Dr. Yaqub DƏLİÖMƏROĞLU 

 Böyük ordular atlar üzərində üz-üzə gəldikləri zaman döyüş meydanlarında necə bir mənzərə yarandığına maraq göstərənlər mütləq “kökpar” oyununu seyr etməyə getməlidirlər.

Hekayə yazarları, roman yazanlar, film çəkənlər keçmiş meydan döyüşlərini xatırladan bu oyunu seyr etdikləri zaman yaranan təsvir daha çox həqiqətə yaxın olacaqdır. Bəlkə də kökpar bu meydan döyüşlərinin idman formasına keçirilmiş şəkli və ya əsgərlərin əlində qılıncları olmadan çıxdıqları bir meydan qarşılaşması olaraq dəyərləndirilsə, şişirdilmiş olmaz.
Bəli, kökpar həm atların, həm də onları sürənlərin təlim gördüyü bir döyüş məşqidir ki, kökpar oynanan meydanın görüntüsü gerçəyindən geri qalmır. İki komandanın bir-birinə doğru hərəkətə gəlib oyunçulardan birinin ortadakı oğlağı götürməsi ilə birlikdə meydan canlanır. Onlarca atın ayaqlarını yerdən qaldırdığı toz duman içərisində atların bir-birilərinin üzərinə şığıması, iri gövdəli atların sinələri ilə sanki düyün düşmüş kimi bir-birinə qarışan sıxlığı yarıb keçməsi, o toz-duman arasında oğlağı rəqib oyunçudan qapıb bir həmləylə qələbəliyin içindən çıxıb dördnala çapan oyunçunun dayandırılması üçün edilən həmlələr kökparda həyəcanın ən yüksək nöqtəyə çatdığı anlardır.
Kökpar meydanında atın özü də, onu sürənin də dözümlülüyü və qabiliyyəti imtahandan keçir. Bu meydanda at üstündə qala bilən hər bir şərt altında ata minməyi bacarır. Qazaxların kökpar dediyi, Orta Asiyanın bəzi yerlərində oğlaq oyunu, “kökbüri” və ya “buzkaşi” deyilən bu oyun əsrlərdir olduğu kimi, bu gün də Türkistanlıların ən əsas əyləncələrindən biridir. Baharın gəlməsiylə birlikdə Şavuldur yolundakı ərazi və ya Kentav tərəfindəki geniş düzənliklər kökpar oynanan atlılarla dolmağa başlayır.
 Sağlam bir bədən, iti gözü olan və yaxşı minicilik tələb edən kökparda hər kəs iştirak edə bilməz. Bu səbəbdən də Türkistandakı kökparçıların hamısı bir birilərini tanıyırlar. Hətta Cənubi Qazaxıstandakı kökparçılar bir-birlərinin qabiliyyətlərini, zəif  və üstün cəhətlərini yaxşı bilirlər. Onu da qeyd edim ki, bəzi məşhur kökparçıların adları və hünərləri bütün Qazaxıstanda məşhurdur və hətta onları qonşu Qırğızıstan və Özbəkistanda da tanıyırlar.
Böyük mükafatlarla təşkil olunan kökpar oyunlarına qonşu xalqlardan da kökparçılar dəvət olunurlar. Bu kökpar oyununda hər cinsdən olan atları bir yerdə görmək mümkündür. Zərif əndamı ərəb atları, uzun boyunları ilə dünyaya bir az təpədən baxan Akhaltəkə atları, əsil ingilislər və ya iri  gövdəli Kökçetav atları və müxtəlif mələzlər kökpar meydanında şücaətlərini göstərirlər.
Kökpar başlayarkən dualarla kəsilən oğlaq sahənin ortasına buraxılır. Komandalar hakimin əmri ilə oğlağı qapmaya çalışır. Oğlağı alan qrup öz yoldaşlarını qoruyaraq, əvvəldən müəyyən olunmuş  bir sərhədi keçməyə çalışır.  Böyük bir qarışıqlıqda cərəyan edən oyunda atların və oyunçuların qabiliyyətlərinə görə vəzifələri vardır. Məsələn, iri gövdəli atlar  sinələri ilə vuraraq oğlağı qapdırmamaq üçün bir araya toplanmış qarşı qrupu yararaq aralarına girmək üçün yol açırlar. At üzərində daha yaxşı hərəkət edə bilən güclü atsürənlər onun qrupun arasına girərək oğlağı qapmaya çalışırlar.
Kökparın bu geniş yayılan etibarını bilməyən avropalı atçılar yaxşı bir kökpar atına iyirmi, otuz min dollar qiymət qoyulduğunu da heç cür anlaya bilməzlər.
Dünyada məşhur olan oğlaq oyununun başqa bir şəkli də Anadoluda oynanılır. Muhittin Aralın nəql etdiyinə görə Samsun və Bafra ətrafında post yarışları yörənin ən maraq çəkən əyləncələrindəndir. Anadoluda post yarışlarının məlum olan digər adı isə post qovğasıdır. Hələ dilimizdə yaşayan “post qovğası” deyimi qaynağını yəqin ki, bu yarışlardan alıb. Post yarışlarında qələbə çalmaq Orta Asiyadakı oğlaq oyununda olduğu kimi böyük şan və şərəf idi. Keçən əsrin 70-ci illərində yörə dəliqanlıları post yarışlarını səbirsizliklə gözləyərdilər.
 

 ***
 “Türk ata minən kimi bütün qayğılarını, əndişələrini unudur, qorxusu gedir, könlü coşur. Dördnala gedən atın üzərindən dünyaya, cahanın hakimi ədasıyla baxır. Atdan endikdən sonra darıxmağa başlayır”, bu ifadələr Qazaxıstanın ən məşhur elm adamlarından olan türkoloq professor Rəhmankul Berdibaya aiddir. “Ata minəndə Allahı, atdan enəndə atı unutma!” deyən atalar sözündə də eyni ruh halı anladılır. Bu ruh halını ifadə edən bir deyimi də anamdan eşidərdim “Türk ata minəndə özünü bəy sanır”.
Bu sözlərin həyatda necə öz əksini tapdığını bir Qazaxın at üzərindəki duruşuna baxaraq görmək mümkündür. Piyada yeriyərkən çiyinləri düşmüş, başı bir az öndə olan Qazax atın üzərində başı dik, dünyaya meydan oxuyurmuş kimi baxmağa başlayır. Çünki o atla birlikdə böyüyür. Onun ata ilk minməyi təntənə ilə qeyd olunur. Yeddi yaşı olan uşaqlar dostunu-tanışını dəvət edərək, qoyun kəsib süfrələr quraraq “at mindirmə toyu” təşkil edirlər. Ata minmək hələ də atalar üçün  mühüm məsələlərdən biri sayılır. Ata mindirmə toyundan sonra at və Qazax bir-birilərinin ən yaxın dostu və yoldaşı olurlar. “At igidin qanadıdır” bir Qazax atalar sözündə belə deyilir. Atlı igid üçün uzaqlar yaxındır, çünki o qanadlıdır.
Yeddi yaşında yəhərə oturan Qazax, 8-10 yaşlarına çatanda artıq yaxşı at minicisidir və xalq arasında çox məşhur olan “beygə” yarışlarının miniciləri bu gənc süvarilərdən seçilir.
Beygə yarışları da, kökpar kimi və hətta ondan daha çox xalq arasında maraq doğuran yarışlardandır. Beygədə ata daha az yük qoyulması üçün çəkiləri az olan gənc minicilərə üstünlük verilir. Beygə toylara, düyünlərə rəng qatan yarışlardır. Bu gün dünyada təşkil olunan ən ağır şərtlərə malik dözümlülük yarışları beygələrdir desəm yanılmaram. Yalnız atın deyil, onu minənin də müqaviməti vacibdir. Bu ağır şərtlərə malik beygələr bir yaşındakı atlar arasında “tay beygəsi”, iki yaşındakı atlar arasında “qulum beygesi” olaraq təşkil olunur. Lakin əsl iddialı beygələr daha böyük yaşdakı atlar arasında, adətən bir liqa üsulu kimi şəhər, bölgə və ölkə üzrə keçirilir. 30, 40, hətta 50 km məsafənin qət olunduğu bu yarışlar olduqca iddialı keçir və mükafatları da çox yüksəkdir. Məsələn, Türkistan kimi şəhər bölgəsində birinci yerə çıxana avtomobil verilərkən, ölkə miqyasında olan yarışlarda mükafat yeni model ciplərdir. Bir Türkistan beygəsində birinci yerə çıxan uşağın qazandığı maşından çox, ona verilən maşının açarı ilə maraqlanması  diqqətimi cəlb etdi.
Qazaxlar arasında geniş yayılan və at üzərində oynanılan “avdarıspak” oyunu da böyük qoçaqlıq tələb edir. Oyunçular atları ilə bir-birilərinə yaxınlaşaraq rəqiblərini at üzərindən düşürməyə çalışırlar.
Toylarda, şənliklərdə gənclərin qatıldıqları “tengə aluv” oyununda isə minici at üzərində ikən yerdəki metal pulları toplamağa çalışır.
Qazax şənliklərinin zövqlü yarışlarından biri də “kız kour” yəni “qız qovalamaq” oyunudur. Gənc qızlar və oğlanlar arasında təşkil olunan bu oyunda əvvəlcə müəyyən bir məsafə təyin edilir. Buraya bir hakim qoyulur. Qızlar gənc oğlanlardan 10 metrə qədər irəli çıxırlar. Yarışda hakimə qədər olan məsafədə qızın altındakı dəsmalı almaq lazımdır. Dəsmalı almayan yarışı uduzur.
At yarışı deyilərkən, rahvan at yarışlarını da yaddan çıxarmamaq lazımdır. Qazaxların “jorqa jarıs” dedikləri və Anadoluda da təşkil olunan rahvan at yarışları xüsusi yeriməyə öyrədilmiş atlarla təşkil olunur. Anadoluda olduğu kimi, Qazaxıstanda da rahvan atlara xüsusi ehtiram göstərirlər. Çünki bu rahvan atlar minicisini heç yormadan gəzdirir. Qazax onun üzərində kresloda oturmuş kimi rahatdır.
Atla iç-içə yaşayan Qazaxların dilində atla bağlı sözlər hər halda ayrı bir lüğət olacaq qədər çoxdur. Atın yaşı ilə bağlı çoxlu sözlər var. Məsələn, yeni doğulan ata Qazaxlar “kulun” (qulun) deyirlər. Qulun 1 yaşı olunca tay lur. Dişi taylara “batyal” deyilir. İki yaşında “kunan”, üç yaşında “dönən” və dörd yaşında “betsi” olur. Atların rəngləri, xasiyyətləri, davranışları ilə bağlı sözlər bir yerə yığılsa, böyük bir lüğət alınar.

                                                        AT ƏTİ VƏ QISRAQ SÜDÜ
Bugünkü ev atının atası olan, Tarpan və Prezevalski atlarının olduqları coğrafiyalar Türklərin yaşadıqları ərazilərdir. Atı əhliləşdirərək dünya mədəniyyətinə qazandıran Türklərdir. Atın ilk əhliləşdirildiyi zaman ətindən və südündən yararlanmaq məqsədi güdüldüyü zənn edilir. Daha sonra onun ilk dəfə nəqliyyat kimi və döyüş vasitəsi olaraq istifadə olunması Türklər tərəfindən həyata keçirilmişdir.
Türkistanda at idman, iş-güc, ət və südündən istifadə məqsədilə saxlanılır. Orta Asiya səhralarında gedərkən bu məqsədlə yetişdirilən “yılkılara” tez-tez rast gəlmək olur.
At südündən hazırlanan, tarixi Türk içkisi - qımız, digər Qıpçaq Türklərinin yaşadığı bölgələrdə olduğu kimi, Türkistanda da sevilən içkilərdən biridir. Qısraq südünün mayalanması ilə əldə edilən qımız bu gün də, Qazax, Qırğız, Tatar, Özbək, Türkmənlərin istifadə etdikləri kimi, Türkistan şəhərində də geniş şəkildə hazırlanır.
Baharda dünyaya gələn kiçik taylarla birlikdə qımız mövsümü da açılmış olur. Hər evdə ilin ilk qımızını içmək bir bayrama dönür. Qısrağın ilk südü qatı olur və daha yağlı olan ağız südüdür. Bu ağız südündən hazırlanan qımıza da “üz qımız” deyirlər və üz qımızın içilməsi üçün yaxın qohumlar, dostlar dəvət olunurlar.
Qazaxıstanda həqiqi qımız at dərisindən hazırlanan və içi məlikə ağacının dumanıyla hisə verilmiş və adına “saba” deyilən tuluqlarda hazırlanır. Saba olmadığı zaman ağac yayıqlar istifadə olunur və yenə məlikə ağacının dumanıyla hisə verilməsi lazımdır.
Qurudulmuş və adına “kor” deyilən qımız mayası sobanın dibinə qoyulur və tuluq qısraq südüylə doldurulur. İlıq  bir yerdə yarım saat qədər saxlanılır. Yumurta böyüklüyündə kor əridiyində qımız hazır olur. Artıq südün dadı turşumuşdur və qımız hazırdır. Qazax qımızın mayalanmasına “asıtmaq” deyir, yəni südü acılaşdırmaq.
Mayanın əriməsiylə birlikdə artıq süd olmaqdan çıxmış  qımıza “yuvaş” və ya “saumal” qımız deyirlər ki, mayanın az olması səbəbindən bundakı alkoqol faizi haradasa sıfıra yaxındır. Kiçik uşaqlara və ya yaşlılara içirirlər. Sinir xəstəliklərinin müalicəsində də bu qımızdan istifadə olunur. Qımızın saxlanılması zamanı içindəki maya da irəliləyir və alkoqol faizi bir qədər artır. Ancaq maya nə qədər çox olursa olsun, alkoqolun faizi 1-1,5-i keçmir. Bu acılıq nəticəsində qımızın dadı turş ayranın dadına dönür və içilməsi sərtləşir.
Qımızın bir digər növü də “sarı qımız”dır. Sarı qımız yayın ortasında, səhranın otları yaxşıca saraldığı zaman sağılan südlərdən hazırlanır. Qımızın qidalılıq gücünü daha da artırmaq və dadını, rayihəsini bir az dəyişdirmək üçün içinə bir az bal qataraq içməyi sevənlər də vardır. Bu qımıza  “bal qımız” deyirlər.
Bunların xaricində adlarını eşidib də, heç dadmadığımız qımızlar da vardır. Məsələn, bol maye ilə hazırlanıb uzun müddət gözlənilən “tünemel” qımız 3 gün, yəni 72 saat boyu mayalanan “kunan” qımız, dörd gün gözlənilən “dönən qımız”, beş günlük “betsi qımız”, daha çox gözlənilənlərə “asau qımız” deyilir ki, bu qımızlar acılığından asılı olaraq ət və digər başqa şeylərlə yanaşı yeyilir.
Baharda qımız mövsümü dualarla açıldığı kimi, payızda dualarla bağlanılır. Payızda südləri azalan qısraqlardan sağılan südlər bir neçə gün saxlanılaraq sirkə qımız hazırlanır. Sirkə qımızı içmək üçün el-oba dəvət olunur, süfrələr qurulur. Süfrədə içilən bu qımızlar ilin son qımızları olur.
 Qımızın ən qiymətli olduğu mövsüm heç şübhəsiz qış aylarıdır. Qısraqların süddən kəsildiyi bu aylarda Qazaxın köməyinə qısır qısraqlar gəlir. Qışda qısraqların südündən hazırlanan bu qımıza da “qısır qımız” adı verilir. Xəstələr, canı qımız istəyən hamilə gəlinlər və çox hörmətli qonaqlar üçün bu qımızdan istifadə olunur.
Qımızın insan sağlamlığına çox faydalı olduğuna dair elmi fikirlər mövcuddur. Bu xüsusiyyətinə görə sinir sistemi, nəfəs yolu xəstəlikləri olan Qazaxlar yayda yaylaqlara çıxaraq, burada 15-20 gün yalnız qımız və qatıqdan hazırlanan diyetdən istifadə edirlər.
Atın südü kimi, əti də bu ərazilərdə sevilən yeməklərdəndir. Orta Asiyada hörmətli qonaqlara verilən “beşbarmaq” yeməyi qoyun əti ilə olduğu kimi, at əti ilə də hazırlanır. Yenə bölgənin ən məşhur qidalarından olan “kazı” yalnız at ətindən hazırlanır. Kazı hazırlanarkən atın qabırğa ətindən istifadə olunur. Atın qalın bağırsağı təmizlənir və ətlə doldurulur. Qabırğa ətləri bağırsağa doldurulmazdan əvvəl istiot, sarımsaq, duz və zövqə görə digər ədviyyatlarla doldurulur. Sucuq şəklini alan kazı həmin dəqiqə bişirilmir. Hazırlanan ədviyyatların ətə hopması üçün bir müddət gözlənilir. Mükəmməl bir ləzzət dadan ətlər səhər yeməyi daxil, hər zaman yeyilə bilər.

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə