dr. Yaqub DƏLİÖMƏROĞLU
 
 “Türkistan, iki dünya eşiğidir!
 Türkistan, ər Türkün beşiyidir!
 Gözəldir Türkistanda doğulmaq,
 Türkün Tanrıdan gələn nəsibidir”.

 Qazax şairi Maqcan Cumabayın bu sətirləri, Türkistan şəhərinin girişində böyük lövhə üzərində bizi qarşılayır. Türk xalqlarının birliyini arzulayan Maqcanın bu sətirlərindəki niyyəti yəqin ki, Ulu Türkistandır. Ancaq onu Türkistan şəhəri olaraq dəyərləndirsək də, yanılmarıq. Türkistanlılar da onu belə dəyərləndirib ana yolun kənarında böyük lövhəyə yazıblar.
Türkistanlıların qurur duyduqları sözlərdən biri də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə aiddir: “Dünən Türklük aləminin mənəvi mərkəzi olan Türkistan şəhəri, bu gün mədəniyyət və sənət mərkəzi olmaq yolundadır”. Doğrusu, Türkistanlılar Ölkə Prezidentinin bu sözü çox şüurlu şəkildə söylədiyini bilirlər, çünki Qazaxıstan müstəqilliyini qazanan kimi görülən ilk işlərdən biri, əsrlər boyu Türk aləminin mənəvi mərkəzi olmuş bu şəhərdə “Türkistan Universiteti” adıyla bir universitet yaratmaq oldu. Qazaxıstanda universitet yaradılarkən, yaranma qərarını baş nazirin imzalaması kifayət ikən, Türkistan Universitetinin qərarını şəxsən Nazarbayevin özü imzalayıbdır. Bu simvolik münasibət çoxmənalıdır. Bu zaman, vaxt itirilmədən, Türkistan şəhərinin idarəetmə statusu yüksəldilir. Daha əvvəl qəsəbə səviyyəsində bir idarəetmə quruluşuna malik olan Türkistan inkişaf etdirilərək qabaqcıl rayonlardan biri  halına gətirilir.
Türkistan şəhərinə verilən əhəmiyyətin xüsusi səbəbi əlbəttə, yenə Xoca Əhməd Yesəvidir. 1913-cü ildə Qazax Qəzetində Mirjakıp Dövlətin irəli sürdüyü fikir kimi, Yesəvi Türbəsini Qazaxıstan Arxeologiya İnstitutunun nəzarətində sonsuza qədər yaşatma cəhdi və marağı başlayır. Bu türbə tarixinin ən ciddi bərpa işi olur və 24 dekabr 1992-ci ildə Türkiyə ilə Qazaxıstan arasında imzalanan müqavilə ilə başlayır. 1999-cu ildə tamamlanan təmir-bərpa işləriylə Türküyə Türk mədəniyyət tarixinə çox ciddi bir qatqı edir. Zəhməti olan hər kəsi təbrik etmək lazımdır.    
Doğrusu, Türkistan özünə verilən xüsusi əhəmiyyətin digər nəticələrini də almaqda gecikmir. Ətrafındakı o biri şəhərlər kiçildiyi, o yerlərdə yaşayanların adambaşına düşən milli gəlir payı azaldığı halda, Türkistanda həm əhalinin sayı, həm də xalqın rifahı yüksəlməyə başlayır. Sovetlərin dağıldığı dönəmdə yetmiş yeddi min olan Türkistan əhalisinin sayı müstəqilliyin ilk on ilində daha on min nəfər artır. Bunlar əlbəttə, şəhərə verilən xüsusi əhəmiyyətin nəticələri və müstəqil Qazaxıstan yaşadıqca Türkistanı gözləyən aydın gələcəyin ilk təzahürləridir.
Beləliklə, müstəqillikdən sonra yeni bir dönəmə daxil olan Türkistan şəhərinin inkişafının ilk görüntüləri hələ şəhərə girərkən belə nəzərə çarpır. Şəhərin Çimkənd adlanan girişində yolun sağında və solunda, bəziləri yeni tamamlanmış, bəzilərinin hələ də tikili halında olduğu, onlarla kərpic ev diqqətləri çəkir. Qazaxıstan ərazisində hər hansı bir şəhərdə bu yeni inşaat mənzərələrinə kütləvi halda rast gəlmək mümkün deyildir desək, mübaliğə etmərik. Yenidən formalaşdırılmağa başlayan bu bölgə icra hakimiyyətinin şəhər planında məskunlaşmaq üçün nəzərdə tutulan yeni ərazilərdir. Sovet dönəmindən sonra Türkistanda da icra hakimiyyəti və bələdiyyə orqanlarının funksiyalarını, adına “İcra Hakimiyyəti” deyilən bir qurum idarə edir və şəhərin idarəçisinə də “icra başçısı” deyilir. İcra Hakimiyyəti yeni evlənənlərə, şəhərə yeni köçənlərə bu bölgədən 500 metr torpaq ərazi verir və xalq da öz imkanları ilə evlərini tikir.
Bu yeni məskunlaşma bölgəsini keçərkən yolun sağ tərəfində 1993-cü ildə bir müqavilə ilə Türkiyənin də ortaq olması nəticəsində yaranan və şəhərin son dövrdə inkişafında əsil lokomotiv rolunu oynayan “Xoca Əhməd Yesəvi Türk-Qazax Universitetinin” ərazisi gəlir. Universitetin qarşısında isə yüksək həyət divarlarıyla əhatə olunan kərpic evlərdən ibarət olan Türkistanın böyük məhəllələrindən “Yesi” gəlir. Bu məhəllənin müstəqillikdən əvvəlki adı “Kommunizm məhəlləsi” imiş. Məhəllə sakinlərinin ortaq təklifi və icra hakimiyyətinin qərarı ilə adı “Yesi” olaraq dəyişdirilmişdir. Beləliklə, şəhərin tarixi adlarından biri bir məhəllədə də olsa, təkrar yaşadılmağa başlanmışdır. Yesi məhəlləsi yolun sol tərəfində şəhərin içinə Yesəvi Türbəsinin şərq cəbhəsinə, Kültəpəyə qədər uzanır. Hazırda Türkistan şəhəri köhnə, yeni, bütün bu hissələrin ahəng içində bir araya gəldiyi orta böyüklükdə bir şəhər olaraq, Orta Asiya səhrasının ortasında həyatına davam edir. “Ordularının keçdiyi yerdə ot bitməz” deyilən, monqol əsgərləri tərəfindən yandırılan Kültəpə isə hələ də boşdur. Qoruq ərazisi olaraq tarix tədqiqatçılarının ixtiyarına verilmişdir. Doğru olan bu qərarla Kültəpənin əbədi boş qalacağı görünür və xalqın monqollar haqqındakı fikri bir daha özünü isbatlayır.

(Uyğunlaşdırma: Rəsmiyyə SABİR)

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə