Zaur SAHİL

YERİNDƏ

Gecələr yuxu görürəm,
Gündüzlər qorxu görürəm,
Var olan yoxu görürəm,
Qəlbimin dərin yerində.

Dərdimin pənah yeri var,
Yaralı bir ah yeri var.
Hamının günah yeri var,
Şeytanın, şərin yerində.

Sevirəm, gülüm ağlayır,
Dözürəm, dözüm ağlayır;
Bir qərib ölüm ağlayır,
İgidin, ərin yerində.
(2013, Bakı)

HEÇ

Söz vaxtına çəkər deyən,
Söz vaxtına çəkmədi heç.
Öz bəxtindən inciyənlər,
Öz bəxtinə çəkmədi heç.

Doğmanın da yadı varmış,
Zəhərin də dadı varmış,
Soyuğun da odu varmış,
Köz bəxtinə çəkmədi heç.

Damarımda qan dayanmır,
Ürəyimdə can dayanmır,
Mən yanıram odda… yanmır,
Öz bəxtimə çəkmədim heç.
(2014. Bakı

GÖZLƏMƏK OLMAYA

Daima çıxıb gedəsən,
Vaxtı gözləmək olmaya.
Özünü yığıb gedəsən,
Taxtı gözləmək olmaya

Qəlbim qəddimi aşır,
Dərdim həddini aşır;
Səbrim səddini aşır,
Baxtı gözləmək olmaya.

Dünya ömürdən çıxa,
Həyat ölümdən çıxa;
Hamı zülümdən çıxa,
Haqqı gözləmək olmaya.
(Bakı-10.07.2014)

***
Mən özüm-özümün üsyankarıyam,
Gecələr yatmağa yuxum gəlməyir.
Yerlərin ən bədbəxt günahkarıyam,
Göylərə çatmağa ruhum gəlməyir.

Ümidsiz yıxılıb ölən deyiləm,
İçimdə çağlayan hissim bəllidi;
Kim deyir bir daha gülən deyiləm,
Bir oğlum, bir qızım bir təsəllidir.
(23.01.2015, Bakı)

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə