Almaz ÜLVİ/filologiya elmləri doktoru 

 2011-ci ildə Dədə Ələsgərin anadan olmasının 190 və vəfatının 85 ili tamam olur

 

 Ustadlar ustadı Dədə Ələsgər 1821-ci ilin Novruz bayramı günlərində ulu Göyçə mahalının Ağkilsə kənində şair təbli Alməmməd kişinin ocağında dünyaya gəlmişdir. Ələsgər bu ailənin ilk övladı olduğundan ata-anasına özü boyda da işıq, nur, sevinc bəxş etmişdi. Sonralar Alməmmədin daha üç oğlu və iki qızı anadan olmuşdur.  Ailənin ilki Ələsgər doğulduğu kənddə -  Kərbalayi Qurbanın yanında işləməyə başlayır. Bu iş onun həyatında yeni səhifələr açmışdır. O, Kərbalayinin yeganə övladı - qızı Səhnəbanuya aşiq olur. İllər ötür, lakin bu aşiqlik sevdası baş tutmur. Beş illik zəhmətdən sonra Ələsgər atasının yanına peşiman  qayıdır.
Alməmməd kişi şeir ovqatlı olduğundan Ələsgərin şairlik qabiliyyətini hiss edir və ona daim təsir edir ki, o, bu istedadını bütünlüklə üzə çıxarsın.  Ələsgərin sinədən deyilmiş şeirləri elə ilk deyimdəcə əzbərlənir və çox az zaman içərisində eldən-elə, obadan-obaya yayılır. Atasının aldığı saz da Ələsgərin döşünə tez yatır, barmaqlarına təslim olur. Alməmməd kişi oğlunu o  mahalda ad-sanıyla tanınan Qızılvəngli ustad Aşıq Alıya şəyird verir. Ələsgər ustaya beş il qulluq etdikdən sonra ustadının razılığıylı müstəqil aşıqlığa başlayır. Ustad yanından ayrılanda Aşıq Ələsgər artıq saz-söz bilicisi kimi sevilirdi, tanınırdı. O zamanlar Göyçədə el-oba, toy şənliklərindən savayı aşıqların deyişmə məclisləri, dastan söyləmə gecələri də keçirilərmiş. Ustadlar belə məclislərdə meydan sulayarmışlar. Deyilənlərə, yazılanlara görə, Ələsgər ustadı Aşıq Alını belə məclislərin birində bağlayır. Lakin hələ ustadının yanında sazın sirli-sehrli dünyasına bələd olunca, klassik aşıq poeziyasını, saz havalarını öyrəndikcə, mərifət, ədəb-ərkan elminə, ustada hörmət-izzət dərsinə də  yiyələnmişdi. Bunu xatırlamaqda məqsədim odur ki, o, ustadı Aşıq Alını özünü təsdiq etmək üçün bağlamayıb. Əvvəla, bu deyişmə ustadların deyişmə məclisində aşıqların təklifi ilə olub, ikincisi də arada-bərədə gəzən söz-söhbətlər (guya Aşıq Ələsgər Aşıq Alını daha bəyənmədiyi deyirmiş) Aşıq Alını bu görüşə təhrik edib. Göyçənin Qızılbulaq kəndində qurulmuş aşıqlar məclisində onlar üz-üzə gəlir. Bir neçə şeirləşmədən sonra Aşıq Ələsgər  "A yağa-yağa" dodaqdəyməz təcnisini deyir. Ustad məğlub olur, cavab tapa bilmir. Ancaq Aşıq Ələsgər  bu hadisədən qürrələnmir, əksinə-
Bir şəyird ki, ustadına kəm baxar,
Onun gözlərinə ağ  damar, damar.

- deyən ustadından üzr istəyib, bədahətən bir xeyli şeir söyləyib, məclisin ab-havasını təzələyir.
Aşıq Ələsgərin səsi-sorağı beləcə hər yana çaparsız-filansız yayılır. "Haqq aşığı", "Haqq vergili aşıq" kimi Gəncəyə, Qarabağa, İrəvana, Naxçıvana, Qazağa, Borçalıya, Şınıxa … toy məclislərinə, dastan gecələrinə dəvətlər  alır. Ustad aşıq kimi -  tanınmış insanlar övladlarını ona şəyird verirlər. Aşıq Ələsgər isə hər qarı açanı şəyird götürməzmiş – qabiliyyətinə, fəhminə, mərifətinə, ədəb-ərkanına qiymət verib seçərmiş.
Adım Ələsgərdi, mərdi mərdana,
On iki şəyirdim işlər hər yana.

- deyən ustad sonralar on iki yox, bir çox aşıqlar yetişdirib araya - ərsəyə çıxarır. Adıyla qəbul etdiyi şəyirdini Aşıq adını qazanınca saxlarmış, sonra  “yoluna uğurlar” - deyib yola salarmış. Göyçədə sonralar məşhur olan aşıqların çoxu - Aşıq Nəcəf, Aşıq Mustafa, Aşıq Yusif, Aşıq Hüseynalı, Aşıq İsə, Aşıq Nağı, Aşıq Qurban, Aşıq İman .... və başqaları onun yetirmələri olublar.
Aşıq Ələsgər məşhur el sənətkarı olsa da ilk eşqi sinəsində düyünlənib qalır. Nəhayət, 41 yaşında o, Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənir. Böyük bir ailənin başçısına çevrilir. Onun övladları da eldə-obada ədəb-ərkanları ilə sayılıb-seçilən olurlar.
“Qeyri-adi istedadı, zəngin  biliyi olan Ələsgər həm də mahir ifaçı aşıq olub. Sazı sol əliylə çalarmış. Ağır duruşu, şirin nəfəsi, məlahətli səsi varmış. Aşığın oğlu Aşıq Talıbın təsvirinə görə, Aşıq Ələsgər ucaboylu, enlikürək, sağlam bədənli, pəhləvan cüssəli, qarayanız, qalın çatmaqaşları, qara gözləri, dolu sifəti varmış. Başını ülgüclə qırxdırar, üzündə xətt saxlarmış. Əyninə uzun ətəkli arxalıq, üstündən çuxa, ayağına məst geyərmiş, uzunsov Buxara papağı, belinə göy şaldan qurşaq bağlarmış.
Professor Qara Namazovun tədqiqatına görə, XIX əsrin 50-ci illərində  rus mətbuatında bir yazı dərc olunub:  "Ələsgər adlı bir aşığın ifaçılıq məharəti haqqında rus şairi və jurnalisti Y. N. Polonski Tiflisdə yaşadığı illərdə (1840-1850) onun keçirdiyi şənlik məclisinin iştirakçısı olduğunu "Kavkaz" qəzetinin 1851-ci il birinci nömrəsində dərc etdirdiyi məqalədə qeyd etmişdir".
Ellər-obalar dolaşan, məclislər quran haqq vergili ustad bütün sözlərini bədahətən deyərmiş, klassikləri əzbərdən bilərmiş. Sinədəftər ustaddan bu gün əlimizə cəmi 242 şeiri yetib - 144 qoşma, 33 təcnis, 29 müxəmməs, 17  gəraylı, 12 divani, 2 qəzəl, müstəzad (ayaqlı) qoşma, müstəzad (ayaqlı) təcnis, dildönməz gəraylı və mərsiyə formalı şeirlərin hərəsindən bir nümunə vardır. Sinəsi dəryalarca dolu aşığın bizə yetən bu əsərləri hələ çox-çox illər tədqiqatçıların diqqətini cəlb edəcəkdir. Bu şeirlərin dərin anlamına alimlər - filosofar, dinşünaslar dönə-dönə nüfuz edəcəkər. Dərsliklər vasitəsilə hər gələcək nəsil yeni bir məna kəşf edəcəkdir. Ələsgər dünyasının möcüzəsi budur.
Aşıq Ələsgər 1915-ci ilə - 94 yaşına kimi saz çalıb. Lakin ailədə baş vermiş bir hadisə - qızı Gülnisənin əri, qardaşı Salahın oğlu Aşıq Qurbanın vəfatı aşığı sazı yerə qoymağa vadar edib. Şəyirdi olmuş bu aşığı o, çox istədiyindən onun qəfləti ölümü ürəyini yaralayır. Sonrakı illərdə  dalbadal baş verən üzüntülü hadisələr onu daha da ruhdan salır.
Aşıq Ələsgər irsi ölümündən bir neçə il sonra tədqiqatçıların diqqətini cəlb etmişdir. Ən əvvəl qeyd edim ki, Sovet hökuməti qurulandan sonra aşıq dövlət tərəfindən İrəvana dəvət olunur. Lakin o, daha qocaldığını deyərək bu təklifi qəbul etmir.
Aşıq Ələsgərin şeirlərini ilk dəfə tanınmış folklorçu Hümmət Əlizadə toplayıb 1934, 1935 və 1937-ci illərdə "Aşıq Ələsgər" adı ilə şeir kitablarını çap etdirmişdir. Aşığın 1956,1963,1972,1987 və 1988 –ci illərdə nəşr olunmuş  kitablarının toplayanı və çapa hazırlayanı isə folkloru alim,   aşığın nəvəsi İslam Ələsgərdir. Qeyd edim ki,  tədqiqatçı bu yöndə axtarışlarını hələ də davam etdirir. Son illərdə çap etdirdiyi  "Haqq aşığı Ələsgər" monoqrafiyası da onun xüsusi zəhmətin bəhrəsidir. Aşıq Ələsgər ədəbi irsinə bütün ədəbiyyatşünas alimlərimiz dönə-dönə müraciət edib və öz səmimi, heyrətamiz hisslərini bildiriblər.
"Aşıq Ələsgər savadsız, yazıb - oxumağı bacarmayan aşıq olubdur". Az qala Aşıq Ələsgər adına möhürlənmiş bu fikrin doğruluğuna inanmaq ehtimalı çox-çox azdır.  Ələsgərin şeir dünyasına -  elminə, idrakına, fəlsəfəsinə, fikir və düşüncələrinə, ədəb-ərkanına bələd olduqca bu ehtimalın nə qədər yanlış, həqiqətdən çox-çox uzuq olduğu görünür. Aşığın "savadsızlığını" təsdiq üçün bu misraları --
Yazıq Ələsgərəm, azdı kamalım,
Vacibdi ki, bir ustaddan dərs alım.
və ya
Huş başımdan gedib yoxdu savadım,
Sözlə mətləb yazmaq deyil muradım.
əsas götürülsə, onda gərək -
Şəyirdlikdə can çürütdüm,
Hərgiz ustad olmadım.

- sözlərinə də söykənib deyək ki, o, ömrü boyu şəyirdlikdən ustadlığa yetə bilməyib. Halbuki ustadlar ustadı Aşıq Ələsgər "hikmət məclisində əyləşən alim"ə üz tutub -
Farsiyyət bilirsən, şeiri - qəzəl de,
Ərəbxansan, gəl, qurandan danışaq.
deyə meydan sulayıb  -
İbtida "əlif"dən dərsimi aldım,
Oxudum, yetişdim ay sinə, sinə.
və ya
Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nəsimi?
Firdovsi, Fizuli, Hafiz, Nəsimi
Onlar da yazdığı ayə məndədir.

- misraları bəs edər ki, aşığın savadı olması haqda fikir söyləyək.
Əlifdən dərs aldım, əbcəd oxudum
- deyən aşıq üz tutub hikmət məclisində -
Dərsi azlar Ələsgərdən dərs alsın

- deməsi də təsadüfi hal deyil. Bütün bunların - yəni aşığın əlyazmalarının olmamasının bir səbəbi də məlumdur. O, yəqinliyi də bədabətən şeir demək istedadı olan ustad özü açır ki –
Sözlə mətləb yazmaq deyil muradım
–bizə yetən 5000 misralıq ədəbi irsində onun savadlı olması, yazıb – oxumağı bacarması faktını açan çox misallar göstərmək olar.  Dünya elmindən, Quranın minbir anlamından xəbərdar olan, Firdovsi, Nizami, Hafiz, Cami, Nəsimi, Füzuli, Vaqif, Zakir, Abbas Tufarqanlı, Qurbanı... ədəbi irsinə bələd olan, onlardan faydalandığını dilinə gətirən ustadın savadsızlığı ağ yalana daha yaxındır.
Aşıq Ələsgər irsini toplayıb nəşr etdirən tanınmış folklorçu alimlər - Hümmət Əlizadə və Əhliman Axundov, Osman Sarıvəlli, M. Təhmasib, İslam Ələsgər, B. Nəbiyev... bu fikri yazılarında qeyd etsələr də, inandırıcı olmadığını da deyiblər.  İslam Ələsgər son yazılarında qeyd edir ki, "Əlif- lam"  şeirinə, eləcə də ərəb-fars izahat tərkiblərinin böyük sənətkarlıqla işlədilməsinə fikir verəndə doğrudan da Aşığın savadlı olduğuna, hətta ərəb və fars dillərində təhsil gördüyünə şübhə etmək istəmirik.
Aşığın yaradıcılığından danışarkən bu məsələnin üstündə ətraflı dayanmağımızın əsas səbəblərindən biri də budur ki, saz-söz xiridarı, ustadlar ustadı sənətkarın ömürlüyündəki bu yanlış kölgə götürülsün. Yoxsa, aşıq demişkən -
Ələsgər, təqsirin oldu nə, ayə?
Kim inansın, qəsəm edim nə ayə?
Bu ahım qalmasın ilə, nə ayə,
Sağalmaz bu düyün, a yara məndən.

Şeirlərini oxuduqca onun dərin zəkasına, ilahi elminə, aydın təfəkkürünə heyran qalırsan.
Bu məqam, ustad demişkən, oxucu bir hovur nəfəs alsın deyə -
Doymaq olmur işvəsindən, nazından,
Fərə kəklik kimi xoş avazından.
Yel əsdi, ürbəndi atdı üzündən,
Elə bildim doğdu Ay, sarı köynək!.
- misralarını su kimi ürəyimizə səpək.
Aşıq Ələsgər yaradıcılığında gözəlləri vəsf eləmək, onların şəninə söz demək xüsusi yer tutur. Bu misralar o qədər gözəl, səmimi, axıcı, şeiriyyət o qədər güclüdür ki, oxucu onu bir nəfəsə içinə çəkir. Gözəllərə üz tutub yazdığı şeirlərini oxuduqca sanki öz-özünə musiqi səslənir. Təsadüfi deyil ki, aşıqların sazla ifasından başqa bəstəkarlar da onun yaradıcılığına üz tutmuşlar. Tanınmış bəstəkar Hacı Xanməmmədovun bir silsilə mahnılarını yada salmaq yerinə düşər. "Sarıköynək", "Güləndam", "Güllü", "Keçdi", "Üzün məndən niyə döndü",  "Ceyran", "Xoş gəldin", "Telli", "Dolansın", "Dolana", "Düşdü", "Salatın", "Dağlar" və s. qoşma və gəraylılarına yazılan mahnılar könlü xalq musiqisinə məlhəm insanların zümzüməsindən əskik olmur.
Aşıq Ələsgər el şənliklərinin, el məclislərini aparan, ustadların deyişmə məclislərinin başında görünən aşıqlardan olub. Gözəllərə söz qoşmaq da o məclislərdə “bir yarpaq söz” sırasından imiş. Ustadın söz qoşduğu gözəllər müasirləridir -
Ağ buxağın işıqlıdı büllurdan,
Ləblərin innabı, dəhanın dürdən.
Yaradan xəlq edib bir qətrə nurdan,
Düşübsən ellərə nişana, Telli.

Aşığın qadın gözəlliyini sənətkarcasına qələmə almasıyla sanki gözəlliklər kəhkəşanında dolanırsan. Vəsf aydın, tərənnüm yerli-yerində, hisslər səmimi olanda şeiriyyət də gözəl görünür. O şeirləri oxuduqca hiss edirsən ki, aşığın saz-söz məclisində olduğunu duyan gözəl ya  ani olaraq məclisdə görünüb, ya yolda - izdə dayanan aşığın nəzərini çarpmaq üçün səhəng götürüb bulaq başına enib, ya da  el-oba toylarında aşığın könlünə qonmaq üçün qol götürüb oynamaqdan yorulmayıb. Sərraf şair qəlbi bu "təsadüfi görüntüləri" yerindəcə duyub və bədahətən  qoşdügü  dillər əzbərinə çevrilmiş  şeirlərini - qoşmalarını deyib.
Aşıq Ələsgərin  şeirlərinin  hər birində bir rəssam, musiqi duyumu, memar zərifliyi, söz sərrafı qüdrəti görünür. Ölməz, klassik ədəbi nümunələrdir. Dillər əzbəri Göyçə gözəli Həcər xanıma xitabən dediyi -
Həcər xanım, qaşın, gözün təhrində
Xətt yazsam, Quranda ayə düşərmi?
- misralarındakı bənzətmə nə qədər gözəl, nə qədər dərin fəlsəfi hisslərdən yoğrulub. Bu sətirlərdə həm gözəlin gözəlliyini söz nizamına düzmək məqamı var, həm də ustadın ərəb əlifbasını yaza bilmək qabiliyyəti görünür. Xəttatlıq elminə bələdçiliyi bu hikməti onda doğurub.
Aşıq Ələsgər yaradıcılığının bir qolunu da onun təbiət gözəlliklərinə vurğunluğu, təbiət aşiqi olması, təbiəti tərənnüm hissləri təşkil edir. Xüsusən dağlara söz qoşması bir ayrı aləmdir. Ustad sinəsindən qaynayan çeşmədir. "Şahdağı" müxəmməsindəki  -
Mən gəzmişəm Qafqazyanı,
Haqq səni bir xəlq eləyib.
Ağrı dağı nadişahdı,
Səni vəzir xəlq eləyib.
Çiçəklərin kimyədi,
Daşını dürr xəlq eləyib.
Boyun minadan çəkilib,
Sərin pir xəq eləyib.
Muroy, Muşoy, Murğuz, Kəpəz
Olmaz yamağın, Şah dağı!

Göyçə Kiçik Qafqaz sıra dağlarının ətəklərində sıralanan Şahdağının qoynunda yerləşib. Yayda yaylaq, qışda zimistan ovqatı ilə insanı heyrətə gətirən Şahdağının gözəllikləri aşığı riqqətləndirməyə bilməzdi. Qoynunda böyüyən, örüşünə qoyun-quzu haylayan, çeşməli suyundan ovuclayıb içən, minbir dərdə dərman otundan-çiçəyindən ovsunlanan Dədə ulu sözünü, nəğməsini də ondan Şahdağından əsirgəməyib. Aşıqların məclislərdə oxuduğu bir neçə "Dağlar" qoşmaları bədahətən deyildiyi gündən dillər əzbəridir.  İslam Ələsgər qeyd edir ki, "Səməd Vurğunla Aşıq Şəmşirin İstisudakı görüşünün iştirakçısı Aşıq Nəcəf öz xatirəsində söyləyir. "Aşıqlar Səməd Vurğunun xahişi ilə Aşıq Ələsgərin "Dağlar" sözünü oxuyurdu... Aşıq bu sözü qurtarandan sonra Səməd Vurğunun "Dağlar" şeirini oxumağa başladı. Səməd Vurğun buna etiraz edib deyir ki, “Aşıq qardaş, Ələsgərin "Dağlar"ından sonra ayrı "Dağlar" sözü oxumazlar… . Düzdür, biz də yazırıq, amma elə olur ki, dörd misra yazanda bəzən ikisi xoşumuza gəlmir, pozub özgə misra yazırıq. İndiki şairlər nə yazsa, elmin gücünə yazır. Bizim şairlərimizin yazdıqları yerin dərin qatlarından güclə çıxarılmış artezian suyuna, Ələsgərin şeirləri isə o dağların sinəsindən təbii qaynayan bulaqlara bənzəyir. Mən onun qoşmalarının bədahətən yaradıcılığına heç bir şübhə etmirəm. Onunku haqq vergisidir".
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.
Dağlar əzəmətini, vüqarını, mərdanəliyini bundan uca mənaya düzmək çətindir -- su kimi axan misralar elə çeşmətək qaynayır. Təbiətin ilahi gözəlliyi ustad aşıqlar könlünü valeh edib, sözünə hakim kəsilib.  Göyçə mahalı Aşıq Ələsgər yaşadığı dövrdə Azərbayjanın tərkib hissəsi kimi çar Rusiyasının -- Nikolayın tabeçiliyində olub.  Rus imperiya siyasətinə uyğun olaraq ucqar əyalət kimi burada hərc-mərclik, özbaşınalıq, pristavın dözülməz əmrləri insanları cana doyururmuş. Elm, təhsil az qala bütünlüklə arxada qalıbmış. Daha çox mədrəsədə, məsciddə molla, axund yanında  oxumaq mümkün olurmuş. Belə təhsil formaları da qalırmış mollaların insafına.
Aşıq Ələsgər, Allaha, dinə-imana pənah aparan  aşıq olub -
Kəbə-qibləm, dinim - Məhəmməd dini.
-deyən ustadın dini baxışları çürük mövhumata, insanları mənən əzən mollalara yox, Allah kəlamına -- Qurani Kərimə söykənib. O, haqq aşığı, haqq vergisi olduğundan din elminin böyüklüyünə, əzəmətinə, gücünə də bələddir. Onun dini dünyagörüşünü folklorçu alim Hüseyn İsmayılov "Göyçə aşıq mühiti. Təşəkkülü və inkişaf yolları" monoqrafiyasında dərin elmi məzmunda təhlil etmişdir. "Ələsgər sözü haqq sözüdür. Ələsgər elmi Həzrət Əlinin elmidir. Birbaşa Tanrının verdiyi elmdir. Ələsgər bu elmə yetmək üçün "rizq üçün əhli-bəqa, əhli-fənanın çakəriliyindən keçib. Ona görə də Ələsgərə İnsanın, dünyanın və kainatın sirləri bəllidir.
Yerin, göyün, ərşin, kürsün, insanın,
Künhü, bünövrəsi ay nədən oldu?
Yeri göydən, göyü yerdən kim açdı?
Hikmətin dəryası ay nədən oldu?
Haqq aşiqi kimi Ələsgər "həqiqətdən dərs alır". Tanrı dərgahında -- Ələstə, ruh səviyyəsində - Tanrıya "bəli" deyir.
Dədə Ələsgərin dini mövzulu xeyli ədəbi nümunələri əlimizdə vardır. Azərbaycan müstəqil dövlət olandan, eləcə də  dini azadlıq əldə ediləndən sonra aşığın nəvəsi İslam Ələsgər bu şeirləri aşkara çıxardı. Ələsgər dini elmin  insanlara göstərdiyi həqiqət, haqq-ədalət yolundan, mərfətdən, ata-anaya, keçmişinə məhəbbətdən, hörmət-izzətdən dünyanın bu yönlü fəlsəfəsini aydın məna-məntiqə söykəyərək həmin şeirlərində açmışdır. Dini məqamla bizə yetmiş Allah kəlamında -- Qurani Kərimdə dünyanın hər üzünü, hər hikmətini, hər sirrini oxumaq mümkündür. Gərəkdir ki, qəlbində Allah eşqi, Allah nuru yer tutsun. Budur Ələsgər elmi, Ələsgər dərsi.
Dədə Ələsgər şeirlərində yaşadığı dövrün ictimai-siyasi ab-havası olduğu kimi öz əksini tapmışdır. Çarın əlaltıları olan -- qəza, quberniya başçılarının xalqı əzməsi, onlara zülm etməsi, eləcə də digər tərəfdən ermənilərin vəhşi hücumları,  ev-eşikləri, yandırması, insanları yer-yurdlarından didərgin etməsi faktlarını bütünlüklə o, öz şeirlərində qələmə almışdır.
Necə oldu Serbiya, Çornoqoriya?!
Əl-ayaq altında itdi İtaliya.

-göründüyü kimi dünya hadisələrindən belə xəbərdar olan aşıq yer üzündə haqsızlıqları, narahatılıqları, zülmü qələmə almışdır.
Aşıq Ələsgər yaşadığı bir əsrdən artıq ömründə erməni zülmüylə də çox rastlaşmışdı. 1918-ci ildə ermənilər növbəti dəfə yenidən hücumlara, talanlara, yanğınlara başlayıblar. Əhalini qorxudub kəndlərdən çıxarmaq üçün igid-igid oğlanlara zülm verərək öldürüblər. Belə bir dövrdə bütün kənd əhli kimi Ələsgər də öz ailəsini qonşu Kəlbəcərin Qanlıkəndində yerləşdirir. Artıq yaşı yüzü haqlamış aşıq Allahdan möhnət-ömür möhnəti istəyir. Yurdunda  - doğulduğu kəndində torpağa qovuşmaq istəyini Allah qəbul edir. 1921-ci ailəsi ilə birgə doğulduğu Agkilsə kəndinə qayıdır. Bir il sonra arvadı Anaxanım ana, 1926-cı ildə isə özü dünyasını dəyişir. 105 yaşlı Dədə Ələsgər Ağkilsə qəbiristanlığında dəfn olunur.
1972-ci ildə ustad aşığın 150 illik yubileyi keçiriləndə qəbrüstü abidəsi qoyuldu. Onda biz məktəbli idik. Hərəmizə bir qərənfil vermişdilər ki, tədbirin sonunda şairin qəbrinin üstə qoyaq. Elə indi də o arzu ürəyimizdədir ki, yurda dönəydik, Göyçənin sevinən göz yaşlarını öpəydik, Dədə Ələsgər hüzurunda baş əyib torpağını gözlərimizə sıxaydıq və sinəsi üstə bir dəstə Göyçə gülü qoyaydıq. Bir  ovuc da Göyçə gölündən su götürüb həsrətdən yanan torpağına, jiyərlərimizə  sənəydik.
Sənin haqq ruhun köməyimiz olsun, Dədəm Ələsgər. Bir sədan qulaqlarımızdan çəkilmir -  
Heç demirsən, Ələsgərim hardadı?

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə