dr. Aygün HƏSƏNOĞLU

 İşğal olunmuş ərazilərimizdə mədəni sərvətlərimiz dağıdılır, Azərbaycan təzminat tələb etməlidir!


 

 Azərbaycan Respublikası Əsir və itkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının materiallarında bildirilir ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı zamanı dinc əhaliyə,- uşaqlara, qadınlara və qocalara qarşı qəddarcasına rəftar edilməklə yanaşı, kəndlər və şəhərlər yerlə yeksan edilərək yandırılmış, Azərbaycan və dünya tarixinin dəyərli nümunələri sayılan 100-dən artıq mədəniyyət kompleksi, 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloci əhəmiyyətli abidə dağıdılmışdır. 900-dən artıq yaşayış məntəqəsi talan olunaraq məhv edilmişdir.
 Erməni tərəfi işğal etdikləri ərazilərdə azərbaycanlılara məxsus abidələri, digər maddi-mədəniyyət nümunələrini, o cümlədən, yaşayış binalarını sökülərək daığıtmış və bu söküb-dağıtma işlərinə məcburən əsir və girov düşmüş vətəndaşlarımızı da cəlb etmişlər.
 1993-95-ci illərdə erməni əsirliyində olmuş Ramazanov Rəsul Nemət oğlu əsirlikdə olduğu müddətdə işğal olunmuş ərazilərdə məcburi surətdə qul kimi işlədildiyini söyləmiş, Şuşa qəbiristanlığındakı qəbirüstü mərmər daşların oğurlandığının, qədim türbələrin sökülərək Ermənistana daşınmasının şahidi olmuşdur. R. Ramazanov Ağdam şəhərinin də tamamilə viran edildiyinin, oradakı mədəni-tarixi aidələrin məhv edildiyini də bildirmişdir.
 1995-1996-cı illərdə erməni əsirliyində olmuş Bağırov Sahib Qərib oğlu bildirmişdir ki, Şuşa həbsxanasına saxlandıqları müddətdə ermənilər əsir və girovları Ağdam rayonuna apararaq onlara işğal olunmuş kəndlərdəki evlərin daşlarını sökdürmüş, Xankəndinə daşıtdırmışlar. S. Bağırov ermənilərin əsirlərə Ağdamda və Şuşada olan qəbiristanlıqlardan qara mərmər daşlarını da sökdürdüyünü, bu mərmər daşlardan Samvel Babayan (o zaman özünü qondarma «DQR-in müdafiə naziri» kimi təqdim edən) və onun qardaşı Karen Babayan üçün ev tikdirildiyini demişdir.
 1998-2000-ci illərdə erməni əsirliyində olmuş Rəcəbov Nail Lamik oğlu Şuşa şəhərində saxlandığı zaman tarixi abidələrimizin ermənilər tərəfindən dağıdılmasının və yandırılmasının şahidi olmuşdur. Molla Pənah Vaqifin sarayının, konservatoriyanın, qədim Şuşa hamamının tamamilə dağıdıldığını qeyd edən N. Rəcəbov həmin abidələrdəki qiymətli əşyaların və sənət əsərlərinin ermənilər tərəfindən maşınlara yüklədilərək Ermənistana aparılmasının şahidi olduğunu, Şuşa qəbiristanlığının da dağıdıldığını qeyd etmişdir.
 Qafarov Rauf Şəmşəddin oğlu bildirir: «Şuşa həbsxanasında saxlanılan zaman mənimlə birlikdə olan əsirlərin hamısını müxtəlif vaxtlarda Şuşa qəbiristanlığına aparıb orada hasara alınmış daşları və armaturdan olan şəbəkələri bizə sökdürüb maşınlara yüklədərək aparırdılar. Şuşa qəbiristanlığında bir dənə də olsun, mərmər qəbir daşı görmədim. Qəbirlərin demək olar ki, hamısı dağıdılmışdı. Qəbirlərin əksəriyyəti yan tərəflərdən qazılmışdı. Qəbirləri qazmaqda ermənilərin məqsədi yəqin ki, meyitlərin ağızlarında olan qızıl dişləri götürmək imiş. Şuşadakı müsəlman məscidinin minarəsinə ermənilər qara mərmərdən xaç işarəsi düzəltmişdilər».
 1993-1996-cı illərdə erməni əsirliyində olmuş İsmayılov Yunis Suca oğlunun göstərdiyinə görə, o, Şuşa şəhərindəki tarixi abidələrimizin, Vaqifin məqbərəsinin, şəhər məscidinin və digər abidələrin sökülərək içərisindəki əşyalarla birlikdə Ermənistana daşınmasının şahidi olmuşdur. Y.İsmayılov Ü.Hacıbəyovun ev muzeyindəki qiymətli əşyaların da Ermənistana aparıldığını və həmin binanın yaşayış evi kimi istifadə edildiyini bildirmişdir.
 Həmin illərdə erməni əsirliyində olmuş Kazımov Kərim Əvəz oğlu göstərmişdir ki, onu digər əsirlərlə birlikdə Şuşa şəhərindəki Molla Pənah Vaqifin məqbərəsindəki qiymətli mərmər daş örtüklərinin, İbrahim Xanın qəbir daşlarının, Şuşa hamamının yanındakı məscidin döşəməsinin mərmərlərin və qəbiristanlıqdakı baş daşlarını sökülməsində işlətmişlər. Bülbülün ev muzeyində ermənilərin məskunlaşdığını bildirən K.Kazımov Bülbülün büstünün yıxılaraq üz hissəsinin qoparıldığını, eyni zamanda Ü.Hacıbəyovun büstünün uçurulub parkda avtomaşın parkına atılıb təhqir edildiyini vurğulamışdır. Ermənilər tərəfindən satışa çıxarılmış, lakin Mədəniyyət naziri Polad Bülbüloğlunun səyi nəticəsində Azərbaycana gətirilən həmin büstlərin üzərindəki güllə və zədə yerləri aşkar görünür.
 1994-1996-cı illərdə erməni əsirliyində olmuş Məmmədov Vüqar Yavər oğlu bildirir: «Şuşada müsəlman qəbiristanlıqlarından qəbir daşlarını bizə sökdürüb maşınlarla daşıtdırır, ya da satırdılar. Şuşanın bütün müsəlman qəbiristanlıqları dağılmış vəziyyətdə idi. Ermənilər Şuşanı dağıtmaq fikrində idilər.»
1993-cü ilin iyul ayında Qubadlının Çaytumas kəndində girov götürülmüş Quliyev Pənah Zakir oğlu da daha yeddi nəfər əsir və girovla birlikdə Ağdam şəhərindən inşaat materiallarının və qəbiristanlıqdan qara mərmər daşların sökülməsində işlədilmişdir.
 Ağdam rayonunun dağıdılması ilə bağlı faktı təsdiq edən 1993-cü ildə ermənilərin Ağdama hücumu zamanı əsir götürülərək Xankəndi hərbi hissəsində saxlanmış Mahmudov Möhlət Nəriman oğlunun bildirdiyinə görə, əsir və girovlardan Ağdamın Qasımlı karxanasından mərmər kəsilib daşınmasında, odun, un və s. daşınmasında istifadə etmişlər. Onun müşahidəsinə əsasən, Ağdam şəhərində məsciddən başqa heç bir salamat tikili qalmamışdır.
 Laçın şəhərinin tamamilə yandırıldığını, kəndlərin ermənilər tərəfindən darmadağın edildiyini deyən 1925-ci il təvəllüdlü Yusifov Şərim Qasım oğlu Şuşa şəhərindəki müsəlman qəbiristanlıqlarının da dağıdıldığının, qəbirüstü daşların sökülüb aparıldığının şahidi olmuşdur.
 İbişov Taleh Mədət oğlu bildirmişdir ki, o, Laçın rayonunun işğal olunarkən Aşağı Seyidlilər kəndində ermənilər tərəfindən evlərin qarət edərək əllərinə keçən hər şeyi maşınlara yüklənməsinin, Qubadlı rayon ərazisindən keçərək Ermənistanın Sisyan rayonana aparılarkən yolda dinc sakinlərin evlərinin yandırılmasının şahidi olmuşdur.
 Öz evində girov götürülmüş Laçın rayon Vağazin kənd sakini İsmayılov Mikayıl Sevdimalı oğlunun gözləri qarşısında ermənilər Vağazin kəndinə daxil olarkən evləri yandırmağa başlamışlar. M. İsmayılovu girov götürən ermənilər onu da özləri ilə götürüb Laçının işğal olunmuş kəndlərini gəzmiş, kəndlərdəki evlərin 90%-ni yandırmışlar.
 Hərbi əsir Allahverdiyev Mülkədar İsa oğlu yeddi nəfər əsirlə birlikdə onun da Kəlbəcərə aparıldığı, onlara oradakı evləri və tikinti materiallarını sökdürüb «Kamaz» markalı maşınlara yüklətdirərək ermə¬nilərin məskunlaşdığı Yanşaq kəndinə daşıtdırıldığını göstəril¬mişdir.
Qubadlı rayonu işğal olunarkən Yusifbəyli kəndndə girov götürülmüş 1932-ci il təvəllüdlü Dostuyev Həsən Qəmbər oğlunun göstərdiyinə görə, ermənilər Yusifbəyli və Həmzəli kəndlərindəki bütün gözəgəlimli evləri yandırmışlar.
 Xocalı şəhərinin işğalı zamanı ermənilər dinc əhalini kütləvi şəkildə qətlə yetirməklə və həm də şəhəri yerlə yeksan etmiş, evləri qarət etmiş, yandırmışlar.
 Xocalı sakinlərindən Quliyev Yaqub Allahverdi oğlu, Nağıyev Hüseyn Behbüd oğlu, Ələkbərova Səidə Qurban qızı, Məmmədova Gülöyşə Bəxtiyar qızı göstərmişlər ki, onlar Xocalıda evlərin yan¬dırıldığını görmüş və evlərin qarət edilməsinin şahidi olmuşlar.
 Əsirlikdən azad edilməyə aparılarkən Xocalı şəhərinin içərisindən keçirilən keçmiş hərbi əsir Məhərrəmov Pənah Şahbaz oğlu Xocalının ermənilər tərəfindən qarət edildiyinin, ələ keçən bütün qənimətin Xankəndinə daşınmasının şahidi olmuşdur.
 Faktlar təsdiq edir ki, ermənilər hazırda əllərində saxladıqları ərazilərdə Azərbaycana məxsus nə varsa, hamısını dağıtmaqla bu yerləri özününküləşdirməyə çalışırlar. Dünya mədəniyyətinin, ümumən, bəşəri dəyərlərin qoruyucusu kimi təqdim edən «YUNESKO», BMT və digər beynəlxalq təşkilatların bu faktlara biganə yanaşması ən azı təəssüf doğurur. Halbuki, məhz münaqişə zonalarında ümumbəşəri sərvətlərin qorunması bu kimi təşkilatların başlıca vəzifələrindən olmalı, onların nüfuz və təsir dairəsindən kənarda qalmamalıdır.
 Erməni iddialarının hüdudsuzluğunu əks etdirən “www.artsakhworld.com” saytında «erməni məbədinin mərkəzi» kimi təqdim edilən Şuşada Xan qızı Natəvanın yandırılmış evinin 8 may 1992-ci ildə çəkilmiş fotosu «Azərbaycan vandalizmi» nümunəsi kimi təqdim olunur. Bu saytda nəinki işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar, həm də Bərdə, Gədəbəy, Xanlar rayonlarıın da ermənilərə məxsus olması ilə bağlı iddia sürülür.
 Ermənilərin sənədli film və internet saytlarında tez-tez istinad etdikləri bir rəsm əsəri var: Rus rəssamı Vasili Vereşaginin «Apofeoz voynı» əsərinin üzərində rəssamın öz əli ilə «1872-ci il» və «Dünənin, bugünün, gələcəyin bütün fatehlərinə həsr olunur» sözlərini yazılmışdır. Ermənilər rəssamın bu əsərində guya türklər tərəfindən törədilmiş 1915-ci il «erməni soyqırımı»nı əks etdirdiyini iddia edirlər. Halbuki, rəssam Vereşaqin Əmir Teymurun ələ keçirdiyi ərazilərdə (xüsusilə də Suriyada) insan kəllələrindən qurdurduğu piramidaları əks etdirən «Apofeoz voynı» rəsmini 1871-72-ci illərdə çəkmiş, özü isə 1904-cü ildə vəfat etmişdir. Erməni təbliğatının yalan üzərində qurulduğunu göstərmək üçün bircə bu fakt kifayətdir.
Məşhur gürcü şairi İlya Çavçavadze ermənilərin bu xisləti barədə yazırdı: «…erməni tarixçiləri elə hey çərənçilik edir və heç zaman yaşamadıqları yerlərə köçürlər. Məgər aydın deyilmi ki, onlar səthi alim kimi dünyanı inandırmağa çalışırlar ki, güya bu yerləri tütmağa onların tarixi haqqı var… Biz yalnız onu göstərmək istəyirik ki, erməni kitab hərisləri öz məqsədlərinə nail olmaq üçün neçə zirəklik və hiyləgərliklə iş aparırlar… Belə hallarda onlar hər şeyi özlərinə çıxmaqla və başqalarınkını gizlətməkdə heç nədən çəkinmirlər».
 Zəngilanda Daş abidələr muzeyinin və digər onlarla qədim abidənin, Kəlbəcərin zəngin muzeyinin dağıdılaraq talan edilməsi ilə bağlı məlumatlar vardır. Bu gün işğal altında olan Ağdam, Xocalı, Xocavənd, Kəlbəcər, Zəngilan və digər rayonlarında qədim tikililərin, yaşayış məskənlərinin, xüsusilə də alban abidələrinin taleyi sual qarşısındadır.
 Azıx mağarasında icazəsiz qazıntılar aparmaları ermənilərin abidələrimizi özününküləşdirmək iddiasından xəbər verir. Qarabağdakı separatçı recimin «Mədəniyyət Nazirliyinin şöbə müdiri» Canna Aleksanyan «Azatamartik» qəzetinə verdiyi müsahibədə «Qədim erməni şəhəri Şuşidə azərbaycanlı türklərin işğalı zamanı inşa edilmiş və bu şəhərin guya azərbaycanlılara məxsus olmasına dəlalət etmək məqsədi güdən lazımsız tikililər ləğv ediləcək» deməklə əslində Şuşada azərbaycanlılara məxsus tarixi abidələrə qarşı olan erməni vandalizmini açıq şəkildə etiraf etdi və bu vandalizm bütün dünyanın gözü qarşısında bu gün də davam etməkdədir.
 Azərbaycana qarşı münasibətdə heç bir beynəlxalq huquq qaydalarına əməl etməyən Ermənistan tərəfindən vətəndaşlarımıza və mədəni sərvətlərimizə qarşı törədilmiş bütün beynəlxalq normaları cinayət əməlləri öz cavabını almalıdır. Azərbaycan tərəfinin tam haqqı var ki, Ermənistandan və işğal olunmuş ərazilərimizdən zorən qovulmuş azərbaycanlılara dəymiş maddi və mənəvi ziyana görə Ermənistan dövlətindən təzminat tələb etsin. Cəzalandırılmayan tərəfin gələcəkdə bu əməlləri təkcə Azərbaycana qarşı deyil, digər ölkələrə qarşı da törədəcəyi şübhə doğurmur. Çünki artıq terror və işğal yolu ilə Azərbaycan torpaqlarını zəbt edən Ermənistan Türkiyə və Gürcüstana qarşı da ərazi iddiaları qaldırmağa cəhd edir.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə