Dr. Yaqub DƏLİÖMƏROĞLU

 

 ...Göy üzünün dünyanın hər yerində eyni göründüyünü zənn etməyin yanlış olduğunu bu şəhərdə anlayacaqdım. Türkistanda gündüzlər geniş üfüqlərin arxasında qeyb olan göy üzü, gecələr ayrı bir sehrlə üstümdə durur. Elmi cəhətdən necə izah edilir, bilmirəm, ancaq dünyanın bu yerində, sanki göydə daha çox sayda ulduz vardır və parlaqlıqları başqa yerlərdən daha güclüdür.


 Bu qənaətimi başqalarından da soruşaraq yoxlayıram. Bəli, hamı eyni qənaətdədir: burada göy üzü başqa cür görünür. May ayının gəlməsi ilə birlikdə buludların yoxa çıxdığı gecələr ayrı bir ilham qaynağıdır. Hələ yaz gecələri, onu gözləyənlərə doyulmaz vaxtlar bəxş edər. Gündüzün yandırıcı istisindən  sərinləyən səhra bir-birinə qarışan işıldaquş və çəyirtkə səslərinin arasında səhərə qədər davam edəcək bir tamaşaya hazırlanır. Göy üzündə hər yana şəfəqlər saçar kimi parlayan ulduzlar bütün səhranı kristal bir çilçırağın altında saxlayır. Bu bənzərsiz görüntüləri seyr etdikcə, bəlkə də tarixdə astrologiya elminin Orta Asiyada bu qədər inkişaf etməsinin səbəbi göy üzünün bu dərəcədə cəzbedici olmasındandır deyə düşünürsən. Və ya bəyaz gecələrin yazarı Dostoyevski əgər Türkistan gecələrini görmüş olsaydı, “Bəyaz Gecələr”in yanında bir də “Brilyant gecələr yazmazdımı?
 Çoban ulduzu, qütb ulduzu, karvanqıran... İllər əvvəl öyrəndiyimiz ulduz adlarını və onların yerini təkrar kəşfə çıxırıq və bəzilərinin qazaxca adlarını öyrənirik: şolpan, dəmirkazık, eşşəkqıran bayaq saydığımız ulduzların qazaxca isimləridir. Göy üzünün ən parlaq, hər zaman sabit şəkildə yerində dayanan ulduzuna “dəmirkazık” deyirlər. Dəmir qarmaq kimi göydəki yerini dəyişdirmədiyi üçün belə adlanır. Ancaq hər ulduz onun qədər bir yerdə dayanmaqda qərarlı deyildir, onun təbiətini tam bilməsəniz karvanınız gedə bilər. Bu səbəbdən Yupiterə, Anadoluda Karvanqıran, Qazaxıstanda “eşşəkqıran” ulduzu deyiblər. Adında bir az fərqlilik olsa da, hekayətləri eynidir. Karvanqıran ulduz dan ağarmadan bir müddət əvvəl görünüb qeyb olması xüsusiyyəti ilə tanınır. Bu səbəbdən keçmiş dövrlərdə karvançılar, sabaha vaxtında hazırlaşmaq istəyənlər bu ulduzu təqib edərmişlər. Gediləcək yolları uzun olan karvançılar gecələr bir növbətçi qoyaraq bu ulduzun doğulmasını gözləyər və onu görüncə qalxıb yol hazırlığa başlayarlarmış. Dan yeri sökülüncə yola çıxarlarmış. Bir dəfə bir karvan növbətçi qoyub istirahətə çəkilmişdir. Karvan başçısı növbətçiyə tapşırmışdır: “Ulduz doğunca bizləri oyandır!” Talehsiz növbətçi özü də yatıb yuxuya qalmışdır. Oyandığı zaman gözləri qarşısında bir ulduzun par-par yandığını görür. O həmin dəqiqə karvançıları oyandırmış, hazırlaşıb yola çıxmışlar. Lakin səhər heç cür açılmırmış. Ağır yüklərin altında tərləyən heyvanlar gecənin soyuğunda bir-bir ölməyə başlamışlar. Sən demə növbətçi yatıb yuxuya qalmanın təlaşı işində Zöhrə ulduzunu Karvanqıran zənn etmiş, ikisi də göy üzündə bir-birlərinə yaxın yerlərdə dayanan bu ulduzları qarışdırmışdır. Əfsanələrə görə bu səbəbdən ulduzun adı Karvanqıran və ya qazaxcası Eşşəkqıran qalmışdır. Anadoluda bu ulduz türkülərin mövzusu olmuşdur. Aşıq Veysəlin belə bir şeri var: “Evlər yıxan, bellər bükən, (Karvanqıran) doğmayaydın sarı ulduz, mavi ulduz, ulduz, ulduz hey”. Bax o ulduz Karvanqırandır.
 Ulduzları idarə edirmiş kimi, onları yoxlayırmış kimi, hər gecə göy üzünü bir başından başına dolaşan ay da, bu diyarda ayrı bir gözəlliyə sahibdir. Hələ ayın 14-ü olduğu zaman əməlli-başlı böyüyüb, sanki yeni ölçülərinə arxayın kimi hələ günəş qeyb olmadan onunla göy üzündə hakimiyyət iddiasına girmiş şəkildə erkəndən doğuşu hər səfərində insana ayrı bir həyəcan verir.
 Bu coğrafiyada ay və ulduzun hərəkətlərindən hesablanan bir təqvim haqqında da məlumat alacaqdıq. Dövlətimizin bayrağı və bütün Türk Dünyasını təmsil edəcək qədər geniş yayılan ay-ulduz şəklinin, mədəniyyətimiz içində bir təqvim hesabında qarşıma çıxması doğrusu, məni çox həyəcanlandırmışdı. Bəli, Türk bayrağının gözəl elementləri, ay-ulduz yalnız Türkiyə üçün deyil, Azərbaycan, Özbəkistan, Türkmənistan kimi dövlətlərin ya bayrağında, ya da dövlət gerblərində yer alır. Dövlət orqanlarının emblemlərində yer almaqdan başqa, ay-ulduza bütün Türk Dünyasında qadınlarımızın zinət əşyalarında, qəbirlərin məzar daşlarında rast gəlmək olur. Bu isə burada yatanın Türk və  müsəlman olduğunu bildirir. Ay və ulduz, bu möhtəşəm ikilikdən  bir də təqvim hesabı aparıldığı mənim üçün qəribədir. Günəş təqvimi və ay təqvimlərini bilir və istifadə edirdik, lakin ay-ulduz təqvimi  mənim üçün tamamilə fərqliydi. Qazax yaşlılarının hələ də istifadə etdikləri bu hesablama ay və ülkər ulduzunun qarşılaşdıqları vaxtlardan çıxaraq hesablanırdı. Təqvim haqqında nə isə öyrəndikcə həyəcanım daha da artırdı.
 Ay və ülkər ulduzunun hər qarşılaşmaları bir aya müvafiq gəlirdi və ay-ulduz ayları 27-32 günlük dəyişən müddətlərdən yaranırdı. Ay-ulduz təqvimində bu müddətə “tokıs” yəni “dokkuz” deyirdilər. Bu dönəmlərin adı da ayın neçənci günündə ölkələrlə qarşılaşdığına görə adlandırılırdı. Məsələn, göy üzündə ay 5 günlük ikən, Ülkərlə qarşılaşarsa, o ayın adı “bestokız” (beşdoqquz), 13 günlük qarşılaşarsa “onuştokız ayı”, iyirmi beş günlük qarşılaşarsa “jirmi bes dokız ayı” olaraq adlandırılır. Ülkər ulduzunun görünmədiyi ayın 40 günlük müddət ilə də bir hesab formalaşdıran köçəri Qazax və bəlkə də köçərilik dönəmindəki bütün Türk xalqları, bu gün istifadə etdiyimiz günəş təqvimi ilə uyğun bir təqvim yaratmışdır. Ay təqviminin ərəblərdə, günəş təqviminin qərbdə yarandığını bilirik. Ay-ulduz təqvimi isə Türk təqvimi olmalıdır.
 İlin adlarını 12 aya bölüb, adına doqquz deyən köçəri xalq mövsümləri də “doksan” olaraq adlandırmışdır. “Jaz toksan, Jeltoksan kıs toksan və jıl toksan”. “Jaz toksan”, yaz; “jel toksan” sonbahar, “kıs toksan”, qış və “jıl toksan” ilk baharı əvəzləmişdir. Bu doxsan günlük mövsüm mənim uşaqlığıma dair xatirələrimi canlandırırdı: uşaqlığımı keçirdiyim kənd həyatı içərisində biz də qışı qar və soyuqdan bezir və baharın gəlişini səbirsizliklə gözləyərdik. Atam günəş təqviminin qış hesabına çox etibar etməz və evimizin divarında asılı yarpaqlı Maarif Təqvimindən hər yarpağın altında kiçik hərflərlə yazılmış “Noyabr” ayına baxırdı. Bu noyabr ayı günəş təqvimindəki noyabr ayından fərqli idi və yüz səksən gün davam edirdi və ilk doxsanı qışdı. Doxsan günlük  noyabr bitdiyi zaman isə bahar gəlirdi. Uşaqlığıma aid bu xatirələr yadıma düşür və atamın doxsan günlük noyabr doxsanları ilə Qazax toksanlarının bir əlaqəsi vardırmı görən, deyə düşünürəm.
 Bu ərazidə günəş hər yaz səhəri yenidən iqtidarını elan edir. Hələ iyul ayının girməsiylə birlikdə başlayan və qırx gün davam edən “şildə günləri”. Bax, o zaman onun gücü əfsanələşir: kiminə görə istilik kölgədə 45 dərəcədir, kiminə görə açıqda 55. Günəşin istisiylə qarışan zehinlər rəvayətləri də artırdıqca artırırlar. “Filan yerdə bu gün, günəşin istisiylə yumurta bişiriblər”. Bu günlərin yeganə əfsanəsi və ortaq mövzusu artıq günəşdir.
 Bu əfsanələrə qarşısına gələn hər şeyi vurub-yıxan sərt küləkləri və qışda qovuran soyuqları da əlavə etmək lazımdır.       
 Türkistanlıdan soruşmuşlar, Türküstanda ildə neçə dəfə külək əsir? “İki” demişdir. “Necə ola bilər?” soruşmuşlar. Necə olacaq: altı ay şərqdən qərbə, altı ay da qərbdən şərqə əsən iki külək. Bu dərəcə də olmasa da, xalq arasında danışılan bu lətifə bir həqiqəti dilə gətirir: Bu bölgədə külək heç əskik  olmur. Ancaq o küləklər səhranın tozunu, qumunu sovuran fırtınalar şəklində əsdikləri zaman əfsanələşirlər. Yozumlar başlanır: bu gecə yenə ruslar Baykonurdan raket atdılar  və ya Ural quruduqca bizləri də qurudacaqdır.
 Bu söylənənlər doğrusu, həqiqətə çox da uyğun deyildir. Türkistandan 350 km uzaqlıqda yerləşən Baykonur kosmos bazasından hər raket atıldığı zaman bölgədə müdhiş bir fırtına əsir. Əgər təsadüfən, raketin atılmasına rastlasanız, göy üzündə çox sehrli bir mənzərə seyr etmək imkanı da əldə etmiş olursunuz. Kim bilir nə qədər radiasiya və necə qazlar buraxaraq göy üzünə yüksələn kosmik gəmilər böyük bir quyruqlu ulduz keçirmiş kimi arxalarında bir bəyazlıq buraxaraq dünyamızdan ayrılırlar. Bax, bu mənzərəni seyr edənlər ertəsi gün əsəcək müdhiş küləklərə də hazır olmağa başlayırlar. Hələ may ayında tarlalarda yetişməkdə olan məhsulu olanlar və ya sentyabrda yığımı gözləyən pambıq yetişdirənlər, bax o biçarələr üçün bu mənzərə  bir fəlakət xəbərçisidir. Çünki ertəsi gün raketin əmələ gətirəcəyi külək məhsulların zərər görməsinə səbəb olacaqdır. “Ah, vicdansız adamlar” deyə söylənərək çəkilən ahlar, raketlə birlikdə nifrətləri də göyə yüksəldir.
 Ural dənizinin quruması da bu fırtınaların sayını artırmışdır. Pozulan təbii tarazlıq ilə artan fırtınalar, Uralın qəzəbi kimi Orta Asiyanın səhrasında əsib dayanır. Bu fırtınalar həqiqətən də qəzəbdir. Quruyan Ural dabanından yükləndiyi qumu, kilometrlərlə səhraya saçaraq məhsuldar tarlaları səhraya çevirir. Şirin sulara duz daşınır. İçilən sular içilməz olur, suyu zəhər edirlər.
 Unuda bilmədiklərimdən biri də qışda, bəzi günlərdəki soyuqlardır. Davamlı olmasa da, bu soyuqlara tutulduğun bir gecə onları unudulmaz edir. Yenə belə bir soyuq Türkistan gecəsində bir kilometr olmayan məsafəni yerimək məcburiyyətində qalmışdıq. Fərqinə almadan getdiyimiz yol bitməz olmuşdu. Dondurucu soyuğun iztirabını zarafatların istiliyi ilə bir az da olsa unutmaq üçün bərabər yeridiyimiz Qazax qardaşım Bahıtcan Muhammedova sataşdım: “Mənim atalarım, səninkilərdən ağıllı imiş!” dedim. Soyuqdan titrəyən dişlərinin arasından “Niyə?” deyə soruşdu. “Niyəsi varmı? Bu qədər soyuq ölkədə yaşamaq olarmı? Onlar da çıxıb gediblər Anadoluya” mən bir yandan gülüb, bir yandan addımlarımı daha da şıxlaşdıraraq yeriyərkən, ağıllı Qazax cavab vermək üçün gecikmədi: “Ataların haqqında söylədiyində haqlı ola bilərsən, bəs sən niyə geri döndün?” Bəli, deyəcək söz yoxdu. Ova gedərkən ovlanmışdım. Birlikdə soyuqda donub qalan qəhqəhələr çəkərək ən yaxın isti məkana sığındıq.

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə