Yarandın

 

 Kimsə, bu gedişə ağ olmalıydı,
 Namərd, yuvasında boğulmalıydı.
 Azadlıq eşqini yaşatmaq üçün,
 Ağatlı Mübariz doğulmalıydı...

 

Sən millətin aşıb-daşan səbrindən,
Haqsızlığa nifrətindən yarandın.
Qarabağın oğul!- deyən səsindən,
Şəhidlərin cürətindən  yarandın.

 Dağlarımın  durmayan göz yaşından,
 Qan püskürən torpağımdan, daşımdan,
 Ulusun min illik qan yaddaşından,
 Bütövlüyə həsrətindən yarandın.

Ərlərin yağıdan öc təşnəsindən,
Qəzəbli Babəkin od nəfəsindən,
Savalan dağının titrəməsindən,
İldırımın qüdrətindən yarandın.

 Torpaga çəkilən sinə dağından,
 Üç rəngli, yenilməz yurd bayrağından,
 İslam saflığından, türk əxlaqından,
 Əxlaqının qeyrətindən yarandın.

Yurd eşqinin əritdiyi qırovdan,
Meydanlarda qırdığımız buxovdan,
Ataların ruhundakı alovdan,
Anaların ismətindən yarandın.

 Namiq Hacıheydərli /18 noyabr 2010-cu il


«Şeir «Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim edilir»

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə