Dr. Almaz ÜLVİ

  ...O qara gecədən illər keçir. Necə də tez ötüb bu illər.

Deməli, illərdir, Ülvim, sənə doğru qaçıram. Qaçıram sənə çatam və deyəm, neylədin sən, ömrüm mənim? Özün yerə-göyə sığmayan bir dünya idin, qadan alım, indi havama, suyuma, oduma, torpağıma dönmüsən. Neçə illərdir ikimiz bir ömrə calanmışıq. Yaşamağımız, yanmağımız, sevinməyimiz, düşünməyimiz, yazı-pozumuz birgədir. Dünyanın eninə, uzununa dolanan yollarını birgə yoruruq. Gözümə tez-tez cəbhə xəttində dəyirsən. Duyursanmı, əsgərlər sənin "Ülvi duyğularım", "Bir ölümün acığına" kitablarını sonsuz sevgiylə oxuyurlar. Şeirlərini əzbərdən bilirlər. Təzə bir kitabın da çıxıb - "Ömrüm sənin eşqindi..." Adına daha yeni bir kitab da bağlanıb: "Ülviləşən Ülvim". Məktəblilərə payladım, yaman həvəslə, ürəkdolusu məhəbbətlə oxuyurlar.
"And"ın Azərbaycan xalqının milli azadlıq mübarizəsində əzəmətli himndir. 20 il yaşadın. Kişi kimi yaşadın, kişi kimi getdin. Sən bu xalqın azadlıq mübarizəsi yolunda əyilməz bayrağı oldun. Qəhrəmanlıq tarixi oldun. Bu torpağın çörəyi halalın olsun!
Sənin sevib-sevələdiyin kasıbyana əşyalarını, qələmini, yazı dəftərini, kitablarını, hamıdan gizlətdiyin - "cızma-qara" dediyin şeirlərinin, hekayələrinin, ingiliscədən çevirmələrininin əlyazmalarını - bütün ədəbi irsini göz bəbəyim kimi saxlayıram. Mənim ülvi Ülvim, ötən "qara bayramlarıının" aydınlığı yetsin sənə, mənə, cəmi Azərbaycana, bir də
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik.

- deyən eşqinə.
Bu məktubu dostun, sirdaşın, bibin kimi sənin ruhuna ünvanlamışam, əziz Ülvim. Sənin adın dilə gələn kimi "And"ın qulaqlarımda eşidilir.
Ülvi, hansı duyğular ovqatında yaşadığın bu möhtəşəm "And"ından bəllidir. Dediyin mənada yaşamaq hər oğulun işi deyil, axı! İllah da dünyanın bir-birinə çırpılan vədəsində. Düşmən gülləni gözünə sıxdığı məqamda da, lap "ölüm" anında da. Onda bir şeirini xatırlamamaq olmur: 
 
...Mən qorxmuram uzaq yola çıxmaqdan!
 
Bu şeirini 1989-cu ildə hərbi xidmətdə olduğun uzaq, soyuq Sibirdə yazmısan, "Xətai" dərnəyi yaratdığın şəhərdə. Azərbaycan milli-azadlıq mübarizəsi tarixində bu duyğularınla, düşüncələrinlə, qətiyyətinlə, Şəhid adınla öz yerin var, Ülvi! Özü də ən uca yerdə, ən ülvi nöqtədə! 1969-cu ildə göz açdığın dədə-baba ocağın -- Göyçə mahalın, Kəsəmən kəndin düşmən tapdağında qalanda dözmədin. Ürəyin qan ağladı. Qarabağda müharibə qığılcımları közərəndə coşdun. Bir vaxtlar sovet ordusunun Əfqanıstan torpağına təcavüzünü, bizim o müharibəyə yollanan oğullarımızın nakam aqibətini gözlərin önünə gətirdin. Topxana meşəsinin ağacları doğrananda Əfqanıstan dağlarının əks-sədası qəlbinə doldu: "Ömür yolu" poemanı yazdın, hər sətir üstə titrədin:
Yox, yox,
ulu torpaq,
Sənin uğrunda
həmişə,
hər yerdə
mərd olacağıq.
Qərib bir ruhun səsi uzaq Sibirdə hoyuna yetdi:
Aman, qardaş,
doğrudurmu, deyirlər,
Gecə-gündüz
qan tökülür yurdumda.
Qarabağın tarixini
danırlar,
Məscid uçur,
dam sökülür yurdumda.

Beləcə, Vətən duyğulu, yurd sevgili misraların, şeirlərin çoxdur. Bu şeirlərini, eləcə də "Qansızlar" povestini, bir çox hekayələrini, tərcümələrini oxuyanda gözlərim önündə poladdan tökülmüş sərt baxışlı bir əsgərə dönürsən.Ciddiliyindən, sərtliyindən, qətiyyətindən, cəsarətindən min ilin tökmə kişilərinə bənzəyirsən.
Amma, Ülvim mənim, sənin həm  də çiçək qəlbin, şehli sevgi hisslərin varmış. Gözəllərə biganə qalmayan qaynar baxışların varmış. Başına dönüm sənin, demə eşq girdabında çırpınan ürəyin varmış:
Bir qız gördüm - od baxışlı,
Orta boylu, uzun saçlı.
Mənə baxıb güldü, qaçdı -
Belə gülüş görməmişdim.
Baxışı sənin qəlbini titrədən o bəxtəvər qız indi neynir, görəsən? Ömrünün köç karvanını qurmamış sevdiyin o gözələ yoxsa öz əlvidanı da demişdin? 
Bu yerlərdən bahar çağı keçərdik,
Çiçəklikdən sənə çiçək seçərdik.
Ovuc-ovuc bir çeşmə su içərdik,
Ağ suyunda üzən buza, əlvida.

Ülvim belə Ülvi idin. Çiçək zərifliyiylə tərpəşən şehli misraların hər kəsin ürəyində yox yerdən sevgi hissləri oyadır.  Bax, onda, Ülvim, elə bəxtəvər olursan ki, --
Titrəyən dodağın şeir istəyir,
Baxıb təmənnana, ay həsəd çəkir.
Yanır ürəyində elə bir od ki,
Bu oda, atəşə yay həsəd çəkir.
Səndən ayrılmaq olmur, Ülvi, səndən doymaq olmur. Nə yaxşı sən dünyamızda olmusan, indi də varsan, sabah da varsan. İnan, sən buna, Ülvi. Çünki gələcək nəsil səni oxuyur, Səndən örnək götürür. Kök sənsən, budağın sabahkı nəsil. Sən Azərbaycan Azadlığı uğrunda ömrünü, torpağını qızıl qanına boyadın. Qızıl qanına boyandın ki, gələcək nəsil azadlıq xoşbəxtliyini yaşasın. Bax, heç olmasa o xoşbəxtlikləri üçün səni anacaqlar, Səni sevəcəklər Ülvim. Di, hələlik --
Hə, qoy onu da deyim, sözümü bitirim. Bir şeirin heç canımdan gen durmur. Doqquzda oxuyanda yazmısan, ey, - "Bənövşə bayatıları". O şeirin yaman xoşuma gəlir. Sənin də xoşuna gəlirdi --
Bahar nə şirin şeymiş,
Ətri bənövşədəymiş.
Ömrüm sənin eşqindi,
Eşqin də bənövşəymiş.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə