(dr. Yaqub DƏLİÖMƏROĞLU. "TÜRKİSTAN (YESƏVİNİN ŞƏHƏRİ YESİYƏ DAİR" (Bakı. 2009) kitabından)
 

 Bir Türkistan axşamında günün yorğunluğunu atmaq üçün etdiyimiz gəzintilər zamanı, Əhməd Yesəvinin qızı Gövhər Ana Türbəsinin türbədarının “Zikr var, görmək istəyirsinizmi?” sualıyla məndə başlayan həyəcanı, bizi Baksı Xanseyidə və islamdan əvvəl Göy Tanrı dininin hələ də İslam içində yaşayan izlərinin içinə aparacaqdı.


 Bu suala ilk etirazım heyrətlə açılan gözlərlə ona baxarkən, “Yesəvi zikrimi?” deyə soruşmaq olmuşdu. Doğrusu, Türkistana gəldiyim gündən bəri Yesəviyədən izlər axtarmaqla məşğul idim. Türk mütəfəkkirlərinin ilk və ən böyüklərindən olan Əhməd Yesəvi Həzrətlərinin yolçularından bir xəbər, bir bilgi qırıntısı axtarırdım. Bura gəlməzdən əvvəl oxuduğum bir kitabda amerikalı tədqiqatçı, Yesəviyə təriqətinin bu gün də davam etdiyini iddia edirdi. Aleksandr Benigson adlı Orta Asiya mütəxəssisi məşhur amerikalının yazdıqlarına görə “Yesəviyə sovet işğalından sonra hələ də davamçıları olan təriqətlərdən idi”. Hətta o dönəmdə Yesə¬viyənin öndə olanları əvvəl sovet işğalını dəstəkləyirlər, çox keçmədən sosialistlərlə münasibətləri pozulur və onlarla mübarizəyə başlayırlar. Bu mübarizələr sovetlər dönəmində də uzun illər davam etmişdir”. Tədqiqatçının əsərində əvvəl iş¬ğalın nədən dəstəkləndiyi, sonra niyə əks mübarizəyə başladıqları və bu mübarizə zamanı nələr etdiklərinə dair heç bir məlumat yox idi. Doğrusu, bu iki sualın cavabını tapmaq çox çətin kimi görünürdü: əvvəl bir aldanma və dəstək, tanıdıqdan sonra üz-üzə dayanmaq. Yesəviyə və sosialistlərin fikir və davranışlarını düşününcə, aralarındakı münasibət bu şəkildə dəyişməli idi. Sonra? Hansı davranışlarını dəyişdirdilər? Sovetlərlə mübarizədə hansı strategiyanı və taktikanı istifadə etdilər. Passiv və ya aktiv, nə kimi mübarizələr apardılar? Bunları təxmin etmək daha çətindi. Üstəlik Benigson, Yesəviyənin işğal dönəmində “İşanlar” adıyla məlum olan sovetlərin dağılmasından sonra da İşanların var ola biləcəyini yazırdı. Tarixin bəlkə ən qəddar rejimlərinin altında yaşayarkən və üstəlik onunla mübarizə apararkən varlıqlarını necə davam etdirə bilərdilər? Yeni üzvlər daxil etdilərmi? Daxil etdilərsə, onları necə sınadılar və onlara necə təklif etdilər? Öz aralarında əlaqəni necə yaratdılar? Bu gün onların sayı nə qədərdir?
Suallar bir-bir ağlımdan keçir, marağım və həyəcanım artırdı.
Gövhər Ana Türbəsini ziyarətə gəlib gedərkən onun yanında kiçik bir evdə yaşayan türbədar ailə ilə yaxınlıq etmiş və onlara Yesəviyənin bu gün də olub olmadığına dair üstü örtülü suallar vermişdim. Əgər Türk mistikasının bu ilk təşkilatı hərəkatının davamçıları hələ də varsa, türbədar ailənin bunlardan xəbərdar olma ehtimalı çox böyükdü. Türkistan şəhərinin keçmiş adıyla “Kommunizm”, yeni adıyla Yesi məhəlləsinin arxasında, Arslan Baba Türbəsinə gedən Şavuldur yolu üstündəki bu kiçik türbəni mütləq ziyarətə gəlməli idilər.
Doğrusu, bu suallarıma çox da qaneedici cavab almamışdım, onsuz da çox açıq bir cavab da gözləmirdim. Səksən il əvvəl yer altına çəkilmiş və gizlilik pərdəsini üzərinə çəkmiş bir quruluşun, bir-iki təşəbbüslə ortaya çıxacağını gözləmək sadəlövhlük olardı. Yalnız bu təşəbbüslərimiz bizi Yesəviyəyə və ya İşanlara çatdırmasa da, xalq mədəniyyəti nöqteyi-nəzərindən çox diqqət çəkici olan yerlərə aparacaqdı.
Tez bir taksi tapıb yola çıxdıq. Türbədarın tərifiylə yol gedirdik. Türkistanın Qızıl Orda çıxışında bir məhəlləyə gəlmişdik. Məhəllədə Şəhər İcra Hakimiyyətinin xalqa payladığı beş yüz metr torpaq ərazilərdə üzərində adamların özlərinin tikdikləri kərpic evlər var idi. Maşınımızın məhəlləyə girməsi ilə it səsləri də artmağa başlamışdı. Nəhayət bir yerdə dayandıq və bizləri qarşılayan ev sahiblərinin isti münasibətləri ilə içəriyə təşrif buyurduq. Evə girərkən üzərində nəyin olduğunu tam anlaya bilmədiyim gur atəş yanırdı.
Əvvəlcə salona keçirildik. Evin geniş salonunda divar diblərinə sərilən və adına “körpəcə” deyilən geniş yer döşəkcələrinə oturmuş bir qələbəlik vardı. Hamısının zikr üçün gəldiyi bəlli idi. Girişdən sağ tərəfə kişilər, sol tərəfə isə qadınlar oturmuşdu. Qələbəlik arasında bizim oturacağımız yerin boş saxlanılması və həmin bu boş yerə “buyurun” deyilməsi bizim gələcəyimizdən buradakıların da xəbərlərinin olduğu qənaətini yaradırdı. Yerimizə oturub ətrafdakılarla təkrar salamlaşıb, hal-əhval soraraq gözləməyə başladıq. Salonun dolu olan qapı önləri ilə sağ və sol divar kənarlarına baxmayaraq, “baş hissə” adlanan kənarı boş qalmışdı.   
Çox keçmədən bu hissənin nədən boş olduğunu anlayacaqdıq. Üçü qadın olmaqla, yeddi nəfər topuqlarına qədər enmiş ağ libasların içində salona girdilər və onlar üçün ayrılan yerlərdə oturdular. Başlarında, alınlarına bantlar taxılmış ağ örtüklər vardır. Əvvəlcə gözüm bantların rənglərinə ilişdi. Biri xaric, digərlərinin başındakılar yaşıl idi. Anadoluda Ələvi məkanlarına yaxın yerlərdə satılan Həzrət Əli və ya Hacı Bektaş təmsilçilərinə və ya səma rəqslərində bəzi folklor qruplarının üzvləri başlarına parlaq yaşıl bağlayırlar. Hətta başlarındakı ağ örtüyün duruşu da səmaçıların baş örtüklərini xatırladırdı. Ağlar içindəki üç kişinin sağına, üç qadının da soluna oturduğu ortadakı kişinin isə başındakı bant qırmızı idi. Bu qırmızı qızılı rəngə çalırdı. Daha sonra adının Xanseyid olduğunu öyrəndiyimiz ortada oturan bu kişi yəqin ki, ən böyükləri idi.
Onların hamısı özündən çox əmin tərzdə hərəkət edirdilər. Qırmızı bantlı olan biz də daxil olmaq üzrə salondakılarla baş və göz hərəkətləri ilə salamlaşdıqdan sonra tədbiri açdı. Sıralanmasını səhv və saylarını əksik xatırlaya bilərəm, ancaq Sayramda İbrahim Ata, Şavuldurda Arslan Baba, Türkistanda Yesəvi Baba, Gövhər Ana, Umay Ana, Ökeş Ata... başda olmaq üzrə bir çox övliyanın ruhu üçün fatihələr oxundu. Cəm halda Esma ül Hüsnadan bəzi isimlər təkrarlanmaya başlandı. Bəzən qazaxca ilahilər də oxunurdu. Yarım saat, bəlkə də bir az daha artıq vaxt keçmişdi ki, hamımız birlikdə ayağa qalxdıq. Ağ paltarlılar salonun ortasına doğru hərəkət etdilər. Bellərinə bağladıqları qurşaq indi diqqətimi cəlb etdi. Hər birinin başındakı bantla eyni rəngdə qurşaqları vardı. Xanseyid toplaşanlara açıqlama verərkən onlar da bellərindəki qurşağın arasına saldıqları qamçıları çıxarırdılar.
Xanseyid “bizim işarə etdiklərimiz ortaya çıxacaq və onlara açmaları deyilənə qədər gözlərini bağlı saxlayacaqlar” deyirdi. Bu arada kənarda gözləyənlərin vəzifəsi hündür səslə “dak salmaq” sözünü təkrar etmək idi.
Əvvəlcə özləri “dak salmaq” deyərək ikinci hissəni başladılar. Yığılan adamlar hamısı bir ağızdan eyni şeyi təkrar edirdi. Sonra Xanseyid başda olmaq üzrə hər biri bir nəfəri salonunun ortasına çağırırdı. Çağırma forması da maraqlı idi. Əllərindəki qamçını dairə halına gətirib və bir adamın başından keçirərək boyun hissəsinə endirdikdən sonra özlərinə doğru çəkirdilər. Ortaya çıxan insanlar “dak salmaq” səslərinin arasında gözləri bağlı öz ətraflarında fırladılırdı. Bu zaman kimisi mövlana səmaçıları kimi öz ətrafında fırlanır, kimisi tullanmağa başlayır, hətta bəziləri özlərini yerə çırpırdı. Adamların zamanı bitəndə Xanseyidin nəzarətində gözləri açması söylənilir və yerlərinə keçib otururdular.
Xanseyid qamçısını boynuna taxıb məni ortaya çağırdığı zaman yavaş səslə təşəkkür etdim. Ortaya çıxmaq istəmədiyimi görüncə israr etmədi və məni buraxaraq yanımdakını çağırdı.
Nə qədər zaman keçdi, bilmirəm, amma salondakı hər kəs bir-bir ortaya çıxmışdı ki, böyük bir mis ləyəninin içində qızdırılaraq qızıl qora dönmüş tökmə soba qapağı salonun ortasına gətirildi. Evə girərkən gur yanan atəşin bu soba qapağını qızdırmaq üçün yandırıldığını indi anlayırdım. Salonun ortasındakı ağ köynəkli yeddi nəfər sıra ilə çılpaq ayaqlarını qələbəliyin heyrət dolu baxışları arasında qızıl qor halındakı soba qapağına vururdular. Qələbəlikdən “dak salmaq” səsləri əməlli-başlı yüksəlmişdi. Hər biri iki və ya üç dəfə sıra ilə qapağa ayaqlarını vurdular. Bunlar tamamlandıqdan sonra bir kişi qapağın üzərinə bir az su tökdü və qızıl qor halındakı qapağın üzərində su o dəqiqə buxarlanaraq yox oldu.
Bundan sonra Xanseyid əlinə ucu qızıl qor halına gətirilmiş bir dəmir çubuq alaraq sıra ilə hər kəsin qarşısında durdu və çubuğun qor ucunu dili ilə yalayaraq insanların üzünə üflədi. Tək-tək bu hərəkət tamamlandıqdan sonra dualar oxundu və “amin” deyildi.
Qələbəlik dağılarkən bizə qalmağımız üçün işarə edildi.
Evin xanımları biri kişmiş, üzüm, badam və rəngli şəkərlərlə birlikdə çaya qonaq etdilər.
Aralarında olduğum bu adamların “işanlar” olmadıqlarını anlamışdım. Bu, oxuduğum kitablardakı Yesəvi toplantılarından fərqli bir şey idi.
Hələ ilk çayımızı içib bitirməmişdik ki, uzun boylu, qarabuğdayı bığları dodaqlarının kənarından bir az kənara çıxan bir nəfər içəriyə girdi. Gələnin bir az əvvəl başı qırmızı bantlı, tədbiri idarə edən Xanseyid olduğunu anlamamışdım. Bizi tanış etdilər. Bir neçə dəqiqə əvvəl özündən arxayın dünyanın hakimi kimi davranan qızğın qoru ayağı ilə basan, dili ilə yalayan adam getmiş, yerinə çiyinləri çökük, sakit görünüşlü, hətta bir az da utancaq adlana bilən 45-50 yaşlarında bir Qazax gəlmişdi.
Tanışlıq və hal-əhval tutandan sonra tədbir haqqında fikrimi soruşdu. Doğrusu, mənim də soruşacağım çox sual var idi. Çaşqınlığımı gizlətmədim və bunun “klassik Yesəvi zikri” olmadığı haqqındakı qənaətimin doğru olub-olmadığını öyrənmək istədim. Xanseyid “Yesəvi Babanı biz də çox sevir və hörmət edirik, ancaq bizim etdiyimiz Yesəvi zikri deyil. Biz baksıyıq” dedi.
Baksı, tarixi məlumatlara əsasən şamanlardır. Şamanizm və ya göy Tanrı dininin, din adamlarına verilən isimdir.
“Ancaq toplantıda bir çox islam ünsürü var idi. Hətta bir arada “siz bir iki nəfərə namaz qılmağı öyrənməsini tövsiyə etdiniz. Baksılıq şamanizmdə də var, burada bir ziddiyyət yoxdurmu?”.
Səmimi bir təbəssümlə Xanseyid “dedikləriniz doğrudur” deyə cavab verdi. “Atalarımız islam dinini qəbul etdikdən sonra müsəlmanlar baksı adətlərinə çox müsbət baxmamışdılar. O dönəmdə yaşayan baksılar da baksılığın islama zidd olan qaydalarını atıb, ancaq islama zidd olmayan qaydaları tətbiq etməyə davam etmişdilər. Bu arada zaman içində islam mistikası ilə paralel Allahın isimlərinin təkrarı, Peyğəmbərimizə salavat kimi ünsürləri də əlavə etmişdilər. Beləliklə, aradakı münaqişələr bitirilmiş yəni, baksılıq islama uyğun hala gətirilmişdir. Bizlər atalarımızın islamın qəbulu dönəmində olduğu kimi, bəzi xəstəliklərin müalicəsi ilə məşğul oluruq. Gördüyünüz kimi, biz də müsəlmanıq”.
Xanseyidlə bu şəkildə, təsadüflə başlayan dostluğumuz uzun müddət davam etdi. Hətta o dönəmin baş naziri Bülənd Ecevit tərəfindən xüsusilə təqib edilən və Tanıtma Fondunun dəstəyi ilə çəkilən “Hacı Bektaş sənədli filmi” üçün çəkiliş qrupu Türkistana gədiyi zaman bu yerdə baksı ənənəsi ilə bağlı çəkiliş etmək xahişimizi qırmayaraq çəkilişlərə icazə verdi.
Bu sənədli filmlə Xanseyid, baksıları və onların adətlərini Türkiyədə tanıdan bəlkə də ilk baksı oldu.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə