dr. Yaqub DƏLİÖMƏROĞLU
 

 Xalq arasında deyilir ki, hər iki Qazaxdan biri mütləq bir musiqi aləti çalmağı bacarır. Biz bu iddianı yumşaldaraq deyirik ki, Türkistan şəhərində hər ailədə mütləq bir nəfər musiqi aləti çalır və bu çalınan alət dombradır.


 “Qazaxı soruşsan, dombıranın qolundadır”. Bu yəqin ki, xalqla onun musiqisi arasındakı əlaqəni ifadə edən ən gözəl sözdür... Dombıra, iki telli musiqi aləti və bəlkə də Anadolu sazının atasıdır. Anadolu sazının da üç telli olduğu illər uzaqda deyildir. Sazda tel sayının çoxalması 80-100 illik məsələdir. Bəlkə daha əvvəl, o da dombıra kimi yalnız iki telli idi.
 Ailə məclislərində, qonaqlar çox olanda şirin söhbətlər zamanı söz dombıraya verilir. Sevgi, həsrət dolu, insanın yaşantılarını anladan türkülər səslənir. Dombıranın iki teli üzərinə vuran barmaqlar və qısa sapının üzərində gəzən əllər elə bir səs gözəlliyi yaradır ki, insan bilmir bu cür əllərə, yoxsa dombıranın özünə çaşıb qalsın? Dombıra çalan adamın sazın köksündə gəzişən sağ əlin barmaqları başqa, qol üzərində gəzişən sol əlin barmaqları isə başqa ahənglə insan qulağına xoş gələcək səslərin yerlərini tapır.
Küylər isə başqa aləmdir. Rəsmin sehri nə isə, Qazax musiqisinin sehri da küylərdir. Küy sözün, dilin köməyinə müraciət etmədən, yalnız əlin, telin və sazın köməyi ilə duyğuları anlatmaqdır. Sehrli musiqi olan küylərin dombıraları da, sənətçiləri də ayrıdır və ümumiyyətlə, küy çalan kişilər “en” söyləməyə çox maraqlı deyildir. Onların küylərini dinləyib ardından en çalmaları üçün israr edənlərin xətrinə dəyməzlər, ancaq bu istəkdə olanların musiqi duyumu səviyyələrinə ağız büzərlər.
 Küy, dombıra ilə də çalınır, ancaq əsil klassik yerini qıl qopuzla icra edildiyi zaman tapır. Onsuz da, xalq arasında danışılanlara görə, küyün atası da, qıl qopuzun ustası da Qorqud Atadır. Rəvayətlərə görə, Dədə Qorquda, qıl qopuzun necə ediləcəyini röyasında göstərmişlər. Yuxuda öyrədilmək və röyada vəzifələndirilmənin necə bir müqəddəs tərəfi varsa, qıl qopuzun səsində də sanki o müqəddəslik vardır. At tükündən hazırlanan bu yaylı çalğı aləti inləməyə başladığı zaman təbiət bir araya toplanmış, qıl qopuzun qarnından səslənirmiş kimi bir başqa aləm yaranır. Bəzən ondakı atların kişnəməsidir, bəzən maral buynuzdan üflənən bir döyüş xəbəri, ya uşaqların səsi və ya şux qadının qəhqəhəsidir... Bu təsirindəndirmi, yoxsa səsindəki vəlvələdəndirmi bilinmir, qıl qopuz Qazaxlar arasında hər zaman böyük bir hörmətlə ələ götürülür və dinlənilir.
 Qorqud Atanın qıl qopuzla bağlı röyası özüylə qalmır, nəsillər boyu davam edir. Bu gün də bu röyanın sahibləri vardır və yaşamaqdadır. Xalq arasında jıravşı adlanan kişilər qıl qopuzla Dədə Qorqud hekayətlərini danışırlar. Bu gün də Türkistana gətirmək və bir konsert verdirmək üçün çox cəhd etməyimizə baxmayaraq, heç cür nail olmadığımız, Nukusta yaşayan qoca jıravşı, bu işi yerinə yetirənlərin yaşayan son təmsilçilərindən biridir. Söyləninlərə görə, jırvaşı otuz yaşlarında ikən Dədə Qorqudu yuxusunda görür və onun vəzifələndirilməsi ilə ertəsi gün Qorqud Atanın hekayələrini qıl qopuz müşayiət etməyə başlayır. Mülakatı yapan soruşur: “Bəs sizdən sonra?”. Özündən arxayın “Narahat olmayın, mənim kimi birisi və ya biriləri gördükləri yuxu ilə bu işi davam etdirər” deyir.
 Mədəniyyət necə bir şeydir, bunu dərk etmək çətindir. Kuantum elektronu kimi, nə zaman var, nə qədər var, müəyyənləşdirmək çox çətindir, ancaq o hər hansı şəkildə hər zaman vardır. Jıravşılar kimi Qazax musiqisinin Cənubi Qazaxıstanda hələ dipdiri yaşayan bir növü, “termələr” də tarixin dərinliklərindən süzülüb gəlir.
 Tarixçilər deyirlər ki, Türk musiqisi əvvəl Şamanların xalqa təlqin və ayinlərindən kökünü aldı. Din adamları xalqa nəsihətlərini musiqi vasitəsiylə etdilər. Bu metodun bu gün hələ də yaşayan forması termələrdir. Onlar sözləriylə, xalqa öyüdlər verib, doğru yolu göstərməyə çalışan, bəlkə bir az da maarifləndirmək uğrunda estetiki bir kənara buraxmayan əsərlərdir. Deyəsən Qazax termələrinin və termə mədəniyyətinin Anadoluda yaşayan növü də deyişmədir. Termə və deyişmə arasındakı bənzərlik yalnız maarifləndirmə və sazın telinə ilk  toxunulduğu ən qədim günlərimizdən bu günlərə gəlmələrindən başqa bəzən duyğu və düşüncə olaraq çox olmaqdadır.
 Anadoluda Qul Hikmət bir deyişmədə “Qafil gəzmə çaşqın, bir gün ölərsən, Bülbül kimi dilin olsa nə fayda” deyərkən Qazax terməci də Orta Asiyada “qara torpağa girdikdən sonra, bülbül kimi dildən nə fayda” deyə səslənir.
 Qazax musiqisi deyildiyində, əlbəttə bu coğrafiyada ilk yada düşən aşıqlardır. Qazax dilində aşıqlara “Tökmə Akın” deyilir. Digər şairlərə isə “Jazma Akın” (Yazma Akın) deyilir. Qazax xalqı şifahi şeir deyən şairləri yazılı şairlərdən üstün tutur. Səbəbi isə çox aydındır: bədahətən deyən aşıqlar çox az düşünərək şeirlərini deyirlər, yazılı şairlər isə bəlkə aylarla, bəlkə də illərlə düşünmək imkanına malik olurlar. Bu şərtlər altında xalq haqlıdır.
 Aşıqların hünərlərini göstərdikləri, alışdıqları yarışmalar yəni, “aytıslar” xalqın ən çox marağını çəkən mədəniyyət tədbirləridir. Hər il regionlar üzrə və ölkə miqyasında təşkil olunan yüzlərlə aytıslara olan marağın yeganə səbəbi xalqın aşıq sazına və sözünə olan marağıdır. Ayrıca hər “akın”nın bir də tərəfdar qrupu vardır. Bu tərəfdarlar ilk olaraq aşığın qohum-əqrəbası və yerliləridir. Aşığın aytısda qalib gəlməsi eyni zamanda  onu tanıyanlar arasında böyük bir şərəfdir. Bu səbəbdən aşıqlar deyişərkən öz nəsillərini tərifləyib başqalarına sataşarlar.
 Türkistanın qürur qaynağı olan aşıq isə, dəyərli dostumuz və qardaşımız Bekarıs Joybekovdur. Qazaxıstan miqyasında keçirilən aşıq yarışmalarında 5 il ardıcıl olaraq 1-ci olmuş və Türkistanlı həmyerlilərinə qürur yaşatmışdır. Gənc yaşına baxmayaraq, çox şəxsiyyətli, təvazökar, Qazax mədəniyyətini dərindən bilən Bekarıs Joybekov Türkistanlıların könlündə taxt qurmuşdur.

 (Uyğunlaşdırma: R.SABİR)

 

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə