Almaz ÜLVİ
 

 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir

 

 Azərbaycanın indiyədək yaşanmış tarixinə nəzər salanda ən qabarıq və aydın görünən ülvi məqsədi milli müstəqilliyi, vətən azadlığı və demokratik həyat uğrunda mübarizəsi olub. Milli tarixin bu gedişatını təsəvvürümüzdə dolğunlaşdırmaq üçün apardığımız araşdırmalar içində dünyəvi dəyərə malik hadisə, fakt 1918-ci il 28 Mayda Azərbaycan Demokratik Cümhuriyyətinin elan olunmasıdır. 1918-1920-ci illərdə yaşanan günlərin bədii əksini o dövrün ədəbiyyatında bütün zənginliyi ilə görmək mümkündür. Bağrımdan qopmayan 20 yaşlı bir şəhid şairin – Ülvi Bünyadzadənin tale sirrinə bələd olmaq üçün 1918-20-ci illərin ədəbi gənclik səhifəsini vərəqlədim: 19 yaşlı Cəfər Cabbarlı, 19 yaşlı Ümmügülsüm, 19 yaşlı Əli Yusif (ADC-nin Fransaya təhsil almaq üçün göndərdiyi 100 nəfərdən biri), 26 yaşlı Əhməd Cavad imzalı şeirlər ilə rastlaşdım. Həyatın bərkinə-boşuna düşməyən, ancaq səmimi, dupduru duyğular burulğanında qaynayan gənclik poeziyasının əsasən qan yaddaşına, şeirimizin milli köklərinə bağlılığını gördüm.

Ey türk, sən ey qəhrəman, igid oğlu Turanın!
Şanlı, ulu babanın öyüdünü unutma.
Sən də yürü o yolu, ad çıxarsın əsgərin,
Ulular ardınca get, başqa bir yolu tutma!

Bu Ümmügülsümün sətirləridir.

Bu ay, yıldız boyaların qurultayı nə demək
Bizcə böylə söyləmək:
Bu göy boya moğaldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı.
Yaşıl boya islamçılığın sarsılmayan inamı,
Ürəklərə dolmalı.
Şu al boya azadlığın, təcəddüdün ormanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu ulu yıldız da səkkiz hərfli od yurdu.

Bu misralar isə Cəfər Cabbarlının “Azərbaycan bayrağına” şeirindəndir.
Qan yaddaşı ilə köklənən gənclik poeziyası mübarizə və döyüşkən duyğulu notlardan ötüb yeni respublikanın tərənnümü hissinə köklənmişdi. İlk əvvəl müharibə vəziyyətində yaşayan Vətənimizi qorumağa, öz oğullarını səfərbərliyə, xilas etməyə, erməni daşnaklarının Bakıda, Şamaxıda, Qubada, Göyçədə, Zəngəzurda, Dağlıq Qarabağda... misli görünməmiş qırğınların qarşısını almağa çağırış sədalı şeirlər eşidildi. Bu tərəfdən də ingilis ordusunun Bakını dəstəkləyib əlinə alması milləti sarsıtdı. Qarışıq tarixi olayların nəticəsi olaraq Bakıda hərbi səfərbərlik elan edildi.
Gənclik ictimai-siyasi motivli şeirləri ilə Vətəni müdafiəyə çağırırdı. Bu sətirlər igid oğullar sayəsində qazanılmış milli azadlığımızı, siyasi-mədəni təfəkkürümüzün qələbəsini qorumağın səfərbərlik poetikası idi. Onlar 1919-cu il 26 avqust tarixdə parlament binasında rəsmən elan olunmuş “Yaşıl qələm” dərnəyi ətrafında birləşərək yenicə yaranmış milli dövlətin mənəvi sütununa çevrildilər.

Ey buzlu şimaldan qopan ruzigar,
Toxunma qəlbimə, atəşi parlar.
Sakın, gəlmə, səni nəfəsim boğar,
Dəf ol! Vətənimdə görəməm səni!

Yenə Ümmügülsümün sətirləridir.
ADC süquta uğrasa da milli mübarizlərimiz ədəbi-bədii salnamələrdə, tarix səhifələrində azadlıq aşiqləri kimi “əbədiləşdilər”.
Bu poeziya milli özünüdərketmə şüurunun bir daha formalaşma mərhələsində müasir poeziyamızın nur mayasına çevrilərək:

Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!

— ideallı misralarla yeni səhifə açdı: Ülvi Bünyadzadə imzasıyla.
Cəfər Cabbarlı da, Ümmügülsüm də, Əli Yusif də, Əhməd Cavad da “Molla Nəsrəddin” məktəbinin havasını, suyunu dadmışdılar, Sabir, Hadi şeirləri ilə köklənmişdilər. Əsrin əvvəllərində – 1906-cı ildə Məhəmməd Hadi “Amali tərəqqi” adlı bir şeir yazmışdı:

Əsasi-fikrimiz təmini-istiqbali-millətdir,
Ürəkdə bəslənən amalımız-iqbali-millətdir.
Yeganə nöqteyi mətlub-istiqlali-millətdir.

Burada əsas fikir, şair ürəyində bəslənən, qorlanan yeganə mətləb, niyyət, amal millətinin xoş iqballı və istiqlallı olmasıdır. Təbii ki, bunun üçün də yurd, Vətən keşiyi vacibdir. Vətən keşiyi, millət azadlığı isə müstəqillik və demokratiya uğrunda mübarizədən başlayır. Elə bu eşqlə yazıb-yaradan Abbas Səhhətin 1914-cü ildə qələmə gətirdiyi:

Könlümün sevgili məhbubi mənim,
Vətənimdir, Vətənimdir, Vətənim.

- duyğuları romantik hiss, gerçək yaşantıdır. Belə şərəfli bir tarix yaşamış şeirimizə xitabən Ülvi yazmışdı:

Düz yolda çarpışmaq igidlik deyil.
İgidlik balaca cığır açmaqdadır.

O, Hadilərin, Səhhətlərin, Cəfərlərin açdığı cığırı milli mübarizə zamanının gənclik yoluna məşəl sanırdı. 1988-ci ildə Azərbaycan torpağının, xalqının başı üstündə qara buludlar topalaşanda gənclik daha duyuq göründü. Bu yandan da sovet hökumətindən ümid kəsilməmişdi. Moskvaya teleqramlar, məktublar göndərilirdi, kömək istəyirdik. Ermənilərin, daşnakların xəyanətkarlığını isbata çalışırdıq. Moskva isə guya heç nə bilmirdi, görmürdü. Sanki həmin teleqramların cavabı olaraq Azərbaycana rəhbər sifətilə bir təlxək göndərildi. Onun təfəkkürü imperiya qanunları ilə elə manqurtlaşmışdı ki, xalq üçün, torpaq üçün nə isə ummaq gülünc idi. Minlərlə Azərbaycan ailəsi evindən-eşiyindən qovulmuşdu, var-dövləti tarmar olunmuşdu, yüzlərlə insan şikəst edilmişdi (burnu, qulağı kəsilmiş, gözləri ovulmuşdu, ana bətnindəki körpə süngülənmişdi, Topxana meşəsi doğranmışdı, şəhid məzarları yaranmışdı) — erməninin törətdiyi bir belə zülmün qabağında isə o, sevincək TV-yə müsahibə verirdi ki, “xalqım, gözün aydın, ermənilər Bakıya qayıdır”. Onun xalq, Vətən qarşısında ən böyük xəyanəti isə Bakıya atəş açılması üçün Qorbaçova fürsət yaratması olmuşdu.
Son 70 ilin siyasi-mənəvi terroru kimi aşkarladığımız bir faktı da 1918-20-ci illərdə Azərbaycanın azadlığı uğrunda olan minlərlə şəhidin qanının ört-basdır edilməsi idi. Bəlkə də elə o şəhid ruhların qiyamıyla bu mübarizələr başlamışdı. İmperiya ideologiyası ilə o şəhidlərin məzarları üstündə diskoteka, gecə barları fəaliyyət göstərirdi. 1918-ci ilin milli mücahidlərinin təbirincə desək, “onlar — o böyük vüsudlar tam vaxtında bir məleykeyi-nicat kimi yetişərək özləri öldülər, fəqət bizi ölümdən qurtardılar. Onlar – o ölümü istehkar edən böyük adamlar, bizə yaşamaq üçün ölmənin nə məsud, nə şanlı, nə şərəfli bir xislət olduğunu öyrətdilər. Onlar — o fədakar insanlar Azərbaycan Cümhuriyyətinin payidar olmasına, məmləkətimizin cəllad ciyəsindən qurtulmasına səbəb oldular!.. Şühadə qəbri üzərinə gedib də fatihə verməyinizi unutmayınız!”
1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə... O gecəyəcən iki il idi ki, Azərbaycan xalqı haqq uğrunda, azadlıq, Azərbaycanın bütövlüyü uğrunda mübarizə meydanında ayaq üstə idi. Torpağının, yurdunun azadlığını istəyirdi. Heç kəsdən heç nə ummurdu, istəmirdi. Özünü yağı tapdağından, nəfsindən müdafiəyə qalxmışdı. Bir həftə idi ki, imperiya sovet ordusu libasında öz tank-topu ilə, avtomat-pulemyotu ilə gəlib Azərbaycanın Xəzər duvaqlı Bakısının ətrafında şöngümüşdü. Xalq imperiyaya məxsus ağır hərbi sursatları görə-görə əliyalın, qəlbi Vətən, Azərbaycan, Bakı eşqi ilə dolu yol üstünə çıxmışdı. 19-dan 20-nə keçən gecə atəş açılacağını çoxlarımız iş yerindən, oxuduğumuz məktəbdən eşitmişdik (bu gümanı onsuz da hər gün yaşayırdıq). Və hər gün də əzmimizdə dönməz idik. Tankların qabağında qurduğumuz oyuncaq çəpərlər yanından çəkilmirdik.
Ülvinin fəlsəfə müəllimi professor Nurəddin Kazımov danışır ki, (həmin söhbəti IV sinfin “Oxu” kitabından şagirdlər də bilirlər) ayın 19-da səhər saat 11 olardı. Ülvi mənə yaxınlaşdı ki, müəllim, bir imtahanım qalıb — fəlsəfədəndir. İzn verin, bu gün o imtahanı verim. Dedim ki, oğul, indi imtahandan çıxmısan, get dincəl, sabah gələrsən, ilk olaraq səndən soruşacam. O isə inad etdi. “Nə dincəlmək, müəllim, dünya qarışıb, ordu gəlib oturub Bakının dörd tərəfində. Bu gecə, deyirlər atacaqlar. Həyatı bilmək olmaz. Borclu qalmaq istəmirəm. Qaçıb gizlənməyəcəyik ki?”
Gəncliyinə heyfim gəldi, kövrəltdi məni, cəsarətinə isə heyran oldum. Dedim, yaxşı, nə bilirsən, danış. Razılaşmadı. Bilet çəkdi. Elə ayaqüstəcə suallara əhatəli cavab verdi. 5 verdim. Sevincək getdi. Səhəri səksəkədə açdım. İnstituta zəng etdim, onu soruşdum. Dedilər ki, hamı Ülvini axtarır. Axşam isə onun şəhid olmasını eşitdim. Özümü bağışlaya bilmirəm ki, niyə onu qorumağa cəhd etmədim.
Ülvi isə bütün xalqla birgə idi. 1990-cı il yanvarın 20-nə keçən gecə ilk andan güllələr göydən qucaq-qucaq səpələndi. Sovet ordusu Bakıya təcavüz edərək dinc əhalini qanına qəltan etdi. Yollar-izlər tank tırtılları altında darmadağın oldu. Evlərdə, yollarda, maşınlarda insanlar şəhid oldular. Gecə güllələri uşaq, böyük, gənc-qoca tanımadı. O gecənin güllələri hamımıza dəydi — içimizdən keçdi. Səhəri qızıl qan içində açdıq. Amma ölmədik. Şəhid olduq. Şahidlər isə öz dizlərinə dayaq olub məğrurcasına ayağa qalxdılar. Yanvarın 22-də şəhidləri bəzəkli kəcavələrdə xalq başı üstə bayraq edib şəhərin uca yerində dəfn etdi. İndi ora Şəhidlər Xiyabanı adlanır. Mirzə Cəlilin sözləri elə bil həmin günlərə yazılmışdı: “Bu gün Kərbəla meydanı Azərbaycandakı vətənpərvərlik meydanıdır. Yekə bir millətin dili, namusu, hüququ, Vətəni təhlükədədir. Axıtmalı qanımız, ehsan etməli pulumuz varsa, gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur”.
Küçələrdəki qan ləkələrini, gölməçələrin qərənfillə bəzədilər. O il Bakı qərənfilləri şəhidlərə qismət oldu. Ulularımız deyib ki, Şəhidə ağlamazlar. Dahi Nizami Gəncəvi isə şəhid müqəddəsliyini belə tərənnüm edib:

Şəhidəm, qan rəngli olsun kəfənim,
Qoy belə bəzənsin bayramım mənim.

O gecə Vətən andı içib azadlıq yoluna çıxan Ülvi Bünyadzadə də şəhid oldu. 20 yaşlı tələbə idi. Xarici Dillər İnstitutunda oxuyurdu, əlaçı idi, fəal ictimaiyyətçi idi, gözəl şair qəlbi var idi...

Mən Ülviyəm, ülvi sözə aşiqəm,
Saf ürəyə, büllur üzə aşiqəm.
Gözlərintək ala gözə aşiqəm,
Sevdiyim o ala gözə əlvida!

O gecədən sonra doğulan oğullar 20 yaşı bitirib 21 yaşa qədəm qoyurlar. Ülvinin şəhid yaşına. Bir neçə ay öncə 20 yaşlı şəhid Ülvinin 40 yaşı tamam oldu. Şəhid adı ilə yanaşı, bir də ədəbi taleyi ilə 20 ildir ki, mənəvi ömür yaşayır. Ülvi ölümündən 4 ay əvvəl bir And yazmışdı:
1920-ci ilin tarix səhifələrində gəncliyə ünvanlanmış bir müraciət var: “Ey gənclik! Sənin öhdəndə böyük vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq, bir daha enməz! Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlaman binası üzərində azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda ya qazi, ya da şəhid olacaqsan!”
Həmin müraciətə XX əsrin son onilliyində:

Atama oğul deyiləm,
Anama oğul deyiləm.
Bu ocağın kor çırağı,
Yanmayacaq işığıyam.
Atam-anam zəmanədir.
Mən zəmanə uşağıyam.

- deyən Ülvinin “And”ı Varis cavabı idi. 20 Yanvardan az sonra — 10-15 gün sonra onun ədəbi yaradıcılığı haqda və Andı “Ədəbiyyat və incəsənət” qəzetində – “Ülviləşən Ülvim” adlı bir məqalədə dərc edildi. O vaxt həmin qəzetdə onu tanıyırdılar. Əsgərlikdən, demək olar ki, tez-tez məktub yazardı və həmin qəzetin ünvanına göndərərdi. “Məktubu niyə evimizə yazmırsan” — deyə soruşanda yazardı: “Sən bilmirsən ki, hər dəfə o ünvana göndərəndən sonra necə ilhama gəlirəm. Əsgərlik yuxuma haram qatıb, şirin-şirin yazmaq həvəsindən doymuram”.
O gecənin “Şəhid şairləri” haqqında məqalələr dərc etmək istədik. İlhamın sevgilisi Fərizənin əlyazmasını çap etdik:

“Ana, məni bağışla. Mən İlhamsız yaşaya bilmərəm!”

İkicə qısa cümlədir. Amma o sözlərin arxasında böyük bir eşq dastanı yaşandı. Mikayıl Müşfiqin əmisi nəvəsi Cavad İsmayılzadənin inamla yazdığı:

Mən də öz dövrümün bir Müşfiqiyəm!

- sətirlərini, publisist Nəsib Ələkbərovun oğlu Azərin bir hekayəsini, Səxavətin:

Azərbaycan – canım, ruhum mənim!

- misralı şeirlərini tapıb mətbuata təqdim etdik.
Ülvinin zəngin ədəbi irsindən indiyəcən altı kitabı nəşr olunub. 200-ə qədər şeiri toplandı – qrup qızlarından, dostlarından, əsgərlik yoldaşlarından, institut qəzetinin redaksiyasından, sinif yoldaşlarından, Daşkəsəndə üzv olduğu “Daşkəsən” ədəbi birliyinin üzvlərindən, “Daşkəsən” rayon qəzetinin səhifələrindən, ədəbiyyat müəllimlərindən, bir də evdə divanın içində gizlətdiyi qovluqlarında, əl boyda vərəqlərdə və s.
Ülvinin şeirlərində Uca Türk qəlbinin döyüntüsü, böyük Turan dünyası əks olunub.

O taydan Savalan, bu taydan Qoşqar,
Buludlar başında körpü salıbdı.
Bu mənfur dirəklər, acı tikanlar,
Bilmirəm heç kimdən miras qalıbdı.

və ya

Bilin, daşdan deyil mənim ürəyim,
Səttarxan hədəsi, Cavanşir bəhsi,
Koroğlu gərdişi, Nəsimi səsi.
Xətai cürəti, Nəbi gülləsi,
Babək qılıncının dəvasıdı o.

Ülvinin şeirlərində gənclik təravəti şehlidir:

Bahar nə şirin şeymiş,
Ətri bənövşədəymiş.
Ömrüm sənin eşqindi,
Eşqin də bənövşəymiş!

Aşiqanə duyğularını isə ancaq sətirlərdə yaşadı:

Kipriklərin məni aldı nişana,
Ürəyimdə qaldı səndən nişana.
Dedim: Ay qız, anam gəlsin nişana,
Gözlərini süzdün yana dilbərim.

Dedim, sənsən gözəlliyin ilk barı,
Qoyma sıxsın məni sevgi qubarı.
Ülvinin qəbrinə qoyarsan barı,
Bir bənövşə, sən, ey sona dilbərim!

“Ölüm insanların son heyrətidir” – bu hansısa bir filosofun sözüdür” – yazan
Ülvinin şeirlərində “ölüm” obrazına tez-tez rast gəlmək olur:

Mən qorxmuram uzaq yola çıxmaqdan.
Bu yolun
şaxtasından, soyuğundan mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxmaqdan.
Bu yolun acısından, ağrısından,
“Ölüm” adlı yuxusundan mən qorxmuram.

və ya

Məni belə aciz görmə qəbirdə,
Qəbirdə də Qarabağın özüyəm.

və ya

Deyirəm, vüsalın nə azmış ömrü,
Gedirəm, əlvida, gözəl, əlvida.

və ya

Səbrsiz olsa da sənin gül oğlun,
Səbrlə duracaq qəbrim, ay ana.

və s. Bu şeirlərin elmi təhlili, yəqin ki, ayrıca tədqiqat mövzusudur.
Ülvinin iki əsəri – “Qansızlar” povesti və “Ömür yolu” poeması Əfqanıstanda həlak olmuş Azərbaycan oğullarının xatirəsinə ithaf olunmuşdu. 19 yaşın qələmində bu əsər çox kövrək, həssas, Vətən məhəbbətli, ağır psixoloji məqamlı, lirik duyğulu, təsirli alınıb. Poemadakı obrazlar – Əfqanıstanda günahsız yerə ölən oğulların ruhlarıdır. Ruhların dili ilə onları Əfqanıstan torpağına aparıb çıxaran imperiya oyunlarını, oyunbazlarını lənətləyir. Qarabağın başına açılan müsibətlərdən narahatçılıqlar keçirirlər. Cismən məhv olan oğulların ruhları müəllifin — Ülvinin yuxusuna dolur və ona Vətənə ləyaqətli, şərəfli oğul olmağı arzulayırlar. Onların acı taleyinə ağrıyan və nakam talelərini qələmə alan Ülvi yazır:

Zəifdi qüdrətim, kütdü qələmim,
Ürək dolub daşır, yaza bilmirəm.
Mən də sizin kimi həyat yolunda,
Azmaq istəyirəm, aza bilmirəm.

Pyeslər qovluğunda “Uğursuz məhəbbət”, “Məhəbbətin manifesti”, Göyçə gözəli Həcərə ithaf olunmuş “Bir papağın sərgüzəşti”, “Dilqəmi”, səhnələşdirdiyi “Dədə Qorqud” kimi səhnə əsərləri vardı.
Nəsr qovluğunda 40-a qədər hekayəsi var. “Tale” adlı yarımçıq hekayəsi var. Üç-dörd variantda işləyib. 1986-cı ildə yazılıb. Əsərin qəhrəmanı 20 yaşında olanda Bakının qaranlıq küçəsində millətinin və öz başına gələcək faciəni qələmə alıb - oxuyanda heyrətlənməyə bilmirsən.
İngilis ədəbiyyatı şedevrlərinin — Makkey, Bayron, Kiplinq, Hud, Şelli, Sauti ... digər 10-a qədər dünyaşöhrətli müəllifin əsərlərindən ən gözəl nümunələri orijinaldan tərcümə edib.
Ülvi əsgərlikdən — Uzaq Sibirdən tez-tez məktub yazardı. O məktublar daha çox ictimai-siyasi, ədəbi məzmunlu məqalələrə oxşadığından atmamışdım. Bəzən bir məktubda 3-4 şeir göndərərdi. Uzaq Sibirin havasını:

Bu torpağa Allah qarğıyıb nədir,
Günəşi buz, adamları buzdu, buz.

və ya

Bizim yerdə günəş gülümsəyəndə,
Torpaq da öz al rənginə bələnir.
Bizim yerdə qar gözləri üşütmür,
Bizdə qar da çiçək kimi ələnir.

O, fəal ictimaiyyətçi idi. Uzaq Sibirdə yaratdığı “Xətai” dərnəyinin, əsgərlikdən qayıtdıqdan sonra dostları ilə birgə yaratdığı “Şimali Azərbaycan Azad Tələbələr İttifaqı”nın proqram və nizamnaməsini özü yazmışdı. Gözəl publisistik qələmi var idi. Onun publisistikası siyasi-ictimai xarakterdədir. “10 yanvar 1990-cı il” tarixli bir məqaləsini “Azərbaycan” qəzetinə aparmışdı. Qayıdanda dedi ki, “baş redaktorla tanış oldum. Çox məzmunlu görüş-söhbətimiz oldu”. Amma o məqalə çap olanda Ülvi artıq şəhid olmuşdu.
Ülvi Azərbaycanın Azadlığı uğrunda şəhid oldu. Azərbaycan öz müstəqilliyini qazandı. 19 ildir ki, bu xoşbəxtliyin şirinliyini ruhumuzda duyuruq. Amma kaş torpaqlarımız — Göyçə, Zəngəzur, Qarabağ azad olaydı. Bütöv Azərbaycan eşqini XXI əsrin balalarına təhvil verəydik.

Anam da, övladlarım da,
Məni qəmgin xatırlasın,
Qoy ən əziz dostlarımsa,
Həmişəlik yadırğasın.
Bir ocağın ətrafında,
Mənə ehsan paylasınlar.
Qoy lap məni “bəxtsiz” deyə
Bənzətsinlər bir yazığa.
Ancaq gözlə, gəlməliyəm
Bir ölümün acığına
.

Bu şeir, sanki, Ülvinin vida nəğməsidir.
Ülvi gəldi — Şəhid ucalığı, nəğməli sətirləri, rəngarəng ədəbi yazıları ilə. Təbii ki, Ülvi ömrünü bir məqalə çərçivəsində vərəqləmək olmur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Azadlığımız daim var olsun!
 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə