ÖLÜMLƏRİN ÖTƏSİNDƏ YAŞAYAN MİSRALAR yaxud ƏKBƏR QOŞALININ ŞAİR ETİQADI...

Poeziya həyatın ölüm üzərində qələbəsidir. 

 Hətta mövzusu ölüm olan poeziya da...

 Xalq yazıçısı ANAR

 

Əkbər Qoşalının imzası poeziyasevərlərə 90-cı illərin qaynar ədəbi mühitindən tanışdır. Həmin dövrün çeşidli mətbuat səhifələrində onun əvvəl şeirləri, sonra hekayələri, nəhayət, elmi-publisistik məqalələri göründü. Bütün yazdıqlarını dərc etdirməzdən əvvəl qələm dostlarına oxuyurdu. 
Yaradıcılarından biri olduğu «Qar çiçəyi» ədəbi birliyinin yığıncaqlarında Hamlet Kazımoğlu, Səhər, Şahin Ülvi, Niyaz Nəsir, bu sətirlərin müəllifi və başqa gənc şairlər onun hər təzə şeirini böyük maraqla dinləyirdilər. Bu şeirlər xalq ruhunu, milli təəssübkeşliyi, vətən eşqini, ulu keçmişə sədaqət hissini özündə ehtiva etdiyi, müasir gəncliyin qəlbindən xəbər verdiyi, ən əsası poeziyanın bədii imkanlarından yüksək səviyyədə istifadə üsulu ilə yazıldığı üçün dərhal könüllərə yol tapırdı. Ə.Qoşalının yüksək bədii zövqlü oxucuları belə heyran etməyə qadir olan şeirləri ədəbiyyata təzə poetik nəfəsin gəlməsindən soraq verirdi. Elə buna görə də onun hər təzə şeiri dərc edildikdən dərhal sonra ədəbi həyata vəsiqə alırdı. «Mən hələ bir cavan bulud yaşdayam», «Ömrümüzdə iki dəfə qırxımızı çıxartdılar», «Başımızdan yuxarı yumduğumuz barmaqlar», «Gözünün içində xal bitən gözəl», «Mən səndən ayrılanda» şeirləri belə örnəklərdəndir. Elə ilk ədəbi uğurlarından Ə.Qoşalının qəlbində dərin kök salmış türkçülük ruhunun, yurd sevgisinin, mənsub olduğu xalqın milli-tarixi taleyinə son dərəcə həssas münasibətin bütün yazdıqlarına hopduğunu müşahidə etmək olurdu.
90-cı illərin əvvəllərində o, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı deyildi, türk mədəniyyətini təbliğ etmək üçün rəsmi səlahiyyət daşıyan hər hansı bir ictimai quruma üzv də olmamışdı... lakin həmin vaxt Azərbaycan Texniki Universitetinin tələbəsi olan Ə.Qoşalının türk dilinin təəssübünü çəkmək, onu yad ifadələrdən, yersiz əcnəbi sözlərdən təmizləmək, türk xalqlarının ədəbiyyatını, mədəniyyətini dünyaya tanıtmaq istəyinə, bu sahədə sorumluluq hissinə və təbliğatçılıq fəaliyyətinə yüksək ixtisaslı filoloqlar belə həsəd apara bilərdilər. Bu cəhəti onun yaradıcı şəxsiyyətinin əsas, ümdə keyfiyyəti kimi səciyyələndirən ədəbiyyatşünas-tənqidçi Tehran Əlişanoğlu Ə.Qoşalının «Ölü yuxusu» adlı hekayələr toplusuna ön sözündə yazır: «Qəribə görünməsin, amma mənə elə gəlir, Əkbər Qoşalı üçün şair-yazar peşəkarlığından da ümdə – əqidəli insan olmaqdır… Burdan baxanda Əkbər Qoşalının bədii yaradıcılığı ümumən mənə Əqidə savaşına qədər gələn yol kimi görünür…»
Ə.Qoşalının «Ölümlərin ötəsi» (2007) adlı şeirlər kitabında da məhz bu ruh hakimdir. Şairin poetik məni türkün tarixə qanıyla yazdığı rəşadətini, əzəmətini vəsf etdiyi, onun möhtəşəm keçmişi, böyüklüyü ilə fəxarət duyduğu, türk ellərinin bədöy atlarına, yovşanlı çöllərinə, boz qurduna həsrət qaldığını təəssüf hissilə dilə gətirdiyi məqamlarda gözlərimiz önündə soy-kökünə bağlı bir Vətən övladı kimi ucalır:
 

Yovşan qoxlamırıq,

ata minmirik.

Ölsək örtərlərmi

ala bilmirik.

And içəndə üz tutmuruq bayrağa,

üz tutmuruq Göyə, Aya, növrağa,

Qulaq da yadlaşıb qurdun səsinə,

Sonra da deyirlər, sənin dərdin nə.!?

 

Şairin fırtınalar tüğyan edən qəlbindəki rahatsızlıqların, çırpıntıların nəticəsi kimi meydana çıxan «Düşmən gözünü bozartmaqçun dayanan boz oğlan, Eşidirmisən, içindəki boz qurd ulartısını? Eşirdirmisən?!» – poetik sualı da eyni bədii hiss və duyğulara köklənmişdir. Ə.Qoşalının lirik qəhrəmanı Vətənin torpağını, daşını belə ona görə sevir ki, o türk tarixinin ayrılmaz bir parçasıdır, bu tarixin danışan dili, ən gözəl yaddaşıdır:
 

Mən

daşları çiçəklərdən az sevmədim,

Daşlar bu dünyada,

bəlkə də, ən gözəl yaddaşdı –

GÜL-TƏKİN misalı.

Daşlar vətənə qardaşdı –

Vətəndaş timsalı.

 

Bu lirik qəhrəman milli tariximizin, mədəniyyətimizin ən ağrılı məqamlarını ürək yanğısı ilə dilə gətirir, tarix boyu ərəb, fars, rus ifadələri ilə dilimizi əyənlərə, türkün qayım-qədim dilini eybəcərləşdirməyə «yenilik» deyənlərə kəskin iradını bildirir. «Söylənmə» şeirində alınma sözlərin yerli-yersiz işlədilməsi, dilimizdə olan sinonimi ilə əvəz edilməməsi qüsurlu hal kimi böyük təəssüf hissilə qarşılanır, bu cəhətin qədim türkcəmizi yadlaşdıracağı ilə bağlı həyəcan təbili çalınır:

 

...nə «xəyanət», nə də «kar» mənim deyil,

amma xəyanət mənimdir, xəyanətkaram,

bax, yenə xəyanət elədim,

Qorqudun dilinə...

«ancaq» yerinə, «amma» dedim,

dilə xəyanət elədim...

 

Şair türkün hələ islamdan xeyli öncə Tanrıya tapındığını, möhkəm inam və etiqad sahibi olduğunu, yüksək əxlaq və tərbiyəyə, mənəvi dəyərlərə yiyələndiyini nəzərə çatdırır, bununla da milli mədəniyyətimizin vətənimizdə ərəb xilafətinin hakimiyyətindən, sovet imperiyasının işğalından öncələr – uzaq zamanlarda mövcudluğu faktını inkar edənlərə tutarlı cavab vermiş olur:

 

“…guya İslamdan qabaq Adam deyildik –

min dörd yüz il öncə,

iki yüz il öncə

bir də

rus bizi adam elədi:

iki dəfə adam olduq!

«ov» olduq, «yev» olduq,

«ov» olduq, «yem» olduq...

di gəl, öz sonluğum tapılmadı,

tapılmadı...”

 

Əkbər Qoşalı türkün taleyi üçün rahatsızlıq keçirən şairdir. Son dərəcə təbii və səmimi şəkildə şeirə gətirilən bu rahatsızlıq hissi neçə-neçə şeirin əsas, aparıcı motivinə çevrilir, onun poetik içəriyini zənginləşdirir. Türkün Dədə Qorqud dövründən qopub bir anlığa bu günümüzə qovuşmaq imkanı olsaydı, görəsən nələr baş verərdi? O, özünü tanıyardımı? – bu kimi suallar şairin poetik mənini daim düşündürür, həmin baş verə biləcək «nələr»əsə görə türkə təzyiq göstərib onu indiki durumuna gətirib çıxaranlara nifrətini gizlətmir:

 

“...mən türkəm:

adım

ərəb, fars adı,

soyadım rus sonluqlu,

mən türkəm.

… rusa, ingilisə işlədim,

rusca, ingiliscə işlədim,

mən türkəm.

Mən Türkəm?!.

 

Lakin buna baxmayaraq şairin türkün böyük sabahına inamı sarsılmazdır. Türk qövmünə ən böyük, şərəfli gələcəyi arzu edən, həmin gələcəyə ümidlə baxan Ə.Qoşalının bu cəhətdən özünə və tarixə ünvanladığı: «Altaylardan qopan atlar, Avropanı nə vaxt adlar?!» – poetik sualı da təbii və qətiyyətli səslənir.

Şairin vətən sevgisi istisini, odunu-alovunu türkün Altaylardan qopan atlarının getdiyi Göy Yolundan, Ay Yolundan alır. Ə.Qoşalının vətən dərdi anlamında dünyanın dörd bir tərəfinə səpələnmiş Azərbaycan insanının Qarabağ, Təbriz, Dərbənd dərdi, Şuşa, Savalan… nisgili sıralanır. Təbrizin dərdlərini «can» deyə-deyə oxşayan şairin «Can, ay Təbriz», «Təbriz» şeirləri parçalanmış Azərbaycanın Araz ağrısına, Təbriz dərdinə ağı kimi dilə gəlir:

 

“...Gör mən nə arsız adamam,

oturub şeir yazıram,

düşməninə heç olmasa,

götürüb bir daş atmıram,

Təbriz.”

 

Şairə görə vətənin başqa dərdləri də məhz Təbriz dərdinin içindən boy atır, daha dərinlərə kök salır. O, belə qənaətə gəlir ki, Təbriz dərdi kökündən qoparılsa, Azərbaycanın sinəsinə yeriyən digər dürlü-dürlü dərdlər də tezliklə sovuşacaq:

 

İrəvan ta bizim deyil,

Şuşa dumandan görünmür.

bəlkə sən qırdın tilsimi,

Təbriz..!”

 

J.L.Dalamber yazırdı: «Əsil namuslu insan ailəsini özündən, vətənini ailəsindən, bəşəriyyəti vətənindən üstün tutmalıdır.» Ə.Qoşalının poeziyasında özünə yer alan böyük sevgi sanki bu ünlü aksiom üzərində dayaq tapıb. Şairin övladlarına, qohum-əqrəbasına, dostlarına, el-obasına, vətəninə, türk dünyasına, nəhayət bəşəriyyətə ünvanlanan sevgisi sonsuz və qutsaldır. Bu sevgi isə özlüyündə daha möhkəm bir özülə, Tanrı sevgisinə istinad edir, buna görə də aşiqin duaları Tanrının geniş açdığı qapılarından dərgaha tez yetişir.

Şeirlərindən birində lirik qəhrəman hiss və həyəcan(lar)ının bənzərsizliyini, sevgisinin böyüklüyündən doğan təəssüratı belə ifadə edir:

 

“...Mən səni sevmədim,

sənin gözündə

bir ilahi sevgi

görüb

karıxdım,

İlahi bir sevgi…

Mən ordan gəlmişdim,

ora darıxdım.”

 

Bu etiraf insanın bütün daxili qüvvələrini səfərbər edib Yaradana dönmək istəyi kimi də anlamlandırıla bilər. Lakin burada lirik qəhrəmanı «karıxdıran» «qara gördüyü dünya”nın «ölü gün»lərindən birində bir gözəlin gözündəki saf, məsum sevgidir... və bu sevgi bütün yaradılışa, həyata, insanlığa ülvi hisslər vəd etdiyi, «qara dünya»da qutsal duyğuların da varlığını insanın yadına saldığı üçün İlahidir... Ona görə də lirik qəhrəman «Ora» üçün darıxır...

Dünyanın faniliyi, ölümün qaçılmaz həqiqət olması barədə zaman-zaman bayatılar deyilib, şeirlər yazılıb, bir çox sənətkarlar ölümün bədii fəlsəfi təfsirini veriblər. Ə.Qoşalının ölümə sənətkar münasibəti də sələflərinin bu mövzuda yazdıqlarının məntiqi davamı kimi maraq doğurur, yeni yanaşma, orijinal poetik ifadə tərzi baxımından dərin təsir bağışlayır. Aşıq Alının həyatın əbədi olmamasını, insanın gəldi-gedərliyini son dərəcə həzin ahəng və dərin məntiqlə çatdırdığı «Nə qaldı?» qoşmasında öz əksini tapan fikirlər Ə.Qoşalının da bədii təfəkkürünü ciddi məşğul edir. Daha dəqiq desək, Aşıq Alının insandan «nə qaldı?» poetik sualı Ə.Qoşalı şeirində insan «nə aparır?» formasında qoyulur:

 

“...baxma, hər ölünü bir qoşun aparır

kim dünyadan nə aparır.?!”

 

Şairin «Ölmək şəkil çəkməkdi, Fələyin üzü kimi», «Bütün ömürlər ölümə aparır», «Olum-ölüm arası, Bir imtahan yeridi», «Ömür deməm ömürə, Yol yoxsa cavan ölümə» deyimləri də ölümə orijinal bədii-fəlsəfi münasibətin təzahürüdür.

Ə.Qoşalı «Olumların ötəsində ölüm var, Ölümlərin ötəsində olum var» deyir. Bu misrası ilə də sanki Şekspirin Hamletinin ünlü «Olum, ya ölüm?!» fəlsəfi sualının ən məntiqi cavabını vermiş olur. Onun bu poetik qənaətinin daha inandırıcı və təbii səslənməsində isə «Ölüm yoxsa, Olumların ötəsinə varılmaz» yozumu zəmin rolu oynayır.

Ə.Qoşalının şair etiqadına görə ömür sözlə zinətlənir, şeir – varlığın ən dəyərli mənəvi tapıntısıdır. Sosial-mənəvi böhranlar girdabında boğulan sivill insan ən son ümid, təsəlli yeri kimi şeirə, sözə pənah gətirirsə və bu mənəvi təskinlik gətirən söz varsa, onu deyənə (şairə) də, deyilənə (şeirə) də şükr etmək lazımdır:

 

Ömür – durmur axarında,

ölüm – bəlkə də yaxında.

danışmağa söz qalıbsa,

şairə və şeirə şükür!..

 

Şairin poeziyası öz bədii məzmununda «Söz şahlığından möhkəm, əbədi şahlıq yoxdur» qənaətini bir daha dərinləşdirir, onu öz sənət kredosu kimi təsdiqləyir...  

dos.dr. TƏRANƏ TURAN RƏHİMLİ

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə