Tural ADIŞİRİN (ŞƏKİ)
 
 BU DÜNYANIN QAPISI
 
 Ürəyimə daman hansı duyğudu?
 Ovcumdaca oxu alın yazımı.
 Həyat sanki bir qarışıq yuxudu,
 Qarışıqdı yozanların yozumu.
 
Bura qədər harda ömür sürmüşük?
Bəlkə elə yox olmaqdı doğulmaq?
Dogulmagın növbəsində durmuşuq,
Qəm eləmə, növbəsizdi yox olmaq.
 
 Qapısızmı tanrının bu qalası?
 Burdan gedib, bir də geri gələn yox.
 Bu dünyanın gizlin giriş qapısı,
 Hayandadı - axtaran çox, bilən yox.
 
Ömür sürdük günəş altda, kölgədə,
Bəlkə ölüm göy üzünə uçmaqdı?
Dar məzara endirilmək bəlkə də,
Bu dünyanın qapısını açmaqdı?
 
BİLMİRƏM
 
Dünya məni dərdə salır,
Üzündən keçə bilmirəm.
Ağlasam qəlbim yumşalır,
Gözümdən keçə bilmirəm.
 
Nədir faydasi bu qəmin?
Gedin Məcnundan öyrənin.
Füzuli kimi iynənin,
Gözündən keçə bilmirəm.
 
Hər çür savaşdan keçirəm,
Qurudan, yaşdan keçirəm,
Yol açıb daşdan keçirəm,
Özümdən keçə bilmirəm.
 
BİR DƏ GÖRDÜK...
 
Başı qatıb “baş üstə"miz, ”bəli"miz,
Bir də gördük ocaq üstə süd daşıb...
Bir də gördük cib kəsəndi əlimiz,
Bir də gördük ürəyimiz daşlaşıb...
 
Bir də gördük bir əkən var, min yeyən,
Bir də gördük cib çuvaldı, çuval – cib,
Cayır kimi çoxalıb baş girləyən,
Bir də gördük şum yerində söz bitib.
 
Bir də gördük əyri çəkir tərəzi,
Adam baxır, kirpiyində yaş yanır.
Haqdan gəlir yox sözünün qərəzi -
Bir də gördük quru qalıb yaş yanır.
 
Bir də gördük cücə çıxdı faladan,
Bir də gördük papağımız tərsinə.
Gözümüzün qabağında kal adam,
Gecə-gündüz aş bişirir nəfsinə
 
Elə bildik əl iş tutan iş görür,
Nə biləydik min döngə var, min dalan.
Adam var ki, yuxusunda daş görür,
Adam var ki, damağında dəyirman.
 
Bəsdi daha qurda verdik quzunu,
Toz elədik, bu bulağın gözünə.
Tez ol, silək bu güzgünün tozunu,
Tez ol, tez ol bir əl gəzdir özünə.
 
SƏN KİMSƏN?
 
Sən kimsən? - Bu sual yerinə düşdü,
Özünü ələ al, tələsmə bir an.
Bu sənin özünlə qəfil görüşdü,
Sən kimsən? - Özünlə üz-üzə dayan..!
 
Gör, kimin eşqiylə döyünür ürək,
Gör, kimin odunda bu qəlb isinər.
Sən öz kimliyini biləsən gərək,
Kimsə kimliyini soruşa bilər.
 
Ovçumda cığırlar ömür yolusa,
Əllərim bilir ki, sabah mən kiməm.
Əgər sonralardan xəbərim olsa,
Mən öz kimliyimə bil ki, hakiməm.
 
Sən kimsən? - Bu fikrin tərkinə mindim,
Sən kimsən? - Bu fikiri çəkdim ortaya.
Torpaqdan boyumca dərinə endim,
Baxdım uzaqlara, baxdım sonraya.
 
Mən elə Fərhadam - qayalar yaran,
Ya da haqq yolunda güllə hədəfi.
Mən öz kimliyimi unudammaram,
Mən elə hər yerdə düzün tərəfi.
 
Sən ana südündən halallıq istə,
Özünə məhrəm bil, mənim ərkimi.
Heykəl oğullar var bu torpaq üstə,
“Kimsən?” sualına bir cavab kimi...
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə