Həmzə Həkimzadə Niyazi və Azərbaycan

  Görkəmli dramaturq, şair, publisist, ədəbiyyatşünas, ictimai xadim Həmzə Həkimzadə Niyazi cığatay (özbək) mədəniyyətinin istedadlı nümayəndələrindən biri olmaqla, Abdulla Qədiri, Əbdurrauf Fitrət, Abdulla Avloni, Batu, Qulam Zəfəri kimi görkəmli sənətkarlarla bir sırada dayanan yaradıcı şəxs olmuşdur. H. H. Niyazinin də adlarını qeyd etdiyimiz istiqlal mücahidləri kimi xalqının milli oyanışında, cığatay (özbək) ədəbiyyatının demokratik ruhda inkişafında xidmətləri əvəzsizdir.
Həmzə Həkimzadə Niyazinin əsərlərinin bir qismi Azərbaycan dilinə tərcümə olunmuşdur. Bu əlaqə onu Azərbaycan oxucusuna, ədəbi mühitinə tanıtmış, ona böyük rəğbət qazandırmışdır.
H. H. Niyazi 1889-cu ildə Kokand şəhərində həkim ailəsində anadan olmuşdur. O, mədrəsədə təhsil alarkən klassik cığatay (özbək) ədəbiyyatını yaxşı öyrənmiş, özü də şeir yazmışdı. 1905-ci ildə yaradıcılığa şeirlə başlayan H. H. Niyazi "Nihan" təxəllüsü ilə çap olunurdu. O, Nəvai, Babur, Bedil, Firqət və digər belə şəxsiyyətlərin yaradıcılığını dərindən öyrənsə də, daha çox iki dahidən - Ə. Nəvai və M. Füzulidən bəhrələnmişdir. "H. H. Niyazi və Azərbaycan ədəbiyyatı" məqaləsində professor Pənah Xəlilov yazır ki, "Nihan qəzəllərinin ahəngində, kontrastlar silsiləsində Füzuli qəzəllərinin təsiri dərhal duyulur. Bunu Füzulinin -
Pərişan xəlqi-aləm ahu əfqan etdigimdəndir,
Pərişan olduğum xəlqi pərişan etdigimdəndir,
- mətləli qəzəli ilə Nihanın -
Eşq otiqə küymaqlıq pərvanəliğimdəndir,
Tiğ əstidə qan keçmək qurbanəliğimdəndir.
- mətləli qəzəlinin müqayisəsindən də aydın görmək olar". Şeir yaradıcılığını ardıcıl olaraq genişləndirən şair 1915-16-cı illərdə dərc olunmuş "Ağ gül", "Sarı gül", "Yaşıl gül", "Qızıl gül" və s. kitablarına həmin dövrəcən olan poeziya nümunələrini daxil etmişdir. H.H.Niyazi ilk özbək dramaturqlarından biri, bəstəkarı və xalq xadimidir. O, yazdığı şeirlərinə özü mahnı bəstələmişdi. Respublikanın xalq şairi fəxri adına layiq görülmüşdür.
H. H. Niyazi pedaqoci fəaliyyətlə də məşğul olurdu. 1911-15-ci illərə təsadüf edən pedaqoqluğu dövründə o, əvvəlcə Kokandda, sonra isə Mərgilanda məktəb açmış, kasıb balalarına pulsuz dərs vermişdi. Hətta məktəb dərsliklərini belə özü yazmışdı - "Oxu kitabı", "Qiraət kitabı", "Yeni ədəbiyyat". Sovet hökumətinə olan münasibətini o, şeirlərində hiss etdirib. Kasıb, zəhmətkeş insanlar üçün qurulan yeni recimi və əsərlərində qoyduğu problemləri yeni dövrün ab-havası ilə açır, irəliyə çıxış yolu arayırdı. O, fitri istedadı, böyük vətəndaşlıq, vətənpərvərlik duyğuları ilə seçilirdi və çox gənc ikən şöhrət qazanmışdi. Bu səbəbdən onu gözü götürməyənlər aradan çıxardılar.
H.H.Niyazi şair və pedaqoq olmaqla yanaşı, eyni zamanda, pyeslər müəllifi - dramaturq idi.
1905-ci ildən başlayan böyük inqilabi hadisələr dalğası Özbəkistana da gedib çatmışdı. Özbək inqilabi-demokratik ədəbiyyatının inkişafında, xüsusən Niyazinin formalaşmasında "Molla Nəsrəddin" curnalının rolu böyük olmuşdur. Yaradıcılığının ilk illərindən Azərbaycan ədəbiyyatı, teatr sənəti H.H. Niyazini özünə cəlb etmişdir. Tədqiqatçıların araşdırmalarına əsasən, o, bir dramaturq kimi azərbaycanlı həmkarlarının yaradıcılığından çox bəhrələnib. H. H. Niyazi M. F. Axundovun əsərlərinə, Azərbaycan teatrının başqa gözəl nümunələrinə yaxından bələd olub. Əsrimizin əvvəllərində o, Özbəkistana qastrol səfərinə gəlmiş Azərbaycan teatrının tamaşalarına baxmış, azərbaycanlı sənət ustalarının yaradıcılığını ardıcıl izləmişdir. H. H. Niyazi 1914-cü ildə Bakıda da olmuş, Azərbaycan teatrının məşhur ustaları ilə dostlaşmışdır. Professor P.Xəlilov Azərbaycan-özbək ədəbi əlaqələrindən söhbət açarkən qeyd etmişdir ki, "Səməd Vurğunun Qafur Qulamla dostluğu, H.H.Niyazinin C.Cabbarlı sənətinə üz tutması yalnız şəxsi rəğbətdən, biri-birini xoşlamaqdan irəli gəlmirdi. C. Cabbarlı dramaturgiyası Niyazinin gözündə özününküləşirdi: o, Cəfər Cabbarlı sənətində Azərbaycan həyat tərzi ilə yanaşı, özbək həyatını da görürdü".
O, cığatay (özbək) dramaturgiyasının əsasını qoyanlardan biri olmuşdur. 40-a yaxın dram əsəri yazmışdır. Niyazinin dramaturci fəaliyyətində 1918-ci ildə qələmə aldığı "Bəy və muzdur" əsəri əsas və başlıca yer tutsa da, o vaxtacan artıq bir neçə pyes müəllifi idi. "Əvvəlki seçkilər", "Pərənci sirlərindən bir lövhə", "Fərqanə faciəsi", "Laşman faciəsi", "Zəhərli həyat və yaxud eşq qurbanları", "Elm hidayəti", "Molla Nurməhəmməd damlənın küfr xətası", "Ölüm faciələri"...
Həmzə Həkimzadə Niyazinin dramaturci fəaliyyətində tədqiqatçılar onun "Bəy və muzdur" (1918) dramını, "Maysaranın işi" (1926) komediyasını və "Çadra sirləri" (1927) faciəsini daha yüksək dəyərləndiriblər.
H.H.Niyazinin yaradıcılığını, şəxsi arxivini araşdıran görkəmli özbək tədqiqatçısı, professor Ləziz Kəyumov onun Azərbaycan dilindən 20- yə qədər pyes tərcümə etdiyini, eləcə də, səhnəyə qoyulan tamaşalara recissorluq etdiyini dönə-dönə vurğulayır. Professor P. Xəlilov bu barədə yazarkən qeyd edir: "H.H.Niyazi arxivində saxlanan sənədlərin təsvirinə həsr olunmuş "H.H.Niyazi" kitabında elan və ya afişaları qalmış Azərbaycan tamaşalarından ikisinin adı çəkilir: "Ac həriflər", "Əvvəli hənək, axırı dəyənək". Bunlar "Haqverdiyevin əsərləri kimi təqdim olunur. "Haqberdi", əlbəttə, Ə. Haqverdiyevdir və "bunlardan təkcə "Ac həriflər" ona aiddir... . H.H. Niyazinin bizə gəlib çatan pyesləri ilə Azərbaycan dramaturqlarının əsərləri arasında bir doğmalıq, oxşarlıq və müştərəklik vardır. Bu cəhətdən Niyazini N. Nərimanovla, Ə. Haqverdiyevlə, C. Cabbarlı ilə müqayisəli öyrənmək üçün diqqətəlayiq material gözə çarpır".
 Əlbəttə, professorun bu qeydlərinə uyğun ayrı-ayrı müəllif məqalələri olsa da, bütövlükdə konkret elmi mövzu olaraq araşdırılmamışdır. Müstəqil dövlət quruculuğumuz dövründə - türkdilli xalqların bir ortaya gəlmək istədiyi zamanda, təbii ki, bütün bu və ya digər məsələlərə yeni baxışla, yeni elmi münasibətlə yanaşma tələb olunur.
Professor L.Kəyumov H.H.Niyazinin dramaturci fəaliyyətini tədqiq edərək yazır: "XX əsr özbək  ədəbiyyatının beşiyi başında H.H.Niyazi dayanmışdı. O, başqa xidmətlərindən əlavə, həm də dostluq əlaqələrimizin inkişafının fəal tərəfdarı olmuşdur".
H. H. Niyazinin "Bəy və muzdur" dramı özbək həyatının tarixi reallıqlarını və bu tarixin müəyyən həqiqətlərini əks etdirmək yönümündə xarakterikdir. Pyesdəki yoxsul Qafurun həyat yolu özbək zəhmətkeşlərinin həyat yoludur. Bəy gözəl özbək qızı Cəmiləyə sahib olmaq üçün onun əri Qafuru sürgün etdirir. Cəmilə isə sürgün olunmuş ərinin məhəbbətini qəlbində gəzdirərək, zorakılığa qarşı çıxa bilməyəcəyini görür, nəhayətdə özünü zəhərləyir. C.Cabbarlının "Aydın" pyesində də Dövlət bəy belə hərəkət edir. O, Aydının ehtiyac qarşısında diz çökdürülməsinə və nəhayət, sürgün olunmasına nail olur ki, Gültəkini ələ keçirsin. Öz varlığını eşqinə qurban verən Gültəkin də Cəmilə kimi çıxış yolunu özünü zəhərləməkdə görür. H. H. Niyazinin və C.Cabbarlının "Şərq qadını" məsələsinə dəfələrlə müraciət etmələri təəccüblü deyildir. C.Cabbarlı əsərlərinin Özbəkistanda qarşılanmasının bir səbəbi də onlarda azərbaycanlıların və özbəklərin həyatı üçün müştərək xüsusiyyətlərin bədii cəhətdən sənətkaranə təsviri idi. Xalq yazıçısı M.İbrahimov yazmışdır: " H.H.Niyazinin "Bəy və muzdur" dramındakı Cəmilə obrazında inqilaba qədər olan minlərlə Azərbaycan qadının taleyi, onların xəzan olmuş sevgisi, arzu və ümidləri öz əksini tapmışdır. "Bəy və muzdur" dramı insana bitməz-tükənməz estetik zövq verən sənət əsəridir". 1918-ci ildə yazılan bu əsər elə həmin ildə səhnəyə qoyulsa da ilk variantı - oricinalı əldə yoxdur. Əsərin ilkin nüsxəsi yoxa çıxdığından 1939-cu ildə dramaturq Kamil Yaşen rəsmi və qeyri-rəsmi materiallar əsasında yeni variantını işləyərək hazırlamışdır.
H. H. Niyazinin "Maysaranın işi" komediyası isə satirik ruhdadır. Əsər 1926-cı ildə yazılsa da, şairin ölümündən sonra-1939-cu ildə üzə çıxarılmışdır. Folklor ruhlu bu əsərdəki mənəvi hisslər, duyğular komediyanın mərkəzi xəttidir. Əsasən xalq mahnılarından, məsəllərindən istifadə edilərək obrazların xarakterik xüsusiyyətləri müəyyənləşdirilmiş, belə bir üsuldan istifadə həm də komediyanın dilinin sadəliyinə səbəb olmuşdur. Komediyanın səhnə şöhrəti yeni bir əsərin-bəstəkar Süleyman Yudakovun "Maysara" adlı operettasının yazılmasına gətirib çıxarmışdır.
H. H. Niyazinin "Çadra sirləri" faciəsi isə gənc qızların mövhumat və cəhalətin təsiri ilə yaranmış köhnə adət-ənənələrin ağrılı təzyiqləri ilə üzləşməsindən bəhs edir. Əsərin baş qəhrəmanı Tölə xanımın obrazında özbək qızlarının acı taleyi ümumiləşdirilmişdir. H. H. Niyazi bu faciəni qələmə aldığı ildə yazdığı "Özbək qadın və qızlarına" şeirinin də ruhunda qadın azadlığı məsələsi durur. Şairin fikrincə, qadınlar çadranı ataraq məktəbə - elm dalınca gedərlərsə xoşbəxtliyin, gözəlliyin açarını qazanarlar. Bu mənada ədib qadın hüquqlarının müdafiəçisinə, təbliğatçısına çevrilir. Elə bu məqam da C. Cabbarlının "Sevil" pyesini xatırlamamaq mümkün deyil. Eyni həyat, eyni adət-ənənə, eyni cəhalət və yeni quruluşun yaranmasıyla belə haqsızlıqların tənqidi, cəsarətli addımı məhz ədiblərin - böyük fikir-düşüncə sahibi olan yazıçıların sanki həyat borcuna çevrilir. H. H. Niyazinin dram əsərlərindən "Kim haqlıdır", "Daşkəndə səyahət", "Fərqanə faciəsi", "Muxtariyyat və ya avtonomiya", "İstibdad qurbanları", "Mart qurbanı Aynisa", "Torpaq islahatı" və s. adlarını çəkə bilərik. Bunlardan əlavə dramaturq "Qara saç" adlı operetta da yazmışdır.
Özbək milli teatrının əsasını qoyanlardan biri kimi H. H. Niyazi yaratdığı teatrı müasir və maraqlı əsərlərlə təmin edirdi. Özbək ədəbiyyatşünası Turqunəli Mahmudəliyev "H. H. Niyazi və Azərbaycan mədəniyyəti" məqaləsində bu məsələyə münasibətini belə şərh etmişdir. "Niyazinin müraciət etdiyi əsərlərin bir hissəsi oricinal olsa da, bir hissəsi təbdil və tərcümə idi. Azərbaycan pyesləri H. H. Niyazinin daha çox müraciət etdiyi mənbə idi. O, 1924-cü il 30 fevralda Fərqanə Maarif dairəsinə göndərdiyi məktubunda yazırdı: "Sizə göndərilən 8 ədəd Azərbaycan pyesini özbək dilinə tərcümə etmək lazımdır". Şübhəsiz ki, həmin pyeslərin özbək tamaşaçılarına təsiri olmuşdur. Bu da göstərir ki, H. H. Niyazi onları özü seçmişdir. O, Bakı ədəbi mühiti ilə əlaqədar idi. Həmin illərdə Özbəkistana rus, tatar və Azərbaycan teatrları tez-tez qastrol səfərlərinə gəlir, öz növbəsində özbək sənətkarları da qardaş xalqlar arasında sənətlərini nümayiş etdirirdilər. H. H. Niyazi Özbəkistanda Azərbaycan ədəbiyyatının və sənətinin təkcə təbliğatçısı yox, həm də yaxşı bilicisi idi. O, 20-ci illərdə Xarəzm, Buxara və Nukusda maarif və teatr işləri ilə məşğul olarkən Bakıya da gəlmişdi". Bu faktı həm də niyazişünas tədqiqatçı kimi tanınan Ləziz Kəyumov da araşdırmalarında dəfələrlə yazmış və elmi dəyərlərlə şərh etmişdir.
Görkəmli özbək dramaturqu Kamil Yaşen yazmışdır ki, "biz Azərbaycan ədəbiyyatının istər bizdən əvvəlki, istərsə də bu günkü nümayəndələrinin özbək yazıçı və şairlərinin yaradıcılığına təsir göstərmələri barədə ürək dolusu danışa bilərik. Alovlu şair və inqilabçımız H.H.Niyazinin hərtərəfli inkişafında, yaradıcılıq məharətinin püxtələşməsində başqa sənətkarlarla yanaşı, M.F.Axundovun rolunu xüsusi qeyd etmək istərdim. Həmzənin Şərqdə teatrın və dramaturgiyanın banisi kimi tanınan M. F. Axundovdan faydalanması şəksizdir. Onun Bakıdakı demokratik fikirli teatr xadimləri ilə tanışlığı, mütərəqqi dramaturqların səhnə əsərlərindən görüb-götürməsi, M. Ə. Sabir satirasına dərindən bələdliliyi öz səmərəsini göstərmişdir".
H. H. Niyazinin sıradaşı yaradıcılar ilə talelərində bircə fərq oldu, 1937-ci ildən bir qədər əvvəl cəhalət kölələri onu məhv etdilər. Nə onlar kimi «millətçi», "pantürkist", "panislamist", "xalq düşməni", "burcua məfkurəçisi" kimi lənətlənib güllələnmədi, nə də sürgünlərə göndərilmədi. Sadəcə, sovet təbliğatçısı sifəti ilə Şahimərdan kəndinə göndərildi və orada öldürüldü. Bu da imperiya oyunu idi. Xalqını, millətini sevən kəslər, gözüaçıq, zəngin dünyagörüşü olanlar beləcə xalqın yox, imperiyanın qurbanı olurdular. "Sovet hökuməti şairin "ateizm təbliğatçısı" kimi Şahimərdan kənd əhli tərəfindən daşa basılaraq vəhşicəsinə öldürüldüyünə önəm verərək və insanlara dərs olsun deyə Şahimərdan qışlağını yerlə yeksan edib, yerində "Həmzəabad" adlı yeni bir qəsəbə salmışdı. Əlbəttə, bütün bunlar istedadlı bir xalq yazarının öldürüldüyündən yox, sovet təbliğatının, sosializm ideologiyasının tüğyan etməsi, möhkəmlənməsi səbəbindən irəli gəlirdi. Görüntü və ideologiya biri-birini tamamlasa da, imperiya niyyəti tamam başqa şey idi. Burada, cahil kənd camaatına NKVD-nin bir kəlmə satqın pıçıltısı lazım olmuşdu. H. H. Niyazi məhv edilsə də, ədəbiyyat, mədəniyyət səhifələrində yaşadı və 70 ildən sonra xalq istiqlaliyyətə yetəndən sonra, yenə də istiqlalçı H. H. Niyazi kimi xalqın tarixinə daxil oldu".
  Yuxarıdakı qeydlər özbək ədəbiyyatşünası Azad Şərəfəddinovun   “İcadni anqlaş baxti” kitabındandır. O, Çolpan, Fitrət, Niyazi, Q. Qulam, A. Qəhhar, «cədid ədəbiyyatı»     və s. haqqında müstəqillik və demokratiya qazanmış bir xalqın alimi kimi yeni baxışda, yeni düşüncədə, sırf milli məhəbbətlə yoğrulmuş qəlbdən doğan yanğı ilə tədqiqat aparmış və sanballı-631 səhifəlik bir kitab araya-ərsəyə gətirmişdir.  Bu araşdırmalarında görkəmli müəllif daha çox rus imperiyası dövründə yazılması mümkün olmayan səhifələri, üstüörtülü mətləbləri açmışdır. Sanki nakam ruhların haqq müdafiəçisi kimi çıxış etmişdir.
Məhz bu nöqteyi-nəzəri əsas tutaraq, bu məqalədə də əksər məqamlarda sovet ədəbiyyatşünaslarının tədqiqatlarından çox, istiqlal məfkurəsi ilə silahlanmış yazılara - kitablara üz tutub, indiyədək məlum olmayan ədəbi faktları üzə çıxarmağa çalışmışıq.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə