Dr. Almaz ÜLVİ
 AMEA Nizami adına Ədəbiyyat İnstitutu

 

 Cığatay (özbək) ədəbiyyatı istilahı monqol istilasından sonra Orta Asiyada təşəkkül etmiş türkdilli ədəbiyyata, xüsusən Əmir Teymur və Teymurilər dövründə meydana gələn türkdilli ədəbiyyata şamil edilir. Qeyd edək ki, türk ədəbiyyatı tarixindəki cığatay (özbək) ədəbiyyatı dövrü birdən-birə yaranmamışdır. Bu ədəbiyyatın qədim kökləri Avestadakı şeir və əsatirlərə, Orxan -Yenisey abidələrinə, türk-uyğur ədəbiyyatına və s. gedib çıxır. Ədəbiyyatşünaslıqda isə bu dövr ədəbi abidələri türkdilli xalqların müştərək ədəbiyyatı hesab edilir. Cığatay (özbək) ədəbiyyatının yaxın tarixinə isə İslamdan sonrakı dövrdə yaranmış–Yusif Balasaqunlunun "Qutadqu-bilik", Mahmud Kaşqarlının "Divani lüğəti-it-türk" və s. əsərlər aiddir. Eyni zamanda onun yeni bir inkişaf mərhələsini Xarəzm - Altınordu türk ədəbiyyatı əhatə edir. 17 əsrlik tarixə malik olan cığatay-türk ədəbiyyatı bütövlükdə türkdilli ədəbiyyatın nəhəng bir qoludur. Yuxarıda qeyd edildiyi kimi, dar mənada nəzərdə tutulan  cığatay ədəbiyyatının islamdan sonrakı dövrünün yeni bir səhifəsi olan Xarəzm və Altınordu cığatay (özbək) ədəbiyyatı Xorasan və Mavəraünnəhrdə təşəkkül tapmış və inkişaf etmişdir. Bu dövr şah və şahzadələr sarayında əsas dil türk - cığatay (özbək) dili idi. Əmir Teymur dövrünün ilk bədii əsəri tarixi fakt olaraq Əmirin özünün 1381-ci ildə uyğur əlifbası ilə yazılmış on bir sətirlik «Kitabəsi»dir. Həmin «Kitabə»nin mətnini avropalı türkoloq N. N. Ponne tərcümə etmişdir: (kitabənin baş tərəfindəki üç sətir-ərəb hərfləri ilə olan sətirlər oxunmamışdır) "Yeddi yüz. . . . Qara Toxmaq" (təxminən Qıpçaq) ölkəsinə qoyun ili baharının orta ayında Turanın sultanı Timur bəy iki yüz min əsgəri ilə ad-sanı üçün Toxtamış xanın üzərinə hücum etdi. Bu yerə gəlişi tarixə düşsün deyə müharibə etdi. Tanrı bunu ədalətə yazsın, inşalllah. Tanrı xalqa rəhm eyləyə və bizi dua ilə yad edələr" (6,s.80-103).
Əmir Teymur və Teymurilər dövrünün ilk tanınmış şairlərindən Mir Heydər Xarəzminin Nizami ədəbi irsindən faydalanaraq yazdığı "Məxzən ül-əsrar" məsnəvisi, Yusif Əmir «Divan»ı, «Dəhnamə"si və «Bəngübadə» münazırəsi, Əhməd Yasəvinin qardaşı İsmayıl Atanın oğlu Ətayi təsəvvüf və məhəbbət şeirləri el arasında məşhur idi. Bu dövrün ədəbiyyatından danışarkən şair Səkkakinin adını xususilə qeyd etmək olar. Nəvainin yazdığına əsasən o, daha çox Uluğ bəy dövründə şöhrətli olmuşdur. Onun Uluğ bəy və Arslan Xacə Tərxandan-hər birinin adına dörd, Əmir Teymurdan sonrakı hökmdar Xəlil Sultan adına yazdığı bir qəsidəsi var.
Əmir Teymurun nəvələrindən Baysunqur–Uluğ bəy dövrü Türküstan və Xorasanın, hətta İslam dünyasının elm, sənət, ədəbiyyat və incəsənət sahəsində tarixi yüksəliş dövrü sayılır. Həmin dövrün görkəmli şairlərindən biri–Əlişir Nəvainin "əziz və mübarək adam" adlandırdığı Lütfi idi. Lütfinin şeirləri o vaxtlar bütün Turan ellərində yayılmışdı. Ədəbiyyatdakı belə yüksəliş türk ədəbiyyatını klassik fars ədəbiyyatı boyuna qaldırmışdır. Şair Lütfi məşhur "Gül və Novruz" məsnəvisini İsfahan hakimi İskəndər Mirzə adına yazmışdır.
Böyük mütəfəkkir, dahi şair Əlişir Nəvainin yazıb-yaratdığı illər cığatay (özbək) ədəbiyyatının, bütövlükdə türkdilli ədəbiyyatın qızıl əsri, yüksəliş və intibah dövrü sayılır. Gədayi, Əhmədi, Dürbək... kimi şairlərin yaradıcılığı məhz həmin dövrün klassik ədəbi salnamələridir. Bəli, cığatay (özbək) ədəbiyyatının Nəvai dövründə türk dili xüsusi inkişaf mərhələsi keçmişdi. Məhz Əmir Teymur sultanlığının xidməti sayəsində türk - cığatay (özbək) dili elə bir zirvəyəcən tərəqqi etdi ki, islam dünyasının üç böyük dilindən birinə çevrildi. Əlişir Nəvainin ədəbi fəaliyyətinin "bahar vaxtı" Sultan Hüseyn Bayqara sarayında çalışdığı illərə təsadüf etmişdir.
Teymurilər nəslinin sonuncu görkəmli nümayəndəsi Hüseyn Bayqara (1438-1506) da şair idi. O, 1438-ci ildə Heratda doğulmuşdur. Əlişir Nəvainin atası Qiyasəddin Kiçginə Bahadur Hüseyn Bayqaranın atası Əmir Qiyasəddin Mənsur ilə süd qardaşı olmuşlar. Bu səbəb də daxil olmaqla onların uşaqları da bir yerdə böyümüş və məktəbdə də birgə oxumuşdular. Məktəb illərindən sonra Hüseyn Bayqara saray işlərində çalışmışdır. Bir müddət sonra o da Teymuri varisləri arasındakı taxt-tac mücadiləsinə qoşulmuşdu. 1469-cu ildə bu mücadilədə qalib gələn Hüseyn Bayqara Heratda hakimiyyəti ələ alıb hökmdar oldu. O, yüksək elmi, geniş dünyagörüşü, ziyalı səviyyəsi, şair qəlbi ilə hökmdarlığı dövründə məmləkətdə elmə, mədəniyyətə, ədəbiyyata geniş meydan vermişdi. Şahrux hakimiyyəti dövründən ölkənin paytaxtına çevrilən Herat artıq Şərqin mədəniyyət mərkəzlərindən birinə çevrilmiş, şöhrəti hər yana yayılmışdı. Qırx ilə yaxın hökmdarlığı dövründə o, Şərq tarixində ən xeyirxah hökmdarlardan biri kimi tanınmışdır. Humanizmi ilə fərqlənən Hüseyn Bayqara Herat sarayında son dərəcə gözəl elm və sənət mərkəzi yaratmışdı. Fars şairi Əbdürrəhman Cami, məşhur tarixçilər, o cümlədən Qantemir, rəssam Behzad məhz Hüseyn Bayqara sarayında yaşayıb - yaradırdılar.
Hüseyn Bayqara gözəl lirik şeirlər müəllifi idi. Onun divanı hər yana – ən böyük kitabxanalara yayılmışdı. Tədqiqatçıların qeydinə əsasən, onun qəzəlləri cığatay (özbək) şairlərinin qəzəllərindən fərqlənirdi. Təbiət gözəlliyi, eşq, məhəbbətlə dolu xoş duyğular Hüseyn Bayqara poeziyasının məzmununda xüsusi yer tuturdu. O, cığatay (özbək) dilini gözəl bildiyindən hətta şeirlərində yad, alınma sözlərdən çox az istifadə etmişdir.
 Hətta hökmdarlıq etdiyi ölkədə cığatayca (özbəkcə) yazmaq barədə fərman imzalamışdır. Fars dilinin bütün Şərq dünyasında tüğyan etdiyi dövrdə bu fərman xüsusi əhəmiyyət daşıyırdı. Hüseyn Bayqara sarayının baş vəziri Nəvai ilə İraqdan saraya qonaq gəlmiş şair Bənnayi arasındakı söhbət əsrlərdir ki, rəvayətə dönüb danışılır. Söhbət əsnasında Bənnayinin sözünə hiddətlənən Nəvai: "Bənnayi, danışıq həddini aşdın. Sənin ağzın pisliklə doldurulmalıdır" - demişdir. Bənnayi isə onun sözünə cavab olaraq: "Pislik doldurmaq elə də çətin iş deyil. Türk dilində bir şeir oxumaq kifayətdir" – demişdir. Türk dilinə - cığatay (özbək) türkcəsinə münasibətin pis olduğu belə bir zamanda Hüseyn Bayqaranın türk dilinə - cığatay (özbək) türkcəsinə dair imzaladığı fərman ölkənin elmi dairələri və dövlət adamları üçün müəyyən mənada dövlət dilinin inkişafı və yayılması üçün böyük önəm daşıyırdı. Tarixçilərin, tədqiqatçıların rəyidir ki, cığatay (özbək) ədəbiyyatının ən yüksək inkişaf mərhələsi Hüseyn Bayqaranın hökmdarlığı illərinə təsadüf edir.
Hüseyn Bayqaranın hökmdar kimi tarix qarşısında ən böyük xidmətlərindən biri də uşaqlıq dostu, özündən iki yaş kiçik Əlişir Nəvaini sarayına baş vəzir təyin etməsi idi. Bu məsələ təkcə o demək deyil ki, şair Nəvai sarayda belə yüksək vəzifə tutmuşdur. Nəvai məhz həmin vəzifəsindən istifadə edərək, o dövrdə türk dünyası mədəniyyətinin, ədəbiyyatının inkişafı üçün misilsiz işlər görmüşdür. Hətta elmə, mədəniyyətə dəyər verən hökmdarın siyasətinə onun da böyük təsiri olmuşdur.
Böyük mütəfəkkir, filosof, şair və dövlət xadimi Əmir Əlişir Nəvai (əsl adı Nizaməddin Mir Əlişir) 1441-ci ilin 9 fevralında Heratda doğulmuşdur. Onun atası Teymurilər sarayına yaxın zadəgan ailəsindən idi. Nəvainin atası Qiyasəddin Kiçginə Bahadur bir müddət Səbzəvar şəhərinin hakimi olmuşdur. Bu səbəbdən də bir yerdə böyüyən Nəvai ilə Hüseyn Bayqaranın yoldaşlığı dostluğa çevrilmişdi. Xorasan vilayətinin mərkəzi Heratda hakimiyyət başına gələn Hüseyn Bayqara Nəvaini sarayında əvvəlcə möhürdar, az sonra – 1472-ci ildə isə daha yüksək vəzifəyə – vəzir təyin etmişdi. Nəvainin yüksək əxlaqı, elmi, qabiliyyəti, zəkası, fitrətən fazilliyi dostunu bu addımı atmağa sövq etmişdi. Nəvai hələ uşaqlıq illərindən - 10-12 yaşlarından türk və fars dillərində şeirlər yazardı. Atası onun elmə, ədəbiyyata olan həvəsini, istedadını görüb təhsilinə xüsusi diqqət ayırmışdı. Dövrün tanınmış şair və ədibləri, xüsusən türk ədəbiyyatı qarşısındakı  xidmətləri ilə seçilən Həsən Ərdəşir və o illərin şöhrətli şairi Lütfi ona ustadlıq – müəllimlik etmişdilər. Əlişir Nəvai gənclik illərindən Şərqin dahi mütəfəkkirləri Fəridəddin Əttar, Qasım Ənvər, Nizami Gəncəvi və digər klassik şair və filosofların əsərlərini dərindən mənimsəmişdir. Bütün bunlar onun poetik yaradıcılığının inkişafına da müsbət təsir göstərmişdir. Müasirləri tarixçi Qantəmir (1437-1534), şair Lütfi (1369-1465) Nəvainin şeirləri ilə tanış olduqda onun poetik istedadını yüksək qiymətləndirmişdilər. Nəvai 15 yaşında lirik şeirləri ilə qəlbləri ovsunlamış, şeir-sənət adamlarının diqqətini qazanmışdı. 1464-1465-ci illərdə Nəvai ilk divanını - şeirlər toplusunu hazırlamışdı.
Sultan Hüseyn Bayqara sarayında işlədiyi dövrdə Əmir Əlişir Nəvai dövlət xadimi kimi geniş və əhəmiyyətli işlər görərək el hörməti qazanmışdır. O, tutduğu vəzifədən istifadə edərək ölkəsinin elmli, ziyalı, nüfuzlu adamlarını – alimlərini, şairlərini, musiqiçilərini, rəssamlarını, xəttatlarını daim diqqətdə saxlamış, onlara qayğı göstərmiş, himayədarlıq etmişdir. Elin, xalqın köməyinə yetən bu şəxs əməlisaleh, nəcib insan kimi ad-san qazanmışdı. Nəvainin fəaliyyəti dövründəgöstərdiyi xidmətlərindən biri də saray kitabxanası yaratması olmuşdur. Ölkədə böyük tikinti işlərinin birbaşa vasitəçisi və rəhbəri olmuşdur: Heratda və ölkənin digər regionlarında xeyli sayda məscidlər, səyyahlar üçün ayrıca məscidlər, karvansaralar, böyük körpülər, hamamlar ... və s. tikdirmişdi.
Nəvai ədalətli, zülmkarlığa qarşı mübariz bir dövlət xadimi olubdur. Onun dövlət xadimi kimi ölkədəki nüfuzu saray əyanlarının xoşuna gəlmədiyindən ona qarşı qeyri-səmimi münasibətlər formalaşdırmağa başlamışdılar. Bunun nəticəsi olaraq o, vəzirlikdən Astarabad vilayətinin hakimliyinə göndərilmişdi. Lakin bütün bu münasibətlər Nəvainin ürəyincə olmadığından o, 1488-ci ildə vəzifəsindən istefa verir və doğma Herata qayıdaraq həyatını elmə, ədəbiyyata – yaradıcılığa həsr edir. Bu illər Nəvai yaradıcılığının o dövrü idi ki, o, artıq "Xəmsə" kimi dahiyanə toplunun müəllifi kimi şöhrətlənmişdi. O, məhz "Xəmsə"si ilə sübut etdi ki, türk ədəbi dilinin gücü dünya səviyyəli əsərlər yaratmağa qadirdir. Hüseyn Bayqara onu yenidən saraya dəvət etsə də, Nəvai bundan imtina etmiş və yaradıcılıqla məşğul olmağa üstünlük vermişdir. Onun bu dövrdən sonrakı yaradıcılığında  dövrün ictimai-siyasi ruhu, problemləri daha qabarıq görünür. 1490-1501-ci illərdə Nəvai incə, gözəl və lirik poeziyasını, ictimai-fəlsəfi və elmi əsərlərini yaratmışdır.
Azərbaycan – özbək ədəbi əlaqələri müstəvisindəki araşdırmalara isna-dən qeyd etmək istərdim ki, çoxəsrlik tarixi, inkişaf dövrləri və mərhələləri, onların müştərək cəhətləri və fərqli xüsusiyyətləri, müxtəlif ədəbi simaların ədəbi növlər və janrların tərəqqisinə təsiri, ictimai-siyasi həyatdakı amillərin hər cür təmayüllərin təşəkkül tapmasındakı rolu kimi çoxlu məsələlər, eyni zamanda, bu məsələlərin əsasında duran saysız-hesabsız bədii faktlar və hadisələr son nəticədə bir sıra ümumi xülasələrə gətirib çıxarır:
– Hər iki xalqın yazılı ədəbiyatındakı ənənə müştərikliyi bir-birindən fərqli iki mənbədən qaynaqlanır. Əgər epik janrlarda («Qutadqu bilik», «Xəmsə» və s.) daha çox nəzərə çarpan nümunəvi müsbət qəhrəman və ya tipik mənfi obraz yaratmaq ənənəsi daha çox folklordakı qəhrəmanlıq dastanlarından gəlirsə, lirik janrlardakı poetik, məharətli üsullar və klassik ədəbiyyata xas bədii təsvir vasitələri xalq lirikasının xəzinəsi ilə yanbayan, qədim Şərq poetikasının ilk mənbələrindən qidalanır.
– Ənənələrin müştərəkliyi və zənginləşmə qaynaqlarının eyniliyi tarix boyu ədəbi əlaqə ilə çiyin-çiyinə duran, lazım gələndə ön sıraya çıxan, özünü daha qabarıq biruzə verən ədəbi təsir amilini kölgədə qoymamalıdır. Ədəbi təsir daha çox ədəbiyyatlardan birinin başqalarına nisbətən çiçəklənmə mərhələsini yaşadığı dövrlərdə və həmin yüksəlişin mərkəzində duran böyük dahilərin yaradıcılığı ilə bağlı şəkildə baş verir. Bu cəhətdən xəmsəçilik ənənəsi dahi Nizaminin təkcə qardaş özbək ədəbiyyatına deyil, bütün Şərq ədəbiyatına layiqli «töhfə»si idi və Nəvaidən başqa, bir çox cığatay (özbək) şairləri də bu töhfədən layiqincə bəhrələndilər. XV əsrdə isə dahi Nəvainin özü türkcə hər cəhətdən qüdrətli əsərlər yaratmaq ənənəsinə bünövrə qoydu və özündən sonrakı bir neçə əsrlik türkdilli ədəbiyyata böyük təsir göstərdi. Bu mənada Qafur Qulamın «Biri birinə şagird, biri birinə ustad!» misrasında, eyni zamanda, elmi cəhətdən sanballı bir tezisi də ifadə olunub. Azərbaycan və özbək ədəbiyyatları çoxəsrlik və çoxtərəfli əlaqələri tarixində, əgər dərindən diqqət yetirilərsə, biri ikincisindən («ustad»ından) aldığı mənəvi «borc»u vaxtı gələndə, tarixi şərait yetişəndə onun («şagird»inin) özünə artıqlaması ilə qaytarıb. Bunu Nizami və Nəvaidən başqa, Nəsimi, Füzuli, Sabir, Cavid kimi Azərbaycan, eyni zamanda, Lütfi, Babür, Məşrəb, Qədiri kimi özbək klassikləri haqqında da demək mümkündür.

QAYNAQ
1.Azərbaycan-özbək ədəbi əlaqələrindən səhifələr / Bakı: Elm, 1985. 279 s.
2.Nəvai Əlişir haqqında məqalələr. Bakı: «Azərbaycan Ədəbiyyatı Cəmiyyəti nəşriyyatı», 1926.  107 s.
3.Koroqlı X. Uzbekskaya literatura.  M.; 1976. 302 s.
4.Nağıyeva Cənnət. Azərbaycanda Nəvai. Bakı: “Tural-Ə” Nəşriyyat Poliqrafiya Mərkəzi, 2001, 264 s.
5.Nəvai Əlişir. Seçilmiş şeirləri: müqəddimə və tərcümə S. Rüstəmindir. Bakı: Gənclik, 1975, 96 s.
6.Türk dünyası (el kitabı). İİİ c. Edebiyyat. Ankara: 1992. 800 s.
7.Ülvi Almaz. Azərbaycan – özbək ədəbi əlaqələri (dövrlər, simalar, janrlar, təmayüllər)  //  Bakı, Qartal, 2008, 326 s.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə