Dr. Y. DƏLİÖMƏROĞLU

                                         ("Türkistan. Yesəvinin yurdu Yesiyə dair"(Bakı-2009) kitabından)

 

 

 

 ...Abay Mirzə  “Qayib Eren – 40 Şiltən” adlı bir yerdən bəhs edirdi. Yolumuzun üzərində olduğunu söylədiyi bu yeri mütləq gedib görməyimiz lazım olduğunu vurğuladı. “Bax, gəlib çatdıq” deyə kənd asfaltına çıxaraq, ara yola keçməyimizi söylədiyi zaman günəş batmaq üzrə idi. Yarım kilometr getmədən yolumuz Orta Asiya şəhərlərinin girişlərində tez-tez rast gəlinən kəmərə çatmışdı. Ətrafda yaşayış yeri görünmürdü. 500 metrə irəlidə iki mərtəbəli bir evdən başqa, heç kimsənin olmadığı yerə, ayaqları yolun iki tərəfində və 40-50 metr yüksəklikdə bu kəməri niyə tikmişdilər? “Bax, buradır” Abay Mirzə dedi. Qazaxların bu yeri çox müqəddəs saydıqlarını söylədi. Ali Ağabəylə birlikdə maşınımızdan düşüb, bir fatihə oxuyub yolumuza davam etmək niyyətində idik. Çünki məsafələr dostumuzun dediyindən daha uzun olmağa başlamışdı. Bundan sonra hava da qaralacaqdı, sürəti azaltmağa məcbur olacaqdıq. Gedəcəyimiz yerə vaxtında çatmağın xeyri var idi. Maşınımızdan düşüb fatihə oxumağa başlamışdıq ki, orta yaşlı bir Qazax bizlərə işarə edərək yanımıza gəldi: “Xeyr” dedi, “beş-on dəqiqə səbir etməlisiniz. Baxın, günəş batır. Günəş batarkən dua etmək olmaz”. Söylədikləri doğru idi. Günəşin doğması və batması zamanı heç bir ibadət etmək olmazdı. Dinin bu xırda detalına diqqət edən birisinə rastlaşdığımız üçün çox məmnun olmuşduq. Abay Mirzə “Türkiyəli qardaşlarımız” deyərək bir az da qürurla bizləri tanış etdi. Türkiyədən gəlib də, onların müqəddəs saydıqları yerlərə dəyər verən, bunun üçün zəhmətə qatlanmağı gözə alan insanlara himayədarlıq etməsindən son dərəcə məmnun idi. Bizi dayandıran adamın buranın türbədar ailəsindən olduğunu öyrəndik. Qazaxıstandakı bir çox müqəddəs yerdə rastlandığı kimi, bu ailə də özünü Qayib Eren–Qırx Şiltənin baxımına məsul sayırdı. Daha sonra vaxt itirməmək üçün əl kamerası ilə ətrafı çəkməyə çalışdım. Orta boylu iki təpənin arasında bir vadi vardı. Sağdakı təpənin üzəri qayalıqla örtülmüşdü. Kamera ilə qayaları çəkirdim ki, görüntüdəki daş sanki bir aslanı xatırladırdı, bir digəri sanki daşdan buğa idi. Bu vəziyyəti günəşin başındakı işıq oyunlarına və ya təbiətin qəribəliyinə yazıb, kameranı söndürüb, söhbətə qayıtdım. Abay Mirzə sözü türbədara vermişdi. Türbədar “Nuh peyğəmbərin gəmisi Qazıqurd Dağına endikdən sonra ona inananlar ilə buraya gəldiklərini və Nuh Peyğəmbərin burada Allaha: Mənim hümmətimə yol ver, deyə dua etdiyini” anladırdı. “Allah bu duanı qəbul edib onlara elm yolu, sənət yolu, qoyunçuluq, keçicilik kimi müxtəlif yollar açmışdır”.
 Digər bir rəvayətə görə isə İmam Gazali təhsil görməyə gedərkən burada həramilərlə qarşılaşmışdır. Yeddi yaşında bir uşaq olan Gazali atası tərəfindən bir karvana əmanət edilir. Dəyərli əşyalarını anası alt paltarlarının içində gizlədir. Burada karvan haramilərlə qarşılaşdığı zaman kiçik Qazali gizli pullarını bir-bir yerlərindən çıxararaq haramilərə verir. Bu vəziyyətə çaşan harami dəstəsinin başçısı ondan niyə belə etdiyini soruşur. Qazali “Atam mənə əgər möhtac insanlar səndən bir şey istəyərlərsə onlara əlindəkiləri ver deyə öyrətdi. Sizlər də hər halda möhtacsınız ki, karvan önünə keçib istəyirsiniz. Mən atamın nəsihətini yerinə yetirdim” cavabını vermişdir. Quldurbaşı bu sözdən çox təsirlənir və “bizim üçün dua et” deyir. Qazalı də onlara dua edir və qırx həraminin hər biri, Nuh Peyğəmbərin duası ilə açılan yollara girərək yaxşı insan olurlar.
 Kamera görüntüsündəkilər işıq oyunlarından olmaya bilərdi. Günəş təpənin arxasında batdığından, təpənin bizim görə bildiyimiz üzü kölgələnmişdi və tam görə bilmirdik. Təkrar kameranın yaxınlaşdırma xüsusiyyətindən istifadə edərək təpəni yoxlamağa başladım. Həqiqətən də təpənin üzəri müxtəlif canlılara bənzəyən daşlarla doluydu. Aslan və qurbağadan sonra iti, dəvəni xatırladan qayalar da vardı. Türbədar on beş gün sonra burada böyük bir ehsan təşkil edəcəklərindən bəhs edib bizi də dəvət etdi. Hər il iyun ayının əvvəlində xalqa ehsan verilirmiş. Türbədar bu işə Qazaxıstanın müstəqilliyindən başladıqlarını danışarkən, bu ənənəni bərpa etdikləri üçün də qurur duyduğu hər halından bəlli idi. Ətraf kəndlərdən, şəhərlərdən hər il yüzlərlə insan bu ehsana qatılırmış. Vaxt keçirdi. Günəş də artıq batmışdı. Madam ki, bu yerlər müqəddəs idi, bir duanın heç kəsə zərəri olmazdı. Duamızı oxuyub icazə istədik. Qalacağımız yerə mümkün qədər tez çatmalı idik. Bəlkə də qalacağımız yerdə problem çıxa bilərdi. O zaman Çimkəndə geri qayıtmalıydıq. Bir yandan bəlli etməməyə çalışdığımız təlaşımız davam edərkən, digər yandan da Abay Mirzə sayəsində özümüzü içində olduğumuz  “Qazax xalq inanclarını tətbiq etmək kursu” dan çox məmnunduq. Bu qədər xalq inancını öyrənə bilmək üçün aylarla çalışmaq lazım idi. Hətta bu inancların bəziləri ya kitablarda yoxdu, ya da bizim onları əldə etmək imkanımız məhdud idi.

 (Uyğunlaşdırma: Rəsmiyyə SABİR)

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə