Dr. Almaz ÜLVİ

 /AMEA Rəyasət Heyətində akd. Musa Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışın mətni/

 

 BMT-nin elm, təhsil və mədəniyyət məsələlərinə baxan ixtisaslaşmış hökumətlərarası təşkilat olan YUNESKO-nun  fəaliyyətində Azərbaycan keçmiş SSRİ-nin müttəfiq respublikalarından biri kimi  1960-cı illərdən iştirak etməyə başlamışdır. Professor Mehdi Mehdizadə 1961 - 65-ci illərdə YUNESKO-nun Əddis-Əbəbə (1961) və Abican (1964) şəhərlərində keçirilmiş tədbirlərində, habelə 11-ci və 13-cü baş konfranslarında (Parisdə) iştirak etmişdir. Bundan başqa, YUNESKO 1967-ci ildə fransız dilində M. F. Axundovun komediyalarını,  Azərbaycan muğamlarından ibarət iki val və iki audio-kasset buraxmışdır. Parisdəki mənzil qərargahında "Azərbaycan xalçaları" (1981), "Azərbaycan əlyazmaları" (1985), Londonda isə "Bakının memarlğı" (1985) sərgiləri keçirilmişdir. Nəsimi və Ü. Hacıbəyovun yubileyləri dünya səviyyəsində qeyd olunmuşdur. Görkəmli alimlərimizin məqalələri YUNESKO-nun nüfuzlu nəşrlərində dərc edilmişdir. Bu siyahını, belə faktları bir qədər də artırmaq olar. Amma burada bir məsələ var idi ki, bütün bunlar SSRİ deyilən bir hökumətin adına yazılırdı. SSRİ deyəndə isə Azərbaycan, gürcü, türküstanlı yox, göz önünə məlumdur ki, hansı millət gəlirdi və bütün bunlar - maddi, mənəvi dəyərlərimiz onların ünvanına, onların tarixinə yazılırdı. Çünki, adından da göründüyü kimi, bu, hökumətlərarası təşkilat idi.
 Müstəqil Azərbaycan dövləti adına ilk tədbir haqda bir-iki kəlmə deyim. 1993- cü ildə YUNESKO Baş Konfransının 27-ci sessiyası zamanı dahi şairimiz Füzulinin 500 illik yubileyi YUNESKO-nun dahi şəxsiyyətlərin doğum günlərinin qeyd edilməsi siyahısına daxil edildi. Bu yubiley 1996-cı ildə YUNESKO xətti  ilə dünyanın çox ölkələrində qeyd olundu. YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının yaradılması  haqqında ümummilli liderimiz Heydər Əliyev 1994-cü il 12 fevralda sərəncam imzaladı.
 Münasibətləri daha da sıxlaşdırmaq, əlaqələri möhkəmləndirmək naminə və nəhayət, əməkdaşlığın zirvəsi kimi müstəqil Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva dünyanın saydığı, tanıdığı bu mötəbər təşkilatın xoşməramlı səfiri - xoşniyyətli elçisi seçildi. Bu məsələni müstəqil ölkəmiz adına, millətimiz şərəfinə böyük hadisə-tarixi hadisə kimi dəyərləndirə bilərik. Bu gözəl, nəcib, zərif duyğulu, xanım-xatın elçinin- YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfirinin ötən illər ərzində gördüyü işlər, çəkdiyi zəhmətlər göz qabağındadır. Vaxta qənaət etmək niyyəti ilə konkret olaraq ötən ilin əvvələrində qəbul olunmuş bir qərarın sevincini bölüşmək üçün mənə də fürsət verilmişdi.
 Ötən il çağdaş dünyamızın elm, mədəniyyət, ədəbiyyat təntənələrinin beynəlxalq səviyyədə qeyd olunduğu YUNESKO-da bir dəfəyə Azərbaycan ünvanlı 4 bayramın keçirilməsinə dair imzalanma xəbərinə hər birimizin sevinmişdik. Bu məsələ də Azərbaycan ədəbi-mədəni həyatında böyük hadisə idi. Bu o deməkdir ki, YUNESKO təşkilatında Azərbaycan ünvanlı dörd səhifə vərəqlənəcək, dörd ayrı-ayrı bayram-yubiley məclisi təşkil olunacaq, Azərbaycan elminin, mədəniyyətinin beynəlxalq səviyyədə toplantısı keçiriləcəkdir. 500 il əvvəl Füzuli qəlbindən atəşlənən eşq dastanının təsiri ilə Üzeyir bəy ruhundan sədalanan “Leyli və Məcnun” operasının, təbiətin Səttar Bəhlulzadə möcüzəsinin, sevimli yazıçı və böyük alim Mir Cəlalın və Azərbaycan geologiya elminin banilərindən biri, akademik Musa Əliyevin- hər birinin 100 illik yubileyi bayram ediləcək.
 Hətta burada da deyildiyi kimi, YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil  olmuş yubileylərin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  31 yanvar 2008-ci il tarixdə sərəncam imzaladı.
 Azərbaycan adına toplanan bu mötəbər məclislərdə dünyanın sayılıb-seçilən ziyalıları - elm, sənət adamları, hətta siyasət adamları o məclisdə oturacaq, bir daha məlumatlanacaq, öz ölkəsində bu haqda danışacaq, ürəyi istəsə, Azərbaycanla bağlılığı olsa - bir tədbir də öz vətənində quracaq, beləcə, il boyu dünyanın müxtəlif yerlərində Azərbaycan adı, Azərbaycan bayrağı, Azərbaycan ziyalısı, Azərbaycan mədəniyyəti uca səslə bir daha şərəflənəcəkdir. Ötən aylar, günlər bu dediklərimizin kerçəkləşdiyini təsdiq etdi.
 2008-ci il Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" operasının səhnə həyatının 100 illik bayramıdır. Amma "Leyli və Məcnun" əfsanəsinin tarixi uzaq minilliklərdən başlayır. Leyli və Məcnun (Qeys) adlı iki gəncin eşq əfsanəsi Şərqdə yaransa da, zaman ötdükcə, dünya ədəbiyyatının nadir incilərindən birinə çevrilmişdir. Füzuli bir eşq əfsanəsi, könül sevdası olan "Leyli və Məcnun"u ilə bir daha orta əsr Şərqinə sübut etmişdi ki, türk dilində dünya ədəbiyyatının ən nadir incilərini yaratmaq mümkündür. 370 ildən sonra Füzulinin eşq dastanına milli xalq musiqisindən ruh, can verən Üzeyir bəy isə 22 yaşında idi. Bu yaş gəncliyin eşqlə qaynadığı, coşduğu, göylərdə pərvazlandığı vədəsidir. Üzeyir bəy də bu mövzuya bir eşq məsələsi kimi yanaşmış və qəlbinin istəyi ilə bu əfsanəyə musiqili səhnə həyatı vermişdir. Xalq musiqisinə ruhən bağlı olan gənc Üzeyir bəy  "Leyli və Məcnun"u yaratmaqla bütün müsəlman Şərqində opera sənətinin təməlini qoydu. Öz musiqi dünyasında Füzuli şeiriyyətinin səsini ülvi gözəlliklə duyan bəstəkarın şöhrəti çox tezliklə səs-səda doğurdu. O, Füzuli dühasından doğan romantikaya xalq qəlbindən süzülən muğam və təsniflərlə bir ayrı gözəllik  bəxş etmişdi.
 Boyakarlıq sənətimizdə mənzərə canrının yaradıcılarından biri Səttar Bəhlulzadə təbiət aşiqi idi. Təbiətin dilini, canlı nəfəsini olduğu kimi duya bilib və onun gözəl mənzərələrini ustalıqla kətana köçürüb. Bu, Səttarın təbiət möcüzəsidir. Səttar da təbiətin, doğulduğu, boya-başa çatdığı və son mənzilini tapdığı Abşeron torpağının Əmircan guşəsinin möcüzəsidir. Bu iki möcüzənin qovuşmasından yaranan əsərlər milli mədəniyyət xəzinəmizin bəşəri, nadir incilərindəndir. Səttarın təbiət mənzərələrinin hər birində oricinal, bəlkə də, fantastik lövhələrlə rastlaşmaq mümkündür. Çünki o, naturada gördüklərini, təəssüratlarını öz romantik sevgi və baxışları ilə sintezləşdirib qeyri-adi tablolar yaradıb. Səttar təbiətə belə baxışıyla öz məktəbini yarada bilmişdir. Onun məşhur "Kəpəzin göz yaşları" tablosunu xatırlayaq: Tamaşaçıların da, böyük rəssamların da qənaəti belədir ki, buradakı rəng çalarları, kompozisiya, sücet, üslub inandırıcı və gözəldir. Səttarın təbiətə sonsuz sevgisinin ifadəsi olan əsərləri düzü-dünyanı gəzib, özünün ömrü boyu ayaq basmadığı şəhərlərin - Parisin, Neapolun, Vyananın, Havananın, Berlinin, Dəməşqin, Beyrutun, Bağdadın... sərgi salonlarında nümayiş olunub. Milyonlarla insanın qəlbini fırçasının nağılıyla fəth edib.
Mir Cəlal. Heç bir fəxri ad, titul adı çəkmədən bu təqdimat daha cadə, daha nəhəng səslənir. İnsan qəlbini ilıq duyğu çulğalayır. Bu məhəbbəti, ehtiramı Mir Cəlal sağlığında özü qazanmışdır. Biz tələbələrindən, oxucularından. Çox güman ki, Mir Cəlalın ikinci, üçüncü, ..., yeddinci ...  yüzillik bayramları daha çox onun ölməz əsərlərinin işığında, bəşəri dəyəri fonunda Azərbaycan xalqının, dünya ədəbi ictimaiyyətinin diqqətində dayanacaq, qeyd olunacaq. Bu yüzillikdə isə onun birbaşa ünsiyyətdə olduğu adamların - dərs dediyi tələbələrinin, elmi rəhbərlik etdiyi alimlərin, həmkarlarının xatirələri dinlənir və bu, yubiley tədbirlərinə bir ayrı ovqat gətirir. O, sevilən Yazıçı, görkəmli Alim və unudulmaz Müəllim olub.
 Azərbaycan-özbək ədəbi əlaqələri müstəvisində elmi-tədqiqat üzərində işlərkən maraqlı bir nüans diqqətimdən qaçmadı. Mir Cəlal yaradıcılığı bir çox xalqlar kimi, özbək oxucularına da, ədəbiyyatşünaslarına da tanış və doğmadır. Özbək ədəbiyyatşünaslığında, xüsusən Lütfi, Nəvai, Babur, Məşrəb, Agahi kimi özbək klassiklərinin yaradıcılığı ilə bağlı tədqiqatlarda klassik Şərq poetikasına aid istilahların ön plana çəkilməsi, qəzəlin poetik xüsusiyyətlərinin təhlilində orta  əsrlər Şərq ədəbiyyatşünaslığına məxsus bədii təsvir vasitələrinə (təşbeh, istiarə, mübaliğə, təzad və s.) üstünlük verilməsi özündən sonrakı tədqiqatçılara Maqsud Şeyxzadənin təsiri, Maqsud Şeyxzadənin özünə isə görkəmli Azərbaycan ədəbiyyatşünası və nəzəriyyəçisi, professor Mir Cəlal  Paşayevin təsiri kimi diqqəti cəlb edir. Belə ki, Şərqdə qədimdən xüsusi poetika elminin  ("ilmi-bədae", "ilmi - sənsa", "ilmi- əruz" və s. ) mövcudluğuna və klassik şeiriyyəti bu elmin prinsip və qaydaları ilə tədqiq etməyin vacibliyinə  ilk dəfə Mir Cəlal Paşayev özünün məşhur "Füzuli sənətkarlığıı" adlı monoqrafiyasında diqqəti yönəltmiş, Maqsud Şeyxzadə isə Əlişir Nəvai haqqında məqalələrində, o cümlədən, "Ustadın icadxanasında", "Qəzəl mülkünün  sultanı" adlı tədqiqatlarında Mir Cəlal Paşayevdən sitatlar, iqtibaslar gətirərək, bu yeni elmi-nəzəri yanaşma üsulunu özbək ədəbiyyatşünaslarının diqqətinə həvalə etmişdir Sonralar Özbəkistanda “poetik sənətlərə” maraq birdən-birə güclənib, hətta Azərbaycandan fərqli olaraq, ilk farsdilli orta əsr mənbələri özbəkcəyə tərcümə olunub. Daşkənddə nəşr olunsa da, bu sahədə ciddi uğur qazanan özbək ədəbiyyatşünasları və nəvaişünasları (Ə. Həyitmətov, Ə Qəyyumov, Y.İshaqov, B.Rəhmanov, Ə.Əbdülqafurov, S.Qəniyeva və başqaları) bu və ya digər şəkildə (birbaşa və ya dolayısıyla) Mir Cəlalın “Füzuli sənətkarlığı”ndan bəhrələnmişlər. Bu və ya buna bənzər faktlar xalqlarımız arasında ədəbi əlaqə və ədəbi təsirin yeni, özünəməxsus bir təzahür formasını üzə çıxarmağa imkan verir. Bu faktlar eyni zamanda Mir Cəlalın XX əsr Azərbaycan-özbək ədəbi əlaqələrinin təşəkkülü və inkişafındakı özünəməxsus yerini müəyyənləşdirir. Ötən il Maqsud Şeyxzadənin 100 illik yubileyi münasibəti ilə Özbəkistana dəvət olunmuşdum və Mir Cəlalın avtoqrafı ilə 1958-ci ildə Maqsud Şeyxzadəyə bağışlanmış “Füzuli sənətkarlığı” kitabını orada - sərgidə gördüm və yuxarıda qeyd etdiyim qənaitimin mənbəyi ilə rastlaşdığıma sevindim.
 Qeyd  etdiyim yubileylərlə bağlı material hazırlamaq istəyəndə digər üç mövzuya dair xeyli məlumatım olduğu halda, haqqında demək olar ki, çox az bildiyim akademik Musa Əliyevdən yazmağı qərara aldım. Əldə etdiyim bir-iki elmi məqalə ilə kifayət qədər məlumatlana bilmədim. Belə olduğu halda,  akademik Musa Əliyevin qızı şərqşünas alim Rəna xanım ilə əlaqə saxlamaq ehtiyacını duydum. Rəna xanımla zəngləşdik və görüşdük. Sən demə, Musa Əliyev haqqında söhbətləşmək üçün YUNESKO xətti ilə bütün dünyada yubileyi qeyd ediləcək digər görkəmli şəxsin-Mir Cəlalın evinə gəlirəmmiş. Maraqlı və möcüzəvi təsadüf. Bir ailədə iki gözəl bayramın ovqatı yaşanırdı. Bu da Allahın xoş qismətindəndir - deyə düşündüm. Musa Əliyev ünvanlı səhifələri vərəqlədikcə, böyük bir elm xadimi, Vətənini, millətini sevən bir şəxsiyyətlə sanki üz-üzə dayandım. Düzü, hələ də təəccüb edirəm ki, niyə belə bir ziyalının - milli elm tariximizdə silinməz izlər açan bu görkəmli şəxsiyyət haqqında indiyəcən az məlumat, az informasiya olub, əv azı orta nəsildən bu yanı nəzərdə tuturam (bəlkə mənə belə gəlir). Bunun səbəbi onların - həm özünün, həm də övladlarının çox təvazökar və səmimi olmalarıdır. Araşdırmalarımdan sonra öyrəndim ki, o, öz sahəsində neft elminə böyük yeniliklər gətirib. Geologiya elminin paleontologiya sahəsi üzrə uğurlar qazanmaqla yanaşı, həm də böyük məktəb yaratmışdır və elmin bu sahəsində çalışan alimlərimiz məhz onun da-vamçıları, yetirmələridir. O, Azərbaycanda mezazoy faunasının sistemli öyrənilməsinin banisi kimi tarixi iz açmışdır. Azərbaycan Dövlət Plan Komitəsinin sədri Musa Əliyevin SSRİ Dövlət Plan Komitəsinin sədri Baybakovla olan yaxın əməkdaşlığı Neft Daşlarının - möcüzəli dəniz şəhərinin nəhəng layihəsinin həyata keçirilməsində az rol oynamamışdır. Neft sənayesi ilə bağlı milli kadrların - istər yüksək səviyyəli mütəxəssislərin, istərsə də elmi-pedaqoci kadrların yetişməsi birbaşa Musa Əliyevin adı ilə bağlıdır. 44 yaşında Azərbaycan Elmlər Akademiyasının prezidenti seçiliən Musa Əliyev 1950-58-ci illərdə bu məsul vəzifədə çalışır. Əlcəzair Respublikasının neft yataqlarını kəşf edib. Akademik Budaq Budaqov demişkən, Musa Mirzə oğlu göründüyü kimi olan və olduğu kimi görünən alim olub. Milli rəsədxanamızın yaranmasının dövlət orqanları səviyyəsində həll olunmasına ilk dəfə Musa Əliyev nail olmuşdur.
 İndiki akademiya şəhərciyinin salınmasında - layihəsinin, tikintiyə icazəsinin, maliyyə məsələsinin Moskvada təsdiq olunmasında onun xidməti müstəsnadır. O, gözəl ailə başçısı - vəfalı ömür-gün yoldaşı, mehriban, qayğıkeş ata olmuşdur. Bu günkü tədbir akademik Musa Əliyevə həsr olunduğubdan onun haqqında kifayət xoş xatirələr dilləndi və məmuniyyətlə dinlədik..
 Müstəqil Azərbaycan adına olan belə mötəbər məclisilərin keçirilməsinə bir də ona görə qəlbən sevinirəm ki, bu azadlığın əldə edilməsində, müstəqilliyimizin qazanılmasında -
 Həyat üçün doğulmuşuq
 Vətən üçün ölməliyik!

 - deyən Ülvinin-20 yanvarda milli azadlıq mübarizəsində şəhid olmuş 20 yaşlı Ülvi Bünyadzadənin də payı vardı, özü də ömür payı. Qoy həm də bu xatirə Müstəqil Azərbaycanımız daim nura bələnsin.
 Müstəqil Azərbaycanın bu gözəl bayramları mübarək!
 

 ***

 P.S. Noyabrın 5-də AMEA Rəyasət Heyətində (RH) AMEA Rəyasət heyəti və AMEA Geologiya İnstitutunun (Gİ) təşkilatçığı ilə görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, professor, fəxri neftçi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, Elmlər Akademiyasının sabiq prezidenti, akademik Musa Mirzə oğlu Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
 Tədbiri giriş sözü ilə AMEA prezidenti, akademik Mahmud Kərimov açdı. Sonra  AMEA Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə akademik İsmayıl İbrahimov, akademik Abel Məhərrəmov, akademik Xoşbəxt Yusifzadə, akademik Siyavuş Qarayev, AMEA-nın müxbir üzvü  Vasif Babazadə, yazıçı-publisist Almaz ÜLVİ, akademik M.Əliyevin qızı Rəna Paşayeva çıxış etdilər.

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə