Dr. Yaqub DƏLİÖMƏROĞLU

 Türkistan şəhərinin Çimkənd girişində qranitdən olan müasir, iddialı görünüşlü böyük binalar gələnləri qarşılayır.

Bunlar Türkiyə ilə Qazaxıstanın birgə yaratdıqları Xoca Əhməd Yesəvi Universitetinin tədris binalarıdır. Bura, Qazaxıstanın müstəqilliyinin qazanılmasından sonra Türkistanın taleyini dəyişdirən müəssisə oldu. Əslində Universitet Türkistan Universiteti adı ilə Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev tərəfindən ölkənin müstəqilliyinin simvollarından biri kimi yaradılmışdır. Müstəqil Qazaxıstan yalnız yaradılması ilə deyil, yaradılma prosedurası ilə Türkistana və onun adını daşıyan Universitetə xüsusi bir əhəmiyyət verdiyini göstərir. Qazaxıstanın qaydalarına görə bir universitet açmaq üçün baş nazirin imzası lazımdır. Əgər baş nazir bir universitet açmaq üçün qərarı imzalayarsa, yeni bir təhsil ocağı fəaliyyətə başlamış olur. Lakin Türkistan Universitetinin yaranma qərarını birbaşa Nursultan Nazarbayev imzalayaraq, türklüyün ortaq tarixi, elm və mədəniyyət mərkəzi olan Türkistan şəhərini təkrar kimliyinə qaytarmağa verdiyi önəmi göstərmiş oldu. Yaranmasından iki il sonra Türkistan Universiteti Türkistan şəhərinin mənəvi sahibinə və Türk mədəniyyətinin əvəzsiz simalarından olan Xoca Əhməd Yesəvinin adı ilə Türkiyə və Qazaxıstanın ortaq Universitetinə çevrildi.
Bu layihə böyük iddialara sahibdir. Bir yandan Türkiyə və Qazaxıstan Əhməd Yesəvi Türbəsində birlikdə təmir işinə başlayarkən, digər tərəfdən isə onun adı ilə bir elm yuvasında türklüyün elm, mədəniyyət və mənəvi mirasının bərpasına qoşulmaq üçün bir universitet yaradılır.
Doğrusu, Xoca Əhməd Yesəvi Universitetinin yaranma fəlsəfəsindən həyəcanlanmamaq mümkün deyildir. Hələ də eyni həyəcanı ürəyində hiss edən bu sətirlərin müəllifi də universitetin emblemində olan Türkiyə və Qazaxıstan bayraqlarından təsirlənərək bir toplantıda təhsil işçilərinə bu ifadələrlə duyğularını anlatmışdır: “Dostlar, bu universitetin embleminə diqqətlə baxın. Bir yanda ay və ulduz, digər yanda günəş var. Bu bayraqlar bu emblemdə yan-yana dayandıqca bu universitetdə qaranlıq olmayacaqdır. Əhməd Yesəvi babamızın adını daşıyan universitetimizin aydınlığında yetişən azad düşüncəli şahinlərimiz türklüyün parlaq səmalarında hər zaman yüksəklərə uçacaqlar”.
Bu səmimi duyğulardan aldığımız güclə Türkistan şəhərinin həyatı çətinləşdirən bəzi mənfiliklərinə fikir vermədən şahinlərin yetişməsi üçün çox zəhmət çəkdik. Bu kitabın anlatdıqları da bu səbəbdən burada keçirdiyimiz dörd il içində tanıya bildiyimiz və qüdrətimiz çatdığı qədər anlatmağa çalışdığımız Türkistandır.
Qazaxıstan bayrağında günəşi qanadlarının arasına alan şahin fiquru hər dəfə baxdığım zaman mənim üçün çox böyük mənalar ifadə edib. Məlum olduğu kimi, şahin imici Türk mədəniyyət tarixində hər mərhələdə olmuş və mühüm əhəmiyyət daşımışdır. Şahin quşu təlim veriləndə o ovuna heç bir zərər vermədən sahibi üçün çalışan və onun verdikləri ilə kifayətlənən sadiq bir dost halına gəlir. Bu səbəbdən Türk fəlsəfəsində şahinik mühüm bir mərtəbədir. Onlar xarakterlərini və şəxsiyyətlərini yetişdirərək bu mərtəbəyə yalnız yaxşılıqları yaymaq və insanları pisliklərdən uzaqlaşdırmaq məqsədilə yaşamağa başladılar. Özlərinə şahini simvol götürən Türk xalqları isə, pisliklər üstünə göndərilmiş Tanrının qəzəbi, yer üzərində ədaləti və yaxşılıqları yaymağa məmur Tanrının qılıncı olaraq hər zaman xeyirxahlığın insanlar arasında daha çox yayılması məqsədilə yaşamışdılar. İqtidar gücünü əllərində tutan xaqanlar şəxsi zövq və səfaları yerinə “ac milləti tox, az milləti çox qılmaq”, yer üzərində ədaləti bərpa etmək və yaymaq ideyalarına özlərini həsr edərək yaşamağa başlamışlar və bəlkə də bu səbəbdən böyük dövlətlərin sahibi olublar. Kaş ki, tarixin hər mərhələsində hər zaman belə ola bilsəydi. Ancaq ən azı bunu söyləmək mümkündür. İnsanlığın yaradılışında var olan yaxşılıq Türk mədəniyyətinin də gizli şifrlərində tarixin hər mərhələsində üstün dəyərlər uğrunda yaşamaq fəzilətlərinin yaşaması, xeyirxahlıqların insanlar arasında daha çox yayılması məqsədini saxlamış və yaşada bilmişdir. Türklüyün uğrunda mübarizə apardığı tarixi “qızıl alma”sı məncə əslində bu məqsədlə olmuşdur. Qızıl almanı realizə etmək lazım olduğu zaman onu günəşlə simvolizə etmişdir: xeyirxahlığın hakimiyyətini günəşə qədər yaymaq istəmişdir; günəşi fəth etmək və Tanrının ədalətini günəşə qədər hər yerə hakim etmək. Qazaxıstanın bayrağında mavi zəmin üzərində günəşi qanadları arasına almış şahin mənə hər zaman bu dərin mənaları ifadə etmək üçün nəzərdə tutulmuş təsiri bağışlamışdır. Qazaxıstan bayrağını hazırlayan qrafikaçılar və ya ona rəy verən komissiyalar mənim bu hiss etdiklərimi düşünməmiş olsalar belə, nəticədə Türk mədəniyyətinin gizli şifrləri şəkil formasında hazırlanıb göylərə yüksəldilmişdir.
Bu iki Türk dövlətinin bayraqlarını emblemində yan-yana daşıyan universitet yeni dönəmdə Türkistan şəhərinin iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlayır. Hələ uzaq iddialarına çatmaq üçün çox məsafə qət etməsi lazımkən iqtisadi qaynaqlar Türkistanın simasının bu gündən dəyişməyə başlamasına şərait yaratmışdır. Bölgədə əhalinin sayının ən yüksək artım sürəti Türkistan şəhərində olmuşdur. Ətrafda, Türkistan böyüklüyündə olan şəhərlərin hamısından əhali digər yerlərə köç edərək sayı azaldığı halda, bunun əksinə olaraq Türkistana gələnlərin sayı artmışdır. Bunun səbəblərindən biri də universitetlə bağlıdır. Tələbələr, müəllim heyəti, xidmətçilər və qoyulan sərmayələr son illərdə Türkistanın iqtisadi cəhətdən inkişaf etməsinə səbəb olmuşdur.
Universitetin yaranmasında iki ölkə prezidentinin Nazarbayev və Dəmirəlin zəhmətini də qeyd etmək lazımdır. Və əlbəttə Türkistan Universiteti dönəmindən etibarən rektor akademik Murat Jurinov və Türkiyənin iştirakı ilə birlikdə keçmiş Mədəniyyət Naziri Namiq Kamal Zeybəkin fəaliyyətləri də xüsusi vurğulanmalıdır.
Türkiyə Cümhuriyyətinin keçmiş nazirlərinə və universitetin yaranmasından bəri İdarə Heyətinin sədri vəzifəsində çalışan Namiq Kamal Zeybək üçün “Türkistanın Bayburtda doğulan oğlu” deyilsə yerinə düşər. O, türbənin restavrasiyasının başlanması və universitetin yaradılması və davamlı çalışmaları ilə müstəqillikdən sonra Türkistanda mühüm işlər görmüşdür. Deyilənlərə görə o, ölümündən sonra burada dəfn edilməyi arzulayır. Bunu bacara bilsə, Türkistan şəhərinin tarixində simvollaşaraq yerini alacaqdır.
Rektor, akademik Murat Jurinov Qazaxıstan Elmlər Akademiyası üzvü, 27 elm adamından biri, keçmiş Milli Təhsil Naziri olaraq böyük şəhərlərin həyat standartlarını bir kənara buraxaraq, Türkistan şəhərində yaşamağa üstünlük vermiş və bununla da böyük bir fədakarlıq göstərmişdir. Fikrimcə, Yesəvi soyundan olmasının bu seçimdə rolu olmuşdur və arxasınca müəllimim və böyük qardaşım hesab etdiyim professor Orhan Kavuncunun həyəcanlarla dolu 18 aylıq bir xidmət dövrü gəlir. Mən Türkistan şəhərinə ilk gəldiyim 1997-ci ildə isə bir cüt insanla prorektor, professor Gülçin Çandarlıoğlu və Türkistan bölməsinin rektoru, professor Şərif Akdaşla tanış olmuşdum.
Belə ki, birgə həyəcanlarla şahinlərin yetişdirilməsinə çalışan və bizlər üçün şəhərin məhrumiyyətlərini isti dostluqları ilə unutduraraq burada keçən günlərimizi gözəlləşdirən Ali Akbaş, Özer Rəvanoğlu Ağabəylərimi, Vehbi, Dursun, Saleh, Mehmet, Sevda kimi dostlarımın, Ziya Başkan və İbrahim Karaköy kimi qeyrətli iş yoldaşlarımızın və daha neçə nəfərin bir-bir hekayətlərini anlatmaq bəlkə bu işimin məqsədini aşacaqdır. Lakin ortaq universitet olması səbəbiylə Türkiyədən bura işləməyə gələnlərin ruh halı və davranışlarındakı ortaq cəhətləri öyrənmək daha yerinə düşər. Türkiyədə Yesəvi Universitetinə işləməyə gələnlərin ruh hallarını və bu halından doğan davranışlarını ümumiləşdirərək belə xarakterizə etmək olar. I qrup kitablardan və eşitdiklərindən tanıdıqları Qazaxıstana üzərilərinə böyük missiyalar götürərək gəlirlər. Onların fikrincə “70 il kommunist idarəçiliyində olan və ruslar tərəfindən dilləri və mədəniyyətləri, mənəvi dəyərləri unutdurulan, maddi sərvətləri soyulan bu qardaşlarımızı qurtarmaq milli bir vəzifədir. Onlar gələcəklər və qardaşlarını qurtaracaqlar”. Bu qrup min çətinlik və sıxıntıya qatlanmaq məcburiyyətində qalacaqlarını bildikləri halda Türkistan şəhərinə gəlirlər. Əslində bu gəliş onların düşündüklərinin həyata keçirilməsinin zənn edilən qədər asan olmayacağını başa salır. Sonra gəldikləri zaman görürlər ki, ortada xilas olmağı gözləyən bir xalq yoxdur. “Xilas ediciləri”, min bir çətinliklə onlara çatmış olmasına baxmayaraq, burada insanlar gələnin fərqində belə olmadan öz gündəlik həyatlarına davam edirlər. Bu səbəbdən də onların qarşılanması bura gələnlərin ilk xəyal qırıqlığıdır. Heç kim “Xoş gəldiniz” deyə qarşılarına qaçmayıb boyunlarına sarılıb qucaqlamayıblar. Ancaq hələ ümidləri tükənməyib; xalqla təmasda olduqları zaman xalq onları anlayacaqdır. Onları Türkistanda olduqları birinci və ya ikinci gün şəhəri tanımaqları üçün daha əvvəl bura gələnlər bazara aparırlar. Çoxlu adamların içərisində onların önünə qaçanlar yalnız “dollar alırıq, dollar varmı?” deyə dollar ticarəti edənlər olacaqdır. Xəyallarının yıxıldığı zamandır. Bax, bundan sonra gedərək çoxalan və tez-tez eşidilən “Ah, biz buraya nə ideyalarla gəlmişdik” deyərək başlarına döymək istəyirlər. Bu mərhələdən sonra Qazaxları, Türkistanı, Türkiyəni hər dilinə gələni tənqid etməkdən başqa görüləsi bir şey qalmaz. Bu qrupun bəzilərinin dillərində xilasedicilik, könüllərində yaşıl dollar istiliyi, bu ay nə qədər xərcləri olacaqdır deyə hesab aparanlar da var.
Digər bir qrup isə yenə bu həyəcanları yaşamaqla yanaşı, böyük iddialarla kiçik işlər görərək çata biləcəyini düşünənlərdir. Bir könül qazanmağın bir cahan qazanmaq olduğunu bilərək; ətrafdakılara sakit qonşuluq, dostluq əlaqələri ilə özlərini sevdirən, Qazaxları və Qazax mədəniyyətini sevən və öyrənməkdən zövq alan insanlardır ki, əsl xidməti bunlar göstərirlər.
Qardaş xalqlarımız arasında dostluğun inkişaf etməsinə tarixi köklərimizin yenidən qurulmasına xidmət edən hər kəsi buradan salamlayıram.

  

 (Uyğunlaşdırma: R.SABİR)

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə