OVÇUNUN QARTALI

 Payızın əvvəlləri idi, soyuq, quru küləklər əsirdi, yurtadan tələsərək çıxan iki ovçu atları yəhərləyirdilər. Yaşlı, çal saqqal Bekpol yüyəni atın başına keçirib, ayağını üzəngiyə qoymaq istəyirdi ki, birdən arxadan təlaşlı at fınxırtısı eşitdi. Bekpol bir an geriyə döndü və gözü arxadakı təpənin başından sürətlə irəliləyən atlıya sataşdı. Ovçunun çiynindəki tüfəng asta-asta yırğalanırdı. Sübh tezdən ətrafa çökən duman gələnin kim olduğunu görməyə imkan vermirdi.


-Görən, bu adam kimdir? – deyə Bekpol yol yoldaşına baxmadan çaşqınlıqla xəbər
aldı.
Bekpolun üzü qaralan və əlləri dağın şaxtasından partdaq-partdaq olan hündürboylu yoldaşı Janibek də heyrətləndi.
-Belə sübh tezdən bizə tərəf gələn kimdir?
Bekpol dinməz-söyləməz qaşlarını çatdı. Baş verənlərdən görünürdü ki, atlının sübh
tezdən gözlənilmədən peyda olması onu nəinki təəccübləndirmiş, hətta təşvişə salmışdı.
-Bu ki Ospankuldur, atçılıq zavodunun briqadiri. Dan yeri sökülməmiş o, hara
gedir?! - onlara yaxınlaşan atlını başdan-ayağa süzən Bekpol dilləndi.
Bekpolun əlində sakitcə mürgüləyən qüvvətli ov qartalı görünür ki, yurtanın tünlük və boğucu havasından bihuş olandan sonra sərin və təmiz payız havası udunca yerində silkinib, nəhəng göyümtül-poladı qanadlarını yana açdı. Qanadlarını bərkdən çırpan quş quru qamışın xışıltısı və əsməsi kimi qızılı lələklərini titrədərək kəskin çöl küləyi kimi narahat idi. Bekpolun kəhər atı qulaqlarını şəkləyərək yuxulu, acıqlı şəkildə ayaq üstə güclə dayanaraq öz iri gözləri ilə quşa tərəf çəp-çəp baxırdı. Qızılbalaq (ov qartalının adı belə idi) elə var gücü ilə silkələndi ki, hürkmüş atlar kənara sıçradılar və hətta adamlar da təlaş düşüb, özlərini itirdilər. Vaxtilə elə də az güclü, çevik, itigözlü və yırtıcı ov quşları görməyən Bekpol bu qartala xüsusi dəyər verirdi, ona görə də hərdən son dərəcə öyünərək deyirdi: “Qartalımın lələkləri göz oxşayır, gözəl qızın atlas libası kimi xışıldayır”.
Janibek əlində qartal çönbəlmiş vəziyyətdə oturmuşdu. Onun Karakeri narahat şəkildə sahibinin ov qabağı başına taxdığı dəri papağı caynağı ilə itələyərək ondan xilas olmağa çalışırdı. O, hələ ov quşunun bacarıqlarına tam yiyələnməmiş gənc qartal idi. Narahat və dəngəsər quş təlaşla çırpınır, onu sıxan və heç cür adət etmədiyi papaqdan canını qurtarmağa çalışırdı. Quş onu əhatə edən dünyanı öz alıcı və iti gözləri ilə seyr etmək istəyirdi.
-Ona papağını çıxartmağa imkan vermə, - deyə Bekpol gənc ovçuya əmr etdi. – Ona
çox sərbəstlik versən əlindən yadırğayacaq, onda daha ondan heç vaxt yaxşı ov gözləmə.
Beləcə, öz aralarında söhbətə dalan və gözlərini quşlarından ayırmayan ovçular bir atlının onlara necə yaxınlaşdığını görmədilər. Onlar yalnız atların gurultulu ayaq dırnaqlarının və üzənginin aydın cingilti səsini eşidəndə geriyə döndülər və Jenibak ucadan qışqırdı:
-Bu, Lıskadır! Yəqin, ona oktyabr şənlikləri üçün təlim keçirlər.
-Bu, at deyil, od parçasıdır! – şaxə qalxmış atın iti qaçışından riqqətə gələn Bekpol
dedi.
Uzun ayaqlı at yığcam addımlarla sahibinin altında quş kimi səkirdi. Tünd alnındakı aya bənzər işıqlı qaşqası, iri parlaq gözləri, bir növ olduqca müstəsna qadın incəliyi ilə at olduqca qeyri-adi görsənirdi. Ovçular ona elə heyranlıqla baxırdılar ki, yəhərdə oturan Ospankulun tutqun sifətini belə görmədilər.
-Əzizim, hara gedirsən? İlxıda hər şey qaydasındadır? – deyə Ospankula nəzər yetirən
Bekpol təşvişlə xəbər aldı.
Briqadirin bozarmış və əzgin üzündə yorğunluq və yuxusuzluğun əlamətləri aydın görünürdü. Nəfəsini dərən Ospankul elə atdan düşmədən öz hekayətini nəql etməyə başladı, ancaq uzun yoldan və sürətli qaçışdan sonra əldən düşən at heç cür sakitləşə bilmirdi. O, tez-tez qüvvətli və qəşəng ayaqlarını hövsələsiz şəkildə yerə döyəcləyir və atlının danışığına mane olurdu.
-İstəyirsən yerə düş, - Janibek ona məsləhət gördü.
Atlı tələsə-tələsə hekayətini danışmağa davam etdi. Həm də o, qısa idi.
Bu gecə Sarımsakta dərəsinin təpələrində və ətəklərində, uzaqdan da göründüyü kimi, atçılıq zavodunun ilxılarından biri otlayırdı. Bu, Ospankulun briqadasının ilxısı idi. Uzun payız gecəsi yağışlı, tutqun və küləkli idi. Qara, sıx buludlar səmanı örtmüşdü. Gecə yarısının sakitliyində gözlənilmədən ilxı bərkdən eşidilən at kişnərtisindən təşvişə düşdü. Sonra qəribə uğultu, qışqırtı və fıştırıq səsləri eşidildi. Atlar canavar sürüsü ilə əhatələnmiş kimi pərən-pərən düşdülər. Özlərini itirmiş çobanlar ora-bura qaçmağa başladılar. Lakin belə bir yağışlı, dumanlı və zülmət gecədə geniş çölə pərən-pərən düşmüş ilxını bir yerə toplamaq mümkün olmadı. Ancaq dan yeri açılanda xeyli əziyyət çəkəndən sonra Ospankul dağılmış atları bir yerə yığıb saydı, doqquz seçmə atın itdiyi aşkar oldu. İlxıçının sözlərinə görə, atlar yırtıcı heyvandan yox, insandan, həm də yad insandan hürkmüşdü. Bütün əlamətlər onu göstərirdi ki, itən atlar oğruların əlinə keçib. İlxıçıları itən atları tapmağa göndərən Ospankul kömək istəmək üçün sərhəd komendaturasına yollandı. Yolda isə o, sərhədyanı dağlarda günlərlə gəzib-dolanan kolxoz ovçularını da xəbərdar etməyə qərar verdi. Hekayətini danışıb qurtaran Ospankul üzünü Bekpola tutdu.
- Beke, sən nəinki dəfələrlə dördayaqlı yırtıcıları pusub onları tutmusan, hətta hiyləgər və zirək düşmənlərini də ələ keçirə bilmisən. Bu, sənin ovçuluq təcrübənin yeni sınağı olacaq. Başa düşürsən, ən yaxşı atlar itib! Oktyabr şənliklərinə hazırladığın üç at da itib. Beke, tezliklə sadiq atının belinə min, iti gözlü quşunu da özünlə götür və bu gün Kerqe-Tası ələk-fələk et, - deyə Ospankul soldakı uca dağların azca mavi rənginə boyanan zirvələrinə işarə etdi.
- Görürsən, - bir qədər fikrə gedən Bekpol dedi, - əgər atları qaçırıblarsa, onda oğrular o biri tərəfdədirlər... Deyək ki, onlar hələ sərhədi keçməyiblər. Günorta da oraya getməyəcəklər. Deməli, növbəti gecəni gözləyəcəklər.
- Haqlısan. Biz də belə düşünürdük, - Ospankul dedi. – Hətta ən yüksək sürətlə çapsalar belə, onlar sərhədə ancaq dan yeri ağaranda çata bilərlər. Görən, bizimkilər onları buraxarlar. Sərhədçilər məgər yatırlar.
- Aydındır ki, yatmırlar, - Bekpol dilləndi. – Ancaq mənə elə gəlir ki, at oğruları gündüz vaxtı Sarımsaktı dağlarında gizlənirlər. Ona görə də, onları orada - öz dağlarımızda axtarsan daha yaxşı olar.
Bir müddət fikrə gedən Bekpol sol əli ilə yüyəndən tutdu, qartalı saxladığı sağ əlini isə yəhərin qaşına qoyaraq göz qırpımında ata mindi. Atını yerindən tərpədib, üzünü Ospankula çevirdi və mavi rəngə boyanan sərt qayalıqlara işarə edərək dedi:
-Onda sən komendaturaya çap, biz isə Ojarla gedərik. Bu, Ospankulun elə də xoşuna
gəlmədi. Bekpolun Kerqe-Tasa yox, məhz Ojara getmək qərarını o, axtarışlara kömək etməkdən imtinaya yozdu. Kerqe-Tasın sıx, demək olar ki, keçilməz olan dağ dərələri və cəngəllikləri, Bekpol üçün rahat idi. Orada o, demək olar ki, hər bir heyvanın keçdiyi cığırı, hər daşı, bu dağların qədim və sərt üzünü əzbərdən bilirdi. Ona görə də, Ospankul ovçunun məhz bu yollardan keçərək getməsində təkid edirdi.
-Beke, sənin yanına kömək üçün gəlmişəm. Doğrudanmı, sənin tülkülərin doqquz ən
yaxşı atdan daha dəyərlidir – deyə Ospankul səsinə yaraşmayan təlaşla incikliyini üzə vurdu.
Həyəcanlanan yoldaşını daha da acıqlandırmaq istəməyən Bekpol cavabdan yayındı. Ancaq qərarını dəyişmədi.
-Sizin ovçular ov itləri ilə birlikdə Kerqe-Tasa yollansınlar. Əgər oğrular ordadırlarsa,
heç yana qaça bilməyəcəklər  - o qısaca dedi.
Söhbətin hansı ovçulardan getdiyini bilən Ospankul daha da təlaşlanaraq dedi:
-O naşı, cavan ovçulara daha mən nə deyim! Onlar dağları da düz-əməlli tanımırlar.
Nədir, ov itləri ilə həmin dağların zirvələrinə qalxmaq istəyirlər. Onlar heç gecənin hənirtisini də düz-əməlli müəyyən edə bilmirlər. Bığ yeri təzə tərləyən bu tülkü ovçularını mən yaxşı tanıyıram!... – Ospankul kinayə ilə gülümsündü.
Janibek hövsələsizliklə atın belinə sıçrayıb heç də xoşa gəlməyən bu söhbətə qulaq verməyə başladı. Düzünə qalsa, Ojara getməyi o çox istəyirdi. Onların Kerqe-Tasdakı son ovları da elə də uğurlu olmamışdı. Onun hər gün bir tülkü tutan Karakeri son günlər, demək olar ki, heç nə tuta bilməmişdi. Janibekin eşitdiyinə görə isə Ojarda tülkülər sürü ilə gəzirdi və indiyə qədər heç bir ovçu orada olmayıb. Bu yerlər lap çoxdan Janibekin ov həsrəti ilə döyünən ürəyini ram etmişdi. Ağlını başından alan və şirin yuxularında o, Karakerin geniş açılmış iti qanadları altında acizanə çırpınan saysız-hesabsız toppuş tülküləri görürdü.
Ax, bu təkrarolunmaz insanı həyəcana gətirən ovçu yuxuları! Ax, bu köhnə, ancaq hər zaman gənc olan ovçu şəhvəti! Bütün bunlar Janibekə nə qədər doğmadır! O başa düşürdü ki, ov etmək üçün birbaşa Ojara getmək kifayətdir. “Bəs itkin düşmüş atlar necə olsun” – Janibek fikrə daldı və şüuru yavaş-yavaş ürəyində baş qaldıran ovçu həvəsini söndürməyə başladı. Buna görə də üzünü Bekpola tutub qətiyyətlə dedi:
-Birbaşa cavab ver,  Beke ya biz ova gedirik, ya da at oğrularının dalınca yola
düşürük. Gəl bu məsələni qısa vaxtda həll edək və Ospankulu yolundan etməyək.
-Cavab verməyə tərəddüd edən Bekpol nəhayət ki Ospankula dedi:
-Bax, nə deyirəm dostum, komendaturaya get və orada Aleksandra de ki,
Bekpol mənə qulaq asmayıb Ojara yola düşdü. Axı, sən heç özün at oğrularının izinə düşməmisən? Ona görə də hər şeydən əvvəl bunların izlərini axtarıb-tapmaq lazımdır. İnan mənə! – Bekpol sözünü tamamlayıb və dərhal atını mahmızlayaraq Janibekə səsləndi: - Ardımca! Bu gün təkcə tülkü tutmayacağıq.
Ospankul uzun müddət heyrətlə, küskün və narahat baxışları ilə get-gedə ondan uzaqlaşmaqda olan atlıların arxasınca baxdı. Onlar xırda, müntəzəm yortma yerişlə oraya – xəfif göyümtül dumana bürünmüş dağların arxasına doğru irəliləyirdilər. 
Bekpolun davranışı Ospankula qəribə göründü, ona görə qəribə göründü ki, Ospankul sərhəd pozucularının görüşməkdən belə ehtiyat etdiyi məşhur kolxoz-ovçu barəsində azda olsa ondan-bundan eşitmişdi. Bekpol bütün çöl boyu sərhəd dəstəsinin ən yaxın köməkçisi kimi tanınırdı. Elə bu hadisə də Ospankulun Bekpolun yanına gəlməsinə səbəb olmuşdu. Ancaq onun hərəkəti Ospankulun ovqatını təlx etdi, kədərləndi və o, daha uzaqlara - sərhəd dəstəsinin dayandığı yerə doğru istiqamət götürdü. Ətrafa nəzər salanda Sarımsaktı dağlarına tərəf yol alan iki atlının tutqun qaraltısı görünürdü, onların yırğalanaraq çiyinlərində oturan quşların kölgələri tərpənmirdi.
Atlıların getdiyi dağətəyi yerlər sıx və alçaq boylu külə bənzər boz rəngli ceyranotu ilə örtülmüşdü. Tutqun, buludlu gecə olmasına baxmayaraq, Bekpolun hədəfi dərhal seçən iti gözləri buraya bir damla yağışın belə düşmədiyini sezdi. Ola bilər ki, ya tozdan, ya da ətrafı bürüyən səhərə doğru dumandan hava tutqun, aram-aram dalğalanan pərdə ilə örtülmüşdü. Saralmış, daha doğrusu açıq-qonur rəng almış otlarla əhatə olunmuş çöllərin, dağların yamacları, qayalıqların nəhəng sıldırımları alaqaranlığın pərdəsinə bürünmüşdü. Ancaq səma buludsuz, aydın və təmiz idi, payızın ilk soyuqları düşmüşdü. Səmanı gözdən keçirən qoca ovçu artıq günün mülayim, aydın olacağından xəbərdar idi. Budur, günəşin Kerqe-Tasın diş-diş ucalan zirvələrində oynaşan ilk və parlaq şəfəqləri bərq vurmağa başladı. Dağların sərin, gümrahlıq bəxş edən havası atlıların üzünə vururdu. Ojarın başgicəlləndirən, dərin və sıx dərələrinə çatmağa lap az qalmışdı. Təmizliyinə dağ havası qarışan səhər atların aydın şəkildə eşidilən ayaq səsləri ilə açılmaqda idi, bu səs dərədə qəribə əks-səda yaradırdı. Hətta indiyədək Bekpolun qolunda sakitcə mürgü döyən və dəri papağın altında görünməz olan quş da qeyri-ixtiyari olaraq, dağlara yaxınlaşdıqlarını hiss etdi. Qartal başını qaldırdı, incə, göyümtül rəngə çalan, cilalanmış çaxmaq daşına bənzəyən dimdiyini bayıra çıxarıb doğma çöllərin, böyüdüyü köhnə dağların sərin və şux havasını hərisliklə ciyərlərinə çəkdi.
Bekpolun atını heç bir yola sapmadan, eyni istiqamətdə çapması Janibekə qəribə gəldi. O getdikləri yoldan harasa dönməli olduqlarını bilirdi, onda quşların başından papaqları çıxarar və rahatlıqla ov etməyə buraxardılar. Dağların tülkülərlə dolu olan yamacları artıq geridə qalmışdı, Bekpol isə Janibekin suallarına cavab vermədən etinasız şəkildə yoluna davam edirdi.
Onlar Sarımsaktı təpələrinə çatana qədər irəlilədilər. İndiyə qədər fikirli və süst olan Bekpol qəfildən ovun yaxınlaşdığını hiss edən alıcı quş kimi yerindən silkindi, inamla sola burulub Ojarın Qaban dərəsinə doğru yol aldı. Qocanın dolanbac yolla gedib sonra düz yola çıxmasını isə Janibek onun fikirli və dalğın olmasına yozdu.
Dağları aşan Bekpol atının addımlarını hövsələsiz halda yeyinlədərək, irəlilədi. Janibek Bekpola çatıb, onun ardınca getməyə başladı. Gənc ovçu maraqla ətrafa nəzər saldı. O, daş-kəsək qalaqlarına və dağ keçidlərinə diqqətlə baxırdı. O, dərədə qartalların mövqe tutması və müşahidə üçün münasib olan zirvələr gördü, qartalların başlarından qalpaqları çıxarıb onları bu zirvələrdən ov etməyə buraxmaq üçün ürəyi çırpındı.
Atlılar dərəyə enəndə Bekpol atdan düşüb, piyada getməyə başladı. “Aha! O, tülküləri hürkütməkdən qorxur!” – Janibek sevincək düşündü. Ancaq Bekpol azacıq ceyranotu ilə örtülmüş talaya yaxınlaşıb dayandı, otların bitdiyi yerə diqqətlə baxıb yol yoldaşına sarı baxdı:
- Əzizim, bir bura gəl görüm.
Janibek çəkinə-çəkinə Bekpola yaxınlaşdı, ceyranotuların bitdiyi yerdə azacıq da olsa, görünən at ayaqlarının izinə baxıb duruxdu.
- Bura bax! – Bekpol asta səslə dilləndi. – O deyirdi ki, atlar itib, ancaq burada dayçanın ayaq izi var.
Otun üstündəki izə uzun-uzadı baxan Janibek gülümsündü:
- Beke, bəlkə at oğrularının izinə düşdüyünü zənn edirsən, hə? Əbəs yerə. Dünən bu yerdə bizim ilxının atları otlayıblar.
Gülümsəyən cavan ovçuya soyuqqanlılıqla baxan qoca ona heç nə demədi, səssizcə izin dalınca düşüb getdi. Ancaq atların ayaq izləri bir qədər sonra sıx otlarla örtülmüş dağ yolunda yoxa çıxdı. Onda Bekpol yolunu dəyişib, seyrək ceyranotularla əhatə olunan talaya sarı irəlilədi. Yüz addım gedəndən sonra, yenə Janibeki çağırıb dedi:
- Bax, bu peyini görürsən? Lap təzədir. Atlar gecə burada olublar. Başa düşdün? Öz atlarımızı isə biz buradan dünən gündüz vaxtı aparmışıq.... Həm də ki, - o, bir dəqiqə duruxub sözünə davam etdi - orada cəmi bircə iz var idi, bura isə peyinlə doludur. Peyin ancaq sürətlə gedəndə bu şəkildə ətrafa səpələnir, otlaq vaxtı yox. Bunu sənə qoca Beke deyir, sən də gərək inanasan!
Janibek susurdu. O, qoca ovçunun müşahidə qabiliyyətinə və diqqətinin itiliyinə heyran qalmışdı.
Yaşlı gözləri ilə Janibekə baxan Bekpol öyüd verirmiş kimi dedi:
- Tutaq ki, onlar Ojara gediblər. Bizə təkcə qalan onları tapmaqdır. Bilirəm, Ojar böyük yerdir. Onlar yəqin qarovul da qoyublar. Yəqin bizi güdürlər. Ancaq biz onlardan daha tədbirli davranacağıq. Qoy, quldurların izinə düşdüyümüzü ağıllarına belə gətirməsinlər.
Qoca Bekpol Janibekin nəzərində birdən-birə cavanlaşdı, elə bil itirdiyi gənclik qıvraqlığı geri qayıtdı, yaşlı gözlərinin parlaq nuru sanki geri gəldi.
- Biz axı ovçuyuq! – Bekpol sevincək dilləndi. Ona görə də, gəl tülkü ovlayaq. Yaddan çıxarma: biz gərək tələsmədən, ağılla, ehtiyatla hərəkət edək. Ancaq bu yolla onların harada gizləndiyini tapa bilərik. Məni başa düşdün, dostum?
Janibek razılıq cavabı vermək əvəzinə, çoxdan hazır imiş kimi dilləndi:
- Yaxşı! Beke, onda sən bu qayaya qalx, - əli ilə solu göstərdi, - mən isə aşağıdakı daş-kəsək yığınının yanına baxım. Hiss edirəm ki, burada çoxlu tülkü var!...- O, atını mahmızlayıb aşağıya doğru irəlilədi.
Bekpol təpəyə çıxdı və qəfildən qırmızıgözlü, sanki tumacdan çarıq geymiş Qızılbalağın gözündən qalpağı qaldırdı, quşu havaya buraxdı. Qartal silkinib içini bürüyən qəribə təlaşla yuxarıdan sarıya çalan, geniş açılmış gözləri ilə aşağı, Janibekin keçib-getdiyi dağ yamaclarına diqqətlə baxdı. Qızılbalaq səbirsizliklə boynunu sağa-sola hərləyir, qızılı qanadlarını həyəcanla xışıldadırdı. Quş ovun yaxında olduğunu hiss edirdi, onun bu narahatlığı az-çox ovçuya da sirayət edirdi. O da təşvişini gizlədə bilmir, cilovu dərisi qurumuş barmaqları ilə sıxaraq gözünü yan-yörədən çəkmirdi.
Janibek tələsmədən hər daş-kəsəyin altını ələk-vələk edirdi. O, əlindəki cilovu yəhərin qaşına zərblə vurur və qısa, qırıq-qırıq fit səsi çıxararaq tülküləri gizləndikləri yerdən hürkütmək istəyirdi. Lakin bu yerlərdə ovçu görməyən, insan hənirtisindən qorxmağın nə olduğunu bilməyən tülkülər gecəni keçirdikləri isti, rahat yuvalarından çıxmaq istəmirdilər. Təkcə yuvaya həddən artıq yaxın gələn ovçu bu həssas, ağıllı heyvanı duyuq sala bilərdi.
Bekpol uzun qayışı qartalın ayağından açdı, vərdiş etdiyi qayda ilə onu öz belinə bağladı, onları gözləyən ov səhnəsini Janibekə və qartalına etibar edib gözlərini Ojarın uzaq, tutqun rəng almaqdan qaralan zirvələrindən çəkmədi. Bu lal qayaların arasında bircə dənə də olsun həyat əlaməti sezilmirdi. Bekpolun açıq və geniş alnını bürüyən dərin qırışlar bir az qatılaşaraq qalınlaşdı.
“Görəsən, onlar Ojarda qalıblar, yoxsa yollarına davam ediblər? Bəs gecəni harada qalıblar: bu sıx, uzaq, keçilməz dərələrdə, yoxsa meşənin dərinliklərində?” - Bekpol fikrə getdi. Ona təkcə bir şey aydın idi: qanun pozucuları xəlvət yerdə gizləniblər, çox güman ki, onlar bu yerləri əla tanıyırlar və görünür, onların bu yollara bələd olan, bu keçilməz dərələri əlinin içi kimi tanıyan əla yol bələdçisi var.
Birdən Janibekin ətrafa yayılan çığırtısı qoca ovçunu düşüncələrdən ayırdı, qocanın şüuru səsin nə üçün belə ucadan gəldiyini dərk etməyə fürsət tapmamış nəhəng qartal qıc olmuş vəziyyətdə və bir göz qırpımında ovçunun qolundan daş kimi sıçrayıb qətiyyətlə üzü aşağıya sıçradı, sonra isə dərhal əzəmətli təkanla şığıyaraq Ojarın günəşin altında bərq vuran zirvələrinə doğru uçdu.  Başa düşmək olmurdu: quş Janibekin səsindən hürküb havaya qalxmışdı, yoxsa ki o özü dağ qartalına məxsus həssaslıqla ovunu sezərək onun üzərinə şığımışdı?
Qızılbalağın qeyri-adi uçuşundan heyrətə gələn Bekpol gözlərini ayırmadan ona baxırdı, quş mavi səmanın ənginliklərində doğru ildırım sürəti ilə irəliləyirdi. O, bu güclü, ehtiraslı quşu çox sevirdi, çünki o, nə gözəlliyinə, nə də möhkəmliyinə görə dağların köhnə sakini olan vəhşi dağ qartalından heç də geri qalmırdı. Son on gün ərzində kolxoz üçün otuz tülkü ovlamağı bacaran qartal haqqında nə demək olar ki, həmin tülkülərin dərisi canlı imiş kimi əldən-ələ gəzirdi...
Səmanın mavi, yüksəkdən də yüksək, başgicəlləndirən ənginliklərində pərvaz edən qartalın əzəmətli uçuşunu heç olmasa bircə dəfə seyr edənlər, gözü ovu almış quşun ağlı başdan alan həyəcanını hiss edənlər həmin dəqiqələrdə ovçunun ürəyindəki təşvişini, narahatlığını yaxşı bilirlər.
Quşdan gözlərini ayırmayan Bekpol təpədən sürətlə aşağı düşməyə başladı. Janibek dərə boyunca qaçmağa başladı. Bekpol hələ tülkünü görməmişdi, ancaq hiss edirdi ki, o haradasa daşların altında gizlənib, qartalın gözündən yayınmaq üçün daş-kəsəyin arasına girib. Lakin qartal qanadlarını günəşin şüaları altında bir az da geniş açaraq aşağıya şığıdı və daş yığının arasında gözdən itdi.
Elə həmin dəqiqə Janibek başıaşağı qartalın ardınca götürüldü. Bekpol da atını əylədi, həyəcanını gizlətmədən yırtıcının ovunu necə ovlayacağını – ona dərhal ölümcül zərbə endirəcəyini, yoxsa qərarsız halda havada pərvaz edəcəyini müşahidə etməyə başladı. Tələbkar ovçunun fikrincə, bu qartal üçün sınaq mərhələsi idi... Hər zaman təmkinli, soyuqqanlı, tədbirli olan Bekpol həyəcan keçirməsinə baxmayaraq, özünə hakim olmağı yaxşı bacarırdı, o Qızılbalağı bir an da olsun gözdən qoymurdu.
Qartal havaya qalxmadı...
Bekpol aram və ağır addımlarla daş-kəsək yığınının yanına gəldi. Janibek isə artıq çömbəlmiş vəziyyətdə oturub ölü tülkünün dili ilə ovdan hiddətə gələn qartalı yemləyirdi.
Bekpol atından düşməyib xəbər aldı:
- Hə, de görüm, necə oldu? Haradan yaralayıb?
- Bel sümüyünü sındırıb! - Janibek dilləndi və əlində tutduğu, bel sümüyü sınmış, ölü tülkünü Bekpola göstərdi.
- Afərin! Qartalın kefi sazdır! İlk dəfədir ki, belə uçuş görürəm! – Bekpol fərəhlə dilləndi.
Ovçular uzun müddət səssizcə qartalı və onun ələ keçirdiyi ovu müşahidə etdilər. Ancaq birdən yerlərindən dik atıldılar, başlarının üstünü alan yırtıcı quş sürətlə xışıltılı səs çıxarıb onları təşvişə saldı. Bu, adi çöl çalağanı idi. Çalağandan iti gözlərini bir an belə olsun ayırmayan Bekpol təlaşla xəbər aldı:
- Leşyeyən qartal yəqin nəsə görüb. O, hansı səmtə uçdu?
- Yəqin Qızılbalağın ovunun üstünü almağa getdi - Janibek dilləndi. – O, görünür Ojarın zirvəsində səhər ovunu yeməyə tələsir. Dərhal da zirvənin başına doğru uçan quşdan gözlərini ayırmayan Bekpol dedi: - Dayan, dostum! Bax, bu da o biri qartal. O da həmin yerə uçur... Bilirsənmi, Janibek, bu boşuna deyil. Tülkünü götür, tez atına min!
Sözəbaxan və üzüyola Janibek heç vaxt Bekpolun sözünün qarşısına söz gətirməzdi. Tez-tez və alışqan cəldliyi ilə Qızılbalağı Bekpola verdi, Karakerin ipini daşdan açdı, atının belinə mindi.
Bekpol çalağanların arxasınca baxmağa davam edirdi. Bilirdi ki, şübhələri özünü doğrultsa, bu yırtıcı quşlar dörd bir yanı bürüyəcək. Nəhayət, fikirli-fikirli Karakerə baxıb dedi:
- Qulaq as, Janibek, daş yığınının üstünə qalx, orada dayan. Mən də həmin qayaya tərəf yola düşüm, - əlindəki qamçının dəstəyi ilə dərənin dibində ucalan qırmızımtıl sıldırım qayanı nişan verdi. – Mən işarə verəndə Karakeri burax. Qızılbalaq ovu görməyincə uçmayacaq. Karakeri üzüyola və sakit tərbiyə etmək üçün çox əmək sərf etmişəm. Yuvadan bala ikən götürülən hər bir yırtıcı qartal kimi o da ovun, ətin dalınca uçmağı sevir, hər zaman da olduğu yeri mənə nişan verir. Mən bunu onun qarıltısından bilirəm. Ona görə də, bu gün o, bizim üçün Qızılbalaqdan daha vacibdir.
Janibekin cavabını gözləməyən Bekpol sıldırım qayaya tərəf yola düşdü, sıldırımın ilk daşına ayağını yenicə qoymuşdu ki, əli ilə işarə verdi. Janibek Karakerin gözündəki qalpağı tam açmağa fürsət tapmamış, qartal bir göz qırpımında yüksəklərə doğru şığıdı. Karaker ov təlimi keçmiş alıcı quş kimi istənilən yerdən havaya qalxmağı bacarır və adi gözlə görünməyən ovu asanlıqla tapırdı.
Janibek onun uçuşunu izləyirdi, birdən Karakerin uçduğu tərəfə bir-birinin ardınca üç nəhəng leşyeyən çalağanın da istiqamət aldığını gördü.
Qartal çox güman ki, aramla uçduğu məsafədən ətrafı diqqətlə süzə-süzə uzaqdan gördüyü ovun üzərinə qonmağa hazırlaşırdı, ancaq vəhşi çalağanların təşviş doğuran qarıltısını eşidəndə sürətini artırıb onların arxasınca şığıdı. Bu, Janibeki qorxuya saldı. Ona elə gəldi ki, başı leşyeyən quşların uçuşuna qarışan qartal onların arxasınca uçub gedəcək. Ona görə də, vaxtı itirməyib Bekpolun yanına qaçdı. Bekpolun yanına çatanda təəccübünü gizlədə bilmədi, qoca ovçunun üzündə təşvişdən azca da olsa əsər-əlamət yox idi. Qoca sakitcə ətrafına boylandı, gözdən itən çalağanların qonduğu çığıra diqqətlə nəzər yetirdi. Janibek beynini narahat edən fikri Bekpola deməyə cəhd göstərsə də, qoca heç nə deməyib öz qartalını ona uzatdı:
- Boşla, görək! Boş-boş şeylərə məhəl qoyma. Al, mənim quşumu götür.
“Yəqin Karakerin əvəzinə, öz qartalını mənə vermək istəyir!” – itmiş Karakerin əvəzinə belə bir qiymətli qartalı götürüb-götürməməyi beynində götür-qoy edən Janibeki qüssə bürüdü.
Ancaq Bekpol dilləndi:
- Elə fikirləşmə ki, öz qartalımı sənə bağışlayıram. Onu sənə verməyəcəyəm. Ona görə verməyəcəyəm ki, sənin qartalın qayıdacaq. Qulaq as, - o, səsini bir az da alçaldıb, əlini gənc dostunun çiyninə ehmalca toxundurdu və canıyananlıqla dedi, - qulaq as, mən bilirəm, hiss edirəm ki, düşmənlər buradadır! Onlar Ojardadırlar, bu dağ zirvələrinin o biri tayındadırlar. Çalağanların səhər yeməyi də onların sayəsində baş tutdu: yəqin vəhşi qartallar artıq bir dayçanı parçalayıblar... Bax, indi o dayçanı indi kim yeyəcək: onlar, yoxsa biz? Məsələ də elə bundadır! – Bekpol gülümsündü.
Sonra bir qədər susub sərt və tələbkar səslə Janibekə dedi:
- Atını dərhal mənim qartalımla birgə sərhəd bölməsinin komendantlığına sür. Aleksandrın yanına get! Siz gələnə qədər Karakeri havaya buraxmağa çalışacağam, əgər alınsa onu elə düşmənlərin gizləndiyi yerdən açıb buraxaram.
Hər şey Janibekə aydın oldu. Əlavə heç nə demədən atının başını çevirdi və əks istiqamətə, sərhədə yol aldı. Bekpol isə tələsmədən, aram addımlarla uzaqdan baxanda mavi rəng alan, oğruların gizləndiyini güman etdiyi zirvələrə doğru irəliləməyə başladı.
Ovçular ayrılanda səhər tezdən idi, günəş üfüqün arxasından yenicə boylanırdı. Bekpol müəyyənləşdirdi ki, komendantlıqdan gələn adamlar onun yanına ancaq günəş Ojarın zirvələrinin qərb yamacından boylananda çatacaqlar. Həmin vaxta qədər isə o, düşmənləri tapmalı və onlara işarə verməli idi.
Ancaq Ojarın yamacları nəhəng və əlçatmaz idi. At var qüvvəsini toplayıb kiçik və ağır addımlarla irəliləyirdi, hətta yüngül məsafəyədək qaçmağa belə taqəti yox idi. Qədim, sıx küknar meşəsi dağı kəmər kimi əhatə edərək yolu keçilməz edirdi. Sıx küknar ağaclarının bitdiyi sıldırım qayalıqlarda hava sərin və rütubətli idi. Sakitlik hökm sürürdü. Uzaqdan sağsağan səsi eşidilirdi. Arabir isə səmada pərvaz edən kərkincək quşunun boğuq səsi gəlirdi. Bu sıx və qaradinməz meşənin səssizliyini ehtiyatla irəliləyən tənha yolçu - boz kürk geymiş və marmot xəzindən papaq qoymuş ovçu pozurdu. O, səssizliyə qulaq verərək aram-aram gedirdi. Gözü dörd idi. Qulağı səsdə idi. Demək olar ki, hər əsəb nöqtəsi, hər əzələsi gərilmişdi. İrəlilədiyi tutqun, sıx qayalıqlar getdikcə dağ qoçlarının məskunlaşdığı yamaclara qarışırdı. Payız günəşinin şüalarında yuyunan bu dağ zirvələri hər zaman tənha yolçunu özünə cəlb edir, füsunkarlığı ilə insanı valeh edirdi. Bu zirvələr nəhəng və parlaq idi. Elə bil özlərinin daxilində şəffaf, parlaq işıq nuru vardı. Dağlarda belə vaxtda nəfəs dərmək necə də həzz verirdi! Tez bir zamanda məqsədinə nail olmaq istəyi vardı! Yol nə qədər çətindirsə, onu aşmaq istəyi də bir o qədər güclü olur...
Bekpol çox tələsirdi.
O, tələsə-tələsə yüksək sıldırıma dırmandı. Qarşısında Ojarın digər yamacları ovcunun içi kimi açıldı. Aşağıda tünd rəngli talalarla əhatələnən sıx, şəbəkə formasında sıralanan tutqun meşələr, bəzi yerlərdə dərin çalalarla müşayiət olunan ərazilər, yarğanlar və uçurumlar bir-birini əvəzləyirdi.
Bəs düşmənlər harada idi? Onlar Bekpolun iti nəzərlərindən yayınaraq, bu dərələrin hansında gizlənə bilmişdilər? Daş qayaların arxasında idilər, yoxsa meşədə daldalanmışdılar? Bekpol dayanmadan özünə bu sualları versə də, hələ cavabını tapmamışdı. Şiş qayalığın çıxıntısında uzanan Bekpol ətrafa boylanır, uzaqda görünən kolxoz zəmilərinin gözəlliyinə, ona, ürəyinə doğma və yaxın olan, artıq uzun illərdir ki, sərhədçilərə həvəslə kömək edərək qanunu pozanlardan qoruduğu doğma torpağının füsunkarlığına valeh olurdu.
Bir qədər vaxt ötəndən sonra Bekpol yenidən atına mindi və ürəyinin səsinə qulaq verərək, düşmənlərin gizləndiyi, sıx şəkildə küknarlarla əhatə olunmuş meşənin dərinliyinə üz tutdu. Onların məhz burada olmasını uzunmüddətli qaçışdan sonra tərləyərək nəfəsini dərən atların hənirtisi ələ verirdi. Bekpol baxdı ki, nəzarətsiz buraxılan atların yəhəri yerlilərinkinə heç oxşamır. Belə yəhərlərdən Çin kazaklarının nəslindən olan kızaylar və suanlar istifadə edirdilər. Bekpol məhz bu yəhərlərdən bildi ki, oğrular digər taydan gəliblər. Atlara diqqətlə baxan qoca ovçu atların uzun və yorucu yol qət etdiklərini müəyyən etdi.
“Yaxşı, bəs adamlar hanı? – Bekpol fikrə getdi. – Bəlkə yuxuya gediblər?”- deyə, o düşündü. Birdən kiminsə tələbkar və acıqlı səsini eşitdi:
- Dayan!
Bekpol təşvişlə ətrafa nəzər saldı və birdən üzünün qanı qaçmış, üz dərisi tutqun rəngə çalan bir nəfərin ona baxdığını hiss etdi. Sıx kolların arasından çıxan adam tüfəngin lüləsini Bekpola tərəf yönəltmişdi və şübhə oyadan təşvişlə ona baxırdı:
- Atdan düş!
- Düşərəm, əzizim! – Bekpol soyuqqanlılıqla dilləndi. – Ancaq gərək əvvəlcə maraqlanardın ki, sənin düşməninəm, ya dostun. Axı, mən təkəm. Elə bilmirsən ki, dəstə ilə gəlmişəm? Qəribə adamsan! Mən ovçuyam. Quşum itib, onu axtarıram.
Görünür, Bekpolun aramla və soyuqqanlılıqla, mehriban, səmimiyyətlə dilə gətirdiyi sözlər quldura təsir etdi. O, dərhal ağacdan yerə tullandı, Bekpolun yanına qaçıb yüyəni onun əlindən aldı. Sonra isə heç nə deməyib əlinin hərəkəti ilə Bekpola onun arxasınca gəlməyi işarə etdi.
Bekpol tabe olmağa məcbur oldu. Ancaq indi gördü ki, ağacların arxasında üç nəfər də oturub. Onlar sanki yerin altından çıxmışdılar.
Bu adamlar da silahlı idilər. Seyrək saqqallı quldurdan bir qədər aralıda, kötüyün üstündə isə Karaker oturmuşdu. Quş iri və təzə ət tikəsini həvəslə didişdirirdi.
Birdən Bekpol üzünü saqqal basmış oğrulardan birinə azacıq nəzər saldı və ildırım vurmuş kimi yerində donub qaldı. Saqqallı kişi yerində səndirlədi və gözlərini iri-iri açıb dinməz-söyləməz və həyəcanlı baxışlarla ona baxan Bekpolu heyrətlə süzdü.
- Necə, Bekpol?! Necə, bu sənsən?! – saqqallı kişi təəccüb içində və zənlə xəbər aldı.
Bekpol özünü bir anda ələ aldı, özünü sevincək göstərib çığırdı:
- Satbek! Əzizim Satbek, sən sağsan? Gözlərimə inana bilmirəm... Sən sağsan!
Digər iki quldur isə qoca ovçuya yaxınlaşdılar, heyrətlə sağa-sola baxıb, sanki nəyinsə baş verəcəyini gözləyirlərmiş kimi qaradinməz dayandılar.
Satbek tərəddüdlə Bekpola yaxınlaşıb xəbər aldı:
- Özümüzküsən? Yoxsa düşmənsən?
Elə həmin dəqiqə digər quldurlar ovçunun üst-başını axtarmağa başladılar. Onların əllərinin tələskən və kobud hərəkətlərini hiss etmək ona heç də xoş deyildi. Ancaq Bekpol yerindən qımıldanmırdı. O, səssizcə dayanmağa davam edir və guya ki, sevincək olan nəzərlərini Satbekdən çəkmirdi. O qədər məharətlə sevinirdi ki, onu görən həqiqətən də qoca ovçunun bu görüşə şad olduğunu və bütün varlığı ilə fərəh hissi keçirdiyini zənn edərdi.
- Əlbəttə, özümüzküyəm! Elə əvvəlki tək sənə sadiq adamam, Satbek, - qeyri-səmimiliyini ustalıqla gizlətməyi bacaran Bekpol dilləndi.
- Doğrudan?
- Mən heç vaxt yalan danışmıram.
Bekpolun üst-başını axtarıb şübhəli heç nə tapa bilməyən quldurlar geri çəkildilər.
Bu vaxt ərzində qoca quldurun üzünü diqqətlə nəzərdən keçirən Bekpol onun son beş il ərzində zərrə qədər də dəyişmədiyini və əvvəlki kimi soyuqqanlı və həris olduğunu anladı. O, yaxın ətrafda hamıya hiylə gəlməklə və arsız davranışları ilə ad çıxaran həmin fırıldaqçı idi. Əsilzadə nəslindən olan bu bay və atkaminer müsadirədən yayınmaq üçün öz qızını vilayətin ən böyük məmurlarından birinə ərə vermişdi, elə həmin məmurun adından istifadə edərək törətdiyi əməllərə görə onu gözləyən cəzadan yaxasını qurtara bilmişdi. Ancaq neçə il keçəndən sonra ətrafda müxtəlif söz-söhbətlər yayılmağa başladı: bəziləri deyirdi ki, o, Sibirə köçərək orada məskən salıb, digərləri onun guya Daşkənd yaxınlığında vəzifəyə düzəldiyindən bəhs edirdi, bəziləri isə öldüyünü xəbər verirdilər. Təkcə bir həqiqət var idi: bu insan gah burada, gah da başqa yerdə peyda olur və daha sonra isə izlərini itirməyə çalışırdı, payız vaxtı dalınca ovçular düşən dovşanlar kimi qaçıb izini itirirdi. Satbekin yaşıdı olan Bekpol öz ailəsi ilə birgə bütün həyatını bu atkaminerin yanında işləməyə həsr etmişdi və ondan təhqir və hədələrdən başqa yaxşı heç nə görməmişdi. İndi onlar bu sıx və keçilməz dağ dərəsində görüşəndə Bekpol onu nə cür təhlükənin gözlədiyini o dəqiqə anladı. Ona görə də əsəblərini cilovlamağı lazım bildi. Bu insana qarşı duyduğu nifrəti ört-basdır edib atkaminerin sadiq qulu rolunu oynamağa davam etməyə qərar verdi.
Satbek də gözünü Bekpoldan çəkmirdi. Ona gah inanırdı, gah da inanmırdı.
- Bir bura gəl, - deyə tonqalın yanında çömbələn qoca quldur artıq nisbətən həlim səslə onu yanına çağırıb xəbər aldı: - Siz ovçular neçə nəfərsiniz? Yoldaşlarınız kimdir? İndi onlar haradadır?
- Yoldaşlarım yoxdur. Təkəm. Elə ona görə də qartalımı itirmişəm. Yoldaşım yanımda olsaydı, tülkünü götürməyə kömək edərdi, mən də qartalı uzağa buraxmazdım, - deyə Bekpol səsinə arxayınlıq qatıb dedi.
Görünür, ovçunun sözlərinə tam inana bilməyən Satbek daxilində qəribə narahatlıq keçirirdi və birdən Karakeri əli ilə itələyib kinayə ilə dedi:
- Bəyəm bu qartaldır?! Bu, oradan-burdan ov payı dilənən, yazıq quşdur. Bəyəm sənin belə quzğunun ola bilər, Bekpol? Bəyəm əsl qartal leşə qonar?!
Satbekin xırda, hər şeyi sezən gözləri Bekpolun üzündə gəzirdi. Ancaq quldurun tərəddüdlü və sınayıcı nəzərləri qoca ovçunu karıxdırmadı. Bekpol gülümsünüb, elə əvvəlki arxayınlıqla dedi:
- Ayıq-sayıq adamsan, Satbek! Düz deyirsən. İş orasındadır ki, quşun yiyəsi gənc və təcrübəsiz ovçudur. O, quşu çox pis öyrədib...
Satbek dillənmirdi, sakitcə dayanıb qıyqacı nəzərlərlə ovçunu süzürdü, sanki onun üzərinə atılmağa hazırlaşırdı. Digər quldurlar da ona yaxınlaşıb cürbəcür suallar verməyə başladılar, onlara lazım olan məlumatları öyrənmək istəyirdilər. Oğrular onların dalınca kimlərinsə düşüb-düşmədiyini bilmək istəyirdilər. Görəsən, itən atları axtaran var idimi? Ovçu dünən axşamdan kiməsə rast gəlmişdimi?
Ancaq ovçu tək idi. Öz qartalından da başqa heç kimi görməmişdi. Bu qaradinməz qoca başqa heç nə bilmirdi.
- Yaxşı, - Satbek anidən onların söhbətinə qarışdı. – Yaxşı, mən razı. Yaxşı, əgər özümüzüküsənsə, bizimlə gedərsənmi? – o, Bekpola yaxınlaşıb zənlə xəbər aldı.
Bir neçə saniyə susan Bekpol özünü ələ alıb qəti şəkildə dedi:
- Mənə belə sərt nəzərlərlə baxma, Satbek. Əgər bircə kəlmə “hə” demişəmsə, gərək mənə inanasan. Axı sənə dedim ki, qarşında əvvəlki, elə sənə sadiq olan Bekpol dayanıb. Sən də mənimlə elə əvvəlki Satbek kimi danışırsan? Məgər bu kifayət deyil?
Cavab verməyən Satbek yoldaşlarına baxıb, onlara işarə verdi. Dördü də ayağa qalxıb kənara çəkildilər. Sakitcə xısınlaşmalarından Bekpol başa düşdü ki, onlar nə haqqındasa sövdələşirlər. Ovçu bilirdi ki, Satbekin iti gözləri onun hər addımını diqqətlə izləyir, ona görə də əvvəlki sakitliyini və rahatlığını qoruyub-saxlamağa çalışırdı. Bir dəqiqə keçəndən sonra oğrular səslərini yüksəldərək danışmağa başladılar. Onlardan biri, rəngi qapqara kömürə bənzəyən quldur Satbeklə qızğın mübahisə etməyə başladı. Görünür, Satbek onların arasında tək qalmışdı.
Birdən oğrulardan üçü gözlənilmədən Bekpolun üzərinə hücum çəkdi. Özünü gəlməyə fürsət vermədən, onun sinəsinə çökdülər, sarı parlaq dəstəyi olan iti bıçaq onun gözləri önündə bərq vururdu. Digər ikisi Bekpolun ayaqlarını tutdular. Elə həmin dəqiqə Satbek onlardan birinin qolundan tutub kənara çəkdi:
- Dayanın! Mənim xətrimə onu buraxın! O, mənim yaşıdımdır. İcazə verin, onunla söhbət edim.
- Onunla nə danışmaq olar ki?! Heç nə! – onlar Bekpoldan bərk-bərk yapışıb buraxmaq istəmirdilər.
- Onda özünüz ondan xəbər alın, əgər yalan danışsa, öldürün, - Satbek dilləndi.
“Aha, indi də gör, nəyə əl atıblar!” - Bekpol öz-özünə dedi.
- Qoy sənin bu qoca dostun bizimlə bir yerdə gedəcəyinə and içsin. Yoxsa işini bitirəcəyik! Qılınc parlayanda heç bir dostluq yada düşmür... – deyə, qıyqacı nəzərlərini qeyzlə qoca ovçuya zilləyən qara sifətli quldur dizlərini bir az da Bekpolun sinəsinə sıxdı.
Ancaq bu, Bekpolu qətiyyən qorxutmadı, o pərt olmadı. Ürəyindəki kin və nifrət get-gedə artmaqda idi. Ömründən keçən günlər bir an qocanın yaddaşından rəngli kaleydoskop kimi gəlib keçdi. Satbekə qarşı duyduğu qəzəb və nifrət qorxusunu üstələdi. Hətta etiraz etmək duyğusu da Bekpolun özünü ələ almaq instinktinə qalib gəlməkdə idi. Ona görə də, vaxt keçdikcə saralan dişlərini bərk-bərk bir-birinə sıxıb, inadkarcasına susmağa davam edirdi. Qocanın bu cür etinasız və səssiz qalması quldurları özündən çıxarırdı.
- Nədir, lal olmusan, niyə danışmırsan? Görürsən ki, sənin tərəfini saxladım, onlardan xahiş də etdim.. – Satbek dilləndi.
Ancaq Bekpol ona sözünü bitirməyə imkan verməyib çığırdı:
- Onda rədd et onları, getsinlər!
Qoca ovçu var gücü ilə quldurların əlindən çıxmağa çalışdı. Satbek öz adamlarını ondan uzaqlaşdırdı, Bekpol ayağa duranda isə belə dedi:
-  Yaxşı, mən sənə cavabdeh olaram. Bizə qoşul və bu atları gecə vaxtı sərhəddən keçirməkdə bizə kömək et. Narahat olma, biz sərhədə çatanda sənin həyatının qayğısına qalacağam. Biz yenə əvvəlki Bekpol və Satbek olacağıq. Razısan?
Bekpol xəlvətcə günəşə tərəf baxıb, ürəyində şadlandı ki, o, artıq Ojarın qərb hissəsindən boylanmağa başlayıb.
- Qulaq as, Satbek! Siz hamınız mənə qulaq asın!
- Yaxşı. Mən razıyam, - qoca ovçu ürəklə və demək olar ki, qəribə şadyanalıqla ona tərəf ehtiyatlı nəzərlərlə baxan adamlara dedi. – Bəsdir, danışdıq. Ən yaxşısı gəlin, ət bişirək. Kəmərimizin altını bərkidib, ən qısa vaxtda yola düşək. Tələsmək lazımdır. Qoy Allah özü bizə kömək olsun!
Oğrular ora-bura qaçışmağa başladılar. Həvəslə tonqal qaladılar. Tonqalın acıtəhər tüstüsü ətrafa yayıldı, küknar ağacının budaqları ilə alovlanan tonqalın üstündə bişən ətin qoxusu hər yanı bürüdü. Satbek və Bekpol ocağın ətrafında oturdular, onlar artıq uzun müddətdir bir-birini görməyən köhnə dostlar kimi şirin-şirin söhbət edirdilər.
- Mən sizinlə gedirəm, - Bekpol dilləndi, - quşu isə buraxmalıyam. Onu azad etmək lazımdır.
Başları bişən ətə qarışan quldurlar Bekpolun sözlərinə o qədər də əhəmiyyət vermədilər. O, sınayıcı nəzərlərlə qartalın gözlərinə baxdı, sinəsinə tumar çəkib dedi:
- Əziz torpağımızda Satbeklə mənim görüşümün xoş xatirəsi kimi qal. Üzüyü sənin ayağından çıxarmayacağam. Salamat qal! Uç get, mənim azadlıqsevər dostum!
O, adət etdiyi qıvraqlıqla Karakeri yüksəyə doğru qaldırıb havaya buraxdı, onun əlindən çıxan quş getdikcə sürət yığaraq küknar ağaclarının bitdiyi zirvələrin ətrafında dövrə vuraraq süzməyə başladı. Bekpol gözlərini ayırmadan uzun müddət qartalın arxasınca baxdı, sanki doğrudan da sevimli quşu ilə vidalaşırdı. Sonra isə yaxınlaşıb tonqalın ətrafında əyləşən qoca ovçu əvvəlcədən əlində hazırladığı yaşıl budaq və ot dəstəsini ocağa atıb, tonqalı körükləməyə başladı. Sıx bitmiş küknar ağaclarının üstündən ətrafa yayılan göyümtül tüstü aydın sezilirdi.
Birdən dincəlmək üçün yerə çömbələn atlar qulaqlarını şəkləyib başlarını yerdən qaldırdılar.
- Bu nədir? – Satbek təşvişlə xəbər alıb qeyri-ixtiyari olaraq əlini silahına atdı.
Digər oğrular da bir göz qırpımında yerlərindən sıçrayıb, silahlarını götürdülər.
Quldurların hərəsi bir tərəfə dağılışdı, hərəsi bir ağacın gövdəsinin, qaya daşlarının arxasında gizləndi. Satbek atların bağlandığı ağaca doğru sıçradı. Bekpol onun arxasınca götürüldü.
Birinci atəş açıldı, sonra isə səsinə görə ikinci - cavab atəşi eşidildi. Bekpol elə həmin dəqiqə hündürboylu, qara sifətli quldurun arxası üstə yerə yıxıldığını gördü.
- Əllər yuxarı! – rus və qazax dillərində tələbkar və yüksək səsli əmr eşidildi.
Satbek tir-tir əsirdi, əlini tətiyə uzatmışdı, yanında uzanan ölü yoldaşına və Bekpola qıyqacı nəzərlərlə baxıb pıçıldadı:
- Sən də bizimlə öləcəksən!... Səni də özümlə o dünyaya aparacağam!
Bekpol cavabında dedi:
- Silahı at yerə!
Satbek silahın lüləsini Bekpola tərəf çevirdi. Ancaq qoca ovçu Satbekin dizinə dabanının cəld hərəkəti ilə zərbə endirib onu yerə yıxdı. O, üzüqoylu yerə yıxıldı. Elə bu an sərhəd məntəqəsindən gələn və Bekpolun köhnə dostu olan Aleksandr qoca ovçunun köməyinə tələsdi. Düşmənlərin harada gizləndiyini müəyyən edən Aleksandr son ana qədər Bekpolun həyatına görə narahatlıq keçirirdi, qorxurdu ki, quldur dəstəsi qoca ovçunu güllələyər. Ona görə də ehtiyatla, yavaş-yavaş Bekpolun köməyinə çatmağa tələsirdi.
Ospankul da, Janibek də, Qırmızı ordunun sərhədçiləri də sevinclə tapılmış atların yanına qaçdılar.
Bekpol Satbeki Aleksandrın yanına gətirdi.
- Bax, Aleksandr, bu Satbekdir! O, mənimlə eyni ildə anadan olub və sovetlər hakimiyyətə gələnə qədər, saçıma dən düşənəcən mənim boynumda oturub. Sənə axı bu adam haqqında dəfələrlə danışmışam...
- Hə, dostum, eşitmişəm. Onu tanıyıram, - Aleksandr dilləndi və qoca ovçunun əlini bərk-bərk sıxdı.
Elə bu an qanadlarını çırpan gənc Karaker üzüaşağı şığıdı. Bu gün onun ov təcrübəsinin kamillik zirvəsi idi...
1937

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə