Almaz ÜLVİ

 Yaz havasının duyulduğu bu günlərdə - indi düşmən tapdağında əzilən yurdumda Novruz bayraının qarşılanması və keçirilməsi mərasimlərinin etnoqrafiq detalları bircə-bircə könlümdə vərəqlənir.

Qədim oğuz yurdu Göyçədə Novruzun gəlişi torpağın qar əriyən tala-tala yerlərindən ətrafa yayılan ətriylə duyulardı. Torpağın ruha can verən ətri hər yanda qəribə canlanma yaradardı. Bu məqam Novruza üç-dörd həftə qalmış bir vaxta təsadüf edirdi.
İlk bayram  əhval-ruhiyyəli birinci çərşənbə axşamında sadəcə olaraq yaz ovqatına dolar, gözaltı lopa düzəltmək üçün bəzi şeylər seçərdik, bayram torbaları tikmək üçün zərli parçalar alardıq və s. kimi hazırlıqlarla çərşənbələrə “xoş gəldin” edərdik. Əlbəttə, bu hazırlıqlar bizim uşaq dünyamıza aid idi. Böyüklərin işi isə başqa şeylər olardı.
İkinci çərşənbə axşamı “zibil təki” (Göyçə obalarında çərşənbə axşamı gününə «tək» deyilirdi) adlandırılaraq yır-yığış, səliqə-səhman, gözəllik, təmizlik yaratmaqla başlardı. Həmin gün ev-eşiyin, hər künc-bucağın toru-tozu silinər-təmizlənər, paltar-palazı yuyular, şaxtalı qış günlərində  həyət-bacaya atılıb qalmış kömür-çınqıl, taxta-odun, ot-ələf tör-töküntüləri yığışdırılar, evdamının tüstüdən qaralmış pərdiləri silinər və urvalanardı. Ev-eşikdən yığılmış köhnə parça-paltardan ilk bayram lopaları (məşəlləri) hazırlanıb, qablara iri, qırmızı buğdalar səməni üçün qoyulardı.
Üçüncü çərşənbə axşamı “ölü təki” (“qara bayram”) kimi qeyd olunardı. Səhər tezdən oba- kənd əhli  bir yerə toplaşar və sonra qəbiristanlığa gedərdilər.  İlk əvvəl hamı bir yerə – ötən bir il ərzində dünyasını dəyişmiş şəxsin, sonra hər kəs öz rəhmətliyinin qəbrini ziyarət edər, dualar oxuyar, fatihə verərdilər. Qadınlar isə evdən hazırlayıb apardıqları bayram xonçalarını açar və elə oradaca kəndin əlsiz-ayaqsızlarına, kasıb-kusublarına paylayardılar. Bu mərasim iki-üç saat çəkərdi. Sonra geri qayıdanbaş hələ bir ili ötməmiş yaslı evlərə dəyərdilər. Ev sahibi isə əvvəlcədən hazırladığı ehsan yeməkləri tez süfrəyə düzər, heç kəsi qoymazdılar ki, yeməmiş geri qayıtsın. Beləcə həmin ilin yaslı ailələrinə baş çəkilər və həmin axşama hər kəs öz evində halva bişirər, qazan asardı. Gecə isə qəbiristanlıqda iri tonqallar çatılardı.
Dördüncü çərşənbə axşamı “ilinaxıır təki” idi. Həmin gün yer-göy təp-təzə bəzənərdi. Qız-gəlinlər qırmızı paltar geyinər, təzə örpəklər bağlardılar. Ağzı yaşmaqlı gəlinlər əllərinə, saçlarına xına qoyardılar. Bu çərşənbə axşamına “yeddilövün” gecəsi də deyilərdi. Süfrəyə yeddi növ yemək bişirib düzərdilər. Təbii ki, başda plov buğlanardı. Cürbəcür şirni-konfetlər, fətir-kətələr, əydək-fəsəlilər, qoğallar, noğul-badamlar, xurma, qoz-fındıq, alma-armud süfrənin bəzəyi olardı. Gün batar-batmaz başlayan sulaşma ta səhərəcən davam edərdi. Bu mərasim gecəyarısı daha da qızışardı. Hamı bir-birini ilinaxır suyuyla  sulamağa çalışardı. Nişanlı qızın oğlan evindən xonçaları gəlirdi. Hər həyətdə tonqal qalanar, od lopalar göydə ulduz-ulduz görünərdi. Hər şeydən əvvəl isə Göyçəni öz əhatəsinə almış Şahdağın zirvəsində bütün mahal boyunca böyük, əzəmətli tonqallar qurular, şər vaxtı ötüncə od vurulardı. Cəmi Göyçə mahalı o anda sanki od tutub alışırdı. (bu tonqallar həm də məhz erməni gavırların acığına belə çatılırdı) Xalqın ürəklə, məhəbbətlə yanaşdığı bu adətə düşmən gözü də çıxsa mane ola bilmirdi. Qızlar çilləçıxarma gecəsinə toplaşardılar. “Lal su” (bulaq başına gedib-gələn yolboyu danışmadan gətirilən suya “lal su” deyilərdi) gətirib iynə atar, bəxt sınayardılar. Qapı pusub eşitdikləri ilk sözlə o ilki talelərini izlərdilər. Oba əhli o gecəni yatmazdı. Səhər o başdan isə hamı bulaq başına toplanardı. Təzə gəlinləri qaynanası, qayın-baldızları bayram  xonçalarıyla, toy-düyünlə bulaq başına çıxarardılar. Gənc qızlar al-qırmızı, ipək örpəkli  bəzəklə  bulaq  başında  oğlanlara naz edər, oğlanlar isə bu fürsəti əldən verməz, gözaltı tapar, bayram axşamınacan elçilərini göndərərdilər.
Bayram axşamından bir gün əvvəl “baca-baca” günü keçirilərdi. Hər bir evdə həddi-buluğa çatmamış uşaqlar özlərinə bayram torbası tikdirər və qonşu qapılara atardılar ki, bayram paylarını alsınlar. Kimin qapısında daha çox bayram torbası atılardısa, o bir neçə gün öyünərdi ki, bütün gecəni uşaqlara bayram payı vermişəm.
Nəhayət, bayram axşamı “Qırmızı bayram” yetişərdi. Sübh tezdən kəndin ağsaqqalları kənd qəbirstanlığına gedər, fatihə verər və evlərinə qayıdan kimi bayramın sevincini ailəsi iləbölüşərdi. Biz uşaqlar da hər o məqamı xüsusi maraqla izlərdik. Atamız sübh tezdən getdiyindən xəbərimiz (nə qədər cəhd etsəydik də o vaxt yuxudan ayıla bilmirdik) olmazdı, bir də onda ayılardıq ki, atam hay-küy edir ki, ay uşaq, bayram qapının ağzında siz isə hələ də yatırsınız. Sevincdən dik atılardıq, gözləyərdik ki, görək atam birinci kiminlə əl verib görüşəcək və onu ğpəcək. Bu məqam ona görə maraqlı olurdu ki, özgə vaxt onun zəhmindən çınqırımız çıxmazdı. Həmin gün atam elə mülayim, elə səmimi olardı ki, elə bil uşaq idi. Biz bu ana çox sevinərdik. Nə isə...
Bayram axşamı hamı bir-birini təbrik edər, biri-birini öpər, bayram sevincini bölüşər və bayram aşının ətrafına toplaşardılar. Beli qırmızı toqqalı səməni süfrənin başına qoyulardı. Bütün küsülülər hökmən barışdırılardı. Eyni zamanda bütün qohum-əqrəba bir-birinin evinə bayramlaşmağa gedər, kənd ağsaqqal-ağbirçəklərinə bayram xonçaları göndərilərdi.
Beləcə, xeyli müddət bayram ovqatından ayrılmazdıq.

Ülvi BÜNYADZADƏ

                            NOVRUZ BAYRAMI GƏLİR…

İldən bir gün ayrıldı, əlində yanar məşəl,
İldən bir gün ayrıldı, bütün günlərdən gözəl.

Çiynində yaşıl əba, gözlərində təbəssüm,
Sinəsində çiçəklər düzülüb düzüm-düzüm.

Yeriyir min naz ilə göylərin şamı gəlir,
Ay ellər, pişvaz edin, Novruz bayramı gəlir.

Hanı yaşıl səməni, deyin, pişvaza çıxsın,
Hanı qızıl kəməri, belini bərk-bərk sıxsın.

Deyin, gülün, bu gün, hey, kədər nədi, qəm nədi?!
Qarı nənəm  aş  asıb köz üstündə dəmdədi.

Göylər durulan gündü, sular bulanan gündü,
Tonqallar ulduz kimi bir-bir qalanan gündü.

Bu bayramdan başlayır ilimizin baharı,
Arzumuzun baharı, elimizin baharı.

Bu bayramın eşqiylə qoy bəzənsin əsrimiz,
Bu bayramın oduna yansın dərdi-sərimiz.

Bu bayramın gözüylə gələcəyə baxağın,
Bu bayramı gül kimi döşümüzə taxağın.
(1987)

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə