Başqırd xalq nağıllarında morfoloji kateqorilərin funksional-stilistik xüsusiyyətləri

 

  Bu və ya digər xalqın folklorunun dilinin öyrənilməsi  onun dilinin tarixinin öyrənilməsində, ümumi filoloji nöqteyi-nəzərdən bu dilə aid olan müxtəlif varlıqların dərk olunmasında, həmçinin linqvopotik məsələlərin dərindən öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Folklorun dilinin öyrənilməsi milli poetik sözlərin ədəbi dilə nə qədər təsir etməsini və müxtəlif dövrlərdə onlar arasında qarşılıqlı təsirlərin xarakterini aydınlaşdırmağa imkan verir. Folklorun dili mili ədəbiyyatın dahi nümayəndələrinin əsərlərinin dilini daha dərindən dərk etməyə də kömək edir. Bir çox hallarda folklor irs tamamilə ötürücü formanı və məzmunu saxlayır, lakin bəzi hallarda isə yalnız ümumi motivləri ötürür. Xalq nəsrini ifadə edən folklor nümunələri arasında  xüsusi yeri tədqiqatımızın obyekti olan nağıllar tutur.
Bizim araşdırmalarımız başqırd xalq nağıllarında morfoloji kateqoriyaların  aşağıdakı stilistik xüsusiyyətlərini aydınlaşdırmağa imkan vermişdir:
1.İsimlərin stilistik xüsusiyyətləri. Qeyd etmək lazımdır ki, nağıllardakı predmetlər və varlıqlar  təsadüfi adlandırılmırlar. Burada hər bir əşya və hər bir nağıl qəhrəmanı özünəməxsus ad daşıyır, bununla nağılların dilinin əsas xüsusiyyətləri müəyyən olunur. Buna görə də  isimlərin böyük hissəsinin nağıl dünyasında mürəkkəb adları olur. Predmetin əsas nominativ adlarına başqa sözlər də əlavə olunur. Bu sözlər obrazların xarakterini açmağa imkan verir.
Başqırd xalq nağılları, digər xalqların nağılları kimi, antroponimlərlə bağlı olan ənənəvi formula ilə adlandırılmış xüsusi obrazlarla zəngindir. Məlum olduğu kimi, rus nağıllarındakı qəhrəmanların adlarının çoxunun əvvəlinə müəyyən sözlər əlavə olunur. Məs: Müdrik Vasilis, Gözəl Yelena, Ölməz Kaşey və s. Oxşar ənənə türk dilləri üçün də xarakterikdir. Məsələn, qazax nağıllarında Er Nazar, Şoyın Kulak, Uzın Sarı, Kara batır, Joya Merqen və s.
Başqırd xalq nağıllarında tez-tez ikikomponentli nominasiyalardan istifadə olunur. Əsas addan sonra xarakteri müəyyən edən söz gəlir:
-batır (pəhləvan) - Urman batır (urman-meşə), Tau batır (tau-dağ), Ural batır, Taşbaş batır (taş baş-daş baş), Baybatır (bay-varlı) və s.
 Bəzi hallarda nağıllarda bu xüsusiyyət personajların adlandırılması ilə dəqiqləşdirilir: «Sərrast maral ovladığı üçün oğullarını Bolansı Merqen (Sərrast maralovlayan) çağırdılar». («Bolansı Merqen»)
Tez-tez qəhrəmanların adlarında onların sosial vəziyyətlərini xarakterizə edən sözlərə də rast gəlinir. Bu zaman personajın adı dəqiq göstərilmir, qəhrəman aşağıdakı şəkildə adlandırılır. Məs: yarlı ulı (yoxsulun oğlu), timerse malayı (dəmirçinin oğlu), etem eqet (yetim oğlan) və s.
Başqırd nağıllarında məzəli adam, zarafatçı obrazlarından  da tez-tez istifadə olunur. Məsələn, Aldar. Aldarın adı aldau-aldatmaq felindən götürülmüşdür.
Başqırd nağıllarında zahiri görkəmləri adlarında əks olunan qəhrəmanlara da rast gəlmək olur. Taz - adətən ailədə böyük qardaşlarından ağılı və çevikliyi ilə fərqlənən qardaşın adı olur.
 Qəhrəmanların xarakterlərini müəyyən etmək üçün tez-tez «Günəş», «Ay», «Ulduzlar» və s. isimlər işlədilir. Nağıllarda bu obrazlar qeyri-adiliyi, ideallaşdırılmış qəhrəmanların fantastik xarici gözəlliklərini ifadə etmək üçün istifadə olunur. Məsələn, «bir yanağı günəş, digəri-ay» və ya «onun qarşısında elə gözəl qız oturmuşdu ki, bir yanağında günəş, o birisində ay parlayırdı». Bu nümunədə günəş ilə aydan istifadə olunmasında məqsəd qızın qeyri-adi  gözəlliyini oxujuya çatdırmaqdır.
 Bunun əsasında xalqın ətraf mühiti ümumi şəkildə necə qavraması dayanır. Maraqlı faktdır ki, nağıllarda konkret coğrafi adlar (tarixi toponimlər)  işlədilmir. Dünyanın bütün nağıllarında hadisələrin təsviri zamanı ənənəvi şəkildə konkretlikdən qaçılır. Toponim adlar nağıllarda yalnız terminlər kimi işlədilir. Məsələn, tau (dağ), urman (meşə), er (torpaq), və s.
2.Sifətlərin və əvəzliklərin stilistik xüsusiyyətləri. Nağıl dilində daha çox-kara (qara) rəngindən istifadə olunur. Qara rəng nağıllarda şəri, mənfi enerjini, naməlum yeri  bildirir: qara meşə, qara bulud, qara su, qara at, qara geyim və s.
Nağıllarda maddi mədəniyyətin təsviri zamanı tez-tez «altın» (qızıl), «kümüş» (gümüş), «timer» (dəmir) və s. sözlərlə də qarşılaşmaq olur.
Nağıl mətnlərinin təhlilindən aydın olur ki, altın (qızıl), kümüş (gümüş) kimi epitetlər timer (dəmir) və s.  nisbətən çox işlədilir. Qızıl və gümüş üçün əlvan çalarlar xarakterikdir, lakin dəmir bu cür xüsusiyyətlərə malik deyildir. Ona görə də nağıllarda «qızıl balıq», «qızıl qələm», «qızıl alma», «qızıl körpü», «gümüş sini», «gümüş qaşıq » ifadələrinə daha tez-tez rast gəlinir.
3. Sayların stilistik xüsusiyyətləri. Hələ qədim zamanlardan insanlar hesablamağı öyrənəndən sonra, təbiətlə bağlı onlar üçün sirli olan hadisələri  saylarla əlaqələndirirdilər. İlkin hesab sistemi müəyyən əşyaların sayılması ilə yaranmadı, mifoloji hadisələrin, ilkin dünyagörüşün izahı zamanı işlədildi. Bununla bağlı həyatda və məişətdə bəzi rəqəmlər mübhəmlik, sirlilik qazandılar, sitayiş obyekti oldular. Folklor nümunələrində istifadə olunan saylar müəyyən tarixi əsasa, özülə malikdirlər. Rütual ayinlərdə və inamlarda bəzi rəqəmlərə sitayiş insanların genetik kodlarını müəyyən edir. Sayların ifadəsinin xüsusiyyəti qədim insanın düşüncəsində onların güclü, sehrli qüvvəyə malik olmasından ibarətdir. Buna görə də insanlar müxtəlif rəqəmlərə inam gətirərək onlardan kömək umurdular. Buradan da  müəyyən rəqəmlərə sitayiş etmək ənənəsini yaranmışdır. Qədim düşüncənin inkişafı nəticəsində xalqlar arasında rəqəmlərin qeyri-adi qüvvəyə malik olması ilə  bağlı sahib olduqları müəyyən mövhumatçı anlayışlar təsdiqlənmişdir.
Başqırd xalq nağıllarının dilində daha çox sabit say atributlarının tarixi-tipoloji öyrənilməsi onların mətndə aşağıdakı funksiyalarını  müəyyən etməyə bizə imkan verdi: a)qəhrəmanların sayı barəsində informasiya-adətən ənənəvi girişdən sonra qəhrəman, onun valideynləri, yaxınları barəsində məlumat verilir; b)qəhrəmanın yaşını təyin edir; v)vaxtı və məkanı müəyyən edir; q) nağıl qəhrəmanlarının həyat tərzini, məşğuliyyətinin  növünü, varidatını və ya çatışmazlıqlarını göstərir.
 Mifoloji obrazlar (yeddi hami, yeddi şər qüvvə), dünyanın mifoloji strukturu (göyün yeddinci qatı, yeddi dağ), mifoloji obrazların fəaliyyətlərinin  vaxt xarakteristikası (7 ay, 7 gün, 7 il) və digər anlayışlar epik diffuziya nəticəsində nağıllara keçmişdir. «Ete» - «yeddi» sayı ilə bağlı mifoloji anlayışlar və simvollar ənənəvi formul halında çoxlu nağıl dilinə daxil olmuşdur.
Həmçinin nağıllarda tez-tez «qırx» və  ondan yaranan «qırx bir»,  «yetmiş» və «yetmiş yeddi» sayları  da işlədilir.
 Bu şəkildə biz görürük ki, başqırd xalq nağıllarının dilinin tədqiqi müasir elm  üçün aktualdır.

(Rus dilindən çevirəni R.SABİR)
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə