Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB)

Məsləhət Şurasının (Gənəşinin)
AÇIQLAMAsı

Din prinsiplərinin özülündə Tanrının göstərdiyi yolda olmaq, haqqı-ədaləti tanımaq, həqiqətin yanında olmaq dayanır. Yüz illərdir mövcud olan bir din institutunun – Roma Katolik Kilsəsi mənsublarının bu prinsip və özəlliyi bilmədiyini düşünmək çətindir... lakin Roma Papası missiyasını daşıyan insan ədalətdən uzaq mövqedə dayanırsa, bu nə Tanrıya, nə də düşünən insana xoş gedən hal ola bilməz..! Din böyükləri öz üzərlərinə düşən mənəvi yükün sorumluluqlarını ya anlamadan ya da onu haqsız siyasi çıxarların (hətta olsun ki, maddi çıxarların) güdazına verərək qərar qəbul edirsə, bunun Tanrı qatında da, insanlıq qatında da cavabı mütləq veriləcəkdir.
Din mənsubluğunu ədalətdən üstün tutaraq qeyri-obyektivliyə yol verən Roma Papası I Fransisk, bu ayın əvvəllərində Müqəddəs Pyotr Kilsəsində çıxışı zamanı 1915-ci ildə Osmanlıda yaşanan olayları “erməni soyqırımı” kimi qələmə verməklə, bu qondarma “soyqırım”ı “XX yüzilin ilk soyqırımı” adlandırmaqla, öz vicdanına XXI yüzilin ilk böyük qara ləkəsini saldı...
Barışdırıcılıq missiyası daşımalı olan din liderinin bu missiyanı erməni təəssübkeşliyinə qurban verməsi, çox pis bir “örnək” yarada bilər.
Belə “Açıqlama”lar (mövqesiz “Mövqe”lər) bir daha göstərir ki, həm bir çox ölkələr, uluslararası qurum və quruluşlar, eləcə də bəzi din böyükləri qondarma “erməni soyqırım”ı məsələsini ortaya atmaqla, Türkiyəni (ümumən Türk Dünyasını, türk-müsəlman dünyasını) sıxışdırmaq, zəif salmaq planlarını həyata keçirmək niyyətindən əl çəkmir.
Roma Katolik Kilsəsi Türkiyəni gərəksiz suallar və haqsız tələblər qarşısında qoymaq üçün istənilən siyasi riyakarlığa getməyə hazır olduğunu göstərdi. I Fransisk bu adıyaman “Açıqlama”sı ilə bir daha göstərdi ki, gözlərini siyasət və Tanrısız din pərdəsi örtmüş “din xadimləri” üçün gerçək soyqırım faktları olan 1920-ci ilin 31 mart olayları, 1992-ci ilin 26 fevral Xocalı olayları hələ ki, görünməzdir...
Türk Dünyası gənc yazarlarının 17 ildir mövcud olan ən böyük platforması Dünya Gənc Türk Yazarlar Birliyi, Roma Papasının üzqarası “Açıqlama”sını pisləyir, bütün vicdanlı, inanclı insanları, din xadimlərini, ədəbiyyat və sənət xadimlərini ədalətin yanında olmağa, ikili-standartlara, dinsiz “dindarlığ”a, həqiqətsiz “həqiqətpərvərliy”ə qarşı haqq səsini qaldırmağa çağırır!

DGTYB
Məsləhət Şurası adından 
Əkbər QOŞALI

***
Avropa Parlamentinin qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi “Qətnamə” ilə bağlı
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB)
AÇIQLAMAsı

Avropa Parlamentinin qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi, birmənalı şəkildə qərəzli xarakter daşıyan (daha doğrusu, xaraktersiz) “Qətnamə”, çoxsaylı qurum və quruluşlar, aydınlar, sıravi insanlar arasında olduğu kimi, gənc türk yazarlarının 17 ildir mövcud olan ən böyük platformasında birləşənlər arasında da acı suallar və haqlı qəzəb yaratmışdır. Qondarma “erməni soyqırımı” ilə bağlantılı, 24 aprel gününün ümumavropa hüzn günü kimi qeyd edilməsi haqqında qəbul edilmiş adıyaman “Qətnamə”, onu qəbul edənlərin ikilistandartlar, islamafobiya və başqa “sindrom”lardan ciddi əziyyət çəkdiyini göstərməkdədir. Əslində “24 aprel” günü də erməni işğalı altındadır və digər erməni işğal faktları kimi aradan qaldırılmalıdır.
DGTYB, üzv və təəssübkeşlərinin mövqeyini ifadə edərək (ilk növbədə haqqı müdafiə edərək), bir yazar birliyi, vətəndaş cəmiyyəti institutu, uluslararası qurum olaraq, öz ciddi etirazını bildirir, məlum “Qətnamə”ni tarixi haqsızlıq hesab edir.
Avropada demokratiyanın dayaqlarından biri kimi tanınan Avropa Parlamentinin belə anlaşılmaz mövqeni qərara bağlaması, bütövlükdə dünyada, biləvasitə Avropanın özündə, adil yanaşmaya, ədalət axtarışına, tarixi həqiqətlərə vurulan zərbədir.
Bu “Qətnamə”nin qəbul edilməsinin Avropa Birliyi və Türkiyə arasındakı münasibətlərlə yanaşı, uzun illərdir tarixi ədalətsizlik və konkret olaraq, elan olunmamış müharibə ilə üzləşmiş Azərbaycan Respublikasına, Avropa-Azərbaycan ilişkilərinə də xələl gətirəcəyi şübhəsizdir. Avropa Parlamentinin, bir çox digər uluslararası qurum və quruluşların Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına göz yumduğu, yüzminlərlə azərbaycanlının öz doğma, dədə-baba torpaqlarından didərgin salındığı halda, haqsız Ermənistanın gərəksiz müdafiəsi üçün 100 il öncədən saxta “müdafiə tutalğacı” axtarılması mənfur niyyətlərdən xəbər verir... Oysa, Ermə-nistanın bütün bəşəriyyətin gözü qarşısında törətdiyi, dəlil-sübutlu, foto-videolu, Ermənistan yönəticilərinin etirafları ilə ortada olan, üstəlik, yaxın tarixdə - 26 fevral 1992-ci ildə baş vermiş Xocalı Soyqırımı (eləcə də torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunması) ilə bağlı Azərbaycan Respublikası adından edilmiş haqlı müraciətlərə indiyədək AB ölkələri nə ayrı-ayrılıqda, nə də mövcud Avropa strukturları çərçivəsində gərəkən səviyyədə reaksiya göstərməyib.
Avropa Parlamentinin bu “Qətnamə”si Türkiyə və Azərbaycana, Türk Dünyasına, bütövlükdə tərəqqipərvər insanlara, haqqı müdafiə edən hər kəsə qarşı təzyiq vasitəsi kimi işlədilən bir aktsız “akt”dır.
DGTYB Avropa Parlamentini bu qərəzli, haqsız və tarixi faktlara deyil, yanlış siyasi yanaşmaya söykənən addımlardan çəkinməyə çağırır.
Azərbaycan və Türkiyənin Avropa ölkələri ilə ədalətli, qarşılıqlı yarar verən işbirliyində indiyədək olduğu kimi, gələcəkdə də maraqlı olacağı heç bir şübhə yaratmadığı halda, bölgədə qalıcı barış əldə edilməsinə Avropa institutlarının, şəxsən Avropa Parlamentinin də məsuliyyətli dəstək verməsini istəyir. Ermənistanın Qafqazdakı türk-müsəlman əhaliyə qarşı törətdiyi qanlı aksiyaların bu gün də davam etməsi uluslararası anlaşmaya, barışa, işbirliyi istəyinə ciddi təhdid kimi dəyərləndirlməlidir.
Tərəqqipərvər bəşəriyyət və sivil dünya üçün tarixdə “erməni soyqırımı” kimi yalançı məfhum yoxdur və qəbul edilə bilməz! Tarixdə olmayan bir hadisəni hansısa xalqa yükləmək cəhdi haqsız və əbəsdir!
DGTYB bir daha Avropa Parlamentinin, sözükeçən “Qətnamə”sini şiddətlə qınayır, o qərara səsverənlərin vicdanına, özkeçmişinə düşən qara ləkə kimi qiymətləndirir, bütün dünya yazarlarını bu “Qətnaəmə”ni qınamağa, haqqın yanında olmağa çağırır.

DGTYB BAŞQANLIĞI
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə