“TÜRK DÜNYASININ GƏNC YAZARLARINI BİRLƏŞDİRƏN QURUMLAR ARASINDA MƏSLƏHƏT MÜHİTİNİN YARADILMASI”


adlı Layihə çərçivəsində Azərbaycan Respublikasının paytaxtı Bakıda, 27 noyabr – 01 dekabr 2014-cü il tarixində görüşüb, müzakirələr aparan vəkalətli şəxslər və bir qrup müstəqil yazar aşağıdakıları qeyd edir:
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi layihə, Türk Dünyası Gənc Yazarları Qurumları, daha geniş aspektdə götürdükdə, ümumən yazarlar birlikləri arasında qarşılıqlı münasibətlər mühitinin yaradılmasından, o cümlədən istedadlı yazarların öz həmyaşıdları ilə geniş ilişkilərinin qurulmasından, tanıtım gecələrinin, sərgilərin keçirilməsindən bəhs edir. Problemin layihə çərçivəsində həllini DGTYB-nin 16 illik çalışma həyatı dönəmində müşahidə edilənlər, türk dövlət və topluluqlarındakı həmkar qurumlarla qarşılıqlı fikir mübadiləsi əsasında əldə edilən qənaətlər  zəruri etmişdir.
Bu layihə Türk Dünyası gənc (yeni nəsil) yazarlarının birləşdiyi qurumlar (gənəl olaraq, ədəbi birliklər) arasında düzənlənən tədbirlər, aparılan müzakirələr, iştirakçıların, eləcə də onların vasitəsilə təmsil olunan qurum və quruluşların bir-birini yaxından tanıması baxımından anlamlı bir amala xidmət edir .
...Beləliklə, biz yaşadığı ölkədə, topluluqda (şəhərdə) öz imzası və ictimai nüfuzu ilə müəyyən qədər tanınmış, perspektivli gənc (və yeni nəsil) yazarların (– hansı ki, onlar uyğun ədəbi qurumları təmsil edirlər) qarşılıqlı səfərlərinin təşkilini, onların türkün ortaq mədəni abidələri ilə tanışlığını, ümumən yazar mandat-missiyasına uyğun və həlli mümkün olan işləri təşkilati, texniki baxımdan dəstəkləməyi uyğun görürük.
Yaradıcılqlarının ideya, məfkurə yükü ilə məhz milli sənətə, milli yönə ünvanlanmış, köklənmiş və bu xətti yeni əməli müstəvi üzərinə keçirməyə qadir olan müstəqil yazarlardan ədəbi birliklərə keçid – daha böyük ölçülü çalışmaları hədəfləyən bizlər, TÜRKSOY, TÜRK GƏNƏŞİ, TÜRK PA, TÜRK AKADEMİSİ, türk ölkə və topluluqlarının mədəniyyət, gənclik işinə məsul dövlət orqanları ilə yaxından işbirliyini, böyük Layihələr gerçəkləşdirməyi həlli vacib məsələlərdən sayırıq. Beləliklə, həm həqiqətlərimiz qarşılıqlı mübadilə müstəvisinə köçürüləcək, yeni ünvanlar qazanacaq, həm də yeni şəbəkə yaranmış olacaq.

Bütün bu deyilənləri nəzərə alaraq qeyd edirik ki, biz aşağıdakı vəzifələri həyata keçirməyi məqsədəuyğun sayırıq:
- Türk Dünyası gənc ədəbi qüvvələrini birləşdirən birliklər, gənəl olaraq türksoylu ölkə və topluluqlarda fəaliyyət göstərən ədəbi birliklər (birlik olmayan yerlərdə nüfuzlu yazarlar) arasında olumlu (davamlı) məsləhətləşmə mühiti yaratmaq, bu zəmində yeni şəbəkənin (platformanın), başqa sözlə, konfederativ qurumun yaradılmasını;
- Türk tarixini, türk mədəniyyətini, ortaq dəyərlərimizi, həqiqətlərimizi, habelə əfsanə və mifikləşmiş dəyərlərimizi ədəbiyyat vasitəsi ilə təbliğ etməklə həm söz sənətinə, həm də müəlliflərə yeniliklər qazandırmağı;
- Türk ölkə və topluluqlarının yeni nəsil və gənc yazarlarının qarşılıqlı səfərlərini təşkil etməyi, onların  dialoqunu, işbirliyini, bu vəsilə ilə stimullaşmanı, yeni əsərlərin yaranmasına dəstək olmağı;
- Türk birliyinə mədəni-mənəvi yöndən dəstək verə biləcək nəşr(lər)lə, ədəbi portal(lar)la çıxış etməyi;
- Ən azı iki ildə bir dəfə veriləcək Türk Dünyası Gənc Yazar Ödüllərini (“Başarı Ödülü”, “Mikayıl Müşfiq”, “Mağjan Jumabay”, “Yusuf Balasaqunlu”, “Yeni İmza”, “Hüseyn Cavid” və s.) təsis etməyi;
- Bu ideya və önərilərin institusianal inkişafına dəstək olmağı ilgili qurum və quruluşlardan xahiş etməyi;
- TÜRKSOY xətti ilə düzənlənən etkinliklərdə, özəlliklə gələnəksəl olaraq elan edilən, “Türk Kültür Başkəndi” etkinliklərində “Türk Dünyası Ədəbiyyat Həftəsi” yaxud “Türk Dünyası Şeir Şöləni”nin keçirilməsini, bu etkinliklərə “keçmişi olanlar”dan daha çox “gələcəyi olanlar”ın çağrılmasını;
- Türk ölkə və topluluqlarında fəaliyyət göstərən ədəbi birliklərin ən azı iki ildə bir dəfə məsləhətləşmə toplantısının keçirilməsini (bu yöndə başarı əldə olunarsa, gələcəkdə Yaxın Doğu, Doğu, Asiya, Avrasiya və nəhayətdə bütün dünyadakı ədəbi birliklərin təmasına, əməkdaşlıq imkanlarına çalışmağı). Bunun üçün ilk növbədə türk ölkə və topluluqlarının özünün hər birində ədəbi birliklər arasında koordinasiya yaradılmasını;
- Yeni çağın çağrı və tələblərinə uyğun olaraq, gənc ədəbi qüvvələri birləşdirən, başqa sözlə, gənc ədiblər tərəfindən yönəldilən ədəbi portallar arasında virtual və canlı görüşlərin (forumların, konqreslərin) keçirilməsini;
- Türksoylu ölkə və topluluqların şair-yazıçıları ilə rəssamlar, bəstəçilər arasında işbirliyinə xidmət edən “Kültür Çadırları”nın qurulmasını (“Sənət Həftəliyi”nin keçirilməsini);
- Yeni dövr Türk xalqları ədəbiyyatı örnəklərinin müxtəlif türk dillərinə çevrilməsi və ya uyğunlaşdırılmasını
- Ortaq türk dili, ortaq türk əlifbası yönündə bilimsəl çalışmalara dəstək verməyi...
Buna görə də, bu “Niyyət Protokolu”na imza atanlar, öz ölkələrinə döndükdən sonra, burada ifadə olunanları öz təmsil etdikləri qurumlarda müzakirə edib, töhfələr verməyə çalışacaqlar. Protokol imzalanmağa (yeni qoşulanlar üçün) açıqdır.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə