dr. Yaqub DƏLİÖMƏROĞLU

  Dan yeri ağarırdı. Günəş arxamızdan ilk şüalarını səhraya yayarkən biz qərb tərəfi seyr edirdik. Hələ şəhərə dair heç bir işarə görünməzkən, möhtəşəm memarlıq işi səhranın ortasında adətən studiyada işlənmiş kimi təkbaşına dimdik dayanır və baxışlarımızı alıb aparırdı.

Avtomobili sürən Qazax sürücü Ömürzak şəhərə təqribən on beş kilometr yolumuz qaldığını söylədi. Yaxınlaşdıqca abidə böyüyür və işıltı artırdı. Ətrafında şəhərin çoxmərtəbəli yüksək binalarının görünməyə başladığı zaman Türkistan şəhərinə daxil olmağa artıq beş kilometr yolumuz qalmışdı. Bu, möhtəşəm abidənin yer seçiminin üstünlüyü idi. Daha sonrakı illərdə şəhərin yalnız Çimkənd girişindən deyil, digər girişlərindən də eyni görüntünün yarandığını, burada yaşayaraq öyrənəcəkdik.
Türbənin bu xüsusiyyəti şəhərin bir vaxtlar adında da əks olunan engebeli coğrafi quruluşundan qaynaqlanır. Əngebeli ifadəsi ilk baxışda bölgədə böyük çuxurlar və təpələrin olduğunu ifadə edir. Lakin burada səhranın ortasında doqquz metrlik bir təpə əraziyə adını verə biləcək qədər mühüm sayılır. Tarixi 2000 il əvvələ gedən Türkistan şəhəri ilk yarandığında Kültəpə adlanan doqquz metr yüksəklikdə bir təpə üzərində yerləşmişdir. Əhməd Yesəvi Türbəsi isə, Kültəpənin zirvəsindən 350 metr şimaldadır. Aradakı bu məsafədə təpə 2-3 metr alçaldığından və Yesəvi Türbəsinin 46,5 metr olan öz yüksəkliyi ilə uzaqlardan təkbaşına görünməsinin səbəbləri aydın olur.
Övliyalar Sərvərinin şəhərinə günəşin ilk işıqları ilə birlikdə çatırıq. 1997-ci ilin may ayının 17-də, səhər çağı Türkistanın havasında insanın ruhunu oxşayan bir sərinlik vardır. Gecə boyu davam edən yolçuluğun verdiyi yorğunluğumuza baxmayaraq, keçmiş Türk ənənəsinə uyğun, hər şeydən əvvəl “şəhərin sahibini” ziyarət etməliyik deyə düşünürük. Yoldaşım Ömürzak bu münasibətə heç yad deyil. Məndən əvvəl çox sayda Türkiyəlini Türkistana gətirən Ömürzak, onların da heç bir yerə getmədən, ilk Yesəvi Türbəsinə gəldiklərini söyləyir.
Möhtəşəm memarlıq işi yaxınlaşdıqca daha təsirli hala gəlir. Şəhərin içində (iki kilometr) birmərtəbəli evlərin arasındakı ana yolda getdikdən sonra ilk qovşaqdan sola dönürük. Bir neçə yüz metr də bu istiqamətdə gedirik. Ömürzak avtomobili türbənin tac qapısının düz qarşısında saxlayır. Geniş bir ərazinin ortasında Əhməd Yesəvi Türbəsiylə üz-üzə dayanmışıq. Görünüşündə dünyanı mühüm saymayan, yalnız, ancaq bu yalnızlığa da heç bir etiraz etməyən, özü başqa bir dünya imiş kimi duran insan üzünün cizgiləri var. Olduğumuz yerdən tac qapıya üç yüz metrə yaxın yol var. Daha sonra öyrənirəm ki, buradan etibarən hər hansı bir nəqliyyatla getməyi Qazax qardaşlarımız mənəviyyata hörmətsizlik hesab edirlər. Yolun iki tərəfində, bel hissəsindən kəsilərək forma verilən bitkilər yaşıl bir koridor əmələ gətirmişdir və koridorun arxasında rəngarəng güllərdən yaradılmış qızılgül bağçası uzanır. Səhərin səssizliyi hər yerə hakimdir. Yaşıl koridorda yeriyərək möhtəşəm tac qapıya yaxınlaşırıq.  Sanki əvvəl yoxmuş kimi, indi yalnız bu anı yaşayıram. Hətta əvvəlki yorğunluğum da keçib getdi. İnsan boyundan 25 mərtəbə daha böyük tac qapının qarşısında dayanıb ziyarətimizi edirik. Bu an uzanıb gedə bilərdi, lakin Ömürzağın geriyə addımladığını görüncə mən də ona uyğunlaşaraq gəldiyimiz kimi geri çəkilirik. Gözlərimiz çiçək bağçasındadır. “Kaş ki, bu geniş ərazinin hər tərəfi qızılgüllərlə örtüləydi”, deyə qəlbimdən keçir. Bunu xəyal edərək zehnimdə türbənin hər tərəfini qızılgüllərlə doldururam. Sarı, qırmızı, çəhrayı, bənövşəyi... hər rəngdə qızılgülün açıldığı bağça. Həyəcanım artır...
Doğrusu, bu ilk ziyarətdə memarlığın ümumi təsirinin xaricində bir üstünlüyünü görə bilmədiyimi, buraya daha sonrakı gəlişlərimdə hiss edəcəkdim. Bir rus generalına istinadən deyilir ki, “Şərq sirlərlə doludur, heç bir zaman ilk görüşdə özünü təslim etmir”. Yesəvi Türbəsinə hər gəlişim zamanı öyrəndiyim yeni şeylər, bu sözü xatırladırdı.

 ABİDƏNİ TANIDIQCA

 Yesəvi Türbəsi adətən şəhərdən qoparılmış kimi, ayrı bir bölgədə yerləşir. Onun ən yaxın şəhər binalarına məsafəsi 500 metrdir. Türbənin cənub və şərq tərəfləri şəhərə baxır. Ancaq bu arada da yaşıllaşdırma işləri və yol infrastrukturu əskik olduğundan həm şəhər, həm də türbə tikilişində əskiklik meydana gəlir. 1975-ci ildə Kültəpə və keçmiş Yesi məskunlaşma bölgəsindən 65 hektarlıq bir ərazi qoruq ərazisi elan edilmiş və bu geniş ərazi türbə sahəsi olaraq təsis edilmişdir. Türbə ətrafında aparılan təmir işləri zamanı bilərəkdən və ya qəsdən bu geniş ərazidə olan Osmanlı hamamı və bir çox sayda qiymətli əsər yox edilmiş və möhtəşəm abidə ətrafda tək qalmışdır. Hazırda bu ərazidə türbənin düz qarşısında onun türbədarı kimi dayanan Böyük Türk elm adamı və Xaqanı Ulubəyin qızı Rəbiə Sultan Begüm Türbəsi və onun yanına yerləşdirilmiş, ziyarətçilərə bilet satılan kiçik bir köşk var. Bu kiçik köşkün içində hər zaman üç-dörd qadın olur. Biletlə yanaşı, Qazax dilində dini nəşrlər, təsbehlər, açıqcalar da satılır.
Silsilənin ən mühüm tarixi bölmələrindən biri olan Əhməd Yesəvinin 63 yaşında yer altına girdiyi çiləxana, Kültəpənin zirvəsinə yaxın bir yamacdadır. Bu yamacın altında isə ətrafla əlaqəsi kəsildiyi üçün burada olması xüsusi diqqətlə baxılan zaman müşahidə edilən binalardan biri yerləşir.
Türbənin qəbirxana bölməsinin olduğu şimal hissəsinin divarına əlli metr qədər məsafədə divarlarının yarısı yerə batmış bir məscid ilə sonradan tikilən idarə binaları geniş ərazinin içərisinə nizamsız şəkildə səpilmiş haldadır. Bundan başqa, yenə türbənin şimalında sonradan tikilən hədiyyələr satan mağaza binası, içində dərvişlərin hücrələrinin olduğu qalın və yüksək bağça divarı qalıqları yerləşir. Türbəyə kənardan baxarkən yaşıla çalan yumşaq mavi rəng gözləri oxşayır. Yüksək divarların, yerdən bir adam boyu məsafə xaricində qalan hissələri,  çinilərlə örtülmüşdür. Çinilər əhli olmayana özünü təslim etməyən bəzəklərlə doludur. Professor Şahin Uçar Xocayla türbəni gəzənə kimi mən də bunları sadəcə çinilərə işlənmiş naxışlar kimi görürdüm. O gün Kültəpənin üzərindən dayanıb türbəyə baxarkən Xoca: “kufi yazılar nə gözəl yerləşdirilmişdir” deyərək bir-bir onları oxumağa başladı. Mənim yalnız çini naxışlar kimi gördüyüm şəkillər, sən demə “Allah, Məhəmməd, Əli...” sözlərinin, kufi yazı texnikası ilə yazılmış forması imiş. Daha sonrakı ziyarətlərdə mən də bu yazıları birlikdə gəldiyimiz yoldaşlara tanıtdım. Hər biri ən az mənim qədər heyrətlənirdi.
Bundan başqa, hər tərəfdə kufi yazılarla yanaşı, müxtəlif dövrlərdə Türk qrupları tərəfindən istifadə olunan damğa şəkilləri vardı. Görənləri ən çox çaşdıran  xaç şəklindəki Türk damğası olurdu. Niyə bu damğaların seçildiyini hələ ki, dəqiq bilən yoxdur, ancaq bir fikir var ki, bunlar türbənin tikildiyi dövrdə Türkistan ətrafında yaşayan Türk boylarının simvolları ola bilərlər.

 QUŞLAR XORU

Türbədə aylar sonra fərq etdiyim detal isə kəmərli qapının sütunları arasında gizlənmiş quş yuvaları idi. Bəlkə də quşlar üçün ayrılmış bu yerlərdən yüzlərlə saymaq olardı. Türbənin ön girişi olan tac qapının sütunları içində göyərçinlər başda olmaqla üzrə müxtəlif yerlərdə quşlar yuva salıb. Bundan başqa, yuvaların olduğu sütunlara, quşların yuvalarına gəlib gedərkən qonmaqları üçün ağac və dəmir çubuqların yerləşdirilməsi də nəzərdə tutulmuşdur.
Günün hər saatında, ancaq xüsusilə axşam gün batana yaxın, Yesəvi Türbəsi quşlar orkestrinin konsertinə səhnə olurdu. Kəmərlərin üzərində quşların qonmaqları üçün nəzərdə tutulmuş ağac və dəmir çubuqların üzərinə qonan yüzlərlə quş, öz dillərində nəğmə oxuyurdu.
Quşların qonduqları bu ağac çıxıntılarını memarların xətası olaraq dəyərləndirənlər də vardır. Quş və qəbir Anadoluda da bir yerdə deyilmi? Anadoluda da mərmər qəbirlərin üzərində yağış suları yığılarkən quşların içmələri üçün insanlarımız su qabları düzəldirlər. Ancaq yox, indi quşların mədəniyyətimizdəki yerini bir kənara qoyub, konsert saatlarını sehrləyici hala gətirən qrupdan bəhs etməliyəm. Bu diyarda günəşin batmağı və göy üzü bir başqa aləmdir. Günəş hər axşam üfüqümüzdən özündən əvvəlkinə bənzəməyən və bəlkə o saata qədər, heç bir axşamda görünməmiş qızıl şəfəqlər yaradaraq batır. Bəlkə həyatında qürubu seyr etmənin zövqünü bir daha dadmamış olanlar belə, bu şəfəqlərin vurğunu olurlar. Ah, kaş ki, hamıya quşların konserti davam edərkən,  qızıl şəfəqləri seyr etdirmək mümkün olsaydı... O zaman bütün gözlər mənim anlatmadıqlarımı da görür və hər qulaq o səsləri eşidərdi...

 RƏHMƏT QAZANI VƏ YA TAY QAZAN

 Quşların hər axşam konsert verdikləri tac qapının kəmərləri arasında duran, Türkistan ulduzu motivlərinin sədəflərlə işləndiyi qapıdan keçildiyi zaman ortada rəhmət qazanının olduğu ana salona girmək olur. Lakin bu qapını istifadə etmək bilet alıb gələn ziyarətçilər üçün mümkün deyildir. Onlar tac qapının sağ sütununun yanında olan kiçik bir qapıdan içəri keçirlər. Qapını keçəndən sonra dar koridorla ana salona gedən bu aralıqda, kiçik hücrədə bilet nəzarətini həyata keçirən xidmətçilər var. Koridorun sonunda isə arzu edənlərə türbə haqqında məlumat verən bələdçilərin istifadə etdikləri hücrə yerləşir. O böyük tikilidə bu iki hücrə gündəlik istifadə olunan yerlərdir.  
Bu dar koridordan ana salona çıxanların ürpənməməsi mümkün deyildir. Ən yüksək nöqtəsi 37,5 metr və eni 18 metrdən uzun olan tuğla qübbəsi ilə bu geniş salon, adətən insana acizliyini xatırlatmaq üçün inşa edilmiş kimi dayanır. Orta Asiyada olan ən geniş tuğla qübbə olaraq tanınan bu örtüyün altında ətrafa gözlərini gəzdirən hər ziyarətçi, o böyük həcmin içərisində öz varlığının əridiyini hiss edir.
Salonun ortasında olan rəhmət qazanı ilk baxışda bu hissdən xilas olmaq üçün bir ümid kimi görünür. Dünyada analoqu olmayan, üç ton su ala bilən, ağırlığı iki ton, həcmi 2,45, yüksəkliyi 1,62 metr olan bu əsər, qübbənin əziciliyi ilə müqayisə edildiyi zaman nisbətən rahatladıcı olduğundandır ki, salonun ümumi atmosferindən xilas olmaq üçün bir ümid qapısı kimi görünür. Bəlkə də, bu səbəbdən türbənin detalları arasında ən çox maraq doğuran element rəhmət qazanıdır. Hər bir ziyarətçi qızıl, gümüş, mis, dəmir, qalay qarışığından hazırlanan bu qazanın ətrafında dolanıb ona diqqətlə baxır. 1399-cu ildə Təbrizli Şərafəddin usta tərəfindən, Dədə Qorqud hekayətlərində də adı keçən Qarnaqda hazırlanaraq bura gətirilmiş qazanın, ziyarətçilər, oxuya bilməsələr də, ətrafına yazılmış ayətlər, onu hazırlayan ustanın kitabəsi və 22 dəfə “Dünya Allahındır” ifadəsi, qazanın qulpuyla birlikdə diqqət mərkəzində olur.
Dünyada tayı-bərabəri olmayan qazanla ruslar da yaxından maraqlanmış və 1935-ci ildə Peterburqdakı Ermitaj Muzeyinə aparmışlar. Xalqı dərindən yaralayan bu ayrılıq 54 il davam etmişdir. Qazan 1989-cu ildə təkrar gətirilib yerinə qoyulmuşdur. O zaman, Türkistan şəhərinin idarəçiliyində kim varsa, qazanın onların səyləriylə geri gətirildiyini anladaraq, bu böyük hadisədən şərəf hissi duyurlar. Həmin dönəmdə Türkistanın icra başçısı Erkin Corebekov bəyin evində qazanın gətirilməsinin video kasetlərini seyr edirik. Görüntülərdə insanlar yığılmış, üzlər gülür, tam bir bayram havası var. Hələ də bu böyük hadisənin ildönümündə Erkin bəyin evində qonaqlıq verilir, dualar edilir.
Deyilənlərə görə, bu qazana, türbənin içində olan quyudan su doldurulur və şəfalı olduğuna inanılaraq dərvişlərə və ziyarətçilərə paylanılırmış. Qazan bəlkə də burada yaşayan dərvişlərin və ziyarətə gələnlərin çoxluğu səbəbiylə bu qədər böyük hazırlanıb.
Məscidi-Nebevi ilə başlayan İslam memarlığındakı silsilə ənənəsi, Yesəvi Türbəsində də gözlənilmişdir. Qul Xoca Əhmədin qəbrindən başqa, türbədə məscid, kitabxana, mətbəx, dərviş hücrələri və hətta adına “kukukxana” deyilən bir quyu otağı daxildir. Buradakı quyudan çıxan su zəmzəm suyu ilə eyni tutularaq müqəddəs sayılır. Burada yaşayanların su üçün də olsa, bayıra çıxmağa ehtiyac duymadan qalmaları nəzərdə tutulmuşdur. Su ehtiyacının qarşılanacağı quyu isə su çıxarmaq həcmi məhdud olduğundan, suyun saxlanması ehtiyacı müəyyənləşdirilmiş ola bilər. Qazana doldurulan üç ton su zərurət halında qənaətlə istifadə olunaraq 100 nəfərin 10 gündən daha artıq bir müddət su ehtiyacını ödəyə bilir. Bu müddət ərzində quyudan da su verilərsə, o zaman 15-20 günə qədər uzadıla bilər.
Bizim gördüyümüz zaman qazanın dibi Qazax tengələri və Özbək somlarından olan rəngli pullarla doluydu. Türbəni ziyarət edən insanlar qəbirxana bölümünə getməzdən əvvəl qazanın önündə dayanıb böyük hörmətlə ilk dualarını burada edirlər və dualarının qəbulu üçün qazanın içinə pul atırlar. Türbədə xidmət edənlər gələnlərin pullarını rahat şəkildə ata bilmələri üçün qazanın kənarına kiçik bir nərdivan qoyublar. Qazana pul atmaq ənənəsi gərək ki, Anadoluda müqəddəs sayılan yerlərdə quyulara və ya hovuza pul atmaq adətiylə eynidir.
Yunusun Hacı Bektaş dərgahına əli boş getməyi kimi burada da, törəyə uyaraq xüsusilə, Qazaxlar yanlarına “Xalq nanı” yəni “Haqq çörəyi” almadan gəlmirlər. Dualarla alınıb gətirilən çörəklər yenə dualarla qazanın yanında çantalardan çıxarılır. Böyük hörmətlə iki əllə tutulur. Hər halda keçmişdə bu “Haqq nanları” dərvişlərə hədiyyə edilirdi. İndi isə ziyarətdən sonra kasıblara paylanılır.
 

 QƏBİRXANA VƏ TÜRKİSTAN ULDUZU

 Kəmərli qapıdan girildiyi zaman qazan otağının düz qarşısında Yesəvi Həzrətlərinin sandığının olduğu qəbirxana yerləşir. Müxtəlif naxışlarla bəzənmiş qapının arxasında dünyada çox az tapılan və Səmərqənddən gətirilən yaşıl mərmərlərlə örtülmüş sandıqda Həzrət Sultanın mübarək nəşi yerləşir. 1954-cü ilə kimi qəbirxananın giriş qapısının qarşısında 12 metr uzunluğunda tuğ asılı imiş. Bu tuğun orijinal fotoları muzeyin arxivində saxlanır. Qəbir xaricində tuğ, orada yatanın böyük mütəfəkkir olduğunun bir işarəsidir. Səmərqənddə Əmir Teymur Şeyxinin qəbrində və Buxarada Burhanəddin Nəqşibəndin Türbəsində və ən maraqlısı “Övliya dağ Qazıqurd”un zirvəsində də belə bir tuğa rast gəlmişdim.
Qəbir otağının iki yanında səkkiz guşəli ulduz şəklində pəncərələr yerləşir. Səkkiz guşəli ulduz Türk tarixindəki ən qədim simvollardan biridir. İki kvadratın küncləri ulduzun uclarını əmələ gətirəcək şəkildə yerləşdirilməsiylə meydana gəlir. Səkkiz guşəli ulduzun mənası isə bağlı müxtəlif fikirlər mövcuddur. Bu baxışlardan ilki, kvadratların biri bu dünyanı, digəri o biri dünyanın simvoludur və bu ulduzu simvol olaraq istifadə edən hər iki dünya içində bərabər yaşadığını izah edir. Səkkiz guşəli ulduzun digər mənası isə hər küncün bir cənnət qapısına işarədir. Bunlara səkkiz cənnət qapısı deyilir. Bundan başqa, Divanlarda səkkiz ummaq olaraq dəyərləndirilir. Hər bir ulduz küncü mərhəmət və şəfqət, doğruluq, sədaqət, igidlik, səbir etmək, sirr saxlamaq, yoxsulluğunu və acizliyini bilmək, Rəbbinə şükür etmək xüsusiyyətlərini simvolizə edir. Xarakteri və yaşantısında bu vəsflərlə dolanan və bunları mənliyinə şamil edənlər cənnətin o qapılarından keçəcəklər.
Səkkiz guşəli ulduzda təcəssüm olunan digər bir məna, ilk iki mənaya görə daha siyasidir: dörd ana istiqamət və dörd ara istiqamətləri səkkiz guşəli olaraq dəyərləndirilən bir baxış; səkkiz guşəli ulduzu simvol qəbul edənlər dünyanın hər yerinə hökm etməyi arzuladıqlarını ifadə edirlər mənasındadır. Yesəvi Türbəsinin ana giriş qapısında, çinilərində, pəncərələrində işlənən səkkiz guşəli ulduz bütün simvolik mənalarıyla da türbəyə və onun sahibinə uyğun gəlmirmi?
Qeyd etmək lazımdır ki, səkkiz guşəli ulduz hazırkı Türk Dövlətlərinin simvolları arasında ən geniş yayılanıdır. Azərbaycanın Bayrağında, Özbəkistanın Dövlət Gerbində, Türkmənistan və Qazaxıstanın bir çox rəsmi orqanlarının emblemlərində səkkiz guşəli ulduz var. Bir vaxtlar Osmanlı Bayrağında da bu ulduz vardı. Bu gün də Türkiyədə polislərimizin alınlarının üzərində daşıdıqları səkkiz guşəli ulduz da, Yesəvi Türbəsindəki Türkistan ulduzudur.
 

 TÜRBƏNİN DİGƏR BÖLMƏLƏRİ
 

 Türbənin qazanlı böyük salondan koridorlarla ayrılan ana bölmələrinin sayı da səkkizdir. Bu bölmələrdən qəbir otağının cənub qərbindəki məscidə və kitabxanaya eyni koridordan girilir. Məscidə namaz qılmaya gələnlər, namazdan sonra kitabxanada oxusunlar deyə düşünülmüşdür. Bu kitabxanada keçmişdə çox sayda  kitab olduğu məlumdur, hətta bu gün Qazaxıstan Muzeyində olan 300-dən çox əlyazma kitab buradan götürülmüşdür.
Digər bölmələrdən biri də “Halimxana” adlanan mətbəx hissəsidir. Halim, ət və buğdadan bişirilən xüsusi bir yemək adıdır. Burada halim yeməyi bişirilərək bazar ertəsi və cümə günləri ziyarətə gələnlərə verilirmiş. Digər vaxtlarda isə dərvişlərin yeməkləri buradakı ocaqlarda qaynayırmış. Burada bişən yeməklərin suyu isə “qudukxana” deyilən və ortasında quyu olan otaqdan təmin edilirmiş.
Türbənin digər mühüm bölmələri isə Böyük və Kiçik Ağsaray adı verilən salonlardır. Sufilərin öz toplantılarını etdikləri bu salonların akustikasının ən yaxşı olanı Böyük Ağsaraydır. Burada, 16-cı əsrin əvvəllərində Qazax Xanlarının siyasi və diplomatik görüşlərinin keçirildiyi məlumdur.
Onsuz da, bura xanların və Sultanların da məkanıdır. İlk Qazax xanlarından Esim xan və daha sonra Abılay xan burada dəfn edilmişdir. Hazırda bu xanların qəbrini simvolları qəbirxananın sağ tərəfindəki koridorda yerləşir. Mənim də ziyarətim zamanı olduğum sevimli yer bu koridorlar idi. Əslində ziyarətçilərin bu bölməyə keçmələrinə çox icazə verilmir, ancaq türbədəki bələdçilərlə tanışlığımızı möhkəmləndiyimizdən bizim bu koridora keçməyimizə göz yumurdular. Bu dar koridor sanki ana salonun sıxıcı böyüklüyünün əmələ gətirdiyi psixoloji vəziyyətdən qurtarmağı təmin edir və dar divarların arasında maddi varlığımın əhəmiyyətindən daha əmin hala gəlirdim. Amma daha da vacib olanı buradan Yesəvi Həzrətlərinə yaxından baxmaq imkanım idi.
Türbə səkkiz bölmə və dörd eyvan üzərində yaradılmışdır. Bundan başqa, üst mərtəbələrdə dərvişlərin istifadə etməsi üçün tikilmiş hücrələrlə birlikdə təxminən 35 otaq yerləşir. Bu dörd rəqəminin təsadüfi olmadığını söyləyənlər də var. Dörd eyvan, kiməsə görə dörd kitabdır, kiməsə görə isə şəriət, təriqət, mərifət və həqiqətdir. Yesəvinin Hikmətlərində də dörd sayı tez-tez təkrar olunur və onun Anadoluya saçdığı atəş Hacı Bektaşda isə dörd qapı qırx məqamına dönür.

(Uyğunlaşdırma: Rəsmiyyə SABİR)

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə