dr. Yaqub DƏLİÖMƏROĞLU
  

 Türkistan şəhərinin Çimkənd girişindəki Yesi Orta Asiyanın ənənəvi memarlıq üslubunda tikilmiş evlərdən ibarət bir məhəllədir.

Hər ev, bağçasıyla birlikdə təxminən 500 metrlik torpaq ərazidə tikilmişdir. Bir mərtəbəli kərpic evlərin həyət divarları da evlərin divarlarının hündürlüyünə yaxındır və bütün bağçanı boydan-boya örtür. Həyətin yüksək divarlarının küçəylə əlaqəsini təmin edən böyük qapılar vardır. Bu qapılar iki hissədən ibarətdir: biri gündəlik istifadə üçün insanların asan şəkildə girib-çıxmaqları üçün qoyulmuş, Anadolu kəndlərində “qoltuq qapı” adlanan kiçik qapıdır, digəri isə avtomobillərin daxil ola biləcəyi genişlikdə iki yana açılan böyük qapılardır. Əgər ailənin avtomobili varsa, həyətin qapı girişindəki qismi eyni zamanda qaraj vəzifəsini də yerinə yetirir. Bu səbəbdən bəzi qapıların üstü avtomobili kölgələyəcək qədər örtülüdür. Həyətin qalan hissəsi isə bostan olaraq istifadə edilir. Pomidor, badımcan, bibər kimi tərəvəzlər və bəzi meyvələr burada yetişdirilir.
Həyət divarlarının bu hündürlüyü təhlükəsizlik səbəbiylə yanaşı, ailə yaşantısının məhrəmliyindən qaynaqlanır. Çünki bu evlərin həyətləri də evin bölmələrindən sayılır. Hər həyətdə yay gecələrinin sərinliyinin səfasını çəkmək üçün qurulmuş, yerdən ayrı, yarım metr hündürlüyündə ayaqlarla yüksəldilmiş, 5-6 metr ərazi genişliyində və adına “dəstərxan” deyilən istirahət yerləri mütləq vardır. Dəstərxanlar ətraflarına basdırılan üzüm asmaları və ya sarmaşıqlarla yaşıllandırılıb kölgələndirilərək, gündüzlər oturub söhbət etmək, ailənin yemək yeməsi  üçün məkan halına salınır. Ailənin bağçaya əkdiyi çiçəklərin böyük bir hissəsi, mütləq dəstərxanın ətrafındadır. Çiçəklər içində yeddiverən güllərinə və özünə məxsus gözəl ətri olan reyhanlara üstünlük verilir. Bahar gələndə qonaqlar dəstərxan üzərində içilən çaylarla qarşılanır. Hətta, gecələr dəstərxanlar yay gecələrinin dadına doymaq olmayan gözəl yuxuların görüldüyü yerdir. Bu kərpic evlərin həyətlərində adətən Anadolunun bəzi yörələrində də oxşarlarına rastlanan, günbəz şəklindəki ənənəvi çörək təndirləri vardır. Bu təndirlərdə forma və böyüklük etibarı ilə Türkiyədə ramazan pidəsi adıyla hazırlanan çörəklərə oxşar gözəl “nan”lar bişirilir. Nan sözü farscadan Orta Asiya Türk ləhcələrinə keçmişdir və çörək mənasını verir. Əgər ev sahibi Özbəkdirsə, bu nanlara əlavə olaraq “samsa”nı da unutmamaq lazımdır. Samsa xəmirin içinə quşbaşı ət və soğan qoyularaq bişirilən bir çörək növüdür ki, təndirdən çıxdığı zaman hələ də buxarı üstündə ikən yeməklə doymaq olmur. Buradakı insanların çox sevdiyi bu piroq adətən “Özbək fast food”udur. Yol kənarlarına qurulan təndirlərdə də samsa bişirilib satılır. İşi tələsik olanlar ayaqüstü, ucuz yolla aclığının qarşısını belə alırlar.
Ənənəvi Türkistan evlərinin həyətlərinin mühüm elementlərindən biri də odun ocaqlarıdır. Həyətin evə yaxın bir hissəsində qurulan bu ocaqlarda ən hörmətli qonaqların süfrədə qarşısına qoyulan və təntənə ilə yeyilən başlar bişirilir. Böyük qruplara təqdim olunan “beşbarmaq” yeməyi və at ətinin ən nəfis halı olan “kazı” da bu ocaqlarda qaynayır. Ocağın ev və dəstərhana yaxın olmasının səbəbi  yeməklərin soyumadan servisini etməkdir.
Kanalizasiya sisteminin mövcud olmadığı şəhərdə tualetlər də həyətin içində yerləşir. 
Türkistanda həyətlər təkcə evlərin bağçaları deyil, ailə həyatının mühüm bir hissəsinin yaşandığı məkanlardır. Bu səbəbdən həyətlər uca divarlarla yad gözlərdən gizlədilir.
Kərpic evlərdə isə keçmiş vaxtların dar çadırlarında keçən günlərinə təzad geniş məkanlar var. Evlərin xüsusilə salon hissələri daha geniş olur. Bu genişlik sosial yaşantının da bir tələbi ola bilər. Bayramlarda, toylarda, doğum günlərində dost və qohumların qatıldığı böyük şənliklərdə bu geniş məkanlar ev sahibliyi edir. Salonun hər iki tərəfinə döşəkcələr, yastıqlar qoyulur. Türkistanlılar onların üzərinə uzanaraq dirsəklərini bu yastıqlara söykəyib söhbət etməyi çox xoşlayırlar. Bu Türkistanlıların ən rahat oturmaq formasıdır.
 Türkistanlılar ailənin böyükləriylə bir yerdə olduqları zaman bu cür rahat olmurlar. Məclislərdə kimin harada oturacağını və beləliklə də o söhbəti kimin idarə edəcəyi ilk anda məlum olur. Salonun baş hissəsinə “tör” deyirlər. Orada ən yaşlı, ya da ən hörmətli adam oturur. Onun adı “törağa” adlanır. Törağa məclislərdə xırda işlərlə məşğul olmur və beləliklə də, insanlarla xırda söhbətlər üstündə üz-göz olaraq nüfuzunu aşağı salmır. O, ağırbaşlılığın təmsilçisidir. Söhbətin şənlənməsini təmin etmək, susqunluq olmasını əngəlləmək, hətta yemək-içmək servisini istiqamətləndirmək “tamada”nın vəzifəsidir. Tamada şən-şaqraq, danışmaq qabiliyyəti olan, praktik zəkalı və qayda-qanun bilən insanlar seçilir. Bu bəzən insanların özlərini tamada elan etməsiylə də olur. Bəzən də törağa bu vəzifəni kimə isə tapşırır.
Süfrənin üstü hər zaman qoz, kişmiş kimi tumsuz qara üzüm, meyvə və mürəbbələrlə dolu olur. Çörək ev sahibi tərəfindən bölünərək süfrədə əyləşənlərə paylanır. Özbəklər bu adətə çox diqqət etməsələr də, bir Qazax evində bu adətə mütləq əməl olunur. Bundan başqa, yaşı, nüfuzu nə olursa olsun, ev sahibi qonaqların ən uc tərəfində qapıya yaxın yerdə oturur və əks halda, böyük hörmətsizlik sayılır.
Ev sahibi oturduğu yerdən qonaqlara xidmət göstərilməsinə də kömək edir. Əgər qonaqlar xüsusi bir proqramla toplanmışdırsa, süfrənin xüsusi yeməyi “beşbarmaq”dır. Qazaxların milli yeməyi olan beşbarmaq paxlava dilimi boyda kəsilən xəmirlərin üzərinə bişirilmiş ət tökülərək süfrəyə verilir. Hazırlanması zəhmət tələb edən beşbarmağı hazırlamaq üçün qonşu və ya qohum qadınlar birlikdə köməkləşib bişirirlər. Əvvəlcə xəmir hazırlanır. Ətlər qazanda bişirilir. Ətlər götürüldükdən sonra xəmirlər yuxa halında açılıb hissələrə bölünür və ətin suyunda bişirilir. Bişən xəmir böyük sinilərə qoyulur və üzərinə ət tökülür. Beşbarmaq yeməyini Qazaxlar əllə yeməyi sevirlər. Yeməyin adı da buradan yaranmışdır. Xəmir parçalarının içinə ət qoyularaq əllə yeyilir. Doğrusu, onu yemək bir az çətindir, lakin ləzzətlidir. Mən isə “beşbarmaq sorpası”nı daha çox sevirəm. Beşbarmaq yeməyi hazırlanarkən ətin və xəmirin qaynadığı su - “sorpa” çox dadlı olur və arzu edənlərə stəkanlarda verilir.
Beşbarmağı yeməyə başlamazdan əvvəl törağanın qarşısına qoyulan qoyun başı qonaqlığın ənənəvi hissələrindən biridir. Ev sahibi bir məcməyiyə yerləşdirilmiş qoyun başını, yanında bıçaqla bərabər törağanın önünə qoyur. Türkiyədə də bəzi şərq rayonlarımızda yaşanan bu adət ev sahibinin “başımızla birlikdə səninləyik” ifadəsini ehtiva edir və böyük hörmət əlamətidir. Törağa bir parça özü yedikdən sonra baş ətlərindən kəsərək süfrədə oturanlara paylayır. Kimə hansı hissədən verildiyindən mesajlar çıxarılmağa başlanır, bəzən bu mesajları o, özü də verir. Bir gəncə qulaqdan kəsib versə bu, “daha diqqətlə dinlə” mənasındadır. Əgər göz tərəfdən kəsib vermişsə, “səni gözüm kimi sevirəm” və ya “gözünü yaxşı aç” mənasını verir.
Yeməkdən sonra “Amin, Allahü-əkbər” sözləri hamı tərəfindən yemək duası olaraq söylənilir.
Bu evləri isitmək üçün kömür sobalarına bağlı mərtəbələrdə istilik sistemi quraşdırılır və evin hər yeri yalnız bir sobayla isidilir. Bu birləşmiş qablar prinsipinə bağlı bəsit bir sistemdir. Anadoluda sobalar evin giriş hissəsində qoyulur. Sobanın üzərində kiçik bir su qazanı qoyulur. Pətəklərə gedən borular bu qazana bağlıdır və su tarazlıqda olur. Qazanın qaynaması ilə birlikdə genişlənən və buxarlanan su sistemi hərəkətə gəlir və boruların içində daim dövretmə başlayır. Bu sadə mexanizmlə evin hər tərəfi isidilmiş olur.
Qazax və ya Özbək, bütün Türkistanlıların həyət evlərindəki qayda bu şəkildədir. Bir fərq var ki, Özbək evlərinin bağçası daha yaşıl, meyvə və tərəvəz baxımından daha zəngindir. Bu da Özbəklərin kənd təsərrüfatı işlərinə daha yaxın olmalarından qaynaqlanır.

Uyğunlaşdıran: Rəsmiyyə SABİR

("TÜRKİSTAN. Yesəvinin şəhəri Yesiyə dair", Bakı, 2009)

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə