Türkiyənin tanınmış yazıçısı və tədqiqatçısı doktor Yaqub Dəliöməroğlu “Türküstan: Yasəvinin şəhəri Yesiyə dair” adlı tarixi mənbələrə əsaslanaraq maraqlı bir kitab yazmışdır. Əsər həm məzmunu, həm tarixiliyi , həm də şirin yazı dilinə görə elm-ədəbiyyat adamları, tədqiqatçılar arasında çox sevildi və tezliklə yayıldı. Azərbaycana da gəlib çatdı. İstedadlı alim, gözəl şair, mütərcim Rəsmiyyə Sabir əsəri dilimizə uyğunlaşdırıb nəşrə təqdim etdi. Nəşr olunan əsərin elmi redaktoru AMEA-nın müxbir üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, millət vəkili, professor Nizami Cəfərov, rəyçisi Azərbaycan Yazıçılar Birliyinin katibi, filologiya elmləri namizədi Arif Əmrahoğlu, redaktoru şair Əkbər Qoşalıdır. Doktor Yaqub Dəliöməroğlu “Türküstanın tarix səhnəsinə çıxışı və Xoca Əhməd Yasəvi” adlı yazısını doktor Rəsmiyyə Sabirin çevirməsində təqdim edirik.
 Türküstan sözü, Türkiyə türkçəsində, eyni zamanda, iki mənada istifadə olunur: bunlar Türküstan bölgəsi və Türküstan şəhəridir. İkisinə də Türküstan deyirik. Bunu qarışdırmaq istəməyənlər, Türküstan şəhərinə keçmiş adıyla Yesi deyərək məsələni həll etməyə çalışırlar. Eyni anlayışları bizdən daha çox istifadə etmək məcburiyyətində olan türküstanlı qardaşlarımızın tapdıqları çıxış yolu isə daha fərqlidir: Türküstan bölgəsinə ulu Türküstan, digərinə isə, özbəklər Türküstan şəhəri, qazaxlar Türküstan Qalası deyərək, dillərindəki çaşqınlığın qarşısını alırlar.
 Hər iki isim tarixi həqiqətlərlə qarşımızda dayanır: tarixdə Türküstan anlayışına ilk dəfə 7-ci əsr mənbələrində rast gəlinir. Bu əsrdə ərəb və fars tarixçiləri Türküstan sözünü türk ölkəsi, türk yurdu mənasında işlədirlər. “Türk Divanı Lüğəti” adlı böyük əsərində Kaşqarlı Mahmud Türküstanı yenə türk ölkəsi olaraq, Xəzərin üzərindən qıvrılıb qərbdə Rumelinə, şərqdə isə Çinə qədər uzanan bölgə kimi tərif edir. Məşhur rus tarixçisi B.B.Bartoldun əsərlərində də Türküstan anlayışına tez-tez rast gəlmək olar. Kaşqarlı Türküstanın sərhədlərini bir az daraldaraq Xəzərdən Çinə qədər uzanan bölgə olaraq təsvir edir. Türkcəmizdə isə Türküstan anlayışı, Bartoldun tərifinə yaxın - qərbdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanı, cənubda Əfqanıstanın şimalını, şərqdə Şərqi Türküstanı əhatə edən qədim Türk yurdlarını ifadə etmək üçün istifadə olunur.
Türküstan sözünə verilən ikinci məna ulu Türküstanın mənəvi özəyi olan, Qazaxıstan sərhədləri içərisində yerləşən kiçik bir şəhər - Türküstana aid edilir. Bu kiçik şəhər, əslində ölkələrə verilən böyük ismini, Orta Asiya coğrafiyasında qəbul etdirmiş olsa da, Anadoluda hələ köhnə adı Yesini unutdura bilməmişdir. Yesi bu gün Qazaxıstanda Çinkənd vilayətinə bağlı Türküstan şəhərinin məlum olan ən qədim adı, yerləşmə yeri isə Kültəpə deyilən bölgədir.
Kültəpə - üzərində Yesi şəhərinin qurulduğu təpəciklərdir. Adı niyə Kültəpədir? Məlum deyil! Görəsən, Asiyadan Anadoluya kimi, bütün türk dünyasını yandırıb bir qasırğa kimi külünü sovuran monqol istilalarından əvvəl də onun adı Kültəpə idimi? Bilən yoxdur! Kültəpə doqquz metrlik yüksəklik olduğundan, buradakı kəndə də “Yassı” deyilir. Yassı daha sonralar xalqın dilində “Yessi” və “Yesi” olur. Bu fikir Yesi sözünün məlum olan tək etimologiyasıdır.
Monqolların böyük türk bilicisi Fərabinin doğulduğu və onun dövründə parlaq elm və ticarət mərkəzi olan Otrarı (Fərab) yandırıb yerlə-yeksan etdikləri dövrdəki mənbələrdə Yesidən çox tez-tez bəhs etməyiblər. Kültəpənin üzərində yerləşən bu kiçik kənd o dönəmlərdə mühüm əhəmiyyət kəsb edən yer olmamışdır. Belə olsa da, Yesi monqol istilaları zamanı yandırılaraq tamamilə məhv edilir. Yeni Yesi tarixdə yandırılan hər bir şəhər kimi, köhnə yerindən bir az uzaqda salınır və bugünkü yerində, yəni Kültəpənin qərbində yenidən qurulur. Ancaq Kültəpə boş qalmır və Kültəpədə monqol istilasının külləri arasında bir ocaq yanmağa başlayır. O, nuruyla bütün qaranlıq könülləri aydınlatmağa kifayət edən işıqdır və bu işığın şəfəqi yalnız Yesini deyil, bütün Türküstanı, Qafqazı, Anadolunu tutur.
Bir rəvayətə görə Kültəpədə salınan şəhərin adı Yesi olmazdan əvvəl “Asan”dır. Asan, yəni sakit, sülh dolu... Yenə də Kültəpədə yanan atəşin alovlarından “asanlıq” yayılır. Və bu bir atəşdir ki, böyük bir mədəniyyətin ruhunu isidir və önünü işıqlandırır. Və bu bir qordur ki, monqol istilasının yaralarını dağlayır. Və Yesi tarixdə ən parlaq dönəmini, Kültəpənin külləri arasında böyük bir ocaq quran Qul Xacə Əhmədin XII əsrdə burada məskunlaşmasıyla yaşamağa başlayır.
Qul Xoca Əhməd Qazıqurd dağının ətəklərində salınmış Türküstandan təxminən 200 km məsafədəki Sayram şəhərində dünyaya gəlib. Atası İbrahimin və anası Karasaçın məzarları bu gün Sayramın dağa söykənən hissəsindədir. Onun Türküstana ilk gəlişi kiçik yaşlarına təsadüf edir və ilk təhsilini də burada Arslan Babadan alır. Mənkıbəyə görə Arslan Baba Peyğəmbərin əsabələrindəndir və Kiçik Əhmədə Peyğəmbər əmanəti xurmanı gətirmişdir. Dostları ilə birlikdə oyun oynayan Əhməd Arslan Baba yoldan keçərkən ona doğru qaçır və “səndəki əmanətimi ver” deyir. Arslan baba xurmanın sahibinin bu balaca uşaq olduğunu anlayır.
Xalq arasında çox tez-tez danışılan bu cür hekayətlərin təbiətini bilənlərə məlumdur ki, mənbələr olan hadisələri bir-bir anlatmaqdan çox, sətirlərin arasında gizlənən mənaları, simvolları yayır və yaşadırlar. Onlardan hamı özünə uyğun mənalar çıxarır. Bu, okeandan öz qabının həcminə uyğun su almağa bənzəyir. Hər kəsin qabındakı su okean suyudur, lakin heç kimin suyu okean deyildir. Mənbələrin bu xüsusiyyətlərinə görə qeyd edim ki, Arslan Baba mənbəyində söz açılan xurma da, bu ümumi xarakteristikaya uyğun gəlməlidir. Arslan Babanın gətirdiyi “Peyğəmbər əmanəti xurma” bildiyimiz Mədinə xurması olmaqdan çox, bir simvoldur. Elmlərin açarıdırmı, yuxarıların şirin yemişidirmi? Niyazi Misri Yunusun şeirlərini şərh edərkən bəzi simvollara gəlincə “əhlinə məlumdur” deyərək, orada nə deyildiyini açıqlamır. Biz də “xurma”ya bu cür yanaşaq: bizə məlum olmasa da, əhlinə məlumdur.
Bu “xurma”nın sahibi və böyük elmin arxasınca düşən Əhməd Buxaraya Xoca Yusif Həmədaninin yanına gedir, burada formalaşır. Ustadının vəfatından sonra Yesiyə dönür.
Bax, bu dönüş Yesinin taleyini dəyişdirəcəkdir. Və əvəzində Yesi adını Qul Xoca Əhmədə verir. Əhməd, Əhməd Yasəvi olur. Yasəvi adıyla birlikdə Yesi də tanınmağa başlayır. Lakin onda yaşayanın böyüklüyü özündən çox ucadır. Buna görə şəhər bir müddət sonra sakininin tituluyla xatırlanmağa başlayır. Çünki Qul Xoca Əhməd:

Şahı Türküstandır;
Mahi Türküstandır;
Və Piri Türküstandır.

Yasəvi Türküstanın piridir. Hətta Türküstanın mənəvi sahibidir. Türkiyə türkcəsində “Xoca Əhməd Yasəvi” olaraq söylədiyimiz “Xoca titulu” qazax dilində və əski türk dilində “k” və “h” səslərinin ortaq birləşməsi ilə tələffüz edilərək “khoca” deyilir və “sahib” mənasını verir. Həvəskarcasına etimologiyaya baş vursaq, Türkiyə türkcəsindəki “Xoca” və “koca” sözlərinin kökü “khoca” olmalıdır. “Xoca” elmin sahibi, “koca” evin, eşiyin və elin sahibidir. Yəni, bizim “koca Yunusun” “kocalığı” ilə “Xoca Əhmədin” “Xocalığı”, elin sahibi “Türkmən Kocalarının” “kocalığı” da eyni nəsnələrdir. Dolayısı ilə Xoca Əhməd Yasəvi hər iki mənada Türküstanın sahibidir. Xalq “Xoca” desə də incə irfanı və təmiz vicdanıyla bu titulun əvvəlinə “qul” ifadəsini də əlavə edir.
Xoca Əhməd Kültəpənin üzərində ocağını qurur və könülləri işıqlandırır. Gözəli gözəllik içində təqdim edir. “Hikmətlər” adını verdiyi şeirləriylə türk təsəvvüf ədəbiyyatının ilk yaradıcısı olur. Bu şeirlərində ayət və hədislərin daşıdıqları mənaları xalqın başa düşə biləcəyi tərzdə dilə gətirir. Müqəddəs mesac yüklü “Hikmətlər” dildən-dilə, könüldən-könülə dolaşır. Hələ də xalq arasında əzbər bilinən “Hikmətlər” Anadoluda xüsusi günlərdə oxunan Süleyman Çələbi Mövludu kimi özünə uyğun bir qaydada dinlənilir. Mövlud Qəndilində və ya sünnət toyunda yaşlı bir adamın nə isə oxuduğunu görsəniz, bilin ki, Yasəvi Hikmətlərini söyləyir.
Xoca Əhməd Kültəpədə yanan atəşdən şərqə, qərbə qığılcımlar sıçradır... Orta Asiyadakı bütün türk elində, hətta İdil-Ural, Qafqaz, Anadolu və Balkan türkləri arasında onun “Hikmətlər”i oxunur, yetişdirdiyi qəhrəmanlar, onun metoduyla könüllərin yetişdirilməsinə davam etdirirlər. Başqırdıstanda Şeyx Hüseyn, Qafqazlarda Avşar Baba, Tokatda Gacgac Dədə və Şeyx Hüseyn, Merzifonda Pir Dədə, Kırşəhərdə Hacı Bektaş, Bursada Geyikli Baba və Abdal Musa, İstanbulda Horoz Dədə, Filibedə Kidemli Baba Sultan, Varnada Akyazlı Baba, Babadağda Sarı Saltuk türk aləminə səpələnmiş və Kültəpədən aldıqları atəşi, hərarəti və aydınlığı getdikləri yerlərə saçmış Yasəvi qəhrəmanlarının ağsaqqallarındandır.
Xoca Əhməd Yasəvi 1166-cı ildə vəfat etdikdən sonra onun qəbrini türk xalqları ziyarətə başlayır. Bundan başqa, Otrarın yox olmasından sonra artıq Yesi İpək Yolunun vaz keçilməz guşələrindən biri olur. Şərqdən-qərbə, şimaldan-cənuba karvanlar həmişə Yesidən keçib gedir. Yesi artıq əvvəlki Yesi deyildir. O, ulu Türküstanın qor atəşi, Türk-İslam mədəniyyətinin toxumudur.
Yesi şəhəri Qul Xoca Əhmədə adını verirsə, bir müddətdən sonra Yasəvi də öz şöhrətini şəhərə verəcəkdir. Yaşadığı və uyuduğu şəhər onun adıyla xatırlanacaqdır. Artıq Yesinin titulları:

Şehri Şahı Türküstandır;
Şehri Mahı Türküstandır;
Və Şehri Piri Türksütandır.

Şəhərin adı XV əsrin sonuna qədər Yesi olub. XVI əsrdə Yesiyə Türküstan deyilməyə başlanılır və XVII əsrdə artıq bütün mənbələrdə Yesidən Türküstan deyə bəhs edilir. O dövrün bir çox ziyalıları tərəfindən Türküstan, dönəmin məşhur şəhərləri Səmərqəndlə, Buxarayla müqayisə edilir. Hətta Babür dönəmində yaşayan Şair Şeybani kimi bəziləri üçün onlardan da ucadır:

“Övliyalar sərvəri ol Şahı Türküstan imiş,
Yer üzünün nuru tutqan Mahi Türküstan imiş,
Könlümə gəl gir diyormen ol Semerkand arzulap,
Bilmemişsen ey könül Dilhani Türküstan imiş”.

Hazırladı:
Almaz ÜLVİ
(Yazı ilk dəfə ”Xalq qəzeti”nin 03.11.2009-cu il tarixli sayında "Türküstanın tarix səhnəsinə çıxışı və Xoca Əhməd Yasəvi" adı ilə çap olunub)

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə