Güllü YOLOĞLU, tarix elmləri doktoru 

 

Uzun illərdir Novruz bayramı, Boz ayın çərşənbələri, eləcə də digər mövsüm mərasimlərimizlə bağlı apardığım araşdırmaların nəticəsi olaraq hazırladığım kitabın çapını bir az ləngitdim. Səbəbi də «Novruz bayramı ensiklopediya»sının hazırlanması idi. Belə bir ensiklopediyanı vacib hesab etdiyimdən düşünürdüm ki, əgər orada hər şey lazımınca öz əksini taparsa, bəlkə də heç mənim kitabıma ehtiyac qalmayacaq. Çünki əsas məqsəd kitabımın çıxması deyil, onun xalqa nə verməsidir… Ensiklopediya hazırlanan əsnada «Kaspi» qəzetində «Çərşənbələr – niyə çaşırıq?», «Folklor və Etnoqrafiya» dərgisində isə «Türk xalqlarının yaz bayramı» məqalələrim çap olunmuşdu. Göründüyü kimi, ensiklopediyanın nəşrini səbirsizliklə gözləməyim əsassız deyildi. Nəhayət, iki-üç aydan sonra «Novruz bayramı ensiklopediya»sı çap olundu (Bakı, «Şərq-Qərb», 2008, 208 s.). İlk baxışdan nə adının yazılışı, nə də üzərindəki qaranlıqda baş vermiş dəhşətli yanğını xatırladan yaşıl, sarı dilli alovu ilə Novruzla bağlılığı anlaşılmasa da, üz qabığı, keyfiyyətli kağızı, həcmi ilə diqqət çəkir...
Ensiklopediyanı tanınmış folklorşünas alim, filologiya elmləri doktoru Bəhlul Abdulla ilə tarix elmləri namizədi, etnoqraf Tofiq Babayev tərtib ediblər. Elmi redaktor isə görkəmli folklorşünas alim, filologiya elmləri doktoru Məhərrəm Qasımlıdır. Hər üç alimimizə hörmətimin olduğunu da bildirməyi özümə borc bilirəm…
Məlumdur ki, Azərbaycanda ən çox haqqında qərəzli, qərəzsiz məqalələr, kitablar yazılan mövsüm mərasimi Novruzdur. Ancaq bütün bunlarla yanaşı yenə də bayramla bağlı qaranlıq məqamlar çoxdur. Təbii ki, hər yeni çıxan kitabın bu sahədə «gözlədiyimiz» olacağını düşünürük, o ki, qaldı ensiklopediya ola. Çətinə düşən kimi ilk ağla gələn, tez, yığcam məlumat ala biləcəyimizə ümid etdiyimiz də ensiklopediyadır…
Beləliklə, ensiklopediyanın «Novruz - Azərbaycan xalqının milli bayramıdır» adlı ilk məqaləsinin müəllifi M.Qasımlı brada qışın çətinliklərindən əziyyət çəkən xalqın yazın gəlişini elliklə bayram etməsindən, bayramı özəlləşdirmək istəyən ideologiyalardan, Novruzun nə etnik, nə dini, nə siyasi, nə coğrafi çərçivəyə sığmamasından, Boz ayın çərşənbələrindən… söhbət açır, çərşənbələrə verilən bir sıra adları da diqqətə çatdırır ( 1) əzəl çərşənbə, sular novruzu, kiçik çərşənbə, yalan çərşənbə; 2) müjdəverən, muştuluqçu, külə, xəbərçi; 3) gül, ata-baba günü; 4) böyük çərşənbə, axır çərşənbə (s.5)). Müəllif ümumiləşdirici adlar təklif etməsə də bizim də hər zaman ciddi tənqidimizə məruz qalan dörd ünsürlə bağlı «XX əsrin 80-ci illərinin axırlarında» çərşənbələrə verilmiş adlar, həmişəki kimi M.Qasımlının bu məqaləsində də özünə yer tapmır…
Ensiklopediyanın «Xalq bayramı» adlı ikinci məqaləsinin müəllifləri B.Abdulla ilə T.Babayev bəzi ayların xalq arasında yayılan adları, çillə qarpızı, Xıdır Nəbilər bayramları (!? – izahı aşağıda), çərşənbələr, falabaxmalar, Novruz süfrəsi… haqqında maraqlı məlumat verirlər. Daha sonra əlifba sırası ilə yazıçıların, şairlərin, aşıqların, səyyahların, siyasi xadimlərin Novruzla bağlı məlumatlarından, əsərlərindən nümunələr verilir. Onların arasında ulu öndərimiz Heydər Əliyevin 21 mart 2002-ci ildəki, prezident İlham Əliyevin isə 20 mart 2008-ci ildəki Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyindəki nitqləri maraq doğurur… Bir sözlə, müəlliflər çalışıblar ki, Novruz mərasimlərilə bağlı bütün məqamları, deyimləri, ayinləri, adətləri, yeməkləri… əhatə edə bilsinlər. Buna da müəyyən mənada özlərinə xas şəkildə nail olublar. Təbii ki, hər bir kitabın, hətta kitabçanın hazırlanması böyük zəhmət tələb edir, o ki, qaldı ensiklopediya ola. Ancaq onu da unutmayaq ki, iş olan yerdə qüsur da olur. Əsas məsələ bu qüsurun az ya çox olmasıdır…
Əlbəttə, ensiklopediyanı oxuyan hər bir etnoqrafın, folklorşünas alimin deyəcək sözü olacaq. Həm də tərtibçi olan müəlliflərin dediklərimizə anlaşıqlı yanaşacaqlarına inanırıq.
Ensiklopediyanın «Xalq bayramı» adlı ikinci məqaləsində müəlliflər B.Abdulla ilə T.Babayev Xıdır Nəbi bayramını Kiçik Çillənin birinci ongünlüyünə aid edir, bunula bağlı bir «atalar sözü» də misal gətirirlər: «Xıdır girdi, qış girdi, Xıdır çıxdı, qış çıxdı» (s.12). Məlumdur ki, qış dekabrın 21-dən 22-ə keçən gecə Böyük çillə ilə girir. Kiçik Çillə isə 40 günlük Böyük Çilləni arxada qoyub fevralın 1-dən qırmanqcını əlinə alır. Əgər, məqalə müəlliflərinin dediyi kimi, Xıdır Nəbi bayramı fevralın ilk ongünlüyündə keçirilirsə, Xıdırın girməsilə qış girirsə, Xıdırın çıxmasıyla da qış çıxırsa, Xıdır Nəbi bayramı neçə gün davam edir? Xalqın inamına görə üç gün davam edir. Bəs onda qışın ömrü niyə belə az olur?!..
Maraqlıdır ki, məqalə müəllifləri 14-cü səhifədə mart ayı üçün yazırlar:
«Mart girdi, qış girdi.
Mart çıxdı, qış çıxdı».
Bu qış neçə dəfə girib çıxır?.. Oxucularımız isə dədə-babadan eşidiblər ki, «mart çıxdı, dərd çıxdı».
Ümumiyyətlə, folklorşünasların, ədəbiyyatçıların məşğul olduqları sahə ilə bağlı özlərinin də bayatı, atalar sözü, şeir qoşa bilmələri məlumdur. Bu qoşulanlara bir az da məntiq əlavə olunsaydı … Əlbəttə ki, onlar xalqın adından verilməməlidirlər…
Daha maraqlısı da budur ki, «Xalq bayramı» məqaləsinin müəllifləri Xıdır Nəbi ilə Xıdırı bir-birindən ayıraraq yazırlar: «…Xıdır Nəbi bilavasitə Kiçik Çillənin ilk ongünlüyündə keçirilən xüsusi mərasimlə bağlı olduğu halda, Xıdır, dediyimiz kimi, yaşıllıqda, bahara bağlıdır…» (s.13) Yenə də oxucular çaş-baş qalır. Belə çıxır ki, xalq iki Xıdır mərasimi keçirirmiş. Gəlin görək həmin müəlliflər tərtib etdikləri «Novruz bayramı ensiklopediyası»nda Xıdır Nəbi ilə bağlı nə yazırlar?: «Xıdır Nəbi - … yazın gəlməsi ilə bağlı mövsüm mərasimi. Kiçik çillənin birinci ongünlüyü «Xıdır Nəbi» adlandığı kimi, həmin vaxt keçirilən mərasimin adı da Xıdır Nəbi mərasimidir» (?- G.Y.). Müəlliflər «Kiçik çillənin birinci ongünlüyündəki» Xıdır Nəbi deyil, «yazın gəlməsi ilə bağlı» Xıdır Nəbi mərasimi haqqında yazırlar: ««Xıdır Nəbi» mərasiminə, adətən, çillənin ilk günündən hazırlıq başlanır» (s.13, 101). «Xıdır Nəbi axşamı» ilə bağlı məqaləyə baxaq: «Xıdır Nəbi axşamı – Kiçik çillənin onuncu günü keçirilən mərasimin adı. Dədə-babalardan qaydadı ki, hər il qış yarı olanda Böyük çilləynən Kiçik çillə arasında «Xıdır Nəbi» bayramı keçirilir» (s.102). Böyük çillə ilə Kiçik çillə arasında nə qədər vaxt vardı ki? O bitir, bu başlayır. «Xıdır Nəbi» (tərtibçilərə görə, bu «Xıdır Nəbi» yazın ilk günündə keçirilən Xıdır Nəbi bayramıdır, Kiçik çillənin ilk ongünlüyündə keçirilən deyil – G.Y.), «Xıdır Nəbi axşamı» (bu da yazın ilk günündə keçirilən Xıdır Nəbi mərasimi deyil, Kiçik çillənin ilk ongünlüyündə keçiriləndir – G.Y.), «Xıdır gecəsi», «Xıdır payı», «Xıdır Nəbi nəğməsi», «Xıdır Nəbi küləyi» … Amma bütün bu gecə, pay, külək, nəğmələrin hamısı «Kiçik çillənin birinci ongünlüyündə keçirilən»Xıdır Nəbiyə aiddir. Yəni bu Xıdır o Xıdır deyil?! Tərtibçilər «Kiçik çillənin birinci ongünlüyündə» keçirildiyini düşündükləri Xıdır Nəbi mərasimi haqqında yazırlar: ««Xıdır Nəbi» - …yazın gəlməsi ilə bağlı mövsüm mərasimi…» (s.101). «Xızır günü» üçün isə yazırlar ki, bu «köhnə ilin qurtarıb yeni ilin – yazın başladığı ilk günə verilən ad» (s.103). «Xalq bayramı» məqaləsində bir tərəfdən yazırlar ki, Xıdır Nəbidəki ayinlər onun Xızırla, İlyasla «əlaqəsindən xəbər verir» (s.12), digər tərəfdən də elə oradaca bu fikri təkzib edirlər: «Amma əslində bunların bir-biri ilə heç bağlılığı yoxdur» (s.13). Daha sonra Xıdır Nəbinin «Kiçik çillənin birinci ongünlüyündə» keçirildiyini, Xıdırın isə yaşıllıqla, baharla bağlı olduğunu vurğulayaraq yazın ilk günündə qeyd olunduğunu yazırlar. Maraqlıdır ki, məqalədə «Xıdırzində» piri haqqında danışılsa da (s.13), ensiklopedik məlumatda pirin adı «Xızırzində» kimi verilir (s.104). Deyə bilərsiniz ki, nə olsun? Xıdır elə Xızırdır də… İndi də Xıdırzində olmasın, olsun Xızırzində. Məsələ burasındadır ki, mənim üçün də elə bir fərqi yoxdur, amma məqalə müəllifləri onları bir-birindən ayırırlar, yəni əsas məqsəd necə olursa-olsun Xıdırla Xızırı ayırmaqdır. Bir yerdə Xıdırzində, o biri yerdə Xızırzində yazılması da bu ayırımın süni olduğunu ortaya qoyur. Maraqlıdır ki, 101-ci səhifədə yenə də məqalədəki cümlə təkrarlanaraq onların əlaqəsi olduğu göstərilir… İstəkli oxucularımız, sizi bu dolaşıqlığa saldığımız üçün üzr istəyirik, amma bizi də dolaşdıran elə məqalə müəllifləri, ensiklopediyanın tərtibçiləridir. Daha sonra yenə oxuyuruq: «Xızır (Xıdır)», «Xızır İlyas»… Onu da qeyd edək ki, müəlliflər heç bir əlaqəsi olmadığı halda Xıdır Nəbi gününü «ruhların qarşılanması ilə əlaqədar keçirilən «Ata-baba günü»» ilə eyniləşdirməyə də cəhd göstərirlər (s.13).
Deməli, ensiklopediya da respublikamızda Xıdır Nəbi bayramının keçirildiyi vaxtla bağlı qarışıqlığa daha bir çaşqınlıq əlavə edir. Belə ki, bu günə qədər alimlər Azərbaycanda Xıdır Nəbi bayramının dəqiq keçirilmə vaxtı ilə bağlı bir fikrə gələ bilmirdilər. Ə.Ələkbərov Böyük Çillədən dörd, Kiçik Çillədən üç gün alaraq yeddi günü Xıdır Nəbi bayramına verirdi. Ə.Cəfərzadə «Kiçik Çillənin qurtardığı son üç gün» deyərək 25-28 fevralda keçirildiyini vurğulayır... A.Nəbiyev isə Xıdır Nəbi bayramının Kiçik çillənin çıxması münasibətilə keçirildiyini yazır. Ə.Cavadın «Xıdır Nəbi» şeirindən də görürük ki, Xıdır Nəbi Kiçik çilləyə «deyir on gün bəsindir… Qalan on gün mənimdir» (s.65). Deməli, Xıdır Nəbi mərasimi müəlliflərin dediyi kimi, Kiçik çillənin birinci ongünlüyündə deyil, ikinci ongünlüyündə keçirilir.
Məqalə müəllifləri yeddi çərşənbədən söz açaraq əsas dörd çərşənbədən əvvəlki üç çərşənbələrdə də «adamların yandırdıqları tonqalların üstündən hoppandıqlarını» yazırlar (s.15), yəni insanlar yeddi çərşənbə tonqal qalayıb üzərindən «hoppanırlarmış». Qışın ortasında, Kiçik çillənin tüğyan elədiyi, ailələrin odunları qurtardığından hətta «taxta tabağı» belə yandırdıqları bir vaxtda bu qədər tonqal qalamaq üçün odunu hardan tapırdılar?! Bununla belə müəlliflər haqlı olaraq belə bir sual qoyurlar: «Novruzönü (Novruzqabağı – G.Y.) çərşənbələrin dördündə də tonqal qalanır. Bir halda belədirsə, onda ayrıca bir «Od çərşənbəsi» icad etmək nə deməkdir?» (s.16).
Odla bağlı «mifdən» danışan müəlliflər qeyd edirlər ki, guya qədimdə təzə evlənənlərə hər şey verirlər, oddan başqa. Bunun hansı xalqa aid olduğunu bilmirik, amma türk xalqlarında toya qədər təzə ailə quranlara ev tikmək üçün material daşınanda, bir nəfər öndə əlində ailə ocağının rəmzi olan sacayağı aparar, birinci onu, sonra da evi qurardılar. Gəlin gələndə də ilk olaraq ocağın başına «dönər», ondan xeyir-dua, razılıq istərdi.
Müəlliflərə görə, ««Danatma» mərasimində, əsasən, cavan oğlanlar, qızlar iştirak edirlər. İlaxır çərşənbə gecəsində onlar bir yerə yığışırlar. Bütün gecəni yatmayıb şənlik keçirir», oxuyur, oynayır, əylənirlər (s.19). Birincisi, müsəlman olduğumuzu nəzərə alsaq, əvvəllər cavan oğlanların, qızların bütün gecəni bir yerdə əylənmələri ağlabatan deyil. Maraqlıdır ki, müəlliflər yanlışlıqlarını «Danatma» məqaləsində düzəldirlər: «qızlar bir evə, oğlanlar isə onlara yaxın başqa evə yığışırlar» (s.60). İkincisi, danatma niyyətlə bağlıdır. Əsasən qadınlar niyyət edərdilər ki, filankəsim uzaq səfərdən gəlsin, sağalsın, filan işim düzəlsin, dan atacam…
Müəlliflər «ilin sonuncu çərşənbəsi Azərbaycanın hər yerində heç bir digər adla yox, yalnız «İlaxır çərşənbə» adıyla deyilir, qeyd olunur» (əslində sonuncu çərşənbənin ən geniş yayılmış adı Axır çərşənbədir – G.Y.) yazsalar da (s.16), İlaxır çərşənbəyə 36-cı səhifədə «Ata-baba günü», 148-ci səhifədə isə od çərşənbəsi də deyildiyini vurğulayırlar. Daha sonra Novruz tonqalının atəşpərəstliklə heç bir əlaqəsi olmadığını yazsalar da, yenə orada «qədim azərbaycanlıların» oda sitayişindən, «odsevər əcdadlarımız»dan danışırlar. «Çillə gecəsi», saya mərasimi, eləcə də bir çox digər ayinlər, mərasimlər haqqında da ziddiyyətli, bir-birini təkzib edən məqamları ortaya çıxarmaq mümkündür…
«Çərşənbələr – niyə çaşırıq?» məqaləmizdə dörd ünsürün çərşənbələrə pərçimləndiyindən, bu üzdən də onların sıralanmasında heç tanınmış alimlərimizin də fikirlərinin üst-üstə düşmədiyindən bəhs etmişdik. Ensiklopediya bu məsələyə belə aydınlıq gətirir: «Su çərşənbəsi – Boz ayın dörd çərşənbəsindən birinə verilən adlardan biri» (s.172). «Yel çərşənbə – Boz ayın dörd çərşənbəsindən birinə verilən adlardan biri» (s.199). Olmazmı ki, bu adları heç verməyəsiniz? Axı özünüz yazırsınız ki, bu adlar «XX əsrin 80-ci illərinin axırlarından» peyda olub. O zaman onları xalq inamları kimi verməyin nə anlamı var?!..
Təbii ki, «Ensiklopediyada» diqqətəlayiq məqamlar da çoxdur. Lakin müsbətlə mənfini tərəziyə qoyanda, mənfi üstünlük təşkil edir. Milli bayramımız olan Novruzla bağlı ensiklopediya bu qədər məntiqsiz izahlarla, ziddiyyətlərlə, yanlışlıqlarla, bir-birini təkzib edən fikirlərlə doludursa, onun ilin, günün bu vaxtında 25 min tirajla çap olunmasına dəyərdimi? Unutmayaq ki, ümummilli liderimiz Heydər Əliyev deyirdi: «Novruz bayramı bizim bütün bayramlarımızdan əzizdir»…
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə