Rahid S. Ulusel (Xəlilov),
 “Qlobalistika və Sivilizologiya” EAİB-nin sədri, fəlsəfə elmləri doktoru, professor

  Dünya özünün qlobal interhumanitariya mühitini  formalaşdırmaq zərurətini yaşayır. Dünyanın qlobal iqtisadi, siyasi sistem olaraq təkamül etməsi, həyat tərzinin, əmək fəaliyyətinin, mədəniyyət şüurunun planetləşməsi onu inkişafının qanunauyğun fazasına –  qlobal sivilizasiyanın təşəkkülünə doğru aparır. Dünya birliyi – milli dövlətlərin birliyi kimi strukturlaşmağa başlayır ki, bu proses qlobal transmilli səviyyələrdə təşkilatlanma ilə real nəticələr doğurur. Dövlətlərin transmilli regional birlikləri – AB, NAFTA, ASEAN və s. əsasən öz sivilizasiyalarının hüdudlarında, BMT, BVF, DB, ÜTT, YUNİSEF və s. isə qlobal siyasi, iqtisadi, sivilizasion birlik formaları kimi fəaliyyət göstərir.
Dünya dövlətlərinin iqtisadi, siyasi, hüquqi, sivilizasion əsaslarda planetmiqyaslı birliyinin yaradılmasının ən nümunəvi modeli – Avropa Birliyidir. Avropa Birliyinin yaradılmasının və şərqə doğru genişlənməsinin, perspektivdə isə daha böyük birliklərə fundament yaratmasının ümumdünya əhəmiyyəti budur ki, artıq milli dövlətlərin eyni sivilzasiya sferasında ittifaqa gəlməsi deyil, həm də müxtəlif sivilizasiya kodlarını daşıyan ölkələrin qlobal siyasi birlik formalaşdırması imkanları doğur. Qlobal sivilizasiyaya doğru dünya inkişafı prosesində milli dövlətin əsas tarixi missiyası sabit sülhün və hərtərəfli əməkdaşlığın onların hər biri üçün faydalı olduğu qlobal siyasi, iqtisadi, hüquqi sistemi – Dünya Birliyini formalaşdırmaqdır. Avropa Birliyi – Dünya Birliyinin, Avropa Evi – Dünya Evinin, Avropa Parlamenti – Dünya Parlamentinin modeli kimi özünün örnək xüsusiyyətlərini siyasi praktikada təsdiq edir. Avropa Birliyi modeli bütün müsbət, üstün keyfiyyətləri ilə həm də ona görə örnəkdir ki, bu struktura daxil olan və getdikcə sıraları artan dövlətlərin hər biri burada nəinki öz suveren hüquqları ilə geniş fəaliyyət və sıx qarşılıqlı münasibətlərdən bəhrələnmə imkanlarına malikdir, eyni zamanda onların Qərb sivilizasiyasının özəyini təşkil edən milli mədəniyyətləri hifz olunur, inkişaf edir və ümumavropa mədəniyyətində öz harmonik vəhdətini taparaq qarşılıqlı şəkildə zənginləşmə potensiallarını artırırlar. Avropa cəmiyyətinin ümumi strukturu konkret funksiya və səlahiyyətlər daşıyan və iç-içə tərkiblənmiş qurumlara – Qərbi Avropa Birliyi, Avropa Birliyi, NATO, Avropa Şurası, Avratlantika Tərəfdaşlıq Şurası və ATƏT-ə daxil olan milli dövlətlərin birliyi əsasında təşkil edilmişdir. Funksional müxtəlifliyin harmonikləşdirdiyi bu quruluşlanma həm daxili-təşkilati mahiyyət, həm də dünya proseslərinə tarazlayıcı təsir baxımından böyük əhəmiyyət daşıyır. Avrasiyada geopolitik və geosivilizasion plyuralizmin mövcudluğu Avropa dövlətlərinin konsolidasiyasından xeyli dərəcədə asılılıq vəziyyətinə gəlir.
Beləliklə, qlobal sivilizasiyaya doğru dünya inkişafı prosesində milli dövlətlərin rolunun azalması deyil, əksinə, artması və güclənməsi bu inkişafı bütün istiqamətlərdə təmin edən tendensiyadır. Dünyanın siyasi, iqtisadi, sivilizasion sistem kimi təkamülü onu təşkil edən milli dövlət strukturlarının qlobal inteqrasiya proseslərinə uyğun olaraq çevikləşdirilməsi, yeniləşdirilməsi və təkmilləşdirilməsindən asılıdır. Dövlətlərarası münasibətlərin paritet əsaslarda inkişafı onların hər birinin və bütövlükdə dünya birliyinin və qlobal sivilizasiya quruculuğunun başlıca şərtidir.
BMT-nin Baş Assambleyasının 2001-ci ilin noyabrında qəbul etdiyi “Sivilizasiyaların dialoqu üçün qlobal proq¬ram”a dair qətnamə kontekstində həyata keçirilən tədbirlər, bu sıradan “Sivilizasiya və qloballaşmanın müqayisəli öyrənilməsi üzrə Beynəlxalq Komitə”nin təşkili, 2005-ci ildə “Sivilizasiyalar alyansı”nın (“Alliance of Civilizations”) yaradılması, bu alyansın Madrid (2008, yanvar) və İstanbul (2009, aprel) Forumlarının keçirilməsi təcrübəsi təsdiq edir ki, qloballaşma və sivilizasiyalararası münasi¬bət¬lərin birgə öyrənilməsi və təbliği daha yüksək və sistemli səviyyədə davam etdirilməlidir və dünya birliyinə inteqrasiya olunan ölkələrin, o sıradan Azərbaycan Respublikasının elm və mədəniyyəti qarşısında bu ən aktual vəzifələrdəndir.
Hazırda Azərbaycan dünyanın ən böyük enerji layihə¬ləri¬nin həyata keçirildiyi bir ölkə kimi nəinki özünün, eyni zamanda daxil olduğu Qafqaz və Xəzər regionunun dünya birliyinə inteqrasiyasında mühüm rol oynayır. Qlo¬bal siyasətdə Azərbaycan dünyanın ən mühüm geopolitik mərkəzlərindən biri hesab edilir. Buna görə də Azərbaycanda qloballaşma prosesləri və bu proseslərin dünya birliyinin təşəkkülünə konvergensiyası daha də¬rindən araşdırılmalıdır ki, həmin proseslərin mahiyyətinə, inkişaf xarakterinə və dövlətimizin mənafelərinə uyğun olaraq onun beynəlxalq münasibətlər sistemində, qlobal mədəniyyət layihələrində fəaliyyətini tənzim edə bilən milli strategiyası müəyyənləşdirilsin, daim təkmilləşdi¬rilib möhkəmləndirilsin. Bu strategiyada iki başlıca ideya vəhdət tapmalıdır: birincisi, burada, ümummilli lider Heydər Əliyevin qeyd etdiyi tək, Azərbaycanın Şərqlə Qərbi qovuşdurmaq kimi böyük tarixi, siyasi-kulturoloji missiyası (deməli, həm də harmoniyayaradıcı missiyası) diqqət mərkəzinə gətirilməli; ikincisi, Azərbaycan qloballaşma proseslərinin (iqtisadiyyatdan mədəniyyətə qədər) təsirinə məruz qalan və yaxud bu proseslərə məcburən qoşulan ölkə kimi deyil, əksinə, həmin proseslərin inteqrasiyayaradıcı məkanı kimi funksiyalaşdırılmalıdır.
Beynəlxalq münasibətlər sistemində geopolitik tarazlıq yaradılması eyni zamanda milli dövlətlərin dünya birliyinə inteqrasiyasına əlverişli imkanları meydana gətirir. Qloballaşmanın bütün əsas tendensiyaları həm regional, həm də qlobal inteqrasiya proseslərində, dünya inkişafının aparıcı layihələrində, geo¬politik tarazlıq yaradılmasında mühüm rol oynayan, müstəqillik qazanmış ayrıca bir dövlətin dünya birliyinə inteqrasiyasına örnək ola bilən Azərbaycan və onun daxil olduğu regionla da bu və ya digər şəkildə sıx bağlıdır. Məhz belə önə¬mli strateji mövqeyinə görə Azərbaycan və onun daxil olduğu region ölkəmizdə və xaricdə aparılan tədqiqatlarda, qlobal siyasət analitikasında diqqət mərkəzinə çəkilir. “Əsrin müqavi¬ləsi” üzrə Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac kəmərinin çəkilişi,  “Nabukko”nun perspektivə gəlməsi, Böyük İpək Yolu layihəsinin gerçəkləşməsi Azərbaycanın və onun daxil olduğu Qafqaz və Xəzəryanı regio¬nun dünya birliyinə inteqrasiyasında xüsusi bir vəziyyətin – bölgənin önəmliyini xeyli dərəcədə artıran iqtisadi, siyasi, hüquqi və mədəni münasibətlər sisteminin formalaşma reallığını meydana gətirir.
Dünya təsərrüfat sistemində potensialı dövlət statusu ilə iştirak edən Azərbaycan məhz bu reallığın dinamikasına uyğun olaraq qloballaşma proseslərinin regional tənzimləyicisi rolun¬da çıxış etməkdədir. Dünyanın qlobal siyasət doktrinalarını hazırlayan strateqlər və həyata keçirən siyasətçilər Azərbaycanın  regional məkandan qlobal məkana istiqamətlənən funksiyasını çox yüksək qiymətləndirir və önə çəkirlər. Amerika–Azərbaycan münasibətləri haqqında Birgə bəyanatın və “Sərmayə qoyuluşunun qarşılıqlı qo¬run¬ması və təşviq edilməsi” haqqında Azərbaycan Respublikası hökuməti ilə ABŞ hökuməti arasında müqavilənin imzalanması mərasimində Birləşmiş Ştatların o vaxtkı prezidenti Bill Klinton bildirmişdi: “Azərbaycan Avropa, Asiya və Yaxın Şərqin kəsişdiyi strateji məkanda yerləşir. O, Mərkəzi Asiyaya giriş qapısıdır, təbii sərvətlərlə zəngin bir ölkədir. Yalnız özünə güvənən, suveren Azər¬bay¬can münaqişələrlə dolu olan bütün regionda sabitliyi bərqərar edə, Şərq ilə Qərb arasında ticarət yollarının təhlükəsizliyini təmin edə və özünün enerji ehtiyat¬larının dünya bazarlarına tez və təhlükəsiz nəqlini həyata keçirə bilər”. Son 15 ildə ABŞ–Azərbaycan münasibətlərinin konseptual istiqamətləri, Azərbaycanətrafı regionda beynəlxalq siyasi və iqtisadi münasibətlərin dina¬mikası ölkəmizin bu sitatda vurğulanan strateji önəmliyi ilə müşayət olun¬muşdur.
Böyük İpək yolunun, Bakı-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması ilə Azərbaycan beynəlxalq iqtisadi münasibətlərin mühüm həlqəsinə çevrilərək öz mövqeyini qlobal miqyaslarda müdafiə etmək imkanları qazanır. Yalnız güclü region dövləti olmaq və dünyanın qlobal siyasi strategiyasında özünü ifadə və təsdiq etməklə Ermənistanı bölgədə yenmək, onun xaricdən güclü erməni lobbisinin dəstəyi ilə stimullaşan imkanlarını zərərsizləşdirmək, eyni zamanda, mövcud situasiyanı öz xeyrinə dəyişərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək və Qarabağ problemini nizamlamaq mümkündür. Dünya birliyinə inteqrasiya ilə uzlaşan milli siyasət – iqtisadi, hərbi, diplomatik, sivil-intellektual, mədəni-texnoloji sahələrdə güclənməklə Azərbaycanın bütün istiqamətlərdə inkişafına əsaslı təminat yaratmaqdan ibarətdir.
Azərbaycan dünya birliyinə təkcə maddi sərvətləri ilə deyil, həm də zəngin mənəvi sərvətləri ilə inteqrasiya olunmaqdadır. Azərbaycan, milli mədəniyyətinin klassik layları ilə ümumbəşəri mə¬də¬niy¬yətin tərkib hissəsidir. Azərbaycan konsentrasiya duyarlığına, mental incəlik¬lə¬ri¬nə, təfəkkür plastikasına görə həm genotipcə milli, həm də ümumbəşəri mədəniy¬yət və mənəviyyat ərazisidir. Ölkəmiz təkcə coğrafiyasına görə deyil, həm də mə¬dəniyyət və düşüncə tipologiyasına görə Şərqlə Qərbin harmonik vəhdət ərazisidir.
Mədəniyyətlərin İpək Yolu layihəsi də Azərbaycanın dünya birliyinə inteqrasiyasında iki yanaşmanı özündə sintez edən siyasi-mədəni konsept və strategiya kimi meydana gəlir: Birinci istiqamətdə konkret olaraq tarixən mövcud olmuş və bu gün də bərpasına qlobal səylərin birləşdiyi Böyük İpək Yolunun Azərbaycan mədəniyyətinin inkişafındakı rolu, ikinci istiqamətdə isə Azərbaycan və dünya mədəniyyətlərinin daha geniş spektrdə (eyni zamanda Böyük İpək Yolu coğrafiyasında) bağlılığı aktuallaşdırılır. Qanunauyğundur ki, BMT- nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı – YUNESKO-nun da fəaliyyətində mədəniyyət proseslərinin inkişafındakı bu iki (milli  və ümumbəşəri) istiqamətin kooordinasiyası, eyni zamanda, bəşər sivilizasiyasının inkişafında müstəsna rol oynamış ortaq-universal dəyəryaradıcı abidələrin və marşrutların bərpası mühüm yer tutur. Bu məqsədlə YUNESKO 1988-ci ildə “İpək Yolu – dialoq yolunun birgə öyrənilməsi” adlı onilllik layihənin həyata keçirilməsinə start vermişdir. Layihə dünya sivilizasiyaları tarixinin inteqral araşdırılmasını, Şərq və Qərb arasında sıx mədəni əlaqələrin yeni düzəndə bərpasını, Avrasiya kontinentindəki dövlətlərin və xalqların qarşılıqlı münasibətlərinin dərinləşdirilməsini nəzərdə tutur. Dünya ictimaiyyəti Böyük İpək Yolu intibahını  planetin şərq yarımkürəsindəki sivilizasiyaların iki minillik  dialoqunun təzələnməsi və daha geniş qlobal məkana açılması kimi dəyərləndirir. Bu Yolun üzərində və qollarında dünya mədəniyyətinin ən möhtəşəm maddi və mənəvi abidələri yaradılmışdır. Bu abidələr etnocoğrafi, etnoqrafik, dini, linqvistik, üslubi və s. özəlliklərinə görə bir-birindən nə qədər seçilsələr də, onların bütün rəngarəngliyi Yer Ruhunun harmoniyasında vəhdət tapır. Çindən İspaniyaya qədər uzanan dünyanın ən uzun (12 800 km.) ticarət yolunun üzərində bəşəriyyət çini qablardan tutmuş zərif ideyalaradək zəngin mübadilə mədəniyyətinə yiyələnmişdir.    
Tarixi İpək Yolundan müasir dünya mədəniyyətlərinin Böyük İpək Yoluna çıxışın və genişlənmənin, Şərq və Qərb sizilizasiyaları meqasisteminin yaradılmasının ən əlverişli planetar poliqonlarından biri – məhz Qafqazdır, bizim doğma Azərbaycandır. Dünyanı təkcə qlobal bazar münasibətlərində deyil, həm də qlobal sivilizasiya münasibətlərində vəhdət məqamına gətirmək təşəbbüsləri və bu istiqamətdə həm dövlət, həm də vətəndaş cəmiyyəti səviyyələrində fəaliyyətin stimullaşdırılması Azərbaycanın mədəniyyət həyatının praktikasında öz parlaq təcəssümünü tapır.
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həm Şərq, həm də Qərb dövlətləri ilə apardığı uğurlu siyasət mədəniyyət sahəsində də qlobal əməkdaşlığa və dinamik inkişafa, tarixi-mədəni əlaqələrin dərinləşməsinə və daha da məhsuldar, çoxtərəfli və davamlı olmasına geniş perspektivlər açır. Artıq Azərbaycan mədəniyyətlərarası dialoqun reallaşdığı bir mədəni-intellektual məkan statusu qazanır.
2007-ci ilin noyabrında Budapeştdə “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda konfrans olmuşdur. 2008-ci ilin iyununda Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirlməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Bu forum və Azərbaycanda keçirilən mədəniyyətlərin dialoqu xüsusunda digər tədbirlərə dair geniş, çeşidli informasiya bloku BMT-nin “Sivilizasiyalar alyansı”na (“Alliance of Civilizations”) məxsus saytında yerləşdirilmişdir. 2008-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyası və YUNESKO-nun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Tədqiqatları Beynəlxalq İnstitutu “Strabon yolu” Böyük İpək Yolunun bir hissəsi kimi” mövzusunda beynəlxalq elmi konfrans təşkil etmiş, burada Böyük İpək Yolunun bir qolu olan unikal su ticarəti yolunun öyrənilməsi ilə bağlı məsələləri elmi müzakirəyə çıxarmışdır. Xüsusi vurğulamağa dəyər ki,  bu ticarət və mədəniyyət yolu Mərkəzi Asiya ərazisindən, Xəzər dənizindən, Cənubi Qafqaz, o cümlədən Kür çayı vasitəsilə Azərbaycan və Gürcüstan torpaqlarından keçərək hələ iki min il öncə Çin və Hindistandan başlayaraq Qara dəniz və Aralıq dənizi hövzələrində  yaşayan xalqları bir-birinə iqtisadi, ticari və mədəni əlaqələrlə birləşdirib. Bu ticarət yolu ilk dəfə olaraq geniş şəkildə Strabon tərəfindən təsvir edildiyi üçün elmi ədəbiyyatda “Strabon yolu” kimi tanınır. Araşdırmalar bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının iştirakı ilə bu gün həyata keçirilən Asiya-Avropa ticarət və nəqliyyat layihələri dərin tarixi köklərə malikdir və ən qədim zamanlarda Şərqlə Qərbi birləşdirən yollar Azərbaycan ərazisindən keçib... 2008-ci ilin noyabrında ABŞ-ın Harvard Universitetində Azərbaycan muğam ifaçısı Alim Qasımov Mədəniyyət Səfiri Yo Yo Ma və İpək Yolu ansamlı ilə birlikdə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasını ifa etmişlər. 2008-ci ilin dekabrında Azərbaycanın paytaxtında Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda Avropa Şurasının baş katibi, TÜRKSOY, İSESCO, ALEKSO, İRSİKA təşkilatlarının baş direktorları, ümumiyyətlə, 10 beynəlxalq təşkilatın rəhbərləri, 30 ölkənin nazir və nazir müavinləri  iştirak etmişdir. Konfransda mədəniyyətlərarası dialoqa dair “Bakı Bəyannaməsi” qəbul edilmişdir. İSESKO-ya üzv dövlətlərin mədəniyyət nazirlərinin Liviyada keçirilmiş 5-ci konfransının qərarına görə Bakı şəhəri – 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Bununla əlaqədar olaraq fevralın 18-də Heydər Əliyev adına sarayda “Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009” mədəniyyət ilinin təntənəli açılış mərasimi keçirilmişdir. 2009-cu ilin martında Bakıda düzənlənən “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalı bu klassik sənətin müasir ifaçılarını bir araya gətirmiş, Şərq və Qərb mədəniyyətlərinin təmasında mühüm hadisə olmuşdur. 2009-cu ilin aprelində keçirilən “Turizm – mədəniyytlərarası dialoqu təmin edən amil kimi” adlı konfransda bu sahədəki təşəbbüslər əlaqələndirilmişdir. 2009-cu ilin mayında Praqada keçirilən “Cənub dəhlizi: Yeni İpək Yolu” sammitində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirak etmiş və ölkəmizin qlobal enerji layihələrində önəmli strateji mövqeyini bir daha bəyan etmişdir. Qeyd edək ki, Ümumdünya Turizm Təşkilatı “Böyük İpək Yolu” adlı uzunmüddətli turizm layihəsini həyata keçirir və bu qədim yol üzrə turist səfərlərinin təşkili və inkişaf etdirilməsi ilə məqsədyönlü şəkildə məşğul olur.  Həmin layihədə Azərbaycan və onun seçkin mədəniyyət abidələri də yer almışdır. 1992-ci ildən Ankarada, Bakıda və. s. ardıcıl keçirilən türk dövlətlərinin zirvə toplantıları (7 sammit), bununla yanaşı, Türk Dövlətləri və Topluluqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayları Avrasiya boyunca yerləşən və tarixən Böyük İpək Yolunun inkişafında uzun əsrlər boyu aparıcı rol oynamış türksoylu millətlərin ortaq siyasi-mədəni məkanının və buna uyğun strategiyasının yaradılması səylərini birləşdirir. Dünya birliyinə doğru yolun keçilməli mərhələləri olan bu proseslər “Türk Dövlətlərinin Parlament Assambleyası” ideyasını da aktuallaşdırır. Siyasi-iqtisadi əməkdaşlıq, mədəniyyət, incəsənət və elm sahələrində keçirilən bu və digər tədbirlər Azərbaycanın tarixən mədəniyyətyönlü bir dövlət olduğunu və dünya dövlətləri ilə də məhz bu əsaslarda münasibət yaratmaqda maraqlı olduğunu təsdiq edən siyasi jestidir. Azərbaycan dövləti bu missiyası ilə təkcə Böyük İpək Yolu coğrafiyasında deyil, bütün dünyada sülh, sabitlik və əməkdaşlıq tendensiyasını, yaradıcı mənəvi mühitdə yaşamaq, mədəniyyət məkanını zənginləşdirmək məramını gücləndirir. O, enerji arsenalı ilə qlobal iqtisadi prosesləri, siyasətdəki  müdrikliyi və humanizmi ilə siyasi prosesləri, mənəvi-intellektual arsenalı ilə mədəniyyət proseslərini öz “maraq koordinatlarında” uzlaşdırmaq imkanları əldə edir.  
Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində Mədəniyyətlərin İpək Yolu – onun apardığı siyasətin tərkib hissəsi və əsas istiqamətlərindən biri kimi meydana çıxır. Bu siyasətin  prioritetlərini bölgədə və dünyada gedən proseslərin siyasi-mədəni mənzərəsi kontekstində müəyyən etmək mümkündür:
I. Son on səkkiz ildə dünyada qloballaşma prosesinin sürətlənməsi ilə Azərbay¬canın müstəqilləşərək dünya birliyinə suveren dövlət kimi inteqrasiyasının eyni tarixi-siyasi şəraitdə baş verməsi onun qlobal və regional siyasətdə yeni milli fəaliyyət proqramı ilə çıxış etməsini reallığa çevirir.
II. Azərbaycanın regional lider dövlətə çevrilmək imkanları yetərincə güclüdür. Qlobal siyasətdə Azərbaycanın geopolitik mərkəz mövqeyində qəbul edilməsi, zəngin təbii ehtiyatları, iqtisadi-intellektual potensialı, Şərq və Qərb sivilizasiyalarının ortaq dəyərlərinə malik olması, Rusiya, İran, Türkiyə və Orta Asiya koordinatlarında kəsişmə nöqtəsini təşkil etməsi və geopolitik baxımdan tarazlayıcı funksiya daşıması bu imkanların gerçəkləşməsinə əsas verir.
III. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz milli siyasət kursunun üstün istiqamətlərini müəyyən edərək, hər bir dövlətlə ayrıca və onların hamısı ilə bir yerdə uzlaşma siyasəti yeridir və bu siyasəti yeni dünya düzəninə uyğunlaşdırır.
IV. Azərbaycan və Türkiyə İslam dünyasının Qərb hüdudlarında yerləşən yega¬nə iki eyniköklü ölkədirlər. Onlar bütövlükdə Şərq sivilizasiyalarının qərbləşmədən modernləşməsinə, öz kökündən ayrılmadan yeniləşməsinə real nümunə ola bilərlər. Hətta Qərb imperializmi dövründə dünyanı qərbləşdirmək mümkün olmamışdı. Demək, bundan sonra da mümkün olmayacaq. Qlobal siyasətdə bu hə¬qi¬qətin dərk edilməsi sivilizasiya üstünlüyünə, mədəniyyət imperializminə can at¬mağın əbəs olduğunu göstərir və sivilizasiyalararası gərginliyi xeyli səngidir.
V. Türk dünyasında bu sistemin diferensial və inteqral özünütəşkil prosesi gedir. Azərbaycan bu sistemin – türk etnomədəni inteqrasiyasının yaradılmasında həll¬edi¬ci rol oynayır. Böyük imperatorluq, çoxəsrlik dövlət, zəngin mədəniyyət təc¬rü¬bəsi və çağdaşlıq potensialı türk sivilizasiyasına planetin sivilizasiyalar sistemində özünüqərarlaşdırmasına tam imkan verir.
VI. Dünya türk milli dövlətlərinin birliyi ideyasının kökündə bu dövlətləri yaratmış türk xalqlarının etnogenetik təməli, ulu sivilizasiya qaynaqları, böyük dövlətçilik təcrübəsi və ənənəsi, bütün tarix boyu davam etmiş etnomədəni əlaqələri, tarixi diferensiasiya proseslərində itirmədikləri, qoruyub saxladıqları və daim inkişaf etdirdikləri ortaq dəyərləri dayanır. Bu elə  bir möhkəm özüldür ki, tarixin ən amansız dövrlərində belə sarsılmamış, məqam düşdükcə bərkimiş, hazırda isə güclü energetik potensiyasını yenidən və daha məqsədyönlü şəkildə hərəkətə gətirmək qüdrətindədir. Müstəqil Türkiyə və Azərbaycan dövlətlərinin qurucuları – Mustafa Kamal Atatürk və Heydər Əliyev  bu tarixi missiyanı dərk edərək, həmin ideyanı həyata keçirməyin strategiyasını yaratmışlar. Artıq bu gün Azərbaycan və  Türkiyə dövlət rəhbərlərinin, eyni zamanda digər türksoylu dövlət başçılarının ümumi səyi ilə həmin strategiyanın dünya reallıqlarına uyğun olaraq yeridilməsi mümkünləşir.
VII. Qlobal inteqrasiya prosesləri dünya türk milli dövlətlərinin bir sistem olaraq həmin proseslərdə iştirak etməsini, müttəfiqliyin ən yüksək səviyyəsində öz bütövlüyünü və birliyini təzahür etdirməsini tarixi zərurətə çevirir. Yoxsa qloballaşma prosesinə türk sivilizasiyası öz orqanikasında deyil, yalnız elementlər qismində, konqlomerat şəklində, diffuziya halında sorula bilər. İnteqriləşmənin, sintezləşmənin bu stixiyasından qorunmaq, universal-qlobal sivi¬li¬zasiya mühitində, planetin həyat rejiminin yeni məkan-situasiyasında yaşamaq və çiçəkləmək üçün türk sivilizasiyasının kifayət qədər güclü potensialı var.
VIII. Azərbaycan öz tarixi-coğrafi mövqe¬yinə görə elə məkanlaşıb ki, burada Şərq və Qərb mədəniyyətlərinin ən müxtəlif məzmunlu və keyfiyyətli tendensiyaları konsentrasiya olunub, ümumdünya türkçülük hərəkatının əsas ideologiyaları burada doğularaq yayılıb. Bu mənada Azərbaycan – həm sırf milli mədəniyyətin, həm əlaqəli regional mədəniyyətlərin, həm ümumtürk mədəniyyətinin, həm dünya mədəniyyətlərinin qovuşduğu qlobal əhəmiyyətli geosivilizasiya məkanıdır.
IX. Türk milli dövlətləri və xalqları artıq əsası qoyulmuş vahid siyasi-kültür strategiyası ilə hərəkət edərək, bu strategiyada öz mənafelərini uzlaşdırmağı bacarmalı və həmin koordinasiya olunmuş strategiyasını müasir dünya inkişafının aparıcı tendensiyalarından birinə çevirməlidir.
X. Türk dünyasının bütövlüyü hər bir türk dövlətinin müstəqilliyinin qorunmasının və möhkəmləndirilməsinin, öz milli mədəniyyətini inkişaf etdirməsinin başlıca şərtidir. Türk milli mədəniyyətlərinin harmoniyası – onların hər birinin özgürlük kompleksini yaşatması və ümumtürk mədəniyyətinə təbii sintez olunması ilə baş tutur.
XI. Türk dünyasının birliyi və onun vahid siyasi-kültür strategiyasından çıxış etməsi konsepsiyası türk respublikalarında bu və ya digər səviyyədə diqqət mərkəzindədir və işlənməkdədir. Yalnız bu konsepsiyanın şərtləri daxilində, onun prinsiplərinə əməl etməklə, bütün siyasi səyləri bir araya gətirib hamını qane edən düzgün müəyyənləşdirilmiş məqsədlərə tabe etməklə türk dünyası bu sistemə daxil olan dövlətlərin öz müstəqilliklərini qorumaq və möhkəmləndirməyə kömək edən milli siyasəti ilə ümumbəşəri amaclara yönəli siyasətin harmoniyasını tapa və öz iradəsini ortaya qoyan, yeridən nüfuzlu qlobal gücə çevrilə bilər. Türk dünyası böyük, güclü, seçkin bir sivilizasiya məkanı, yaradıcı, mütərəqqi ruhlu bir siyasi sistem-birlik kimi öz orqanikası ilə planetin qlobal inkişafı perspektivində aparıcı, yönəldici qüvvəyə çevrilə bilər.
XII. Böyük İpək Yolu coğrafiyasında yerləşən dövlətlərin, o sıradan Azərbaycanın tarixi-mədəni inkişafında müstəsna rol oynamış bu Yolun bərpası, işlək hala gətirilməsi və daha da genişləndirilməsi Respublikamızın  strategi maraqlarına tam uyğundur və dövlətimizin bu istiqamətdə apardığı məqsədyönlü siyasət bütövlükdə Böyük İpək Yolu regionunun inkişafına xidmət edir.
XIII. Böyük İpək Yolu bu regionun qarşılıqlı iqtisadi-mədəni əlaqələrini gücləndirir,  buradakı hər bir dövlətin daxili inkişafı ilə regional və qlobal inkişaf arasında tarazlığın yaranmasına imkan açır, faydalı rəqabət mühitini genişləndirir,  həmin dövlətlərin təbii ehtiyatlarından səmərəli istifadə edərək modern təsərrüfat-sənaye mərhələsinə keçmələrinə və nəticə etibarilə,  həmin geopolitik-geosivilizasion məkanın yeni əsaslarda qurulmasına şərait yaradır.
XIV. Böyük İpək Yolunun bərpası ilə Avrasiyanın bu özək ərazisi həm öz aralarında, həm də dünyada yeni qarşılıqlı münasibətlər fazasına keçmək, aramsız gərginlik və konflikt rejimindən davamlı sülh rejiminə adlamaq imkanları qazanır.
XV. Böyük İpək Yolunun bərpası qlobal informasiya mübadiləsi məkanında  bölgənin funksiyasını optimallaşdırır. Bu coğrafiyadakı milli  mədəniyyətlər öz klassik dəyərlərini yenidən dərk etmək və varislik təməlində öz ənənələrini inkişaf etdirərək, yabançı “boz mədəniyyət” axınlarını dəf edərək modernləşmək imkanlarını artırırlar.
XVI. Mədəniyyətlərin İpək Yolu – Böyük İpək Yolunun daha geniş, planetar mənada qavranılması deməkdir. Böyük İpək Yolundan fərqli olaraq bu anlayışda mədəniyyətin konsolidasiyayaradıcı funksiyası dominantlıq təşkil edir. Azərbaycan dünyanın o nadir ölkələrindəndir ki, Böyük İpək Yolundan Mədəniyyətlərin İpək Yoluna doğru hərəkətin koordinatlarını özündə birləşdirmək ənənəsinə, gücünə və iradəsinə malikdir.
XVII. Dünya birliyinin inkişaf strategiyasına Mədəniyyətlərin İpək Yolu siyasətini effektli və yaradıcı ideya kimi qoşmaq və həmin prosesdə “mədəniyyətlərarası dialoq” amilini gücləndirmək təşəbbüslərində irəlilədikcə, bu kompleks-fəaliyyət Azərbaycana beynəlxalq arenada daha möhkəm nüfuz və etibar qazandırır.
Mədəniyyətlər və sivilizasiyalararası münasibətlərin dialoji aspektdə inkişafına hazırda böyük önəm verilməsi və bu prosesin yüksək beynəlxalq səviyyədə təşkilatlandırılması isti¬qamətində ciddi fəaliyyət göstərilməsi təsdiq edir ki, dünya birliyi qlobal sivilizasiya məkanında qərarlaşmasının optimal variatlarını həqiqətə çevir¬mək¬dədir. Çoxölçülü və çoxsəviyyəli heterogen dünyanın qarşılıqlı əlaqə və təsir¬lənmələrlə təşəkkülü və harmonikləşməsi zərurətindən doğan qlobal siviliza¬siya özünün lokal (regional) sivilizasiya və mədəniyyət komponentləri arasında dialoji münasibətlərin hazırkı ilkin fazasında həmin münasibətlərin təməl prinsiplərini yaratmaqdadır. Varlıq özü əksqütblülüyün dialoji strukturundadır. Dünya reallığının bu mahiyyətinə adekvat olan Mədəniyyətlərin İpək Yolu siyasətinin başlıca prosesi – müxtəlif mədəniyyətlərin orqanikləşməsi qlobal kontekstdə insanların və onların daxil olduqları fərqli cəmiyyətlərin, sivilizasiyaların dialoqu əsasında baş verir. Dialoq mədəniyyətini formalaşdırmayan, yaxud buna yox, zor siyasətinə, güc tətbiqinə üstünlük verən sivilizasiyalar arasında rəqabət qarşıdurmaya, qarşıdurma müna¬qişələrə, bu da öz kəskin formasında müharibələrə gətirib çıxarır. Dövlətlərarası siyasi, iqtisadi və s. münasibətlərin ən dərin, davamlı və təbii forması onların mənsub olduqları sivilizasiyalar arasındakı tarixi dialoqdur. Müasir dövrdə dialoq – təkcə qarşılıqlı münasibətlərin xarakterini əks etdirmir, həm də qlobal və regional rəsmi aksiyaların siyasi-sivilizasion vasitəsi kimi formalaşır. Mədəniyyətlərin İpək Yolu siyasətində mədəniyyətlər və sivilizasiyalararası dialoq əsasən aşağıdakı funksiyaları daşı¬yır: O – (1) Meqasosiumun – öz vəhdətini dərk edən bəşəriyyətin əsas ünsiyyət vasitəsi – “planetin dili”; (2) mədəniyyət və sivilizasiyaların tarixi münasibətlərinin optimal davamı; (3) dünyanın çoxmədə¬niy¬yətlilik, çoxsivilizasiyalılıq modelində qurulması və inkişafı strategiyasının təsdiqi; (4) müxtəlif mədəniyyət və sivilizasiyaların öz aralarında analogiya, varislik, ənənə ötürücülüyü tapması variantlarında onların diferensial və inteqral quruluşlanmasının zərurəti və müxtəlifliyin bu vəhdəti sistemində bir-birinə struktur¬daxili yanaşması; (5) müxtəlif səviyyəli və məqsədli qarşılıqlı münasibətlərin beynəlxalq statuslu forması; (6) müxtəlif mənşəli qarşıdurmaların alternativi, konflikttörədici situasiyaların öyrənilməsi, araşdırılması və problemlərinin həlli üsulu; (7) həmişə hamının bir-birinə ehtiyacı olması motivində qarşılıqlı mübadilə və faydalanma texnologiyası; (8) planetəhəmiyyətli universal dəyəryaratmanın ən mütərəqqi və əlverişli üsulu, siyasi-mədəni professionalizmin təkmilləşdirilməsi mexanizmi; (9) geosivilizasiya proseslərinin inteqriləşməsi istiqamətində onun inkişaf dinamikasını təmin edən şərt; (10) dünya birliyinin formalaşmasının, dün¬ya düzəninin yaradılmasının müxtəlif mədəniyyət və sivilizasiyaları yaxın¬laşdırma, ortaqlaşdırma təməlində ən mühüm siyasi-sivilizasion yolu olur.
Mədəniyyət və sivilizasiyalar dialoji potensialında tükənməzdir və bununla onlar özlərinin davamlı, sabit inkişafını təmin edir. Ortaq-universal dəyəryaratma praktikasına malik olan böyük mədəniyyət və sivilizasiyaların dialoqa girməsi, bu dialoqu ardıcıl olaraq davam etdirməsi və onların bu xüsusiyyətləri ilə öz ətrafında cazibə sahəsi yaratması – qlobal sivilizasiyaya doğru dünya inkişafını intensivləşdirir. Beynəlxalq münasibətlər açıq dialoq, qarşılıqlı anlaşma müstəvisində dərinləşir və təkmilləşir, beynəlxalq hüquq normalarının tətbiqi asanlaşır və normal prosedura çevrilir. Sivilizasiyalararası qarşılıqlı müna¬sibətlər texnologiyası kimi dialoq hətta dərin milli-tarixi kökləri olan ziddiyyətli situasiyaların araşdırılmasında, tərəfləri qane edən variantların – konsensus  məqamlarının tapılmasında ən optimal vasitədir. Sivilizasiyalararası dialoq vasitəsilə dünya sistemi öz komponentləri arasında orqanikləşmənin uyar mexanizmini əldə edir, – qlobal sivilizasiya məkanında qarşılıqlı münasibətlər tərəf¬daşlıq münasibətlərinə, tərəfdaşlıq münasibətləri müttəfiqlik münasibət¬lərinə zəmin yaradır. Dialoq planetar Meqasosiumun özünüdərketmə, özünüaydınlaşdırma vasitəsi kimi onun strukturdaxili bütövlüyünü və bu bütövlüyün saxlanmasını təmin edir. Sülh–müharibə alternativində o, birincinin – aparıcı siyasəti, metodu, ikincinin isə – aradan qaldırılması vasitəsi olur.
Dialoq mədə¬niyyəti – sülh mədəniyyətinin təməlidir. Qarşılıqlı anlaşmaya əsaslanan dialoq siyasəti güc tətbiqinə əsaslanan hərb siyasətinin hər yerdə və hər zaman zəif olduğunu, ona çarəsizlikdən, məntiqsizlikdən, inandırma yoxluğundan əl atıldığını sübut edir. Müasir dünyanın ən böyük problemlərindən olan böhran situasiyalarının aydınlaşdırılması və onların həlli yollarının aranması qlobal siyasətdə dialoq texnologiyasının fəal tətbiqindən, konflikt subyektlərinin – münaqişə tərəflərinin dialoqa gətirilməsi məharətindən xeyli dərəcədə asılıdır.
 “Mədəniyyətlərin dialoqu”, “Sivilizasiyaların dialoqu” formatında əsasən son onillikdə keçirilən beynəlxalq tədbirlər regional və qlobal miqyasda həm fərqli mədəniyyət və sivilizasiyaların identikliyinin təsdiqi faktı, həm də onların bu identikliklə planetar harmoniya yaratmaq, maddi-mədəni yaradıcılıq mübadiləsi aparmaq, qarşılıqlı zənginləşmədən faydalanmaq qabiliyyəti, səyi faktı kimi böyük əhəmiyyət daşıyır. Homosivilizasiyalaşma prosesinin ümumi təkamül xarakteri elədir ki, bu, müasir dünyada yüksək inkişaf etmiş mədəniyyət və sivilizasiyalarla arxaik mədəniyyətə və infantil sosiuma malik olan ənənəvi cəmiyyətlərin (hətta ibtidai ridument toplumların) yanaşı mövcudluğunu mümkün edir.
 Mədəniyyətlərin İpək Yolu siyasəti xüsusilə Şərq-Qərb münasibətlərinin modifikasiya xarakterini düzgün təhlil etmək və proqnozlaşdırmaqla öz fəaliyyət istiqamətlərini və təsir imkanlarını müəyyən etməlidir:
Davamlı tarixi interaksiya proseslərinin bütün mərhələ və keçidlərində Şərq və Qərb sivilizasiyaları bir-birini qidalandırmış, təcrübələndirmiş, irəli təkanlamış, itələmiş və cəzb etmişlər. “Docendo discimus”  (“Öyrədərək öyrəni¬rik”)  – Şərq və Qərb sivilizasiyalarının başlıca tarixi-təcrübi dialoq prinsiplə¬rin¬dən olmuşdur. Ən qədim dövr Şərq sivilizasiyaları – antik yunan, antik yunan – İslam, İslam – Qərb İntibah, İntibah – Yeni Çağ və Ən Yeni Çağ sivilizasi¬yalarına, onlar da öz sintezində qlobal sivilizasiyaya stimul yaratmışlar. Dünyada mövcud olmuş bütün sivilizasiyaların klassik irsi müasir dövrdə qlobal sivilizasiyanın təməlində dayanır. Mahiyyətcə heç vaxt yekcins olmayan, mövcud mədəniyyət ənənələrini özünə konsentrasiya edən (bu mənada sivilizasiyalar heç vaxt ölmür, yeni sivilizasiyalara bu və ya digər formada transformasiya olunurlar) Şərq və Qərb sivilizasiyalarının interaktiv-diasinxron tarixi lokal-regional miqyaslı pro¬seslərdən qlobal miqyaslı proseslərə keçilişin və nəticə etibarilə qlobal siviliza¬siyanın formalaşması tarixidir. Şərq və Qərb, Cənub və Şimal özünəməxsus rəngarənglikləri ilə qlobal sivilizasiyanın seqmentlərini təşkil edərək, onun planetmiqyaslı polifoniyasını yaradırlar. Əsas sivilizasion əlamətlər kompleksinə görə, Şərq – daha çox ənənənin saxlanması və möhkəmləndirilməsinə, Qərb isə – yeniliklərin sınanması və tətbiqinə çalışmışdır. Şərq – dünyanın daha çox mənəvi münasibətlərində, Qərb isə – maddi münasibətlərində dəyişiklik yaratmışdır. Bu¬na görə də Şərq – mədəniyyət, Qərb isə – sivilizasiya və texnosivilizasiya istiqamə¬tində daha çox diferensial keyfiyyətlər əldə etmişdir. Şərq – mədəniyyətin əsas tələbi olan daxiləyönlü fəaliyyətə, özünükamilləşdirməyə, Qərb – sivilizasiyanın əsas tələbi olan xaricəyönlü fəaliyyətə, cəmiyyətitəkmil¬ləş¬dirməyə üstünlük vermişdir. Bu səbəbdən Şərq fəlsəfəsi – İnsan konsep¬si¬ya¬sından, Qərb fəlsəfəsi isə – daha çox Şəxsiyyət konsepsiyasından çıxış etmişdir. Tarixin modernləşməyə zərurət yaratdığı epoxanın başladığı dövrdənsə Şərqin ənənəyə bağlılığını davam etdirməsi, Qərbinsə onun alternativini seçməsi ilə bu sivilizasiyalardan ikincisinin birinci üzərində dominantlığını şərtləndirən ekspansiya situasiyası yetişir ki, Mədəniyyətlərin İpək Yolu siyasətinin də əsas strategiyalarından biri məhz bu situasiyanın aradan qaldırılmasına optimal humanist şəraiti yaratmaqdan ibarətdir. İnsan həyatının əsas modernləşdirici amili elm Şərqdə əsasən monoteosofiyaya yüksəlir, eksperimental bazasını daha az yaradır və yaxud heç yaratmır, Qərbdə isə məhz bu baza əsasında elmi-texniki tərəqqi stimullaşdırılır. Şərq rasionalizmindən fərqli olaraq Qərb rasionalizmi praktiki fəaliyyət müstəvisinə keçərək onu bütün istiqamətlərdə hərəkətə gətirir. Şərq – insan mənəviyyatının intibahı problemləri ilə, Qərb – cəmiyyət həyatının sosial reformasiyaları ilə məşğul olur. Şərqdən fərqli olaraq özünütənqid amili Qərb sivilizasiya düşüncəsinin mahiy¬yətinə çevrilir. Ənənəçi (ifrat formasında ortodoksal) sosial psixologiya Şərqdə onun avtoritar rejimlərinə dözümlülük kompleksini formalaşdırır, vətəndaş azadlıqları ideyasına gəlib çıxan Qərb cəmiyyətləri isə məhz belə rejimlərdən qur¬tulma mübarizəsində güclü siyasi fəallıq və dirəniş keyfiyyətləri qazanır ki, bu da bütövlükdə Qərb sosial orqanizmini və plyuralist sosial düşüncəsini sivilizasiya dəyi¬şik¬liklərinə hazır vəziyyətə gətirir. Şərq və Qərb sivilizasiyaları öz generasiyasında əsaslı fərqlərindən birini bunda tapır ki, onların birincisində dini-fəlsəfi təlim və cərəyanlar demək olar klassik modelində bügunədək yaşayır. İkincisində isə dəyişən ideologiyaların bazisində cəmlənərək seqmentləşir. Müasir Şərq özünün bütün tarixi və mənəviyyatı ilə bir yerdədir. Müasir Qərb isə bütün tarix və sivilizasiyasının transformasiya məkanıdır. Qloballaşmanın başladığı vaxtdan dünyada belə bir fikrin formalaşdırılmasına xüsusi diqqət yetirilir ki, qərbçiliyi (bütün dəyərlər sistemi və s.-lə birgə) qəbul etmək daha asan, daha əlverişlidir, çünki o guya daha çox universaldır, şərqçilik isə olduqca rəngarəngdir və fərqliliyində o qədər qəlizdir ki, onu nəinki Qərbin, hətta bütövlükdə Şərqin də qəbul etməsi çətindir, ümumiyyətlə, heç mümkün deyil. Bu tamamilə yanlış mövqedir. Əvvələn ona görə ki, Qərb uzun əsrlər Şərqdən, məhz onun rəngarəngliyindən qidalanıb. İkincisi, dünyanın qlobal vəhdəti  eynicürləşmə əsasında deyil, məhz müxtəlifliyin harmoniyası üzərində baş tuta bilər. Ümumdünya qloballaşma hərəkatının milli-sivilizasion intibah və mütərəqqi modernləşmə motivi Şərq geo¬politik-sivilizasion blokunun daxili dinamikasına səbəb olur və Qərblə münasibətlərində tarazlaşmağa şərait yaradır. Tarixi zamanın iki böyük meqaepo¬xasının birinci fazasında (təqribən XVI əsrə qədər) Qərb sivilizasiyasına Şərqin, ikinci fazasında isə Şərq sivilizasiyalarına Qərbin təsiri daha güclü olur: əgər Yeni və Ən Yeni Çağa qədərki bütün epoxalarda Şərq Qərbi daha çox  təsir¬lən¬dirir, bəhrələndirirdisə, həmin dövrlərdən sonra Qərb Şərqi daha çox təsirə mə¬ruz qoyur, sivilizasion təsir Qərb imperialist siyasətinin tərkib hissəsinə çevrilir. Antik tarixçilər yunanlara məxsus hər şeyi Şərqə aparıb bağlamağı xoşla¬yırdılar. Qərb İntibah filosofları İslam fəlsəfəsinin ensiklopedist-mütə¬fək¬kirlərinə müraciət və istinad etməyi elmi kompetensiya və yüksək mədəniyyət səviyyəsi sayır, İslam Şərqinin klassik mənbələrindən gen-bol istifadə edirdilər. Son dörd yüz ildə Qərbin sivilizasion təsirinə və hərbi-siyasi ekspansiyasına məruz qalan Şərq interaksiyanın bu qeyri-bərabər formasından tənəzzül və deqradasiya keçirmiş, bu ziddmahiyyətli proseslərin bi¬rincisindən faydalanmaq, ikincisinə qarşı isə mübarizə aparmaq zərurətini yaşamışdır. XIX əsrin sonu – XX əsrin birinci yarısındakı Qərb dünya imperia¬liz¬minə qarşı milli-azadlıq hərəkatı – Şərqdə həm də özünəməxsus Sivilizasiya Renes¬sansı yaratmış, Şərq müqaviməti – Şərq özünütəsdiqində ifadəsini tap¬mışdır. Şərq və Qərb sivilizasiyalarının bir-birinə düşmən tərəflər kimi deyil, bir-birini yüksəldən, interaksiyasında harmonik  bütövlüyünü tapan, vahid dünya sivilizasiyasının meqasistemini təşkil edən qütblər kimi konseptual dərki məhz bu epoxadan başlayır. Şərq və Qərb sivilizasiyalarının mütəfəkkirləri Ş.Ramak¬rişna, S.Vivekananda, L.Tolstoy, C.Əfqani, M.F.Axundov, M.İkbal, Z.Göyalp, C.X.Cibran, M.Nuayme, C.Nehru, M.Qandi, R.Taqor, E.Paund, H.Hesse, A.Şveytser və başqaları Şərq-Qərb orqanik sintezindən ümumbəşəri vəhdət ideyasını hasilə gətirmiş və bu ideyanın inkişaf etdirilməsinə, gerçəkləşməsinə böyük inam bəsləmişlər. Həmişə olduğutək müasir dövrümüzdə də elm, təhsil, din kimi mədəniyyətin bütün əsas sahələrində keçdikləri müxtəlif yollar Şərqlə Qərbin təmasında onların bir-birinə davamlı ehtiyacını doğurur. Mədəniyyətlərin İpək Yolu siyasəti məhz bu zərurət üzərində formalaşır və inkişaf edir.

(Qaynaq: "Azərbaycanın dünya birliyinə inteqrasiyası: Mədəniyyətlərin İpək Yolu" / Konfrans materialları, Bakı, Sabah, 2009)

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə