dr. Almaz ÜLVİ

 Azərbaycan torpağının işıqlı oğlu Maqsud Şeyxzadə Özbəkistan ədəbiyyatının, elminin məşhur filosof şairi, dramaturqu, ustad tərcüməçisi, böyük alimi, görkəmli pedaqoqu, dilçisi, tənqidçisi, folklorşünası və ədəbiyyatşünasıdır. Özbək xalqı, özbək torpağı onu öz balasıtək bağrına basmış, şöhrətləndirmişdir. Maqsud Şeyxzadə elə bir həyat - elə bir ömür yaşamışdır ki, bu tale iki qardaş-iki qandaş xalqın yüzilliklər dolu ədəbi əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olmuşdur.


Maqsud Şeyxzadə soy kökü ilə Qazaxın Salahlı kəndindəndir - Səməd Vurğun yurdundan. Özü isə Ağdaş rayonunda doğulmuşdur.Vaxtilə atası Məsim Şeyxzadə Tbilisidə tibb məktəbini bitirib Ağdaş rayonunda işləməyi qərarlaşdırır. Anası Fatma xanım da qadın gimnaziyasında təhsil almış ziyalı idi. Bu rayonda  təzə yurd salan gənc ailədə beş uşaq doğulub boya-başa çatır.
1908-ci il  noyabrın 7 - də doğulan  Maqsud  ailənin  ilk övladı olur. O, ilk təhsilini Ağdaşda - məşhur ziyalı Muxtar Əfəndinin açdığı "Rüşdiyyə" məktəbində alır. Sonra isə Bakı seminariyasını bitirir (1920-25). O seminariyanı ki, orada Abdulla Şaiq, Hüseyn Cavid, Cabbar Əfəndizadə, Mədinə xanım Qiyasbəyli, xalq müəllimi Cəmo bəy Cəbrayılbəyli kimi tanınmış ziyalılar dərs deyirdilər. Maqsud Şeyxzadə də məhz həmin müəllimlərdən dərs almışdır. Seminariyanı bitirdikdən sonra isə o, iki il Dağıstanda (1925-27) müəllimlik etmiş və 1928-ci ildə - gəncliyinin coşub - çağlayan, milli hisslərinin cilovlanmadığı vədəsində imperiya ideoloqlarının əmri ilə üç illiyə Qafqazdan sürgün olunmuşdur. O, bu məcburiyyətlə əlaqədar olaraq yaşamaq üçün Özbəkistanı - Daşkənd şəhərini seçmiş və bütün ömrünü ora bağlamışdır. Onun yaradıcı fəaliyyətinə nəzər saldıqda, görürsən ki, Vətən sıxıntısı gənc Maqsudun qəlbində sirli bir guşəyə çəkilmiş və yazıb-yaratmaq eşqi ilə yeni həyata başlamışdır. Tanınmış nəvaişünas alim, Daşkənd Dövlət Universitetinin professoru Suyimə Qəniyeva qeyd edir ki, Maqsud Şeyxzadə özbək ədəbiyyatı tarixini, özbək ədəbiyyatını öyrənmək üçün Nəvaidən başlamışdır. Burada maraqlı nüas odur ki, o, Nəvai poeziya inciləri içərisindən Vətən məhəbbətli, Vətən dərdli şeirləri  seçib tərcümə etmişdir. Bu tarix 1928-ci ilə Özbəkistana gəldiyi ilə təsadüf edir. XX əsrdə - özbək ədəbiyyatşünaslığında Nəvai haqqında ilk sanballı  tədqiqat məqaləsi də məhz Maqsud Şeyxzadəyə məxsusdur. 
Tədqiqatlardan məlumdur ki, o, hələ orta məktəb illərindən qəlbən ədəbiyyata - poeziyaya bağlı olmuşdur. Ara-sıra yazdığı şeirlərini məktəb tədbirlərində oxuyardı. İlk  mətbu şeiri 13 yaşında "Kommunist" qəzetində çap olunur. Beləcə, şeirə bağlanan gəncin bəxti həm də onda gətirir ki, Bakı seminariyasında böyük şəxsiyyətlərin - görkəmli ziyalıların məktəbindən keçir. Yaşdaşları - Mehdi Hüseynlə, Sabit Rəhmanla, Mikayıl Müşfiqlə, Məhəmmədhüseyn Təhmasib- lə, Səid Rüstəmovla... eyni vaxtda təhsil alması, şübhəsiz, onun gələcək  həyatında silinməz, möhkəm cığırlar açır. İlk dövr poetik yaradıcılığının - azərbaycanca olan əsərlərinin mühüm bir qismini o,  "Şeyxzadə dəftəri"ndə toplamışdır.
Talenin yazısı ilə   20 yaşında  Özbəkistana gələn Maqsud Şeyxzadə - yeni mühitdə, yeni məkanda, yeni insanlar arasında yeni həyata başlayır.  Bu istedadlı, milli hissləri coşqun, turk qanı qaynar gənc heç bir il ötməmiş, elə - 1928 -ci ildən mətəmadi olaraq özbək dilində yazdığı şeirlə, məqalələrlə mətbuatda göründü.  Azərbaycan yurdunun həssas qəlbli oğlu özbək torpağında da istedadlı yaradıcı gənclərlə - Qafur Qulam, Aybek, Abdulla Qədiri, Abdulla Qəhhar kimi şəxslərlə dostluq - yoldaşlıq münasibətləri yaradır. XX əsr özbək ədəbiyyatının klassiklərinə çevriləcək bu sənətkarlarla bir sırada çalışır və bu sırada öz layiqli yerini tutur.
Şeir qəlbinin çağlar bulağı olsa da, o, fəaliyyətində elm sahəsinə daha çox üstünlük verir. Bütün həyatını elmə bağlayan gənc Şeyxzadə burada təhsilini davam etdirərək alimlik dərəcə- sinədək yüksəlmiş, 1938-ci ildən ömrünün axırınacan Nizami adına Daşkənd Pedaqoci İnstitutunda özbək ədəbiyyatı tarixindən dərs demişdir. Dərs dediyi fakültənin dekanı və özbək ədəbiyyatı kafedrasının müdiri vəzifəsində olmuşdur. Nəhayət, Özbəkistan elmi tarixində tanınmış alim və pedaqoq kimi ad çıxarmışdır.  Görkəmli özbək ədəbiyyatşünası və ədibi Azad Şərafəddinov müstəqillik illərində qələmə aldığı ədəbi qeydlərini və elmi mülahizələrini - məqalələrini ölümündən bir il əvvəl - 2004-cü ildə nəşr etdirdiyi "İcodni anqlaş baxti" adlı 600 səhifəlik kitabına toplamışdı. Bu məqalələr həcm etibarilə fərqlidir. 1956-cı ildə bəraət alsalar da, 1991-ci il - milli müstəqillik illərinəcən adlarının belə çəkilməsi yasaq olan Əbdülhəmid Çolpana,  Əbdürrauf Fitrətə, 20-30-cu illər cədid ədəbiyyatına - hər birinə 90-100 səhifə həsr olunmuşdur. Bu sırada müəllif Maqsud Şeyxzadəyə də xüsusi səhifələr  ayırmışdır  - kitabda Sovet ideologiyası ilə fikirləri uyğun gəlməyən görkəmli ədiblərin yaradıcı talelərindən  yazılır. Yeri gəlmişkən, qeyd edim ki, Çolpan, Fitrət, Abdulla Qədiri 1991-ci ildə Özbəkistan Prezidenti İslam Kərimovun fərmanı ilə Özbəkistanın ən ali mükafatına - Nəvai adına Dövlət mükafatına layiq görülmüşdülər. İslam Kərimovun fərmanı ilə  M.Şeyxzadənin yubileyi günlərində "Böyük xidmətlərə görə" ”””””””””””ordeni ilə təltif olunması onun əsərlərinə və şəxsiyyətinə verilən böyük qiymətdir (Amma mənə elə gəlir ki, onun da Çolpanla, Fitrətlə bir sırada təqdimata haqqı çatır). Azad Şərafəddinov bu kitabında Maqsud Şeyxzadəyə həsr etdiyi "Ədəbiyyatımızın fədaisi" (2003) adlı məqaləsini həzin və kövrək notlarla başlayır: «Orta boylu, dolu bədənli, qıvrım saçlı, şairanə görkəmli, özbəkcə danışığına şirin Azərbaycan ləhcəsi qatan bu adamı - Maqsud Şeyxzadəni ilk dəfə auditoriyada - dərs dediyi Nizami adına Özbəkistan Pedaqoci İnstitutunda görmüşdüm. Onun şirin, sadə ifadələrlə dərin elmi əsaslara söykənən mühazirələri artıq çoxdan idi ki, institutun hüdudlarından çıxıb bütün Özbəkistan boyunca yayılmışdı. Hətta tələbələr arasında onun məruzələri əsasında maraqlı rəvayətlər də dolaşırdı. O, ömrünün sonunacan eyni şövqlə, eyni məhəbbətlə söylədiyi mühazirələri ilə institutun da şöhrətini hər yana çatdırmışdı. O, şair və dramaturq, ədəbiyyatşünas və tərcüməçi, tarixçi və mütəfəkkir, natiq və pedaqoq idi. Maqsud Şeyxzadə qeyd etdiyim bütün sənətlərin ustadı, ağası idi - bu sözlər də A.Şərafəddinova aiddir.      
 M. Şeyxzadənin gənclik illərini  izlədikcə görünməz bir qaynarlıq duyursan. Bu, əlbəttə, onun içində çağlayan, süzülüb axmağa can atan şeir-poeziya bulağı idi. Amma o, yeni aləmə qatıldığından, bu bulağı - içindəki poetik düşüncələrini istiqamətləndirməyə yollar aramalı olmuşdu. Şübhəsiz, bu məqamda o, özü də qeyd  etdiyi kimi, tərcümə yaradıcılığına üstünlük verir. 40 ildən çox yaradıcılıq ömrü yaşayan şairin tərcüməçilik fəaliyyətinə nəzər yetirək: O, dünya klassiklərini özbək dilinə çevirərək tərcüməçi kimi  özbək ədəbi tarixində xüsusi yer tutmuşdur. Əgər onun tərcümə əsərlərinin siyahısına nəzər salsaq, bu, onun özbək ədəbi  dünyasında ən uca pillədə dayanmasına kifayət edər. Bunlardan başqa, müasir Azərbaycan və xarici ədəbi nümunələr də onun tərcüməsində özbək oxucularına çatdırılmışdır. Bu siyahıya başqa bir nöqtədən nəzər yetirsək görərik ki, M.  Şeyxzadə dünya poeziya incilərinə dərindən, xalqların poetik dünyalarına yaxından bələd olmuşdur. Bəli, bunlar onun qəlbindəki şeir bulağının təbii, özünəməxsus çağlamasına güc vermişdir.
Maqsud Şeyxzadə poeziyası ülvi məhəbbət, insani münasibətlər, dostluq telləri, nəsihətamiz duyğular, ali hisslər üstdə yaranmışdır.  Bunlar ilıq duyğulartək insan qəlbinə dolur, orada nura dönür.
Günlərin bir günü bulaq başında,
Mən bir gözəl gördüm bahar yaşında.
Qaşları binadan vəsməli bir qız,
Üstündə yarpaq tək əsməli bir qız.
Əyilib səhəngini su doldururdu,
Uzun hörüyünü dəstələyən qız.
"Simlər, qaranquşlar və qızlar”", "Bahar yağışı”", "Bənövşə"”, "İlk sevgi”", ” "Sınaq"”,  "Xəta"”, "Atmaca"” - sevgi  düyğülü nəğmələrdir.
Tədqiqatçılar bu gerçəkliyi təsdiq edərlər ki, hər hansı yaradıcı şəxs ilk qələm təcrübələrində həmişə folklora söykənir, söz və fikir, məna və məntiq ehtiyatlarını məhz xalq yaradıcılığından qaynaqlandırır. Öz ana dilində də, başqa bir dildə də yazanda bu faktor öz aktuallığında qalır. M. Şeyxzadə yaradıcılıq həyatının yeni vərəqini açanda məhz folklor qaynaqlarına üz tutmuş, özbək folklor mənbələrinə isnad etmiş və buradakı yeni yaradıcılıq uğurlarına folklorla başlamışdır. O, Özbəkistana gəldiyi ilk illərdə daha çox özbək folkloruna dair tədqiqat və məqalələr yazır. «Bir tərəfdən folklorçu alim kimi "Alpamış", "Qərib və Şahsənəm", "Şirin-Şəkər" kimi eposları tədqiq edir, xalq yaradıcılığını yaşadan Fazil Yoldaşoğlu və başqaları haqqında dəyərli elmi məqalələr yazır, digər tərəfdən öz yaradıcılığında folklor qaynaqlarından istifadədən çəkinmir". M. Şeyxzadə yaradıcılığının bütün mərhələlərində bu təsir aydın görünür. "Birlik təranəsi", "Özbək-türkmən bir ananın cüt oğlu", "Ay ilə söhbət", "Yeddilik balladası" və s. şeirlərin söykəndiyi yaşantılarda folklora aid motivləri duymaq çətin deyil. Burada qədim türk mifologiyasında müqəddəs rəqəm kimi tanınan 7 (yeddi) rəqəmindən bədii oynatmalarla yeni poetik obraz yaratması şairin fitri istedadının məhsuludur. Başdan-başa xalq əfsanə və əsatirlərinə söykənən bu şeir hikmətli sözlər, aforizmlər dəryasıdır, desək yanılmarıq. Folklora bağlılıq onun məşhur pyeslərində də aydın görünür. "Daşkəndnamə"sində (lirik poema) xalq deyimləri, xalq şeiri formaları, atalar sözləri, hikmətlər və aforizmlərlə bağlı sətirlərə istənilən qədər rast gələ bilərik. Bəli, Maqsud Şeyxzadə poeziyasının xalq ürəyinə yaxın olması onun folklora bağlılığından irəli gəlir. Daha doğrusu, şeirlərini xalq qəlbindən süzülən incilərdən mayalandırması onun yaradıcılıq uğurlarındandır.
O,  sevilən şair olmuşdur. Eyni zamanda lirik qəzəllər də yazırdı, siyasi şeirlər də. Özü də sənətkar ustalığı ilə.
Maqsud Şeyxzadə gənc yaşlarından - 30-cu illərdə artıq tənqidçi, alim, publisist, pedaqoq kimi tanınmışdır. Klassik və müasir özbək ədəbiyyatını, eləcə də Azərbaycan, rus və dünya ədəbiyyatını tədqiq edərək elmi kontekstdə təhlil etmiş, tənqidi və publisist məqalələri ilə fikrini, münasibətini bildirmişdir.  Dünya poeziyasının fəlsəfi nöqtələrinə toxunmuş, onları maraqlı və dərin məzmunda şərh etmişdir.  M.Şeyxzadənin yaradıcılıq toplusunda bu sıradan 200-dən artıq  elmi məqalələri vardır.  Dünya klassiklərinin, XX əsr dünyasının məşhur poeziya nümunələrini, gənc qələm sahiblərinin yaradıcılığını əhatə edən bu məqalələr özbək ədəbiyyatşünaslığının inkişafında xüsusi rol oynamışdır.. Bu ardıcıllıq təsdiq edir ki, o, ömrünün hər anını ədəbiyyatla yaşamış, həyatını bağladığı Özbəkistan elm-ədəbiyyat aləmindən bir göz qırpımınca kənarda qalmamışdır.
Onun qələmə aldığı vətən sevgili, vətən məhəbbətli poemaları təkcə məzmunca yox, həm də məna və məntiqcə, ruhu ilə unudulmaz əsərlərdir. M. Şeyxzadənin müharibə dövr  əsərlərində -  qəhrəmanlıq, psixoloci nikbinlik kimi poetik təsirlər yaradıcılığının əsas qayəsini təşkil etmişdir. 
Maqsud Şeyxzadə həbsdən qayıtdıqdan bir il sonra - 1957-ci ildə yazdığı "Daşkəndnamə" poemasıını yazıb nəşr etdirdi. Bu əsərində o, yaşadığı ömrünün poetik cizgilərini təsvir etmişdir. Bütün həyatı boyu vətəninə, xalqına -  vicdanı, qəlbi ilə sadiq olmuş, saf olmuşdur. Bəlkə də ona həbs damğası vurduranlara vicdan hesabatı idi. O, Qafqazdan sürgün olunanda da, 25 illik həbs cəzası alanda da günahsız olmuşdur. Ən böyük günahı Vətənə övlad məhəbbəti, türkçülük əqidəsi olmuşdur. Daşkəndlə bağlı 30 illik həyatını, eşqini, həyəcanını, qəlbinin vətən duyğularını misralamışdır. Ondan bir il sonra nəşr etdirdiyi 437 səhifəlik "Çərək əsr divanı" (“25 ilin divanı”") kitabında  da lirik yaradıcılıq nümunələri sayrışır. Əsərin azərbaycancaya ilk tərcüməsi  xalq şairi Nəriman Həsənzadəyə aiddir. Lakin Maqsud Şeyxzadə ədəbi irsinin tədqiqatçısı, xalq şairi Xəlil Rza bu  əsəri öz tərcüməsində yenidən Azərbaycan ədəbi tarixinə daxil etmişdir.
Mayası, ana südü, ilk ibtidai təhsili, beş illik seminariya həyatı, şeir dünyasına ilk addımları Azərbaycanla bağlı olsa da, o, eyni məhəbbətlə özbək həyatına - şeir dünyasına, elminə, tarixinə bağlanmışdır. Bu ilk anda maraqlı görünsə də, təbii bir axarlılıq da görünür. Əslində o, doğulduğu ruh üstdə, ana südüylə kökləndiyi mənəvi aləmi ilə ucalmışdır. Azərbaycan-özbək məfhumları ayrı-ayrı sözlər olsa da, əslində bunların bir xətt, bir ruh, bir kök, eyni maya olması dərk edilir. Bu, mənəvi və təbii duyumlardır, özünün də ayıra bilmədiyin gerçəklikdir. Bu, türk qanı, türk ruhu, türk köküdür.
Maqsud Şeyxzadənin dramaturgiya yaradıcılığından ayrıca olaraq danışmaq istərdim: "Cəlaləddin Mənquberdi" və "Mirzə Uluğbəy" kimi pyesləri ilə ciddi ictimai hadisələrin,  dolğun insan xarakterlərinin yüksək poeziyası  yaranmışdır. Tədqiqatçıların rəyidir ki, "Cəlaləddin Mənquberdi" və "Mirzə Uluğbəy" mənzum tarixi faciələri ilə özbək dramaturgiyasının mükəmməl əsası qoyulmuşdur. Ümumiyyətlə,  Maqsud  Şeyxzadənin dramaturgiya yaradıcılığı  özbək ədəbiyyatşünaslarının da,  Azərbaycan  ədəbi-tənqidinin  də daim diqqətini  cəlb  etmiş,  bu  haqda  xeyli  məqalələr,  elmi rəylər,  tədqiqat əsərləri   yazılmışdır.  Söz yox ki, bu  sırada  ilk yerdə  Xəlil Rza  tədqiqi dayanmışdır. Onun bu  mövzuya həsr etdiyi "Maqsud Şeyxzadə", "M. Şeyxzadə yaradıcılığının bədii xüsusiyyətləri"” monoqrafiyaları və sair onlarla elmi, publisistik   məqalələrini  göstərə bilərik.
Özbək tədqiqatçılarının qeydinə görə, "Cəlaləddin Mənquberdi" əsəri partiyanın tapşırığı ilə yazıılmışdır. Onda müəllifin 36 yaşı vardı. Az bir vaxta tamamlanan bu əsərin ilk tamaşası çox yüksək səviyyədə keçmiş, böyük səs-səda doğurmuşdu.  Müharibə illərində qəhrəmanlıq motivləri, həm də tarixə əsaslanan hadisələr ədəbiyyatın baş mövzusuna çevrilmişdi. "Cəlaləddin Mənquberdi" də məhz bu nöqteyi-nəzərdən yazıldı və səhnəyə qoyuldu. Lakin Şeyxzadənin hörmətini birə - min artıran bu əsər onun taleyində qara səhifə açdı. O, Stalin reciminin qəzəbinə tuş gəldi. NKVD cəsusları, "yan" familiyalı naqislər, ustad qələm sahibini, elm fədaisini, görkəmli şəxsiyyəti Stalinə belə deyək ki, satmışdılar. Guya ki, dramaturq əsərdəki mənfi epizodik gürcü obrazı ilə Stalinə,  onun mənsub olduğu xalqa işarə etmişdir. Elə bu ittihamla suçlanan M.Şeyxzadə 25 il həbs cəzası aldı və uzaq Sibirə - İrkutsk düşərgəsinə göndərildi. Şeyxzadə həbs düşərgəsinə göndərilsə də, artıq çox qısa səhnə həyatı yaşayan "Cəlaləddin Mənquberdi" dillər əzbərinə çevrilmişdi. Sadə, axıcı poetik dillə, başdan-başa qəhrəmanlıq eşqi ilə yazılan bu əsər hər kəsin qəlbində özünə yer etmişdi. Çoxları hətta bu əsəri əzbər bilirdi. Necə ki, bizdə  "Vaqif"i  bilirdilər. Stalin öldü. Nağıllarda söylədiyi kimi, az sonra bütün zindanların qapısı açıldı, bütünlükdə özü zindan olan Sibir yollarına dikilən gözlər sanki oradan şütüyən qatarlarla qənşər-qənşərə tələsirdilər. Şeyxzadə ikinci Vətən bildiyi Özbəkistana, Daşkəndə - ailəsinə döndü. Allah onu bağışladı, 25 illik həbs cəzasının üçdə bir hissəsini çəkdi, geri döndü və daha 13 il özbək elminə, ədəbiyyatına, mədəniyyətinə əvəzsiz töhfələrini verdi. Ən əvvəl, hələ 1944 - cü ildən üzərində çalışdığı, həbs olunduğuna görə yarımçıq qalan, ikinci tarixi faciəsini "Mirzə Uluğbəy"i tamamladı. Elə bu əsərin əsasında həmin il "Uluğbəyin ulduzları"  ssenarisini də hazırladı və film çəkildi.
    Professor Naim Kərimovun yazdığına görə, illərlə üzərində çalışdığı "Əbu Reyhan Biruni" əsəri isə izsiz-tozsuz itmişdi. Bu, onun sayca üçüncü pyesi idi. Sibir düşərgəsindən qayıtdıqdan sonra səhhətində daim nasazlıqlar  ortaya çıxan Şeyxzadə xəstəxanada yatarkən də bu əsər üzərində işləyir, tamamlamağa çalışırdı. Lakin əcəl macal vermədi. Elə xəstəxanada ürəyi dayanan dramaturqun həmin pyesi də oradaca yoxa çıxmışdı. Bu da talenin növbəti acı bir səhifəsi.
"Cəlaləddin Mənquberdi" beş pərdəli səkkiz şəkilli faciədir. Əsərdəki hadisələr XIII yüzilin birinci yarısında Türküstanda baş verir. Cəlaləddin Mənquberdi tarixi şəxsiyyət olmuşdur. Əslində, bu əsərində müəllif  türk qəhrəmanlığını, türkün əyilməz qüdrətini qələmə almışdır. Müharibə illərində qəhrəmanlıq motivli yazıçı çağırışı - Vətənə məhəbbət hisslərini özündə əks etdirən əsərlər vacib idi. Lakin imperiya qurucuları-qoruyucuları əsərdəki türkçülük məfhunun, türk obrazının yüksək sənətkarlıq qələmi ilə təsvirinə dözmədilər. Dramaturqa tutulan iradlar isə bəhanə idi.
   Azərbaycan  ədəbiyyatının görkəmli ədibi,  xalq  yazıçısı Mirzə İbrahimov "Sözün hikməti" adlı məqaləsində Şeyxzadənin  dramaturci fəaliyyəti haqqında ətraflı  söz açmışdır:  "Söz ustadının ilk dramında vətənpərvərlik  və  insaniyyət  yüksək  bədii  ifadəsini  tapmışdır”.  "Cəlaləddin Mənquberdi" pyesi (1941) məhz bu ruhdan yoğrularaq qələmə alınmışdır.
Maqsud Şeyxzadəni dramaturq kimi təqdim etdiyimiz bu məqamda onun "Mirzə Uluğbəy" faciəsini xüsusilə diqqətə çəkmək istərdim. O, bu əsər üzərində 19 il çalışmışdır (1940-1959). Dünya elminə özbək xalqının bəxş etdiyi Uluğbəy dövrünün məşhur astronomu olmuşdur.  O, XV əsrdə dünyanın ən böyük rəsədxanasını yaratmışdır, məşhur  fateh, hökmdar Əmir Teymurun nəvəsi olmuşdur. Mirzə Uluğbəy - zəkanın və qəhrəmanlıq eşqinin vəhdətini özündə cəmləşdirən tarixi şəxsiyyət, xalq  yaddaşından, xalq qəlbindən çıxmayan nəhəng insan. Belə bir obrazı qələmə gətirmək - onun poeziya dünyasında misralarla heykəlini ucaltmaq üçün sənətkar qüdrəti lazımdır. Əsər faciə canrında işlənmiş və müvəffəqiyyət qazanmışdır. Daha doğrusu, müəllifin sənətkarlıq qüdrəti qələbə qazanmışdır. Əsərin bu canrda işlənməsi qəhrəmanın həyatından irəli gəlmişdir.  Faciə tezliklə Özbəkistan Dövlət Dram Teatrında səhnəyə qoyulur və böyük məhəbbətlə  qarşılanır.
Professor Pənah  Xəliovun şərhinə görə, «qəhrəmanlıq  dastanı  olan bu  xalq dramında -"Mirzə Uluğbəy"də  "Vaqif"i xatırladan  bir  ruh  vardır.  Müqayisə  üçün bir-iki  nümunə  də kifayətdir:  dustaq  olmuş  Vaqiflə  oğlu  Əlibəyin Qacarın əlinə  keçməsi, Vaqifin  Qacarla  üz-üzə gəlməsi. Qana susamış  fateh, gözəlləmələr  yazan  humanist bir şair,  ağıllı,  tədbirli  bir vəzir, nəhayət, günahsız  övladının  ölümünə şahid olan  bir ata!"
Teymur Məliklə  Çingizxanın  monoloqu, Vaqiflə  Qacarın  monoloqu - eyni   səhnəni   xatırladır. Maqsud Şeyxzadə  yaradıcılığının  tədqiqatçısı  Xəlil Rza Ulutürk də də eyni qənaətə gələrək qeyd etmişdir ki, "bu iki  mənzum  pyes  arasındakı uyğun, oxşar və  səsləşən cəhətlər o qədər çoxdur ki, bunlardan  bəzisini xatırlatmaq  yerinə  düşər!  Poetik  ruh  birliyi;  hər iki əsərin  şeir ilə  və  başlıca olaraq  heca  vəzninin onbirlik  bölgüsündə   yazılması...",  Vaqif  bütün  Azərbaycan  şairlərinin  ümumiləşdirilmiş  surəti  olduğu kimi,  Cəlaləddin də özbək  qəhrəmanlarının ümumiləşdirilmiş  obrazıdır,  yaxud Qacar  bütün  qəsbkarları  təmsil  etdiyi kimi,  Çingizxan da  fatehlər  nümunəsidir;  uydurma  obrazların  yaxınlığı  (Eldar  və  Elbars, Gülnar  və  Sultanbəyim)"
Eyni kök olaraq  türk folklorundan rişələndiyindən, milli  ruhla  klassik  poeziyaya  söykənikli olduğundan əvvəldən  də qeyd  etdiyimiz  kimi, üzü  Dədə Qorquddan belə  xalq-qəhrəmanlıq  dastanlarındakı obraz  xarakterləri əbədiyyatlarımızın doğmalığına daha  bir faktdır.
Dünya  fəlsəfəsini dərinliyi ilə  dərk  edən,  sonsuz  kainatın - yerin-göyün  əzəmətini  duyan  Mirzə  Uluğbəyi  müəllif sanki  dahi Nizami  qəhrəmanlarının, filosoflarının idrakına  bənzədib. Eyni  zamanda qəlb dünyasının  hakimi - şairlərə,  şair  sözünə  yüksək dəyər  verilməsi  də elə bu konteksdəndir. Şah öz fikrinə həyan, kömək, güc-qüvvə  üçün  şair  sözünə   üz tutur.
Maqsud Şeyxzadə yaradıcılığını məhəbbətlə tədqiq edən Xəlil Rza yazır ki, "özbək dramaturgiyasına M.Şeyxzadənin gətirdiyi ən böyük keyfiyyət şairanəlikdir! Burada şairanəlik daha çox müəllifin həyata baxışında, varlığın qavrama və əksetdirmə bacarığında, bədii obrazlar düzümündədir.  Buna görə də hər iki pyesdə hətta remarka və nəsr ilə yazılmış parçalar da şairanədir".
Özbək ədəbiyyatşünasları Seyfulla Mirzəyev və Səid Şirməhəmmədov M.Şeyxzadənin "Mirzə Uluğbəy" faciəsi üzərində işlərkən  dahi Şekspir yaradıcılığından faydalandığını yazmışlar. Əsərdəki bütün obrazların monoloqları, mühakimələri dərin fəlsəfi məna daşıyır.  Tarixdə və müasir həyatda nurlu şəxsiyyətlərə pərəstiş edən Şeyxzadə Teymurilər sülaləsindən Şahruhun oğlu Uluğbəyi özbək elmini dünya miqyasına çıxaran bir alim, ədəbiyyat və incəsənət hamisi kimi ümumiləşdirmişdir".
Əsərdəki tarixi hadisələr xarakterlər - obraz xarakterliyinin dili ilə açılır. Uluğbəy hakimiyyəti içindən çökür. Tarix boyu belə olub. Dünya cahangirləri saray içindən çöküb,  məhv olub. Müəllifin ən böyük uğuru - tarixi hadisələri qələmə gətirərək möhkəm və müxtəlif xarakterli obrazlar yaradıb. Hətta obrazların dili, xarakteri o qədər güclü işlənib ki, şeiriyyət dili ilə yazılan misralarda qafiyələrin itməsi və ya heç olmaması diqqəti çəkmir, şeiriyyətin ruhuna xələl gəlmir. Şair, alim, tarixçi, şagird obrazları humanist, ağıllı, saf qəlbli, ülvi niyyətli və sadiq insanlardır. Bunlar, əlbəttə, elmə-mərifətə müəllifin yüksək dəyəri, dünyanın, bəşərin, xeyirxahlığın açarıdır. Hikmət dolu Uluğbəy dövrü, Uluğbəy obrazı bəşəri dəyərlidir. Bu əsər həm də böyük Uluğbəy xatirəsinə əbədi, öz ömrü, elmi qədər dəyərli xatirədir.
Maqsud Şeyxzadənin elmi yaradıcılığı, xüsusən, nəvaişünaslıq elminin inkişafındakı böyük xidmətləri haqqında tədqiqatımızın əvvəlki bölmələrində yeri gəldikcə dönə-dönə qeyd etmişdik. Ancaq onun bir ədəbiyyatşünas kimi çoxşaxəli fəaliyyətinin Azərbaycan-özbək ədəbi - elmi əlaqələrinin inkişafına birbaşa əlaqədar bir cəhətin üzərindən sükutla keçmək mümkün deyil. Bu da ondan ibarətdir ki, Maqsud Şeyxzadə öz elmi məqalə və tədqiqatlarında həmişə özbək elmi-ədəbi mühitinə Azərbaycan ədəbiyyatşünaslığının təsirinə ayrıca diqqət yetirmiş, onun uğurlarının Özbəkistanda təbliğinə xüsusilə maraq göstərmişdir. Məsələn, özbək ədəbiyyatşünaslığında, xüsusən Lütfi, Nəvai, Babur, Məşrəb, Agahi kimi cığatay (özbək) klassiklərinin yaradıcılığı ilə bağlı tədqiqatlarda klassik Şərq poetikasına aid istilahların ön plana çəkilməsi, qəzəlin poetik xüsusiyyətlərinin təhlilində orta əsrlər Şərq ədəbiyyatşünaslığına məxsus bədii təsvir vasitələrinə (təşbeh, istiarə, mübaliğə, eyham, təzad və s. ) üstünlük verilməsi özündən sonrakı tədqiqatçılara Maqsud Şeyxzadənin təsiri, Maqsud Şeyxzadənin özünə isə görkəmli Azərbaycan ədəbiyyatşünası və nəzəriyyəçisi, professor Mir Cəlal Paşayevin təsiri kimi diqqəti gəlb edir. Belə ki, Şərqdə qədimdən xüsusi poetika elminin mövcudluğuna və klassik şeiriyyəti bu elmin prinsip və qaydaları ilə tədqiq etməyin vacibliyinə ilk dəfə Mir Cəlal Paşayev özünün məşhur "Füzuli sənətkarlığıı" adlı monoqrafiyasında diqqəti yönəltmiş, Maqsud Şeyxzadə isə Nəvai haqqında məqalələrində, o cümlədən, "Ustadın icadxanasında", "Qəzəl mülkünün sultanı" adlı tədqiqatlarında Mir Cəlal Paşayevdən sitatlar, iqtibaslar gətirərək, bu yeni elmi-nəzəri yanaşma üsulunu özbək ədəbiyyatşünaslarının diqqətinə həvalə etmişdir. Sonralar Özbəkistanda “poetik sənətlərə” maraq birdən-birə güclənib, hətta Azərbaycandan fərqli olaraq, ilk farsdilli orta əsr mənbələri özbəkcəyə tərcümə olunub. Daşkənddə nəşr olunsa da, bu sahədə ciddi uğur qazanan özbək ədəbiyyatşünasları və nəvaişünasları (Ə. Həyitmətov, Ə Qəyyumov, Y. İshaqov, B. Rəhmanov, Ə. Əbdülqafurov, S. Qəniyeva və başqaları) bu və ya digər şəkildə (birbaşa və ya dolayısıyla) Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı”ndan bəhrələnmişlər.
İndiyə qədər tədqiqatçıların nəzərindən təəssüf ki,  kənarda qalan bu və ya buna bənzər faktlar xalqlarımız arasında ədəbi əlaqə və ədəbi təsirin yeni, özünəməxsus bir təzahür formasını üzə çıxarmağa imkan verir. Bu faktlar eyni zamanda Mir Cəlal Paşayevin XX əsr Azərbaycan-özbək ədəbi əlaqələrinin təşəkkülü və inkişafındakı özünəməxsus yerini müəyyənləşdirir. Öz çoxşaxəli yaradıcılığı ilə bu ədəbi-mədəni, tarixi-mənəvi əlaqələrin möhtəşəm körpüsü olan Maqsud Şeyxzadə isə haqlı olaraq türk dünyasının birlik, qardaşlıq və dostluq rəmzlərindən biri kimi qiymətləndirilir.
Əsərlərinin çoxu tanınmış şairlərimizin məhəbbəti ilə doğma Azərbaycan dilinə çevrildi, tədqiqat obyekti oldu. Unudulmaz Xəlil Rzanın odlu qəlblə araşdırdığı "Maqsud Şeyxzadə yaradıcılığı" ədəbiyyatşünaslığımızın dəyərli bir səhifəsidir. O,  görkəmli ədibin ədəbi irsinin ən dəyərli nümunələrindən ana dilimizə tərcümə etmişdir. Özbək  ədəbiyyatşünasları onu dönə-dönə tədqiq ediblər və edirlər.  Özbəkistanın əbədiyyatşünas alimi  İbrahim  Qafurov  qeyd  edir ki,  «ədəbiyyatı  sevdiyim  ilk  günlərdən  başlayaraq  mən M.Şeyxzadə   yaradıcılığının  vurğunu olmuşam.  Bu  münasibət  sonralar  alimin  "Yoldaş  şair"  adlı   kitabına   çevrilmişdi.  Sonra isə   bu  məhəbbət  şairin  yaradıcılığına  həsr edilmiş  namizədlik  dissertasiyası  mövzusunda   öz əksini  tapmışdır.  İ.Qafurov yazır ki,  onun  haqqında  yenə də  danışmağa  sözüm var, onu  kiçik  bir kitabda,  adi  namizədlik  dissertasiyasında   təhlil  etmək, öyrənmək  azdır.  Çünki,  o özbək  klassik  əbədiyyatının davamlı  sütunlarından  biridir.  ... M.Şeyxzadə  təkcə   şeir,  poema,  pyes  və  məqalələrində   deyil,  bütün  yaradıcılığında  iki xalqın adından  cəsarətlə  danışmışdır. O, özbək   klassik  əbədiyyatını öyrənmiş,  tədqiq  etmiş,  özbək   əbədiyyatı  tarixini,  ədəbiyyatşünaslıq  nəzəriyyəsini  təkmilləşdirmiş,  onu yeni-yeni  elmi axtarışlarla  zənginləşdirmişdir.  Cığatay  klassik  ədəbiyyatının  banisi  Nəvai  irsini  ilk  tədqiq  edənlərdən  biri  M.Şeyxzadə  olmuşdur.  Nəvaişünaslar  M.Şeyxzadəni  özlərinə  ustad  hesab  etmişlər.  Onun  elmi  əsərləri  dərin  təhlili,  sanballığı  ilə   fərqlənir.  M.Şeyxzadənin  altıcildlik  "Seçilmiş  əsərləri"nin  bir kitabı   Nəvaiyə  həsr  edilmişdir».  
Maqsud Şeyxzadə mənəvi dünyasının işıqları zaman keçdikcə cəmi türk dünyası kəhkəşanında dolaşacaqdır. Türk dünyamızın bir bayrağa tapındığı günəcən. Bu isə əbədiyyət deməkdir.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə