Almaz ÜLVİ/ filologiya elmləri doktoru

 Bu gün tədqiqatçıların diqqətini daha çox cəlb edən, hətta ayrıca araşdırma sahəsi kimi aktual olan Şərq və Qərb məsələsi əslində XX əsrin əvvəllərindən ədəbiyyatda, fəlsəfədə, dildə, dində ... özünü əks etdirir. Akademik N.İ. Konrad “Qərb və Şərq” əsərində dönə-dönə qeyd edir ki, türk xalqlarının tarixi və mənəvi həyatı yalnız Şərqlə deyil, həm də Qərblə bağlıdır.

Bu konteksdən yanaşanda Q.Tukayın (1886-1913) ədəbi maraq dairəsi hədsiz dərəcədə genişdir. O, bir tərəfdən özünə müəllim saydığı Puşkin və Lermontov poeziyalarını dərindən mənimsəyir, onların tərcüməsi vasitəsi ilə ingilis, alman və fransız ədiblərinin - Şekspirin, Bayronun, Şillerin, Hötenin, Heynenin və Berancenin əsərləri ilə yaxından tanış olursa, digər tərəfdən Şərq korifeylərinin intibah poeziyasına - Firdovsi, Maari, Xəyyam, Nizami, Cami, Hafiz, Nəvai, Füzuli ... yaradıcılıqlarına böyük maraq göstərirdi.  Eyni zamanda XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb - yaratmış  Ə.Həmidin, N.Kamalın, M. Hadinin, C. Məmmədquluzadənin, M.Ə.Sabirin ... əsərləri ilə yaxından tanış olurdu. Rus klassiklərinin əsərlərini tatar dilinə tərcümə edir. Gənc şair dünya ədəbiyyatının bu qədər söz zənginlikləri içində - Şərq və Qərb dühalarının mənəviyyat dünyalarından faydalanaraq özünün həqiqi milli ədəbiyyatını yaratmış və zənginləşdirmişdir.
Tatar ədəbiyyatının bu yüksəlişi səssiz-sədasız qalmadı, Türküstanda - Orta Asiya respublikalarında da Q.Tukayın adı klassik yazarlar sırasında özünəməxsus yer aldı. O, görkəmli elm və sənət adamları tərəfindən “ustad” deyə hörmətlə yad edilərək, yaradıcılığına dönə-dönə müraciət olunurdu. XX əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələrlə bağlı bütün xalqların ədəbiyyatında olduğu kimi, özbək ədəbiyyatda da yeni bir nəsil yaranırdı və bu nəslin formalaşmasında Q.Tukayın təsiri qaçılmazdır. Tanınmış özbək ədəbiyyatşünası İ.Sultanov tədqiqatlarında dəfələrlə qeyd edir ki, XX əsrin əvvəllərində Özbəkistanda ədəbi prosesin təşəkkülündə, özbək ədəbiyyatında sosializm realizm metodunun inkişaf etdirilməsində (halbuki Q.Tukay yaradıcılığının sovet ideologiyası prinsipi ilə heş bir əlaqəsi yox idi) tatar ədəbiyyatının, xüsusən böyük tatar şairi Q.Tukayın xüsusi rolu olmuşdur.
XX əsrin əvvəllərində yazıb-yaratmış özbək şairi Təvəllo özünəməxsus satirik dəstixətti ilə özbək ədəbiyyatında tanınır və sevilirdi. “Dünyaya baxış”, “Doğru söz” satirasında Təvəllo Türküstan xalqının elmi-texniki yeniliklərdən, mədəni tərəqqidən geri qaldığını kəskin tənqid atəşinə tutmuşdu. Bu şeirlərdə Q.Tukayın 1910-cu ildə yazdığı “Nərdivan” satirik şeirinin ab-havası xatırlanır:
Mən yuxarıda, siz isə aşağıda - onlar fəxr edərək deyir,
Siz aşağıda, məzlum əliniz heç zaman yetməz mənə.
(Bu məqam M.Ə.Sabirin 1910-cu ildə “Həqiqət” qəzetində imzasız dərc etdirdiyi -
Dindirir əsr bizi, -  dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ aftomobil minməyiriz
.
- şeiri də xatırlanır).
Bundan başqa Q.Tukayın “Bizə atılan böhtan” satirasının ideya-məqsədi, məzmunu, ahəngi Təvəllonun adlarını çəkdiyimiz satiralarında da duyulur.
Özbək şairi Şükrüllo da yazılarında Q.Tukayın satirik ustalığından faydalanmağı qələmdaşlarına məsləhət görərdi və özü də bu ruhda yazıb-yaradırdı.
Məşhur özbək ədəbiyyatşünası, H.H.Niyazi (1889-1929) irsinin tədqiqatçısı, professor Ləziz Kayumov “Q.Tukay və özbək poeziyası” məqaləsində qeyd edir ki, “Q.Tukay poeziyası hələ inqilaba qədər oricinaldan özbək oxucularının rəğbətini qazanmışdı. Bunların arasında “Tuqan til” (“Ana dili”) adlı şeiri xüsusilə geniş yayılmışdı. Bu şeir şair Abdulla Avloninin (1878-1934) tərtibatı ilə hazırlanan məktəb dərsliyinə daxil edilmişdi (əsərin özbək dilinə ilk tərcüməsi də A.Avloniyə aiddir). Onu istedadlı özbək satirik şairi, dramaturqu, publisisti H.H.Niyazinin müəllimlərindən biri hesab etmək olar”.
L.Kayumov həmin məqaləsində Q.Tukay və H.H.Niyazi poeziyasını müqayisəli təhlil edərkən  gənc özbək satirikinin yaradıcılığında tatar şairinin təsirini xüsusi olaraq qeyd edir. H.H.Niyazi ilk yaradıcılıq illərində satira canrına müraciət edərkən (o, istər şeirlərində, istərsə də dram əsərlərində bu canrın imkanlarından gen-bol istifadə etmişdir) Q.Tukay yaradıcılığından kifayət qədər faydalanmışdır. Tədqiqatçı da məhz bu nüansları müqayisəli təhlilə cəlb etməkdən çəkinməmiş, Q.Tukaya ustad münasibəti ədəbi faktlarla diqqətə çəkmişdir. H.H.Niyazinin maarifpərvərlikdən tutmuş ta inqilabi duyğulu mövzulara qədər olan yaradıcılığında Q.Tukay və M.Qafurunun inqilab ruhlu poeziyasının təsiri tədqiqatda incələnmişdir.
Qeyd edək ki, Q.Tukayın yaradıcılığını türk xalqları - azərbaycanlılar da, özbəklər də, qazaxlar da, qırğızlar da, türkmənlər də oktyabr inqilabına qədər tatar dilində - yəni oricinaldan  oxuyurdular. Əslində burada çətinlik törədəcək bir şey yox idi, çünki bu dillərin qohumluğu, hərf qrafikalarının eyniliyi, ədəbi-mədəni ənənələrin yaxınlığı köməyə yetirdi.
Q.Tukay irsinin özbək ədəbiyyatşünaslığında tədqiqi məsələsini problem olaraq araşdırarkən şairin ilk yaradıcılıq illərinə və yaşadığı dövrün siyasi-mədəni mühitinə ötəri də olsa nəzər salmağa ehtiyac duyulur.
XX əsrin əvvəllərində bütün Avropanı və Asiyanın bəzi hissələrini öz ağuşuna almış inqilab dalğası iri sənaye və mərkəzi şəhərlər sırasında Kazanı da cənginə salmışdı. Araşdırmalardan məlum olur ki, 1910-1911-ci illərdə Türküstanda tatar dilində dərc olunmuş ədəbiyyat və dövrü mətbuat geniş yayılmışdır. İnqilab ab-havası mətbuat vasitəsi ilə bütün ziyalıların qəlbini fəth etmişdi. Çünki xalqın ehtiyacını çəkdiyi tarixi hadisə baş verirdi. Varlıların özbaşınalığından,  zülmündən, vəhşiliyindən, harınlığından cana doymuş xalq ziyalısından imdad istəyirdi.
Avropa və Asiyanı bürümüş 1905-1917-ci illərin inqilabi-demokratik ab-havası Türküstan ellərini də başdan-başa öz təsirinə almış, o cümlədən özbək xalqı üçün yüksək ictimai-siyasi dəyişikliklər dövrü olmuşdur. Ədəbi-mədəni aləmdə yeni inqilabi demokratik fikirlərə ehtiyac çoxalırdı. Digər xalqlarla müqayisədə özbək ədəbi mühitində bu boşluğu  Zövqi, Ə. Ötər, H.H.Niyazi, S.Ayni, A.Avloni, Bəyani, Rəci, Şükürü, S.S. Əczi kimi qələm adamlarının, ədəbi fəalların əsərləri təmsil edirdi.
Əslində, tatar - özbək xalqlarının ədəbi-mədəni əlaqələri uzaq  tarixlərə qədər gedib çıxır. İlk özbək kitablarının məhz Kazan universitetinin mətbəəsində çap olunması və s. kimi əlaqələrdən danışmaq üçün dəyərli faktorlar çoxdur.
Q.Tukayın həyatı və yaradıcılığı  dövrü mətbuatla ayrılmaz vəhdətdə olmuşdur (cəmi iyirmi yeddi il ömür yaşamış bu gəncin əsərlərinin əsas imza tarixi 1906-1913-cü illərə aiddir. Altı-yeddi illik ədəbi yaradıcılığı ilə ölməzlik haqqı qazanmışdır. Beş-altı illik yaradıcılıq dövrü yaşamış dahi M.Ə.Sabir (1862-1911) kimi).  Onun curnalistlik fəaliyyətini eyni zamanda ictimai-siyasi və ədəbi estetik  mübarizədə fəal iştirakı  kimi dəyərləndirə bilərik. Q.Tukay tatar xalqının azadlıq mübarizəsini tərənnüm edən, maarifpərvər coşğunluğu ilə xalqı cəhalət yuxusundan səsləyən, çarizmi, dini geriliyi tənqid edən satirik canrda yazdığı şeir və hekayələrini, publisistik yazılarını “Kızganıçlı”, “İmam Xətib”, “Biçarə”,  “Gumbirt”, “Dubirnuş”, “Tenkıyt Süyüçi”, “Biik Usal”, “İmzasız da Yararetdinov”, “T.G.T.”, “Şurale” (“Qulyabani”), “Udod” (“Hop-hop”), “Kırmıska” (“Qarışqa”), “Verxuşka oqlobli” (“Kəsikbas”), “Kefeş-tatıyuş” kimi gizli imzalarla mətbuatda dərc edirdi. O illərdə çap olunan müxtəlif qəzet və dərgilərdə - 1906-1913 - cü illər arasında “Ulduz”, “Əl-islah”, “Kuyaş”, “Turmış” adlı qəzetlərdə və “Tərbiyət ül - ətfal”, “Ən”, “Yaşen” (“Dalğa”), “Yalt-Yolt” (“Şimşək”) “Məktəb” adlı dərgilərdə 214 şeiri və nəsr əsəri dərc olunmuşdur. Birinci rus inqilabı illərində mədəni mərkəzdən uzaq, ucqar Uralskidə (Çayıkda) tatar dilində nəşr olunan, xüsusən şairin ruhuna, qəlbinə çox doğma olan və daha çox çap olunduğu “Fiker” (“Fikir”) qəzeti, “Əl-Qəsr əl -Cədid” (“Yeni əsr”) və “Uklar” (“Oxlar”) dərgiləri demokratik mövqeyinə görə geniş populyarlıq qazanmışdı.
Naşir Kamil Mutıqi 1914-cü ildə yazdığı qeydində bildirir: “Q.Tukay mənim mətbəəmdə yığıcı (mürəttib) vəzifəsində işə qəbul olunmuşdu, az sonra korrektorluğa keçdi, daha sonra isə o, çox istedadlı şair kimi özünü tanıtdı. Bu mətbəədə çap olunan “Fiker”, “Əl-Qəsr əl - Cədid” və “Uklar” qəzet və dərgilərdə çıxış edirdi, daha konkret desək, bu mətbu orqanlarda bütün işləri öz əlinə almışdı. Q.Tukay bu nəşrlərdə  fövqəladə bir canıyananıqla çalışırdı”. Başqa bir qeydində yenə də o, bildirir ki, “Q.Tukay bütün nəşrlərimizin faktiki olaraq redaktoru və naşiri idi”.
Q.Tukay iş imkanlarından istifadə edərək inqilabçıların toplantılarında, mitinqlərində iştirak etməklə yanaşı, onların kitabçalarını, gizli vərəqələrini tərcümə edir, işlədiyi mətbəədə gizli çap edərək yayırmış. Onun bu xidmətləri eyni zamanda, yaradıcı fəaliyyətinə təkan olmuşdur.
Q.Tukay hələ mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır. O, 1902-ci ildə İstanbuldan gəlib onunla eyni  mədrəsədə oxuyan Abdulvəli adlı gənclə tanış olur. Q.Tukay Türkiyədə mövcud recimə qarşı və “Bərabərlik, Azadlıq,  Qardaşlıq” tərəfdarı olan Abdulvəlini “Dünyanı tanımaq üçün gözümü açan adam” adlandırmışdır. Eyni zamanda, Uralskidə (Çayıkda) Mutiullah mədrəsəsində oxuyarkən, mədrəsəyə qonşu olan rus sinfində də oxuması və s. kimi hadisələr onun ədəbi şəxsiyyətinin formalaşmasında böyük rol oynamışdır.
Varlı və kasıb təbəqələrin mövcudluğu ilə yaranan bəlalar, ağrılar, oxşar obrazlar, xüsusən balaca adamların taleyi, ictimai-siyasi ab-hava o illərdə satira canrının mövzusuna çevrilmişdi. Söz qılınca çevrilmiş, sağı-solu qamçılamaqdan çəkinmirdi. Təbii ki, bütün Şərqdə səsi-sədası yayılan “Molla Nəsrəddin” təsiri Q.Tukaya da öz təsirini göstərmişdi. Gənc tatar şairinin mətbəədə şrift kassaları yanında əlində “Molla Nəsrəddin” dərgisi olan tarixi fotosu da çox məna kəsb edir. Təbii ki, “Molla Nəsrəddin” gücündə sözün təsiri daha tez eşidilirdi. Tatar ədəbiyyatında da, Azərbaycan ədəbiyyatında da, özbək ədəbiyyatında da ədəbi faktlar eyniliyi inqilab qığılcımını alova çevirə bilirdi. Tatar tədqiqatçısı Rezeda Qəniyeva “Q.Tukayın satirik yaradıcılığı” adlı monoqrafiyasında qeyd edir ki, “Q.Tukayın satirik - publisistikasının kökündə rus satirik ədəbiyyatının və curnalistikasının təcrübəsi dayansa da, Şərq curnalistikasının, xüsusən Azərbaycan və türk mətbuatının təsirini danmaq mümkün deyil”.
M.Ə.Sabir satirası haqqında professor Cəfər Xəndanın dediyi -“şairin nə qədər satirası varsa, bir o qədər də mövzusu var” -. fikrini eynilə tatar ədəbiyyatında Q. Tukay satirasına, özbək ədəbiyyatında Təvəllo, A.Qədiri, A.Qəhhar, M.Sufizadə,  S.Əczi satirasına da şamil edə bilərik.
Q.Tukay poeziyasında, xüsusən satirasında  bütün Rusiyanı  və Şərqi başına almış inqilabı doğuran səbəbləri açan, xalqın gün-güzəranını əks etdirən, zəhmətkeş insanların maddi və mənəvi ehtiyaclarını, azadlıq arzularını, demoktatik həyat tərzini, ictimai həyatda baş verən realist hadisələrin təsviri, özbaşınalıqlar, dünyada baş verən elmi-texniki tərəqqidən  geridə qalması, cəhalət, dini despotizm, tipik obrazların təsviri kimi mövzuları yaradıcılıq ustalığı ilə qələmə almışdır.
Doğrudur, qeyd edirik ki, tatar ölkəsinin nəşr imkanları geniş olduğundan özbək yaradıcıları bu nəşrlərdən istifadə etməklə, ədəbiyyatlarında da təsir tez hiss olunurdu. Lakin gənc Q.Tukayın əlində “Molla Nəsrəddin”i görərkən, A.Qədirinin - “Mən qələm tutmağı ərəblərdən, qələmlə güldürməyi isə "Molla Nəsrəddin"dən öyrənmişəm"  fikrinə biganə qala bilmərik.
Özbək ədəbiyyatında məşhur satirik şair kimi nüfuz qazanmış Səidəhməd Siddiqi Əczinin (1864-1927) yaradıcılığı bu baxımdan xüsusilə diqqətəlayiqdir. Əczi yaradıcılığı bütövlükdə "Molla Nəsrəddin" ab-havası, Mirzə Cəlil yumoru, M.Ə.Sabir poetik fikri, məna və məzmunu üstündə köklənmişdir.
M.Ə.Sabir 1890-95-ci illərdə Şərq ölkələrinə səyahəti zamanı-İranın və Orta Asiyanın Xorasan, Səbzavar, Nişapur, Mərv, Aşqabad, Buxara və Səmərqənd kimi şəhərlərini gəzərək yerli ədib və ziyalılarla tanış olmuş, söhbətlər etmişdir. Özbəkistanda Raci, Şükuri, Əczi kimi maarifçi şair və ziyalılarla görüşü sonralar onların yaradıcılıqlarında dərin iz açmışdır. Mərvdə yaşayan özbək maarifçi-demokratı, satirik şairi M. Sufizadə M.Ə.Sabirlə ilk dəfə şairin Türküstan ellərinə səfəri zamanı, ikinci dəfə Tiflisdə "Molla Nəsrədin"dəki görüşləri, nəhayət, Bakı səfəri zamanı üçüncü dəfə görüşmüşdür.
XX əsr özbək satirası ilə Mirzə Cəlilin, M.Ə.Sabirin əlaqəsini üç görkəmli şairin - S. Əczi, M. Sufizadə və H. H. Niyazinin yaradıcılıqları ətrafında daha geniş, əhatəli öyrənmək mümkündür. Hər üç sənətkarın yaradıcılığı "Molla Nəsrəddin" məktəbindən rişələnmişdir.
Q.Tukay təkcə realist  təsvir vasitələrindən yox, eyni zamanda gizli imzalarından da gördüyümüz kimi üstüörtülü, eyhamlı məqamlardan, rəmzi  mənalardan, seçdiyi tiplərin dili ilə danışmaqdan istifadə etmişdir. Q.Tukay satirasının gücü məhz bundadır. Qeyd etdiyimiz kimi, Q.Tukayı özbəklər çoxdan tanıyır və sevirdilər. Görkəmli özbək maarifpərvəri A.Avloni yazır ki, “məktəb dərsliklərindən “Ana dili” şeirini əzbər bildikləri Q.Tukayın “Şurale”, “Saman bazarı, yaxud Yeni Kəsikbaş”, “Yapon nağılları” əsərləri maraqla oxunur və satiraları əl-əl gəzirdi. Q.Tukayı özbək xalqına doğma edən başqa bir səbəb də var. Böyük tatar şairinin demokratik düşüncələrdən doğan əsərləri,  çarizmi ifşa edən satiraları, maarifpərvər fikirləri  onu bizə əziz və yaxın edən stimullar olmuşdur”.
Özbək satiriki Abdulla Qəhhar da müxtəlif gizli imzalardan istifadə edərək yaşadığı cəmiyyətin eybəcərliklərini, haqsızlıqlarını, ağrı-acılarını qələmə almışdır. O, ədəbiyyata ilk addımlarını satirik tərzdə yazdığı əsərləri ilə atmışdır. "Gülər", "Narın şilpik", "Yalın ayaq", "Mavlon kufur", "Niş" imzalı satirik yazıların müəllifi 17 yaşlı A.Qəhhar idi. Onun bu imzalarla xeyli sayda mətbuatda dərc olunmuş satirik şeirləri, felyetonları, yumor dolu hekayələri Özbəkistanda satiranın inkişaf etdiyi ilk illərə təsadüf edir.
Hekayələrini, felyetonlarını, məqalələrini "Culqunbay", "Dunbul", "Ciyən", "Sovrunbay", "Ovsar", "Dumbulnisə" və başqa gizli imzalarla çalışdığı "Müştüm'' dərgisində çap etdirən Abdulla Qədiri alverçiləri, kəndxudaları, ikiüzlü çinovnikləri, bürokratları, qadın azadlığı əleyhinə olanları, maarifçiliyin düşmənlərini tənqid atəşinə tutur, xalqını yeni günə, işıqlı, ziyalı sabaha çağırırdı. Buna görə də o, satirik canra müraciət edərək, az sözlə böyük məna, böyük mətləblər açırdı. Yumorla, gülüşlə eybləri göstərmək, oxucu əhatəsini genişləndirmək digər xalqların da ədəbi üsullarından biri idi. Qeyd edək ki, dünyanın bir çox dillərinə tərcümə olunmuş “Şurale” poemasını özbək dilinə çevirərək “Müştüm” dərgisində dərc etdirən A. Qədiri onlarla məqalə, felyeton, yumor dolu kiçik həcmli hekayələrini yaradıcı həyatı sırf mətbuatla bağlı olduğundan çap ehtiyacı bilmədən oxucularına çatdırırdı. Maarifçilik ideyalı əsərlərinə daha çox diqqət edərdi. XX əsr özbək ədəbiyyatının formalaşmasında və inkişafında böyük xidmətləri olan A. Qədiri satirik əsərlərində Q.Tukay  satiralarından faydalandığını məqalələrində etiraf edirdi. Bu etirafların səmimiyyəti hər iki ədibin əsərlərinin müqayisəsində öz gerçəkliyini tapır. Q.Tukayın “Əgər bir söz deyərsənsə, kim bərk qorxar” məqaləsi A.Qədirinin “Biz kimik və nədən qorxuruq” satirik publisistik əsəri ilə müqayisəsi fikirlərimizin təsdiqinə bariz nümunədir.
Qeyd etdik ki, tatar ədəbiyyatında satira kimi kiçik bir canra ilk dəfə Q.Tukay müraciət etmişdi.  Bu canrda o, istər nəsr əsərlərində, istərsə də şeirlərində o, öz sözünü daha kəskin, aydın, lakonik deyə bilmişdi. Vətəninə, millətinə olan sevgisini, can könüldən bağlılığını həm lirik duyğuları, həm də satirik  tərzdə şeirlərində ifadə etməyə uğurla nail olmuşdur. 1907 - ci ildə millətinə xitabən lirik ovqatda yazdığı “Millətimə” şeirini xatırlayaq -
Bütün fikrim, gecə-gündüz sizə aiddir, millətim,
Səhhətindir səhhətim, həm illətindir illətim.
Müqəddəssən, möhtərəmsən içimdə bütün hər şeydən,
Dəyişməm kainata millətimi, milliyətimi.
... Sevər mənim qəlbim “milli” kəlməsini, bilməm nədən?
Eylə “milli” millətimi, bəxş et məmnuniyyətimi.

Q.Tukay şeirlərində millət və millətçiliklə bağlı fikirləri xüsusilə fərqlənir.   İlk əvvəlki yaradıcılığında o, “millət” deyə bütün müsəlman dünyasına üz tuturdusa, sonrakı əsərlərində Tatar millətinə, millətçiliyinə, tatar milliyinə üstünlük vermişdir. 
Bu məqam bir məsələni də diqqətə çəkmək istərdim: doğrudur, Q.Tukayın ədəbi irsi sovet illərində də tədqiq olunurdu - xalqlar dostluğunun, vətənpərvərlik və dostluq duyğularının carçısı kimi, sovet şinelli rus imperiyasının çökməsi ilə müstəqillik əldə etdiyimiz son 20 ildə isə türkçü, millətçi, öz tatar xalqını canından da artıq sevən şair kimi diqqətdədir. Şair şeirlərində milli hisslərini elə təbii, ülvi sevgi ilə təsvir edir ki, şərhə belə sözün gücü qalmır.. Təbii ki, belə dühalar ölmürlər, əksinə əbədiyyət daşıyılarına çevrilirlər.
1905-ci ildə Kazana gələn Q.Tukay şəhərdə cərəyan edən qiyam hərəkatlarında da iştirak etmiş, o zamanki ədəbi-mədəni mühitin mərkəzində yetkinləşmişdi. Abdulvəlinin söhbətlərindən, onun vasitəsi ilə əldə etdiyi kitablardan təsirlənən və qəlbində Türkiyə sultanlığını ideallaşdıranlara qarşı kəskin cavab verərək yazırdı ki, Türkiyədə olan zülmkarlıq türk xalqına vəhşi və amansız divan tutur. Şair Rusiyada çar recimini necə görmək istəmirdisə, o, Şərq despotizminə qarşı da həmin fikirdə idi. İran şahı Məhəmmədəli, türk sultanı Əbdülhəmid onun satirasının hədəfinə çevrilmişdi. 1907-ci ildə yazdığı məşhur “Tərk etmərik!” şeirində sultanlığın zülmkarlığını, qəddarlığını, despotizminin qaba və müdhiş simasını, recimini ifşa edir. Türk sultanlığını tərifləyənləri kəskin poetik cavabı ilə qamçılayırdı.
Tatar demokratik yazıçıları Şərq dövlətlərinin azadlıq hərəkatlarının həyəcanla izləyirdilər. Onlar ürəkdən arzulayırdılar ki, Rusiya və Şərq ölkələri azadlığı əldə etsinlər. Həmçinin Şərqdə baş verən inqilabi hərəkatları, o cümlədən gənc türklər hərəkatlarını da Q.Tukay həyəcanla izləyirdi. (“Gənc türklər” - 1889-cu ildə İstanbulda əsası qoyulmuş türk millətçi burcua - mülkədar  “İttihad və tərəqqi” partiyasının Avropada tanındığı addır).
1908-ci ildə “Axırıncı görüş” həcvində yazırdı ki, gənc türkçülər  hakimiyyətə gələn kimi, demokratiyanın əksinə oldular və köhnə recimi dəstəklədilər. Gənc türkçülərdən biri pafosla yazdı ki, Türkiyədə bütün millətlər türklərlə eyni hüquqa malik olacaqlar: bolqarlar, yunanlar və s.. Heç bir dil, din və millət sıxışdırılmayacaq. Amma azadlığı əldə edəndən sonra qışqıraraq dedilər:  məktəblərdə yalnız türk dilində oxumalıdırlar”.
Sultanlar, şahlar, əmirlər, Şərq şahlıq sülaləsinin  qəddar zülmkarları qarşısında baş əyənlərin əksinə -  Q.Tukay ilk dəfə olaraq tatar ədəbiyyatında siyasi  əqidəsini ortaya qoydu. Bu mübarizə üsulu tatar xalqını təmsil edən inqilabçıların əlində tutarlı bir silaha çebrildi.
M.Ə.Sabir də bu mövzuya bir çox satiralarında toxunmuşdur. “Arzu”  şeirində yazırdı -
Nə Şərq olaydı, nə Əqsayi-şərq, həm də Japoniya,
Nə onların hünəri xəlqə ibrət dərsi ibrət olaydı!
Nə nəfxi “Sur”i Cahangir və nə Məlik Mütəkəllim,
Nə bəzi kişvəri-İranda bu ləcacət olaydı!
Nə Türkiyədə bu qanun-əsasi nəşr olunaydı;
Nə biədəb yeni türklərdə bunca cürət olaydı!

A.Tukayın əsərlərinin oricinallığı təkcə ideya məzmun cəhətdən yox, həm də üslub xüsusiyyətlərinə, ədəbi dil zənginliyinə görə də fərqlənib.
Q.Qulam yazırdı ki, “İnqilabdan sonra özbək şəhərlərində ilk məktəblərin açılmasında tatarların böyük rolu olmuşdur. Doğrudur indi xatırlaya bilmirəm ki, onlar konkret kimlər olub, amma bilirəm ki, onlar tatarlar idi. Bir çox tatar ziyalıları və maarifçiləri Buxara mədrəsələrində oxuyublar, bir çox özbək ziyalıları Orenburqdakı “Hüseyniyyə”, Ufadakı “Qaliya”, Kazandakı “Məhəmmədiyə” mədrəsələrində oxuyublar”.
Məlumdur ki, tatar maarifpərvərləri Buxarada yeniüsullu məktəb  açmaqları ilə təhsil islahatında xüsusi rol oynamışlar. Vaxtilə özü də belə bir məktəbdə oxuyan maarifpərvər ziyalı, şair S. Ayni bu aktual hadisəyə xüsusi maraq göstərir və belə məktəblərin iş metodları ilə yaxından tanış olur. Sonralar yazırdı ki, “belə məktəblərin təsiri oldu ki, biz də öz məktəb və mədrəsələrimizdə islahatlar aparmağa başladıq. Səmərqənd və Daşkənddə yerli milli uşaqlar üçün artıq yeni tipli məktəblər açılmışdı. Buxarada yaşayan tatarlar da 1907 - ci ildə öz uşaqları üçün yeni tipli məktəblər açdılar. Belə bir məktəbdə 6 ay da mən işlədim”. Özbəkistanda tatar ziyalıları ilə daim əlaqədə olan S.Ayni yaradıcılığına da Q.Tukay poeziyasının təsiri danılmazdır. Bu təsir S.Ayninin  “Yürüş marşı”, “Beynəlmiləl marşı” əsərlərində aşıq-aydın görünür.
Q.Tukay “Ata ilə oğul” şeirində maarifçilik istəklərini qabarıq verir. Sevgili üzünə, eşq sözünə, övlad şirinliyinə nakam qalan şair gör hansı arzuları qələmə alır? -
Yaz, əziz oğlum, qara taxtaya cız təbaşir ilə!
Qaralmış könlünü sən nurlandır, çızıb ağ nur ilə.
Üç cahillə dəyişilməz yazmağı bilən bir insan,
Mərifət istər, üşənməz heç, insan olan bir insan.

Dahi Nəvai də ömrü boyu subay olmuşdur. Bəlkə də saray içində yaşadığından saray hərəmxanalarına qarşı qəlbində bir ağrı, barışmazlıq olmuşdur, ya da şair olan kəs hansısa haqsızlıqla barışmayıb. Amma o, ilk dəfə Şərq ədəbiyyatı tarixində türkcə eşq dolu klassik “Xəmsə” yaratdı.
Realist məzmunlu və inqilabi-demoktatik duyğulu tatar poeziyasının  inkişaf tarixi Q.Tukayın adı ilə bağlıdır.
Tatar ədəbiyyatında satiranın özüldaşı kimi tanınan Q.Tukay bu canrın əhəmiyyətini yüksək dəyərləndirərək yazırdı: “Satira canrı o qədər güclüdür ki, hətta kəsilmiş başı yenidən boynun (bədənin) üstünə qoya bilər”.
Q.Tukayın satira yaradıcılığı başqırd, qazax, qırğız, türkmən, özbək, kumık, qaraqalpaq, çuvaş xalqlarının satirik ədəbiyyatının formalaşmasında, inkişaf etməsində  təsiri danılmazdır.
XX  əsrin özbək klassik şairi, ədəbiyyatşünası Qafur Qulam “Qabdulla Tukay bizim də şairdir” məqaləsini belə başlayır: “Qabdulla Tukayın adını eşidən kimi, o an gözlərimiz önünə tatar və özbək ədəbiyyatlarının tarixi əlaqələri gəlir. Qabdulla Tukay təkcə tatar xalqının fəxri deyil, bütün türkdilli xalqlar da onun şeirlərini əzbərdən bilir və maraqla oxuyurlar, ələxüsus da ziyalılar. O, çoxdan özbək xalqı arasında tanınmış və böyük şöhrət qazanmışdır. Fikrimin təsdiqi kimi deməliyəm ki, “Azadlıq haqqında”, “Şagird və yaxud bir görüş”, “Ah, pero!”, “Puşkinə” və bir çox şeirlərini özbəklər tərcüməsiz çox asan oxuyurlar. Şair özü də vaxtilə dərsliklərdən, özbək və tatar mədrəsələrində təhsil aldığı illərdə (“Bedevam”, “Sufi Allahyar” və s.) tədris olunan  kitablardan özbək ədəbiyyatı ilə tanış olmuşdur” (21). Həmin fikrin davamı kimi,  Özbəkistanın xalq şairi Uyqunun “Böyük şair” məqaləsinə də nəzər salaq: “Q.Tukay özbək xalqına çoxdan doğma və yaxın idi. Biz hələ məktəbdə oxuyan vaxtlardan - “Ana dili” kitabımızdan onun gözəl şeirlərini əzbərdən öyrənmişdik.  Bizim üçün o, həm müəllim, həm də öz doğma şairimiz idi”.
Daşkənddə özbək dilində çap olunan “Kommunist” (“İştirakiyun”, 1920-ci il, 15 aprel) qəzetində “Şərq şairi yoldaş Q.Tukay”  adlı məqalədə yazılır: “Şərqin böyük mütəfəkkirləri Hafiz, Xəyyam, Sədi, Nəvai ilə bir sırada Q.Tukayın da adını ehtiramla çəkmək olar. O, əsərləri ilə tatar xalqını inqilaba hazırlayırdı”.
Özbək ədəbiyyatşünaslığında Q.Tukay yaradıcılığına verilən bu dəyərli fikirlər ayrı-ayrı əsərlərinin özbək məktəb dərsliklərində, almanax və müntəxabatlarında yer tutmasına, tədris olunmasına səbəb olmuşdur.
 “Ana dili” şeiri “Min ilin oğuz şeiri” almanaxında Anarın tərcüməsində yeni nəsil Azərbaycan oxucusuna təqdim olunmuşdur.
Ey ana dil, ey gözəl dil,
Atamın, anamın dili.
Səndən çox şey öyrəndim,
Mən bu dünyaya gələli.
Sənin köməyinlə duydum,
Ta uşaqlıq çağlarımdan.
Sevincimi, kədərimi,
Şadlığı, fərəhi, qəmi.
Öz ana dilimdə idi,
Ən ilk öxuduğum duam.
Qoru deyirəm dilimi,
Atamı, anamı, Xudam.
Özbək - tatar ədəbi əlaqələri mövzusunda ayrı-ayrı özbək ədədbiyyatşü-nasları - Uyqun, İ.Sultanov, L. Kayumov, A.Şərafəddinov, ... tədqiqat məqalə-ləri yazsalarda ən mükəmməl elmi araşdırmalar tanınmış özbək ədəbiyyatşünas alimi Şırəli Turdıyevə məxsusdur. Keçmiş sovet ölkəsi tərkibində olan türkdilli xalqların ədəbiyyatları ilə özbək ədəbiyyatı arasındakı əlaqələri tədqiq edən Ş.Turdıyev “Özbək-tatar ədəbi əlaqələr tarixindən” adlı məqaləsində ustadı L.Kayumovun fikrinin davamı kimi qeyd edir ki, H.H.Niyazinin “Ramazan”, “Gənc oğlan və qızların mübahisəsi”, “Məktub”, “Qüssələnmək”, “Oyanın, fəhlələr” şeirləri ilə Q.Tukayın “Kəndlinin yuxusu”, “Səs barədə”, “Bu gün bayramdır”, “Nəsihət”, “Məsləhət” əsərləri  arasında  ideya  birliyi üzə çıxır. Xüsusən “Ramazan” və “Nəsihət” şeirlərində Q.Tukayın H.H.Niyazi satirasına güclü təsirini görmək olur.
Ş.Turdıyevin “Q.Tukay və özbək ədəbiyyatı” adlı məqaləsində özbək ədəbiyyatında Q.Tukay təsiri ilə ədəbiyyatda özünü təsdiq etmiş sənətkarlar və qələmə alınan əsərlər tədqiq olunmuşdur. Ş.Turdıyevin “Orta Asiya tatarları: XX əsrin I rübündə Türküstanın mədəni-siyasi həyatında əhəmiyyətli rolu” məqaləsində isə adından da göründüyü kimi, olduqca əhatəli məsələlərə diqqət yönəlmişdir və burada da Q.Tukayın xidmətləri önə çəkilmişdir.
Özbək ədəbiyyatşünası Ş.Turdıyevin “Özbək-tatar ədəbi əlaqələr tarixin-dən”, tatar tədqiqatçısı U.İ.Gimadiyevin “Q.Tukay və tatar satirik curnalları” məqalələrində də qeyd edilir ki, Oktyabr inqilabına qədər Türküstana müntəzəm olaraq müxtəlif adlarda qəzet və dərgilər gətirilirdi. Və bu təbliğat vasitələri öz işini görmüş, yeni fikir və düşüncələr artıq özbək qələm sahiblərinin də ruhuna hakim olmuşdu. Ədəbi təsir dairəsi nəticəsində yeni əsərlər yaranır və çox sürətlə yayılaraq ictimai həyatda öz axarını, öz əksini tapmağa fürsət gözləyirdi. Q.Tukayın adı, əsərləri Türküstana, xüsusən Türküstanın əsas mədəniyyət mərkəzi kimi tanınan Özbəkistana belə bir vasitə ilə gəlib çıxmışdı.
Özbəkistanda Q.Tukay irsinə maraq heç zaman azalmayıb. İnqilab illərinə qədər sosializm məqsədləri qəlibinə yerləşdirilərək tədqiq olunan Q.Tukay irsi sovet xalqları öz azadlıqlarını əldə etdikdən sonra milli ədəbiyyat daşıyıcısı kimi tədqiqata cəlb edildi, yəni, öz haqqına qovuşdu. Q.Tukay mübarizə apardığı məqsədin daşıyıcısı kimi yenidən doğuldu: Vətəni Kazanda da, Özbəkistanda da, Azərbaycanda da, bütün türk dünyasında da.
Q.Tukayın ölümü bütün türk xalqlarını, Rusiya ziyalılarını, o sıradan özbək xalqını da çox sarsıtmışdı”.  Tədqiqatlardan məlum olur ki, bir çox ölkələrdən ziyalılar, xüsusən də inqilab ovqatlı mübariz ziyalılar dəstəsi sevimli şairləri Q.Tukayın dəfn mərasimində iştirak etmək üçün  Kazana axışıb gəlmişlər, bu sırada Özbəkistan nümayəndələri xüsusi yer tuturdu. Hətta bununla kifayətlənməyərək Daşkənddə, Buxarada, Səmərqənddə, Xivədə və  Özbəkistanın bir çox şəhərlərində matəm məclisləri təşkil edilmişdi. O illərin mətbuatında Q.Tukayın vəfatı inqilab coşqulu ziyalıların ümumi matəm  günü kimi xatırlanır. “Sədayi Türküstan” qəzetində (1914) özbək şairi Təvəllonun Q.Tukayın ölümünə həsr etdiyi şeiri çap olunmuşdu.
Ölümündən  sonra onun bütün yubiley tarixləri Daşkənddə, Səmərqənddə geniş miqyasda qeyd olunmuş, əsərləri tanınmış şairlərinin tərcüməsində kitab şəklində dərc olunmuşdur. Özbək rəssamlarının gözəl tərtibatı və yüksək poliqrafik şəkildə çap olunmuş “Q.Tukay. Seçilmiş əsərləri” məhəbbətlə oxunur, yeni-yeni elmi araşdırmaların yazılması ilə nəticələnir.
Milli azadlıq fədailərinin talelərindəki naxışlarda haradasa bir oxşarlıq tapmaq mümkünür. Bu məqam 1990-cı ilin 20 yanvar gecəsində Azərbaycan azadlığı uğrunda mübarizədə şəhid olan 20 yaşlı Ülvi Bünyadzadəni xatırladım. Onun yaradıcılığında - istər şeirlərində, istər nəsr əsərlərində, istərsə də ingilis ədəbiyyatından  etdiyi tərcümələrində “ölüm” motivinə geninə-boluna müraciət edir: “Ölüm” adlı yuxusundan mən qorxmuram”, “Ölüm insanların son heyrətidir”, “Ancaq gözlə, gələcəyəm, bir ölümün acığına”, “Məni belə aciz görmə qəbirdə, qəbirdə də Qarabağın özüyəm”  və s.,  hətta  “... andıma xilaf çıxaramsa ... Vətən üzü görməyim” - deyir. Amma bütün bunlarla belə bu “ölüm”lərin heç birində kədər notları, acizlik duyğuları, qorxu heyrəti yoxdur, əksinə bu “ölüm”lərdə mübarizlik, coşqunluq, mərdlik, mərdanəlik, qəhrəmanlıq çağırışları eşidilir. Dinləmək, oxumaq belə ağrılı olsa da, demək istəyirəm ki, Ülvinin Şəhid olmuş cəsədinə baxanda sifətində təbəssüm donmuşdu: o, doğrudan da ölümdən qorxmamışdı, yazdıqlarında olduğu kimi.
İndi Q.Tukayın həyat və yaradıcılığı ilə yaxından tanış olarkən, onun haqqında məşhur ədəbiyyatşünasların yazdıqları elmi məqalələrə nəzər yetirincə, əsərlərini oxuduqca, qarşında pəhləvan cüssəli, yenilməz, sağlam vücudlu, fitri istedadlı bir gəncin dayandığını görürsən. Onun ağrılı, xəstə, çəlimsiz, həyat ağrılarından ciyərlərinə vərəm çökmüş halı ilə heç bir əsərində rastlaşmırsan, duyğularında belə hiss etdirmir. Onun möhkəm şəxsiyyət iradəsi fiziki ağrılarını üstələyib: milli hisslərinin təqdimində, ədəbi irsində, publisistik qeydlərində, realist mövzulara əsaslanan satiralarında, romantik düşüncələrində.
Onun həyatını şimşəyə bənzədiblər. Allah ona sanki bir qırpımda alışan və  sönən ömür bəxş etmişdi. Lermontov kimi, Puşkin kimi, Yesenin kimi, Müşfiq kimi, Ülvi kimi...  Cəmi 27 il ömür yaşayan bu nakam,  fiziki və mənəvi ağrıları ilə ömrü boyu qovrulan istedadlı, qəlbi mübarizələrlə dolu bir şəxsiyyət olub. Öz cismani ağrılarını bütün tatar xalqının can ağrısı bilərək, bu bəladan qurtarmaq üçün çırpınıb, son anadək könlündə yandırdığı inam işığında yazıb-yaradıb: Tatar ədəbi dilinin banisi kimi, tatar satirik ədəbiyyatının  və 1907-ci ildə yazdığı “Şeir sənətimiz” və “Tənqid vacib şeydir” məqalələri ilə realist tatar ədəbi tənqidinin banisi kimi, tatar xalqının azadlıq məşəlini yanar ürəyi ilə alovlandıran böyük ziyalı kimi.
Q.Tukay üçün mövzu seçimi o qədər də çətin olmayıb. Həyatın hər cür açılarını - kasıblığını, yetimliyini, açlığını, baxımsızlığını, doğmaları arasında yer tapmayan, yer tapanda da özünü tapmayan, həyat şirinliyini xəyalında belə dadmayan Tukay  ən ülvi, ən uca arzusunu “Millətimə” şeirində ifadə etmişdir:
Hər xəyaldan da dadlıdır, millət xəyalı hər yerdə,
Bu xəyallardan gəlir, gər gəlirsə məcnuniyyətim.
Şairliklə sabit eylə, əbədiyyən Tanrım məni,
Bu səvab üçündür, bu vurğunluğum, sürüklənməyim.
Ey Fələk! Al canımı, ancaq, alma əsla şanımı,
Məncə ölməklə birdir, unudulmağım, tərk edilməm.
Ölməsin, ölsəm də, qoy aciz adım yox olmasın,
Getməsin boşa mənim qeyrətim və məşğuliyyətim.
Bir gün xatırlarsa, iltifatla millət məni,
Bax budur məqsədim, əməlim və səadətim.
Eylədim məhəbbətimi ərz mən sənə, ey millətim!
Dost bilirsən sən məni, var buna əmniyyətim.

Bütün bu dediklərimizin yekunu olaraq belə bir  nəticəyə gəlmək olar ki, dahi Mirzə Cəlil, M.Ə.Sabir öz xalqı, ədəbiyyatı üçün nə etdisə, Niyazi də özbək xalqı, ədəbiyyatı, Tukay da öz tatar xalqı, ədəbiyyatı üçün onu etdi.
Bəli, Q.Tukay belə bahadır olub və öz xarakteri, yaradıcılıq dünyası ilə tatar gəncliyinə qəhrəmanlıq səhifəsi açmışdı.

•Məqalədəki poetik örnəklərin oricinaldan çevrisi müəllifə aiddir

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə