindən necə eşitmişik, o cür də sıralamışıq. Təbiidir ki, onlar öz yaşadıqları yerdən üzü yuxarı sadalamağa başlayıblar. Bu məsələdə bizim nabələdliyimizi və kömək edənlərin yaşlı olmasını nəzərə almaq yaxşı olardı.
Göründüyü kimi, bu yazıda bir çox adları elin dilində, başqa sözlə, şifahi nitqində işləndiyi kimi göstərmişik. Bunu da biz çaşqınlığın olmaması üçün etmişik. Bir də biz elimizə minnətdarıq ki, soyadların özümlüyünü dillərində qoruyub saxlayıblar. Belə ki, rəsmi sənədlərdə soyadlar ruslaşdırılmış şəkildə yazılsa da, elin dilində özümlüyünü qoruyub saxlayıbdır. Məsələn, heç kim Göyüşovlar demir, Göyüşdüllü deyir və s. Biz də elin qoruyub saxladığı üsluba, demək olar, toxunmuruq.
Kəpənəkçi Borçalının qədim Bolus rayonunun ən böyük kəndlərindən biridir. Dağlarla, meşələrlə əhatə olunmuş Lök dərəsində yerləşir. Biz Kəpənəkçinin yerləşdiyi əraziyə yazılarda «Lök dərəsi» deyilməsinə rast gəlməmişik. Habelə, Kəpənəkçi ilə Talıblını ayıran çayın adı da bizə məlum deyil. Odur ki, biz bu çaya «Lök çayı», Kəpənəkçinin yerləşdiyi əraziyə isə «Lök dərəsi» deyirik. Şübhə yoxdur ki, bu təyinat əvvəllərdə mövcud olubdur (Azərbaycanın başqa bölgələrində də Lök mənşəli toponimlər var). Çay da, dərə də Lök dağlarından başlayır. Lök dağları bir üzdən Dağ Borçalısına, digər üzdən Bolus ərazisinə söykənir, qərbdən isə Başkeçid ərazisinə daxil olur. Lök dərəsində Kəpənəkçi üzü qərbə doğru Ağalıq, Xaçın, İncəoğlu, Şəmsioğlu, Çataq kəndləri ilə, şərqə doğru Mığırlı, Cəfərli, Dəli Xaç, Qoçulu, Faxralı kəndləri ilə qonşudur. Şimal-şərq tərəfdən Talıblı ilə, cənub-qərb tərəfdən Sarallar, cənub tərəfdən isə Bolus rayon mərkəzi ilə sınırlanır. Kəpənəkçi ilə Bolusu Yeldağı adında çox da yüksək olmayan bir dağ ayırır. Lök dərəsində yerləşən kəndlər bu dağın zirvəsinə ziyarətgah kimi tapınırlar. Bugünün özündə də dağın yanından ötənlər onun ətəyində  daşlı bir yerə nəzir qoyurlar. Sovet dönəmində nəzirvermə pul atmaqla və ev quşlarından qurban kəsmələrlə icra olunurdu. Bu gün əsasən pul atmaqla icra olunur. Yeldağının ziyarət olunması mifoloji əsaslara söykənir, biz bunu araşdırmağı zəruri saymadıq. Gec-tez mifoloji münasibətlər tarixin arxivinə atılacaqdır. Lakin biz Yeldağının adının üzərində başqa bir cəhətdən dayanmaq istəyirik. Tarixdən məlumdur ki, ermənilər ingilislərin və rusların fitvasıyla bir neçə dəfə qanlı soyqırım əməlləri törətmişlər. Onlar bu əməlləri Türkiyədə, Azərbaycanda müxtəlif bölgələrdə həyata keçirmişlər. Ümumiyyətlə bu millət (erməni) naturaca çox qorxaq olur. Qorxu duyğusu vəhşi əməllərə stimul verən duyğudur. Cəsur insanlar heç vaxt namərdlik törətmirlər. Ermənilər silahsız, köməksiz insanları qarət eləməkdən, qətlə yetirməkdən zövq alan bədxahlardır. Biz burada da tarixi xronologiyanı göstərmək niyyətində deyilik. Kəpənəkçinin hünərli oğlu İsrafil ağanın xilaskarlıq ləyaqətini indiki və sonrakı nəsillərə təqdim eləmək istəyirik. Müxtəlif bölgələrdə qətl hadisələri törətmiş ermənilər Lök dərəsindən keçib Borçalının da aqibətinə soyqırım vəhşəti yazmaq istəyiblər. Silahlı ermənilər (deyilənə görə onlar 800 nəfər olublar) Lök dərəsindən aşağı bölgələrə keçib getmək üçün İsrafil ağadan yol istəyiblər. Vədləri də bu olub ki, keçib gedərkən onlara toxunmayacaqlar. Erməni azğınlığına bələd olan İsrafil ağa ermənilərin keçib getməsinə bir şərtlə razı olacağını bildirir. Şərt budur ki, gərək Lök dərəsini keçməmiş ermənilər silahlarını təhvil versinlər və dərəni çıxandan sonra silahlarını geri götürsünlər. Bu şərtə ermənilər razı olurlar. Maraqlıdır, necə olub ki, onlar bu şərtə razı olublar?! Bizə görə, bunun iki səbəbi ola bilər: - birincisi, görünür ki, silahlılar arasında hərbi təcrübəli başbilən olmayıb. İkincisi, çox güman ki, ermənilər İsrafil ağanı tanıyırmışlar və onun doğruluğuna inanıblar. Beləliklə, silahları təhvil verib Lök dərəsindən keçiblər. Yeldağının dərəsinə enəndə pusquda dayanan Borçalının silahlı adamları tərəfindən gülləbaran ediliblər. Məlum olur ki, İsrafil ağa ermənilərlə danışığa getməzdən öncə Borçalı ağalarına çaparlarla xəbər göndəribmiş. Deyilənə görə, onlardan yalnız üç nəfər qaçıb canını qurtara bilib. Bu hadisə 20-ci yüzilin 18-ci ilində baş verib. Beləliklə, Yeldağı soyqırıma qarşı sipər kimi yaddaşlara daxil olur.
17 fevral 2005-ci ildə Saxıllı soyunun mənşəyi ilə bağlı bilgilər əldə eləmək üçün bu soydan olan Qasım kişiyə müraciət etmişdik. Bu kişi bizi yas tədbiri (40 deyilən mərasim) keçirilən bir həyətə dəvət elədi. Buraya toplaşmış ağsaqqal adamlarla söhbətləşərkən ermənilərin qarşısını kəsməkdə iştirak edən Kəpənəkçi kişilərinin adlarını çəkdilər. İsaoğlu Osman, Ayvazalı oğlu Qəhrəman, Emin ağa, Mürvət oğlu İsrafil, Molla oğlu Səfər bu hadisədə iştirak etmiş adamlardır. Ola bilər ki, bunlardan başqa da iştirakçılar olub. Saxıllı Əhməd oğlu Xıdırın və Ayvazalılıdan Kamal oğlu Ziyəddinin saydıqları yalnız bu adlar oldu – əlbəttə, Kəpənəkçidən. Borçalının başqa bölgələrindən iştirak edənlərin adları bizə bəlli deyil.
Bu hadisəylə xilaskarlıq baxımından həmahəng olan başqa bir hadisəni biz Zərgəralılı Molla İsa oğlu Ziyəddin kişinin gündəliyindən oxumuşuq. Bolusda yaşayan almanlarla Kəpənəkçilər arasında düşmənçilik mövcud imiş. Alman qoşun bölüyü Yekaterinfeldə (o dövrdə Bolus belə adlanıb) gələndə almanlar bölük sərkərdəsinə şikayət edirlər. Bölük Kəpənəkçinin üzərinə yeriyir. Ələ keçən kişiləri kəndin o vaxtkı mərkəzində (Molla İsanın evi qarşısında) toplayırlar. Kəndin baş tərəfində pulemyotlar qoyulur. Sərkərdə almanlarla aparılan düşmənçiliyin müqabilində Kəpənəkçini yerlə-yeksan etmək əmrini verir. Molla İsa özünün mülkədar dostu və oğlunun kirvəsi Eniş İosif oğlu Valkerdən sərkərdəyə müraciət etməyi xahiş edir. Eniş sərkərdəyə başa salır ki, kəndin kişilərinin böyük əksəriyyəti əli silahlı dörd tərəfdə pusqudadırlar. Bu meydanda bir Kəpənəkçiliyə ziyan dəysə, alman bölüyü sərkərdə başda olmaqla məhv ediləcəkdir. Sərkərdə mitinqdəki çıxışının sonunda Kəpənəkçini burada yaşayan yaxşı adamlara bağışladığını bəyan edir və bölüyə kəndi tərk eləmək göstərişi verir. Çox təəssüf edirik ki, tarix – hadisənin hansı ildə baş verdiyi ilə ifadə olunduğu halda burada hadisənin dəqiq ili göstərilməyib. Məntiqi cəhətdən İsrafil ağanın erməni  azğınlığını zərərsizləşdirməsindən öncə olub.
Kəpənəkçinin məskunlaşma tarixi ilə bağlı mülahizələr müxtəlifdir. Bəziləri bu tarixin 300 il, bəziləri 350, hətta 400 il olduğunu deyirlər. Tariximizi bir az da uzaq göstərməyi arzulayanlar da var. Lakin heç bir elmi əsası olmayan uzaqlıq həqiqəti nişan verə bilməz. Tarixin ömrünü süni şəkildə uzatmaq – qədimliyimizə yalnız şübhə yarada bilər. Biz dedik ki, Kəpənəkçinin nə vaxt salınmasından asılı olmayaraq Borçalının tarixi min illərə bərabərdir. Bizim məqsədimiz də bir kəndin həqiqi vəziyyətini öyrənməkdir.
Bizə çatan bilgilərə görə, Kəpənəkçidə ilk məskən salan Məlik Qasım kişi olub. Məlik Qasımov Bayram Məhəmməd oğlunun gündəliyinə əsasən, onların ulu babaları Qazax rayonunun M.Qasımlı kəndindən gəlibdir. İlk dəfə indiki Kürüstü Kəpənəkçinin ərazisində məskunlaşıblar. Oradan isə köçüb Qoçulu kəndi tərəfdən keçərək Faxralıya gəliblər. Lakin o vaxtlar Kürüstü Kəpənəkçi adlı kəndin olduğu haqqında, eləcə də Qoçulunun kənd halında mövcud olduğu haqqında məlumat verilmir. Faxralı dərəsində su soğulduğuna görə köçüb indiki Kəpənəkçi ərazisinə gəliblər. Onlar Faxralıya gələndə orada yaşayış var imiş, ya yox, - bu haqda da bilgi verilmir. Bütün bunları dəqiqləşdirmək üçün isə uzun aylar, bəlkə də illər (daha geniş araşdırmalar, tədqiqatlar aparmaq) gərəkdir. Ola da bilər ki, bu bilgilər kimlərdəsə artıq var. Varsa çox sevindiricidir
.
Bizə Faxralı haqqında dəqiq bilgi məlum olmasa da, məntiqi olaraq belə bir sual ortaya çıxır: - əgər Faxralı kənd kimi mövcud idisə, necə olur ki, su qıtlığından təkcə M.Qasımlılar oradan köçür? Belə çıxır ki, bunlardan öncə orada məskunlaşma yox imiş. Yaxud ola bilər ki, M.Qasımlıların məskunlaşdığı dərənin suyu quruyur, başqa suyu olan dərələrdə məskunlaşanlar qalıb. Turabov Nəbi Novruz oğlunun da dediyinə görə Faxralıda kənd sovetinin başçısı işləmiş Əli bildirir ki, Kəpənəkçililər ilk dəfə Faxralıda məskunlaşıblar və orada Kəpənəkçilərə aid iki qəbrin olması da bunu sübut edir. Bunlardan biri qadın qəbridir.
Beləliklə, M.Qasımlılar indiki Kəpənəkçi ərazisinə köçüblər. Buralarda su bol olub. Deyilənə görə Talıblının yarğanlarından başlayaraq Saxıllı Xıdırın indiki evinə qədər (bu zonaya Zabazların yurdu deyirlər) su olub. Bu taydan o taya qayıqlarla keçirlərmiş. Bu bölgələr bütünlüklə meşəlikdən ibarət imiş. Təbiidir ki, məskunlaşma nəticəsində meşə doğrandıqca su çəkilib gedib.
Asdan oğlu Məhəmmədin dediyinə görə (bizonunla söhğətləşəndə bu kişinin 107 yaşı vardı. Çox düşünər bir ağsaqqaldır) Calada qara su olub. Kəpənəkçiyə ilk gələnlər (Məhəmməd kişi Saxıllıların adını çəkir) ilk dəfə bu suyun üstündə məskən salıblar. Amma onlar burada daimi qalmırdılar. Yaylağa köç edirmişlər. Atın, inəyin, öküzün belinə çul qoyub əşyalarını yükləyirmişlər. Və bir ay müddətinə orda-burda yurd sala-sala yol gedirmişlər. Qayıdanda da eyni qayda ilə köç edirmişlər. Ola bilər ki, M.Qasımlılardan sonra gələn nəsil Saxıllılar olub.
M. Qasımov Bayramın gündəliyinə əsasən, 1718-ci ildə Kəpənəkçidə 10-15 ev, 1736-cı ildə 30-40 ev olub. Bu rəqəmlərdən məlum olur ki, Kəpənəkçinin məskunlaşma tarixinin 300 il olduğu daha ağlabatandır. Deməli, məskunlaşma 17-ci yüzilin axırlarında başlayıb. Kəpənəkçinin qərb yarımhissəsindəki (yuxarıkı) qəbirstanlığında ilk qəbirlər də M.Qasımın anasına və özünə aiddir. Gürcü millətindən olan Yuzanın bildirdiyinə görə, rəsmi qeydiyyatda da bu fakt yazılıbdır. Bayram Məhəmməd oğlunun köməkliyi ilə qəbirstanlıqdakı qədim başdaşıların tarixini oxuduq. Qədim başdaşılardakı tarixlər Qəməri təqvimlə göstərilibdir. Orada ərəb qrafikasıyla yazılar var. Bu yazıları biz oxuya bilmədik, amma illəri oxuya bildik. Bir neçə köhnə başdaşılar var ki, onlarda heç bir yazı, nişanə yoxdur. Ya onlar daha qədim daşlardır, ya da daşa yazı yazdırmaq imkanı olmayan yoxsul adamların ölənlərinin qəbirləridir. Necə olmasından asılı olmayaraq biz yazılı mənbəyə istinad edirik və faktları əsas götürürük. Yazılı başdaşılardan ən qədimi Qəməri təqvimiylə 1209-cu ilə aiddir. Bu isə miladla 1779-cu ilə uyğundur. Təəssüf ki, heç birində doğum tarixi göstərilməyib, yalnız ölüm tarixi göstərilib. Nəzərə alsaq ki, o dövrlərdə insanlar 100, hətta 150 il ömür sürürdülər, onda məntiqlə məskunlaşma tarixi 17-ci yüzilin 2-ci yarısına gedib dayanır. Biz isə optimal tarix – 18-ci yüzilin başlanğıcını seçirik. Deməli, 300 il deyilişi təsadüfi deyil. Görünür ki, rəsmi mənbələrə əsasən bu tarix yaddaşlarda qalıb. Biz də elin yaddaşına istinad edərək müxtəlif mülahizələri müqayisə etməklə bu qənaətin üzərində dayanırıq.
 1801-ci il çar Rusiyasının siyahıya almasına görə Kəpənəkçidə 43 ailə olub. 1843-cü il siyahıya almasına görə 66 ailə olub. Bu arada Kəpənəkçidən bir çox ailə Qarsa köçüb. Ona görə də artım az olub. Bu faktları Bəkirov Ramiz Alı oğlu ilə dəqiqləşdirdik. Ramiz Alı oğlu bizə Tbilisidə yaşayan Darvazlı elm adamı Valeh Hacıyevin telefonunu verdi və onunla əlaqə qurmağımızı tövsiyə etdi. Görünür bu faktları o, Valeh Hacıyevdən götürmüşdür.
1950-55-ci illərdə Kəpənəkçiyə 700 Kəpənəkçi deyirmişlər, yəni 700 ev varmış. Bunu da Bayram Məhəmməd oğlunun gündəliyindən götürmüşük. 1941-ci ildə 500 ev Kəpənəkçidə, 50 ev İncəoğlunda, 50 ev Sarallarda, 50 ev Mığırlıda var idi. Bu məlumatı isə Turabov İsrafil Yusif oğlu bildirir. Bu kişi həmin tarixdə sovetlikdə işləyib. Adları çəkilən kəndlər də bu sovetliyə tabe imiş.
Hazırda (2005) Kəpənəkçidə 2000 ev var və burada 8000 nəfər əhali yaşayır. Kəpənəkçidən köçüb başqa yerlərdə yaşayanlarla birlikdə isə bu say 15000-dən yuxarı göstərilir. Deməli, son yarım əsrdə artım daha sürətli olub.

Kəpənəkçidə ilk evlər torpağın altında düzəldilib. 50 sm diametrində palıd ağaclarından dirəklər qoyulub, üstü maili şəkildə torpaqlanırmış. Ortasında baca yeri olub, altında ocaq qalayırmışlar. Araba olmadığına görə, odunu adamlar bellərində daşıyırmışlar. İlk kirəmitli evlər Hacı Güləhməd oğluna, Ayvazalılı Qəhrəman kişiyə, Zərgəroğlu Molla Nəsibə, Ağalıqda isə üstü dəmirlə örtülü ev İsrafil ağaya məxsus olub. Molla Əyyub Xoca Türkiyədə təhsil almış elmli adam olub. İlk kirəmitli evlərdən biri də ona məxsus imiş.
Zərgəralılı Hüseyn Alı oğlu (bu kişinin 86 yaşı var) öz uşaqlıq xatirələrini danışır: «Yığılıb dağa gedirdik. 30-40 evə bir nəfər yaşlı kişi qalıb qarovul çəkirdi. Qarovul çəkən adama Bəyçi deyirdik. Lök Candarda, «Papaqçı Tala»da binələr salırdıq. Orada bizim damlarımız var idi. Çox vaxt qışda da oralarda yaşayırdıq».
Bizim üçün «bəyçi» yeni sözdür. O da maraqlıdır ki, 30-40 evi bir kişiyə, – özü də yaşlı adama tapşırırmışlar. Necə də gözəl babalarımız olub! Ən böyük kişi əməli imiş – inam, etibar, doğmalıq.
Kəpənəkçinin, mal-qaranı otarmaq üçün yaz və payız mövsümündə köç edib binələr saldığı ərazilər Lök dağının həndəvəri və Lök dərəsinin ayrı-ayrı əraziləri olmuşdur. Yayda isə yaylağa köç edirdilər,  bu gün də belədir. Kəpənəkçinin indiki yaylağı Başkeçid rayonunun ərazisi sayılan Axçalı dərəsi, Yastı Qar, Xımı qalası adlanır. Bundan öncə Qaranlıq dərəsi deyilən yaylağa və Qaraxaç yaylağına gedərdilər. El arasında Qaraxaça «Dəlidağ» da deyirlər. Oranın «Qaraxaç» adlanmasının dini məna daşıyan «xaç» sözüylə əlaqəsi yoxdur. Qaraxaç – Qara arxac sözünün təhrif olunmuş biçimi olduğu ehtimal edilir. Qara – qədim türk sözüdür, «böyük» deməkdir, arxac isə qoyun yatağı deməkdir. Bu ehtimal hansısa bir dəlilə söykənmədiyi üçün az inandırıcıdır. İkinci variant Qaraqaç sözündə «q» səsinin «x» səsi ilə əvəz olunması nəticəsində Qaraxaç adlanması mülahizəsidir. Qaraqaç – yəni «yayda aran yerləri isti olduğuna görə yaylağa get» mənasında işlənmiş və tədricən ada çevrilmiş sözdür. Məlumdur ki, Qarabağda da Qaraqaç yaylağı var və nəzərə alsaq ki, Kəpənəkçililərin böyük əksəriyyəti Qarabağdan gəliblər (bu məsələyə sonrakı fəsildə toxunulacaqdır) Qaraxaçın Qaraqaç mənşəli söz olduğuna şübhə qalmır.
Əslində Kəpənəkçi adının özü də ciddi maraq doğuran sözdür. Bu sözün də mənşəyi ilə bağlı el arasında müxtəlif mülahizələr mövcuddur. Bir variant ondan ibarətdir ki, kənd kişiləri dağ-aran arasında daim səfərdə olduqlarına görə yapıncı geyərmişlər. Elə bu səbəbdən də, yəni tələbat olduğuna görə, kəndin özündə yapıncı düzəldənlər varmış. «Yapıncı» «yepançı» sözündən alınma olduğundan, habelə, görünüşcə yapıncı geyənlər kəpənəyə bənzədiyindən kəndin adı «Kəpənəkçi» kimi işlədilib. Bu ad həm də kənd əhlinin dağ-aran arasında köç eləməsinə işarədir – kəpənək kimi çəməndən-çəmənə qonmaq. «Kəpənək» və «yepançı» sözlərinin qarşılığına biz Dədə Qorqud boylarında rast gəlirik. Bu mənada Kəpənəkçi adının uzaq tarixə bağlılığını – milli yaddaşın sonrakı zamanlarda təzahürü kimi də qiymətləndirmək olar.
Başqa bir variant atlarda yayılan xəpənək xəstəliyi ilə bağlıdır. Belə ki, bu kənddə atların xəpənək xəstəliyini müalicə edən adamların olduğu bildirilir. Ətraf kəndlərdən buraya atı müalicə etdirməyə gələnlər səfərlərini «xəpənəkçilərin yanına gedirəm» kimi ifadə edirmişlər. Ola bilər ki, atların müalicəsi bu kənddə ciddi bir hadisə kimi qəbul olunurmuş. Lakin kəndin adının bu at müalicəsi ilə bağlılığı o qədər də inandırıcı görünmür. Çünki bu kənddə əvvəllər də ciddi müdrik insanlar olub. Onlar kəndin adının at xəstəliyi ilə bağlanmasına razı olmazdılar. Kəndin adının ata hər hansı münasibətlə bağlılığı da mümkündür, amma xəstəliklə bağlılığı yox. Məsələn, bizim bildiyimizə görə, Saraclı kəndinin adı sərrac sözündəndir. Sərrac – atın yəhər-yüyəni, noxtası, nalı ilə məşğul olanlara deyərmişlər. Qədimdə türkün ata münasibəti silahdaşlıq səviyyəsində olub. Bizim folklorumuzda igid sözü ilə at sözü həmahəng səslənir. Təəssüf ki, bugünkü gənclik folklorumuzu öyrənməkdən uzaq düşüb. İgidin at belində olması xüsusi zəhm, sanbal yaradıb. Və bunu biz şerimizə, sazımızın nəğməsinə çevirmişik. Bu deyilənlər «Dədə Qorqud»da da, «Koroğlu»da da öz əksini tapıb. Əlbəttə, qədimdə döyüşü başqa xalqlar da əsasən at belində aparırdı. Söhbət ata münasibətdən gedir.
Bizim Kəpənəkçi adının məhz qədimliyə bağlılığının üzərində dayanmağımız elə-belə təəssübkeşlikdən irəli gəlmir. Azərbaycanda müxtəlif bölgələrdə – Qarabağda, Zaqatalada, Borçalının Sarvan (Marneuli) və Qaratəpə (Qardabani) rayonlarında da Kəpənəkçi adlı kəndlərin olması onu göstərir ki, bunların hamısı bir mənbədən qaynaqlanır. Göründüyü kimi, Kəpənəkçini ayrılıqda at xəstəliyi ilə bağlamaq onu süni şəkildə qədimlikdən ayırmaq kimi bir yanlışlığa gətirib çıxara bilər. Əlbəttə, söhbət burada məskunlaşmanın qədimliyindən deyil, toponimin ulusa bağlılığının qədimliyindən gedir.
Kəpənəkçiyə qonşu olan kəndlərin bu kəndin tarixi ilə müəyyən bağlılıqları olduğuna görə bəzi məsələlərə diqqət yetirməyi zəruri sayırıq. Kəpənəkçinin qərbində, 2-3 km aralıda Xaçın kəndi yerləşir. Kəndin əhalisi bütünldüklə ermənilərdən ibarətdir. Təxminən 18-ci yüzilin axırlarında gəliblər. Əksəriyyəti Qarabağdan köçənlərdir. Onların məskunlaşdığı bu ərazi də bütünlüklə sıx ormanlardan (meşəlikdən) ibarət olub. Ovçuluqla məşğul olduqlarına görə Kəpənəkçililər onları buraya istiqamətləndiriblər. Mal-qaranın və adamların vəhşi heyvanlardan qorunması üçün ovçu ermənilərin orada məskunlaşması Kəpənəkçililər üçün əlverişli olub.
Xaçından sonra gələn İncəoğlu kəndini Kəpənəkçililər salıblar – təxminən 18-ci yüzilin axırlarında. Kəpənəkçidən adı məlum olmayan kimsə İncədən (Qazağın İncə dərəsindən) qız alır və indiki İncəoğlunda yurd salır. Kəpənəkçidən başqa soylardan olanlar da burada məskunlaşıblar. Bu məskunlaşanlar arasında Yaqublular da olub. Nənəcanov Yasin Qurban oğlunun bildirdiyinə görə (bu kişi yazımızın yazıldığı tarixdə 89 yaşında idi), Xaçınlılar İncəoğlunda məskunlaşanları da, Talıblıda olan 5-6 evi də köçürtdürmək istəyirmişlər. Kəpənkçililər öz qəbirstanlığından qədim başdaşı çıxarıb İncəoğluna basdırıblar. Əlavə olaraq 300 adamın imzasıyla məktub hazırlayıb mərkəzi komitəyə müraciət ediblər və köçürtmə əməlinin – erməni məkrinin qarşısını alıblar. Yasin kişi bu olayın dəqiq tarixini bilmir. Lakin Talıblıda 5-6 evin olduğu dövr sovet dövlətinin qurulmasının ilk illərinə təsadüf edir.
1957-ci ildə Kəpənəkçinin adı dəyişdirilib «Kvemo-Bolnisi» qoyulur. (“Kvemo” gürcü dilində «aşağı» deməkdir). Məlumat üçün bildirək ki, o illərdə kənd sovetinin başçısı İsmayılov Qasım (Tat Qasım) olub.
Heç bir zərurət olmadan, heç kəslə məsləhətləşmədən yerli hökumət (Gürcüstan SSR, Nazirlər Kabineti) kəndin adını dəyişibdir. Bu addım da indiyə qədər hər yerdə türk adına, tarixinə edilən qəsd əməllərinin tərkib hissəsidir. Türk adına qarşı mənfur addımlar sovet dövründə özünün zirvəsinə çatmışdı. Azərbaycanın adından, dilindən, tarixindən türk sözünü ləğv eləmək sovet imperiyasının baş planında əsas maddələrdən biri idi. Kəpənəkçi adının gürcü tərəfindən dəyişdirilməsi onun özü üçün nə qədər əhəmiyyətli olsa da, sovet imperiyası üçün bundan az əhəmiyyət kəsb eləmirdi. Əslən Kəpənəkçidən olan vətənpərvər ziyalı Hacallı Abbas Abdulla oğlunun bildirdiyinə görə addəyişməyə etiraz edənlərdən hətta 30-40 nəfərini həbs etmişdilər. Bu gediş Kəpənəkçi cəsurluğunun qarşısını kəsmək, iradəsini sındırmaq əməli idi…
Kəpənəkçidə ilk məktəb 20-ci yüzilin 20-ci illərində tikilib. İndiki 2 saylı məktəb həmin məktəbə aid olan ərazidədir. Zərgəralılı Ziyəddinin bildirdiyinə görə, ilk məktəb Molla İsaya aid olan dəyirman materialları ilə qurulubdur. İlk məktəbin direktoru Hacallı Rəşid olub. Kəpənəkçidə ilk təhsilli müəllim Güləhmədov Məhəmməd, ilk ali təhsilli müəllim Allahverdiyev Novruz olub. 1 saylı orta (yuxarı) məktəb 1964-cü ildə istifadəyə verilib. Bu məktəbin ilk direktoru Allahverdiyev Novruz olub. İlk məktəbdən öncə evlərdə təhsil verilirmiş – görünür ki, mədrəsə səviyyəsində. Zərgəralılı Hüseyn Alı oğlu Ayvazalı Qəhrəmanın qardaşı oğlu Yetim Osmanın evində dərs alıb. Bu evdə Yetim Osmanın öz oğlu Sədi müəllimlik edirmiş. Bundan başqa Hüseyn Alı oğlu müəllimlik edənlərdən Əfəndi oğlu Osmanın da adını çəkir.
Xalqların keçmişindən nişanə saxlayan, gələcəyinə soraq aparan tarixi abidələrdən biri də qəbirstanlıqdır. Qəbirlərə ehtiramlı yanaşmaq təkcə ölülərə qarşı mərhəmətli olmaq duyğusundan irəli gəlmir, bununla insanlar həm də keçmişlərinə münasibət ifadə edirlər. İnsanlar vətəndən didərgin salınanda, qoyub gəldikləri ev-eşiyə, mal-qaraya, varidata görə o qədər də acımırlar. İnsan harda yaşayırsa yaşasın, mülk, varidat əldə eləmək imkanını heç yerdə qoyub gəlmir, bu imkan onun fərdi keyfiyyətlərində yaşayır. Fəqət öz keçmişinin rəmzi olan qəbirstanlığı isə heç yana daşıya bilmir. Bu səbəbdən də vətənsizlik dağı onun ruhunu daim göynədir, heysiyyətini sarsıldır. Vətəndən yalnız xatirələrlə ayrılmaq insanın qəlbinə acı fəryadlar gətirir. 
Kəpənəkçinin keçmişinə şahidlik edən iki qəbirstanlığı var, üçüncüyə də 2002-ci ildə ilk iki qəbir salıblar. Tarixi yaddaş üçün bildirək ki, təzə qəbirstanlığa ilk olaraq 92 il ömür sürmüş Quliyev Əhmədalı Musa oğlu dəfn olunub. İlk qəbirstanlıq Kəpənəkçinin qərb yarımhissəsində yerləşir. M.Qasım kişinin və onun yaxınlarının qəbirləri də bu qəbirstanlıqdadır. İkinci qəbirstanlıq kəndin şərq yarımhissəsində yerləşir. El arasında buraya nədənsə “Ləzgi qəbirstanlığı” deyirlər. Güman ki, Bolusda yaşayıb vəfat edən bir ləzgini almanların qəbirstanlığında deyil, məhz Kəpənəkçi qəbirstanlığında dəfn etdikləri üçün. 
Yuxarıda vurğuladığımız kimi, Kəpənəkçi haqqında müfəssəl söz demək üçün ayrı-ayrı köklü nəsillərin burada məskunlaşma tarixinə diqqət yetirmək böyük əhəmiyyət daşıyır. Lakin bu məsələdə də təəssüfdoğurucu cəhətlərdən yan keçə bilmədik. Belə ki, soylar haqqında həmin soylardan olan nə ağsaqqalların, nə də təhsilli adamların bilgiləri arzu olunan səviyyədə  deyil. Böyük əksəriyyətinin bilgisi, necə deyərlər, “yeddi arxa dönəninə” gedib çıxa bilmir. Bu isə onu göstərir ki, iki-üç nəsildən sonra Kəpənəkçi soyları haqqında bilgilər səthiləşməyə və yox olmağa doğrudur. Nəsillərin ulu keçmişinin yaddaşları tərk eləməsi ilə Kəpənəkçi haqqında təsəvvürlər sonrakı nəsillərin ağlında zahiri əlamətlər səviyyəsindən ibarət olacaqdır. Bunun qarşısını almaq üçün qeyrət göstərmək gərəkdir.
İkinci bir çətinliyimiz ondan ibarət oldu ki, ayrı-ayrı soyların nümayəndələri ilə söhbət qura bilmədik. Bəzilərini tapa bilmədik, bəzilərinin darvazaları bağlı idi, bəziləri «bugün, sabah» deyə-deyə vədçilik etdilər və s. Bununla belə, bəzi soylarla bağlı bizdə olan bilgiləri təqdim edirik.

Zərgər Nizaməddin Yusif oğlu – 66 yaşı var, İstanbulda yaşayır. Hazırda (mart 2005) Bakı şəhərində çalışır, iş adamıdır. Onun söylədiyinə görə, Zərgərlər miladi təqvimlə 1220-ci ildə Mavərannəhrdən gəliblər. Bu, Monqolların istilaçılıq dövrünə təsadüf edir. Onlar Azərbaycanın Füzuli rayonu ərazisinədək gəliblərmiş və orada Zərgər kəndini salıblarmış. Qeyd edək ki, «Mavərannəhr» Orta Asiyada Ceyhun çayının (indiki Amudərya) sahillərinə deyilirmiş. Bu bölgə isə ümumtürk yurdu olub, Türküstan ərazisinə daxildir.
16-cı yüzilin axırlarında Zərgərlərin bir qismi Gəncəyə gəliblər. Bu soydan olan adamlar altunçuluqla – zərgərliklə məşğul olduqları üçün onlara bu ad deyilib. O dövrdə Gəncə iri ticarət şəhəri olduğuna görə Zərgərlər öz sənətlərini inkişaf etdirmək üçün buraya üz tutublar. Təbiidir ki, buraya köçənlərin hamısı heç də zərgərliklə məşğul olmayıblar. Az sonra maldarlıqla, başqa təsərrüfatla məşğul olanlar Gəncədə qalmayıb və Qaratəpənin indiki Candar kəndinə köçüblər. Bu ada qədər oranın adı «Zərgər-Kəpənəkçi» olub.
Nizaməddin Zərgər maraqlı bir olaydan da bəhs etdi. Nadir şah Gəncəyə gələndə tacında çat var imiş. Göstəriş verir ki, bütün zərgərləri toplasınlar və bu təmir işini daha kamil səviyyədə görə biləcək zərgəri seçsinlər. Xalıl adlı bir zərgər hamının keçdiyi yerdən keçmir. Nadir şah səbəbini soruşanda cavab verir ki, orada kömür var; kömür də onun işində gərəkli vasitə olduğu üçün tapdalayıb keçmir. Nadir şah – onun tacını bu cür məslək adamının düzəldə biləcəyini düşünür. Və öz tacının təmirini Xalıla tapşırır. Zərgər Xalıl bir neçə arının iynəsinin ucundakı ağusunu toplayıb ondan yapışdırıcı kimi istifadə edir və tacın çatını aradan qaldırır. Nadir şah öz tacında çatın yerini müəyyən edə bilmir.
Sonralar Zərgər Xalılın oğlu Güney Azərbaycana köçüb. Qohumlardan bir hissəsi, dediyimiz kimi, Zərgər-Kəpənəkçiyə köçür, bir hissəsi isə Amasiyanın Xançallı kəndində yurd salır. Bolus-Kəpənəkçiyə gələnlər haqqında Zərgər Nizaməddin bir şey demədi. Məlumat üçün bildirək ki, «Zərgər» Nizaməddin bəyin ixtisası, sənəti deyil, soyadıdır. Xançallı kəndində yurd salanlardan Hacı Musa Soyuqbulağa köçür və pendir, süd, ət məhsullarının hazırlanmasından və satışından ibarət kooperativ yaradır. 1906-cı ildə  İstanbulda «Quləli’əsgər litseyi»ni  bitirən Musa öz kooperativinin imkanları hesabına Soyuqbulaqda məktəb açır və özü də öyrətmənlik (müəllimlik) edir. Məlumdur ki, Nikolay hökuməti türklərə qarşı çox biganə olub. Onlar üçün məktəb-təhsil imkanları yaratmayıb. Türklərin savadsız və küt qalmaları üçün hər cür addımlar atılırdı. Türklər bir-birini qətlə yetirəndə cəza təyin edilmirdi. Türklərin öz aralarında düşmənçilik yaranması üçün zəmin hazırlanırdı. Türklər əsgəri xidmətə çağırılmırdı ki, hərb sənətini öyrənməsinlər, silah işlədə bilməsinlər. (Bilmək lazımdır ki, bugün gürcü hökumətinin Borçalı türklərinə münasibəti, məktəb-təhsil  baxımından, o münasibətin eynidir. Borçalıda kütləvi savadsızlıq başlayıb və bununla dövlət səviyyəsində maraqlanan yoxdur. Biz Kəpənəkçinin ayrı-ayrı ziyalılarından fədakarlıq umuruq – kütləvi savadsızlığa qarşı elmi, ideoloji mübarizə aparsınlar).
Belə bir durumda türklər üçün məktəb açmaq və öyrətmənlik etmək – məhdud olsa da, fədakarlıq və milli təəssübkeşlik ləyaqəti idi. Hacı Musa 1920-ci ilə qədər orada dərs deyib. Maraq doğurduğu üçün bəzi məlumatları da qeyd etməyi məqsədəuyğun saydıq. Nizaməddin Zərgərin bildirdiyinə görə, “məşhur” türk qatili Andronikin köməkçisinin tüfəngi və Nadir şahın tacını təmir edən Zərgər Xalılın alətləri Qarsın Susuz litsəsinin Porsuxlu kəndində Hacı Muradın evindədir. Hacı Murad Bolus-Kəpənəkçidə Molla isa oğlu Ziyəddinin dayısıdır. 
Zərgərov Ziyəddin Molla İsa oğlunun bilgisinə görə, onların ulu babası Zərgər Alı Bolus-Kəpənəkçiyə Qaratəpənin Zərgər-Kəpənəkçi kəndindən gəlibdir. Yəqin Alı kişinin adına görədir ki, bunlara Zərgərlər yox, Zərgəralılar deyirlər. Lakin bu yerdəyişmə hansı illərdə baş verib, – bunu Ziyəddin bəy bilmir.
Yazılı yeganə bir fakt var – Molla Nəsib Allahverdi oğluna məxsus qəbrin baş daşına qəməri təqvimlə 1325 yazılıb. Bu daşı Qarabağdan aparıblarmış. (Bu faktı Zərgərov Ziyəddinin gündəliyindən götürmüşük).
Bolus-Kəpənəkçidə Zərgəralıların ulu babası Allahverdi olub. Allahverdinin dörd oğlu (Həmid, Nəsib, İsgəndər, Vəli bəy) bu soyun babalarıdır. Vəli bəyin bir oğlu Çantoy Musa (çiynində zərgər çantası daşıdığına görə ona “Çantoy Musa” deyiblər) indiki Çantoyların babasıdır. Nəsib isə Ziyəddin kişinin babasıdır. Zərgər Alı Allahverdinin ya babasıdır, ya  ulu babası. Molla İsa Soyuqbulaqda yaşayan Hacı Musanın qızına evlənib. Nizaməddinin anası da Hacı Musanın ikinci qızıdır. Bugün Qarsda, İstanbulda Kəpənəkçidən gedənlər var ki, onlar Kəpənəkçi soyadı daşıyırlar.
Kəpənəkçinin köklü soylarından biri Ayvazalılardır. Biz burada da Kəpənəkçini quran soyların məskunlaşma illərini dəqiq bilmədiyimizə görə ardıcıllığı qoruya bilmirik.
Ayvazalı soyundan olanların ulu babası Süleyman iki qardaşı ilə birgə Kaxet zonasının Qabal kəndindən gəlibdir. Qardaşlardan birinin adı Qurban – Faxralıda məskunlaşıb,  o biri – İsmayıl Darvaz kəndində, üçüncüsü – Süleyman isə Kəpənəkçidə yurd salıbdır. Görünür ki, bunlar gələndə adı çəkilən kəndlərin hər üçü var imiş. Çünki qardaşlar boş ərazilərə belə bölünməzdilər. Böyük ehtimalla hərəsi bir eldən qız alıb yurd salıblar. Ayvazalılı Piri Murtuz oğlunun dediyinə görə, Qabaldan gəlmiş qardaşlar oradakı Molla Mahmudlu soyundan olublar. Bu soy ya öncə, ya sonra Aşırlılar adlanıblar. İndi Darvazda olanlar da, Faxralıda kök salmış Qurbandan davam edən nəsil də Aşırlılar adlandıqları üçün Aşırlı soyadı Molla Mahmudludan sonrakı ola bilər.
Süleymanın Ayvazalı adında oğlu olub ki, Kəpənəkçidə Ayvazalı soyu bu kişinin adı ilə bağlıdır. Ayvazalının soy davamı Mahmud və Alı adlı oğlanları ilə məlumdur. Mahmudun da Qəhrəman oğlundan doqquz oğul indiki nəsillərin əsasını təşkil edir. Müəyyənlik üçün Qəhrəmanın oğlanlarının adlarını təqdim edirik: Süleyman, Təhməz, Musa, Məhəmməd, Adil, Qurbanalı, Ayvaz, Əhməd (erkən vəfat edib), Hümbət, Əhməd (əvvəlkinin adını buna qoyublar).
Onu da deyək ki, Süleyman (Qəhrəmanın ulu babası) Kəpənəkçiyə Aşırlı soyadı ilə gəlib. Sonrakılar Aşırlı soyadını və Süleymanın adını deyil, onun oğlu Ayvazalının adını soyad seçiblər. Ayvazalının digər oğlu Alıdır ki, ondan da davam eləyən nəsil el arasında “Aşağıkı Ayvazalılı” adlanır. Alının oğlunun adı Osmandır. Bu kişi Kəpənəkçinin Qaş Məhəllə deyilən bölgəsində yaşayan Ziyəddin Kamal oğlunun babasıdır.
Ayvazalının arvadı Böyükxanım Qars qızıdır. Nəsildə adlar təkrar olunduğu üçün şəxsləri atasının adı ilə birgə təqdim edəcəyik. Sonradan Qəhrəmanın oğlu Ayvazalı (buna sadəcə “Ayvaz” da deyirlər) hansı səbəbdənsə adam öldürdüyünə görə Türkiyəyə köçüb. Bu yaxın dövrə qədər Qarsda Ayvazalının (Qəhrəmanın oğlunun) nəsli var imiş. Sonradan bizə məlum olmayan səbəbdən Güney Azərbaycana köçüblər. Qarsda onlar Ayvazoğlu soyadı daşıyırmışlar. Qəhrəmanın qardaşı oğlu yetim Osman öz evini məktəb kimi istifadəyə vermiş adamlardan biri olub. Yetim Osmanın oğlu Sədi bu evdə dərs deyib. Sədinin qardaşı Bayram 32 il şəhər komendantı işləyib. Deyilənə görə, bu adamın 7-ci sinif təhsili olub. Qəhrəmanın nəvəsi Murtuz Süleyman oğlu 1932-ci ildə Tbilisidə türkdilli məktəbi bitirib, Bolnisidə raykom komsomolda, sonra Çataxda meşə idarəsində çalışıb. Müharibə dövründə hərbi hissəyə çağrılıb. Murtuzun anası Oruclu qızıdır.
Qəhrəmanın arvadı M.Qasımlıdan olub. O öləndən sonra Qəhrəman ikinci dəfə evlənib – bu dəfə Mehdili qızı Ayna qarı ilə. Deyilənə görə, Qəhrəman kişi 126 yaşında (1936) ölüb. O da bildirilir ki, Süleyman kişi ilk dəfə Kəpənəkçiyə gələndə Qəhrəman oğlu Hümbətin indiki yurdunda məskunlaşıbmış. Ayvazalılıdan olan evlər – ailələr Kəpənəkçinin müxtəlif ərazilərində var. Bildirildiyinə görə, 2005-ci ildə təxminən 70 evdirlər.
Bu soyla bağlı məlumatları Ayvazov Qənbər Hümbət oğlu (65 yaş), Ayvazov Ziyəddin Kamal oğlu (65 yaş) və Ayvazov Piri Murtuz oğlu ilə dəqiqləşdirdik.
Kəpənkçinin qədim soylarından biri olan Turablı haqqında,  əhatəli olmasa da, yığcam bilgini Turabov İsrafil Yusif oğlundan (82 yaş) və Turabov Nəbi Novruz oğlundan (74 yaş) əldə elədik. Bu ağsaqqal kişilərin dediyinə görə, Turablıların ulu babası 18-ci yüzilin əvvəllərində indiki Qasım İsmayılov rayonunun Molla Alxaslı kəndindən gəliblər. Üç qardaş olub – Alı, Nəsib, Oruc. Bunların atasının adı Mustafadır. Böyük ehtimalla Turab Mustafanın atası olub. Nəbi Novruz oğlunun dediyinə görə, Kəpənəkçidə bu soydan ilk məskunlaşan Alı olub. Alının Məhəmməd, bunun da Alı adlı oğlu sonuncu ardıcıllığın nümayəndələridir. Nəvə Alının da Novruz, Uğurlu… adlı oğlanları hazırda yaşayanların babalarıdır. Turablı 2005-ci ildə təxminən 45 evdən ibarətdir.
Bəllidir ki, hər bir insan ailəyə bağlıdır, ailə soya (nəsilə), soy elə, el ulusa (millətə), ulus bəşərə bağlıdır. Soy (nəsil) özündə xalqın adət-ənənəsini, mədəniyyətini, tarixi keçmişini qoruyub sabaha çatdırır. Bizim soyumuz da xalqın başqa  təmsilçilərindən biridir. Hər bir soyun nüfuzu özünün keçmişi ilə qorunur. Habelə, hər bir soyun nüfuzu xalqın adət-ənənələrinə yanaşma qabiliyyəti ilə müəyyən ol-unur. Adət-ənənələrin doğru bilinməsi, qorunması və sabaha çatdırılması soyun ağsaqqal, ağbirçək ziyalı ləyaqətiylə nizamlanır. Bunun üçün soyda ağsaqqal, ağbirçək, ziyalı vəhdəti, nizamı öz biçimini doğru tapmalı, yönü ulusal olmalıdır.
 Hər bir insandan bu yer üzündə ən azı xatirələr qalır və yaxud qalmalıdır. Unutmaq olmaz ki, hər bir ölən bizim keçmişimiz, əcdadımızdır. Biz öz keçmişimizdən başlayırıq. Bizdən başlayanlar da var. Deməli, biz həm də bizdən öncəkilərlə sonrakılar arasında körpüyük.
...Kəpənəkçinin  köklü soylarından biri də Talıblılardır. Talıblı – adından göründüyü kimi, bu soyun ulu babası Talıbın adıyla bağlıdır. Hərçəndi, Talıbın atası Xalıl da bizə məlumdur. Xalılın Talıbdan başqa Abdulla adlı oğlu da olub. İndiki Talıblını Talıbın Hümbət, Vəli, adını təxminən dəqiqləşdirdiyimiz Xalıl adlı üç oğlunun və qardaşı Abdullanın törəməsi saymaq olar. Hümbətin Cahangir, Bəxtiyar və Nəsib adlı oğlanları bu soyun bir qanadını, Vəlinin oğlu Əhməd və onun da oğlu Musa o biri qanadını təşkil edir. Bu ikinci qanada, Musa dəllək olduğu üçün, “Dəlləköyü” deyirlər. Talıbın üçüncü oğlu Xalıl, eşitdiyimizə görə, ara davası nəticəsində əlindən xata çıxıb və Goranboy rayonuna qaçıb. Onun Cahangir adlı oğlundan olan törəmə indi də orada yaşayır.
Nəhayət, böyük ehtimalla Talıbın qardaşı Abdullanın da  nəvələri olan Qarabı, Allahverdi, Tanrıverdi adlı oğlanları Talıblı soyunun başqa qollarını təşkil edirlər.
2002-ci il fevralın 17-də coğrafi Talıblıda 64 ailə, 57 ev qeydə alınıb. Kəpənəkçidəki Talıblı soyundan olanların evləri isə 18-dir. Bakıda və Rusiyada yaşayanların evlərini burada göstərmirik. Talıblının indiki ərazisində 20-ci yüzilin əvvəllərində almanlar olub. Bəxtiyar Hümbət oğlunun silahı (tüfəng-beşaçılan) olduğu üçün almanların sahələrinə qaravulçu gəlib. Az sonra qardaşı Nəsib, daha sonra Yusif və digər qohumları yerləşib.
Deyilənlərə görə, Talıblı soyunun ulu babası da Qarabağdan gəlib. Amma dəqiq tarixi məlum deyil. Talıblı Asdanın atası Yusifin (Qara Yusif) doğum və ölüm tarixi əsasında isə təxmini mülahizələr söyləmək olar. Yusif 1850-ci ildə anadan olub. Onun atası Cahangir 90 il ömür sürüb, - 20-ci yüzilin 10-cu ilinə qədər. Bu hesabla anadan olduğu iarix 1820-ci ilə təsadüf edir. Cahangirin atası Hümbət, onun atası Talıb, Talıbın da atası Xalıl öz doğum tarixləri ilə Cahangirin doğum tarixi arsında 100 il məsafə yaratsalar, 1720-ci illəri, bir daha xatırladaq ki, soyun buradakı məskunlaşma tarixi kimi təxmin etmək olar.
Qara Asdan oğlunun bildirdiyinə görə, onun ulu babası Cahangir Kəpənəkçidə kənd icmasının başçısı işləyib. Bu, təxminən 19-cu yüzilin ortalarına təsadüf edir. ...Cahangirin oğlanlarından biri Zülfüqar pəhləvanlıq edərmiş. (Talıblı haqqında daha ətraflı bilgiləri ayrıca kitabça halında başa gətirdiyimiz üçün davam eləmirik.)
Kəpənəkçi soylarından Bədəlli əsasən iki qardaşın övladlarından ibarətdir. Bunlar Bədəl və Məmmədalı qardaşlarıdır. Üçüncü qardaş Musa İncəoğlunda məskunlaşıb. Orada yaşayan Musayevlər onun nəslidir. Bu nəsildən Kəpənəkçidə də var, el arasında onlara Quruşoğulları deyirlər.
 Bədəlov Abbas Osman oğlunun (61 yaş) bildirdiyinə görə, onların ulu babası Qarabağdan Qazağa, oradan isə Bolus-Kəpənəkçiyə köçüblər. Bədəlov Rəşid Bədəl oğlunun dediyinə görə, bu soydan ilk dəfə Kəpənəkçidə məskunlaşan Bədəl olub. Lakin tarixin (18 yüzilin əvvəli) doğruluğuna bizdə şübhə yaranır. Çünki bu soyun Kəpənəkçiyə gəlişinin 18-ci yüzilin əvvəlində olduğu bildirilir. 18-ci yüzilin əvvəllərində gəliblərsə, necə olub qardaşlardan biri 18-ci yüzilin ikinci yarısında yaranmış İncəoğlu kəndində yurd salıb. Bəs ona qədər harda olub? Bəzi məqamlarla bağlı qeyri-müəyyənliklər Bədəlli ilə bağlı mülahizələri açıq saxlayır.
 Qırxılı soyunun Kəpənəkçidə kök salması isə 250 il bundan öncə baş verdiyi təxmin edilir. Qırxı və Sərdar adlı iki qardaşın Kəpənəkçiyə gəlişi ilə Qırxılı və Sərdarlı soyları başlayır.
Qırxı kişinin varisləri Musa və Bayram adlı oğlanları olub. Bunlardan sonra Yunus və Mahmud olub, lakin bunların atası yuxarıda adı çəkilənlərdən hansı olduğu bildirilmir. Ola bilər Yunus və Mahmud əmi oğulları olublar. Yəni Musa və Bayramın oğulları.
Mahmudun davamı Haqverdi (97 yaş), İsmayıl və Kərəmdir. Yunisin davamı isə Mikayıl və Musadır.
Bu soyun ulu babası Füzuli rayonunun Sərdarlı kəndindən gəlibdir. Hazırda 35-40 evdən ibarətdir. Bu məlumatları Qırxıyev Nurəddin İsmayıl oğlundan (55 yaş) əldə etmişik. Nurəddin İsmayıl oğlu 1 saylı məktəbdə kimya fənni üzrə öyrətmənlik edir.
(Davamı var)
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə