QIZBƏSTİ (QULİYEVA)
2000-ci ildə Şahbuz şəhərində anadan olub.
Hazırda Şahbuz şəhər 1 saylı tam orta məktəbin VIII sinfində oxuyur.

Öz hiss və duyğularını poetik şəkildə yorumlayan 15 yaşlı Qızbəstiyə yaradıcılıq yollarında uğurlar diləyir, onun bir neçə qələm nübarını oxuculara təqdim edirik. Yolun açıq olsun, Qızbəsti! Şeir-sənət yollarında ilk kövrək addımlarını atan Qızbəstinin qüsurları təbiidir və biz onun içindəki işığı, ona verilmiş Qızbəsti adına inad oğul kimi qız, gələcəyin şüurlu vətəndaşı olacağını görürük.
Eyni zmanda ədəbiyyat dünyasının vətəndaşı olacağını...

Bir fililoq kimi, Qızbəstinin 10-cu sinifdə indikindən daha yaxşı,
tələbəlikdə isə yeniliklərlə zəngin bir yaradıcılıq yolu, şeir üslubu, ritm və ahəng izləyəcəyinə inanıram.

Elxan YURDOĞLU

Şəhid anası

Oğlunu torpağa qurban vermisən,
Övlad itkisidir... Övlad! – görmüsən..!
Demə, çiçək əkib, xəzan dərmisən;
Nə ağlamaq olur, nə gülmək, anam...

Ağlama desəm də kar etməyəcək,
Bu acı qəlbindən heç getməyəcək;
Qarışıq yuxular heç bitməyəcək,
Nə ağlamaq olur, nə gülmək, anam...

Gecənin yarısı xəbər almısan,
Səsizcə, heyrətlə donub qalmısan;
Bulud tək qaralıb, göy tək dolmusan,
Nə ağlamaq olur, nə gülmək, anam...

Qara saçlarına düşübdü ağ dən,
Övlad qisasını alacaq Vətən;
Adını tarixə yazacaq Vətən,
Nə ağlamaq olur, nə gülmək, anam...

İgidlərim, ərənlərim, mərdlərim

Göyə qalxdı silahların tüstüsü,
Ürəyimdə torpağımın istisi,
Hər tərəfdə igidlərin gur səsi,
İgidlərim, ərənlərim, mərdlərim.

Düşmənləri ayağıma sərdilər,
Yaxşı gündə, dar gündə də birdilər.
Vətən üçün canlarını verdilər,
İgidlərim, ərənlərim, mərdlərim.

Şəhid oldu neçə-neçə igidim,
Neçə dünya olsa sığışmaz dərdim;
Azadlıqdır mənim eşqim, qismətim,
İgidlərim, ərənlərim, mərdlərim.

Düşməndən qisasım mütləq olacaq

Dağıldı bağçalar, sovruldu bağlar,
Dağlar dilə gələr, körpələr ağlar...
Sizədir güvənim, ey uca dağlar,
Düşməndən qisasım mütləq olacaq!

Elimin dünyaya düşüb harayı,
Gözümə görünməz düşmənin sanı;
Hazırdır əlimdə kamanın yayı,
Düşməndən qisasım mütləq olacaq.

Axır boz torpağa gözümün yaşı,
Sızlayır yurdumun torpağı daşı.
Dözməz bu dərdlərə türk vətəndaşı,
Düşməndən qisasım mütləq olacaq.

Şahbuzum

Hər daşında tarix yatır Şahbuzun,
Batabatdan əskik etməz qar, buzun;
Vüqarlıdır hər oğulun, hər qızın
Hər evində igid yatan Şahbuzum.

Məmməd Araz sinən üstə böyüyüb,
Vətən onun şöhrətilə öyünüb,
Onun adı sinələrdə döyünüb,
Büsatını büsat qatan Şahbuzum.

Dağ daşına Günəş şüa saçanda,
Batabatda əlvan güllər açanda,
Qayalarda ceyran, cüyür qaçanda,
Üzüm gülər doğma Vətən, Şahbuzum.

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə