dr.
Yaqub DƏLİÖMƏROĞLU

 Çimkənd şəhərindən gələn ana yolun ilk dörd yol qovşağı Yesəvi Türbəsinə dönən yerdədir. Bu qovşaqdan sola dönərkən Yesəvi Türbəsinə, sağa dönərkən isə Kentav yoluna çıxılır.

Şəhərin mərkəzinə girmək üçün isə qovşağı qarşı tərəfə keçmək lazımdır. Şəhərin idarəetmə mərkəzi də bu qovşaqdan başlayır. Qovşağa girişdə sol tərəfdə olan məktəb binası, onun arxasındakı hərbi hissə, qarşı tərəfdə məhkəmə binası, rusların Türkistanı ələ keçirdikdən sonra yaratdıqları “Yeni Türkistan” bu ətrafda yerləşmişdir. Məhkəmə binasından sonra, əvvəllər Leninin heykəlinin olduğu böyük bir meydan və meydanı əhatəyə alan İcra Hakimiyyəti və Yesəvi Universitetinin binası yerləşir. İlk Qazax xanlarından Esim xanın adını daşıyan bu ərazidə Novruz, Müstəqillik günü kimi böyük bayramlar qeyd olunur. Hər novruzda burada festival keçirilir.
Böyük Özbək yazarı və Türkistan doğumlu Adil Yaqubovun uşaqlıq illərində bu ətrafda beş bina varmış. Yaqubov uşaq olanda atası antikommunist olduğu üçün həbs olunur. “Rejim düşməninin uşağı” kimi keçirdiyi günlərdə Türkistanın bu səmtini və bu ərazidə keçirilən tədbirləri Yaqubov belə xatırlayır:
“Türkistanda Qul Xoca Əhməd Yesəvi Türbəsinin düz yanında Orta Asiyanı zəbt edən General Çerniyayev tərəfindən tikdirilən beş-altı möhkəm kərpic bina vardı. Çerniyayev bu binaları çarın əsgərləri üçün tikdirmişdi. Sovet hakimiyyəti isə bu binaları həbsxana kimi istifadə etmək üçün ətrafını tikanlı məftillərlə əhatələmişdi. Hər şənbə bu tikanlı qalaya ən az 150-200 gənc yaşda qadın, kişi toplaşırdı. Bunlar “xalq düşmənləri”nin ailələri idi. Gənc qadınlar, xəstə qocalar, həbsxana məmurlarının yeməkləri qəbul etmələrini gözləyənlər səhərdən axşama qədər tikanlı məftillərin yanında məzlum baxışlarla dayanırdılar. Anam bəzən məni də həbsxana istiqamətində aparır, əgər görüşmək nəsib olarsa, atamın məni bir daha görməsini istəyirdi. Ancaq atamı bizə bir dəfə də göstərmədilər və apardığımız yeməkləri də geri qaytardılar. Bəzən mən saatlarla gözlədikdən sonra bir bəhanə ilə həbsxananın düz yanındakı şəhər parkına tərəf qaçardım. Orada hər gün nümayiş olurdu. Şəhər məktəblərindən nağara və şeypur səsləri ilə pionerlər və hətta oktyabryatlar (kommunist uşaq təşkilatlarının üzvləri) sıra-sıra parka gəlirdilər. Parkın ortasında qırmızı rənglərlə örtülmüş böyük kürsülər vardı. Dəri pencək geyinmiş beli tapançalı “fəallar” bu kürsülərdən nitq söyləyirdilər”.
Yesəvi Türbəsinin yanındakı qovşaqdan hər keçdiyim zaman gözlərim Yakupovun uşaqlıq illərinin xatirələrindəki binaları axtarırdı. Qovşağın sağında dayanan bina Yakupovun oxuduğu məktəb olmalıydı. Həbsxana olan binalar isə ya qarşı küncdə hələ də məhkəmə binası kimi istifadə edilən tikiliydi və ya məktəbin arxasındakı hərbi hissəsinin binalarıydı. O dönəmdə hər gün tədbir keçirilən park və meydan isə məhkəmə və icra hakimiyyəti binaları arasındakı park və indiki adıyla Esim Xan ərazisi olmalıydı.
Yakupovun beş-altı daş bina olaraq tərif etdiyi “Yeni Türkistan” məhəlləsi daha sonrakı illərdə bir-birinə paralel prospektlər və ona açılan küçələrlə kifayət qədər genişlənmişdi. Bütün rəsmi qurumlar, banklar bu ətrafda yerləşmişdi.  

Uyğunlaşdırma: Rəsmiyyə SABİR

("Türkistan. Yesevinin şəhəri Yesiyə dair". BAKI, "Nurlan"-2009)

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə