Xanverdi Turaboğlu
 
 Azərbaycan müəlliflərdən M.C.Cəfərov, C.Cəfərov, K.Talıbzadə, S.Əsədullayev, X.Əlimirzəyev, B.Nəbiyev, Yəhya Seyidov, M.Adilov, Y.Qarayev, Elçin, A.Səfiyev, Y.İsmayılov, İ.Vəliyev, T.Mütəllimov, C.Nağıyev, Ə.Bayramov, A.Nəbiyev, M.Qasımlı, N.Şəmsizadə, Q.Bayramov, B.Əhmədov, İ.Rəhimli, M.Əlizadə, A.Dadaşov, A.Məmmədov (Əmrahoğlu), M.İmanov, Ə.Ələkbərli, V. Verdiyev (Sultanlı) və digərləri bu və ya digər münasibətlə psixologizm, psixoloji təhlil məsələsinə toxunaraq ümumi nəzər yetirməklə yanaşı, eyni zamanda problemə elmi-nəzəri konseptual yanaşmaları ilə diqqəti çəkir.
Xalid Əlimirzəyev psixologizm, psixoloji təhlil, psixoloji xüsusiyyətin ədəbiyyatımızda tarixən mövqeyinə, onun nəzəri-estetik dərkinə xüsusi olaraq önəm verir, doğru olaraq xatırladır ki, psixoloji xüsusiyyət, təhlil heç də kənarda deyil, əsərdə özünü göstərən bədii idrakın, təfəkkürün mürəkkəb psixoloji təkamülündən yaranan ciddi keyfiyyət dəyişikliklərindən, onun ifadə və təsvir çalarlarının yeni rəng, boyalarla təqdimindən başlanır. Bunu müəllif sənətkarlığın məziyyəti kimi dəyərləndirir.
Alim yazır: «Psixoloji xüsusiyyət, ədəbiyyatımızda yeni bir anlayış deyildir… Onun ədəbiyyatımızda dərin tarixi kökləri və özünəməxsus ənənələri vardır. Söhbət bədii yaradıcılıqda psixoloji anlayışdan daha çox onun məzmununda, mahiyyətində baş verən ciddi keyfiyyət dəyişikliklərindən, ifadə və təsvir çalarların yeni rənglərlə, boyalarla zənginləşməsindən gedir. Bu yenilik, hər şeydən əvvəl, zamanın ruhu ilə adamlarımızın idrakında, təfəkküründə, mənəvi aləmində baş verən mürəkkəb psixoloji təkamüllə bağlıdır… Psixoloji təəssürat sənət əsərlərinə kənardan gətirilib daxil edilmiş bir xüsusiyyət deyildir. O, obrazların mənəvi-psixoloji aləminin real təzahürü, hadisələrin, bütünlükdə bədii təsvirin daxili keyfiyyəti və sənətkarlığın əsas məziyyətlərindən biri kimi meydana çıxır [7,səh. 204-205].
X.Əlimirzəyevin digər əsərlərində də [6], [8] psixololgizm, psixoloji təhlil məsələsinin bu və ya digər cəhətdən problemin mühüm tərəflərinə aydınlıq gətirilir.
Hissi, emosional və intellektual münasibətlərin, davranışların bir vəhdət, küll halında bədii ifadəsini «Kitabi Dədə Qorqud» dastanı və Nizami əsərlərində müşahidə edən tədqiqatçı maraqlı elmi-nəzəri ümumiləşdirmələri və konseptual mühakimələri ilə diqqəti çəkir.
Müəllif haqlı olaraq bu qənaətdədir ki, «Dədə Qorqud» dastanında təqdim olunan cəmiyyətin iyirmi dörd bərabərhüquqlu tayfa birliyindən ibarət icmanın [6,səh.15] və ya müəyyən qismdəki…real həyati faktlar əsasında hər birinin xarakteri, xasiyyəti … insani xüsusiyyətləri, rəftar və davranış normaları yığcam şəkildə bədii- psixoloji təhlildə açılır [6,səh.20]. Bu baxımdan insan, fərd, şəxsiyyət onu əhatə edən mühitin, cəmiyyətin fonunda özünü axtarır, tapır, özünü dərk və təsdiq edir. X. Əlimirzəyev dastanda qoyulan problemi məhz həmin yöndən araşdırır.
Qazan xan və onun ailəsi ilə bağlı səhnələrdə obrazlar müəyyən psixoloji situasiyadan keçirilərək özünəxas xarakterik cəhətləri ilə qabardılıb üzə çıxır. Qazan xanın arvadı Boyu uzun Burla xatunu düşmənlərin məqsədli şəkildə ələ keçirib intiqam alması, oğlu «Uruz misli görünməmiş dərəcədə ağır psixoloji cəhətdən mürəkkəb bir vəziyyətə düşməsi, eyni zamanda «ər namusu ilə oğul məhəbbəti» arasında qalan, hər ikisini itirmək təhlükəsi qarşısında böyük daxili sarsıntı keçirən Burla xatunla ilişik səhnələri» [6,səh.46] xatırlamaq kifayətdir.
Dastanda iştirak edən başqa surətlər barədə bu və ya digər baxımdan müəllif qənaətləri fikrimizi doğruldan məqamlara daha çox üstünlük qazandırır və aydınlıq gətirir.
Dastanda əksini tapan Oğuz cəmiyyəti təkcə hünərin, igidliyin, qəhrəmanlığın hesabına yaşamır, həm də ağlın, zəkanın gücünə arxalanır, daha çox onun prinsipləri əsasında təşəkkül tapır, formalaşır…bu isə heç şübhəsiz o dövrdəki Oğuz cəmiyyətinin … intellektual səviyyəsindən…xəbər [6,səh.18-19].
Dədə Qorqud, Bayandır xan, Qazan xan təsvir olunan mühitin və onun mənəvi və hüquqi əsaslarının təşkilində, idarə olunmasında [6,səh.17] xüsusi fəallıq və intellektuallıq nümayiş etdirmişdir.
Hissi-emosionallıqla intellektual münasibətlərin, davranışların bir vəhdət halında bədii ifadəsi, əvvəldə qeyd edildiyi kimi, dahi Nizami əsərlərində də özünəməxsus bədii-estetik keyfiyyəti ilə qabardılır.
X.Əlimirzəyev Nizami əsərlərində müəyyən psixoloji xüsusiyyəti ilə təsvir olunan insanın «daxili aləmində həmişə bir-birinə zidd iki qüvvənin üz-üzə dayandığını» müşahidə edir. Bunlardan birincisi, xeyirxahlıq, ədalət, ləyaqət, mərhəmət, ülviyyət kimi müsbət, digəri isə paxıllıq, xəbislik, qəddarlıq, tamahkarlıq kimi mənfi keyfiyyətlərdir [8,səh.16-17].
Nizami Gəncəvinin insan konsepsiyası alimin nəzərincə, şairin əsərlərində təsvirə çəkilən obrazlar aləminin bədii-psixoloji təhlilində, insan, fərd, şəxsiyyətlə ətraf mühitin qarşılıqlı əlaqəsi ilə birgə bir küll halında alınaraq qavranılır. Ona görə ki, «Dünya ziddiyyətlər üzərində qurulub. Onun bir üzü işıq, bir üzü qaranlıqdır… Dünyanın gərdişini, məzmun və mahiyyətini düzgün anlamaq üçün onu tam halda həyat və cəmiyyət hadisələri ilə vəhdətdə qavramaq, dərk etmək lazımdır» [8,səh.18].
Nizaminin əsərlərində müşahidə olunan bədii-psixoloji təhlildə şairin «insanın mənəvi aləminə dair görüşləri sistemində ülviyyət məsələsi önə çəkilir. Ülviyyət insanın könül dünyasına xas olan bütün ali keyfiyyətlərin, ictimai məziyyətlərin əsası…əqli-mənəvi təkamülün ən yüksək formasıdır. Ülviyyət … həm də ruhani aləmlə, ilahi varlıqla bağlı bir anlayışdır. Bu anlayışa tam yiyələnmiş insan onu əhatə edən mühitlə öz mənəvi dünyası ilə yanaşı, ilahi gözəlliyi, onun ən parlaq təcəssümü olan Allahı…dərk etməyə, ona qovuşmağa çalışır. İlahi gözəllik, Allah işıq, nur mənbəyidir [8,səh.29].
İnsan mənəviyyatını işıqlandıran ali hisslərin, xüsusilə, könül dünyasının tacı olan ülviyyətin tapdalanması, itirilməsi bəşəriyyəti fəlakətə aparır. Onu tamah, hərislik, pula, qızıla ehtiras kimi mənəvi- əxlaqi qəbahətlərin quluna, əsirinə çevirir, simasızlaşdırır…tamah, hərislik…. ağlın, zəkanın, insan kamalının düşməni…bəşəri amallarla bir yerə sığmayan böyük ictimai bəla, mənəvi düşkünlük, zəiflik nişanəsidir [8,səh.31].
Bədii-psixoloji təhlildə «Şair könül dünyasını, insan mənəviyyatını obrazlaşdırır, onu nəcib, ülvi sifətlərə, ali bəşəri keyfiyyətlərə malik canlı varlıq, müqəddəs bir aləm kimi təsvir edir…insan…ağlının, zəkasının, hisslərinin…könül dünyasının quludur, həmişə hər yerdə onun təsiri altında yaşayır, hərəkət edir…O, saysız-hesabsız sirlər xəzinəsi, gözəl, pak duyğular yuvasıdır» [8,səh.12].
Nizami əsərlərində gözə çarpan davranışlarda, münasibətlərdə hissi-emosionallıqla intellektuallığın bədii ifadəsi daha çox önəm qazanır. Qəhrəmanlar ünsiyyətdə olarkən onları və eləcə də özlərini psixoloji baxımdan yaxından hiss edib tanımaq və başa düşmək üçün müxtəlif üsul və vasitəyə əl atır. Bunlardan biri və ən başlıcası fikirlərini bölüşmək naminə canlı dialoqa girmək əsas şərtdir.
Şairin əksər qəhrəmanları bədii psixoloji təhlil prosesində özünü və ətraf aləmi anlamaq, dərk etməkdə məhz bunu ən doğru yol hesab edir.
Nizami qəhrəmanları intellektual hiss, düşüncə, davranış, münasibət nümayiş etdirərək bu qənaətə gəlir ki, «maddi və mənəvi aləmdə mövcud olanların hamısını vahid bir qüvvə – eşq, məhəbbət adlı cazibə qanunu əbədi olaraq bir-birinə bağlayır. Onlar bu üzvi bağlılıq olmadan mövcud olmağa, yaşamağa qadir deyildirlər. Məhz bu bağlılıq, bu məhəbbət və cazibədarlıq müsəlmanı üzünü qibləyə çevirməyə, atəşpərəsti oda sitayiş etməyə, günəşi yer üzünə nur səpməyə, dənizi dalğaların göyə qaldırdığı damlaları öz qoynuna çəkməyə vadar edir» [8,səh.122].
Şairin qəhrəmanları düşünürlər ki, «…uca bir aləmdən gəlmiş can (ruh) torpaqdan yaranmış cismdə (bədəndə) qərar tutmamışdan əvvəl nur şəklində olmuşdur. O, heç zaman ölmür, sönmür. İnsan ömrünün sonu çatanda torpaqdan yoğrulmuş bədən yenidən dönüb torpağa çevrilir, ondan ayrılan can (ruh) isə öz əvvəlki yerinə, daimi məkana qayıdır. Cism itir, yox olur, can (ruh) əbədi yaşayır [8,səh.128].
Qəhrəmanlar intellektuallıq nümayiş etdirərək özünü və ətraf aləmi təhlildə maraqlı nəticə əldə edir. Onları narahat edən məsələlər artıq aydınlaşır, düşünürlər ki, «röya da xəyalın bir növüdür. O, xilqətin öz varlığından, şüurundan, hiss və duyğularından doğur, insanın yuxuda gördüyü canlı və cansız nə varsa, hamısı yalnız öz daxili aləminin məhsuludur [8,səh.129].
Bədnəzəri törədən vasitələrə, amillərə gəldikdə isə burada əsas şərt, səbəb ən çox hava ilə bağlıdır. Nəzər, şübhəsiz qarşısındakı şeylərə ancaq havadan keçərək təsir edir. Bu keçid prosesində o hava ilə birləşir, yeni güc, qüvvə kəsb edir, vahid zərbəyə çevrilir [8,səh.129].
Şairin qəhrəmanları eyni zamanda onu anlayır ki, «üzərriyin tüstüsü qara pərdə kimi bədnəzərin qarşısını tutmağa, havadakı zəhərli maddələri məhv etməyə qadirdir, onları zərərsizləşdirmək xassəsinə malikdir…göz dəyən bədnəzərdən xəstəliyə tutulmuş insanların yanında üzərriyi yandırmaqla onları düçar olduqları bu ağır bəladan xilas etmək olar [8,səh.130].
Buradan belə qənaət yaratmaq olar ki, intellektual davranışların, münasibətlərin bədii-psixoloji təhlilində obrazlar özünü və ətraf aləmi tanıyıb dərk etdikcə «bədii sözün gücü, qüdrəti, təsir dairəsi son dərəcədə geniş, sonsuz olduğu aydınlaşır. O, insanın şüuruna, mənəvi aləminə müxtəlif istiqamətlərdən təsir göstərməyə, onun təxəyyülünü, hiss və duyğularını istədiyi səmtə yönəltməyə qadirdir [8,səh.342].
BƏdii sözün gücü müqabilində Xosrov obrazının psixoloji təhlilində onun şəxsiyyəti, daxili aləmi dinamik inkişafda, şübhə və tərəddüdlərlə dolu gərgin psixoloji mübarizələrdə, mürəkkəb insan taleləri ilə daim təmasda, müxtəlif hadisə və münaqişələrin, real həyati qayğı və ehtiyacların axarında açılır, təqdim olunur [8,səh.147]. Eləcə də yeddi gözəlin dilindən təqdim olunan hekayələrdə…real həyati münasibətlər, canlı insan xarakterləri və insan taleləri fonunda dərin təsirli psixoloji detallar son dərəcədə gərgin dramatik epizodlar, mənəvi iztirablar və sarsıntılar əsasında araşdırılır, şərh edilir [8,səh.248].
X.Əlimirzəyevin elmi araşdırmalarından aydın olur ki, psixologizm, psixoloji təhlil, psixoloji xüsusiyyət tarixən bədii ədəbiyyatın üzvü hissəsi olaraq onun ədəbi-estetik keyfiyyəti kimi çıxış edir.
C.Nağıyev “Kitabi-Dədə Qorqud”da psixologizm” adlı məqaləsində probleminin öyrənilməsi istiqamətində həmkarı X.Əlimirzəyevin mövzu ilə bağlı fikirlərini təsdiqləyən bəzi mühüm məqamlara aydınlıq gətirir.
Alim haqlı olaraq problemin çözülməsində ilk öncə, qədim dövrlərin folklor, əsatir nümunələri, o cümlədən, “Kitabi-Dədə Qorqud” dastanı üzərində apardığı müşahidələrə geniş yer verir və bu istiqamətdə elmi təhlillərini davam etdirərək maraqlı elmi nəticələrin əldə olunmasına nail olur.
C.Nağıyev yazır: “hər bir xalqın folklorunda və əsatirində qədim dövrlərdən başlayaraq insanın mənəvi aləminin təsviri həmişə diqqət mərkəzində olmuş, onun hiss və həyəcanı, sevinc və kədəri, sevgi və nifrəti, eləcə də çətinliyə düşərkən tərəddüdləri, götür-qoy etməsi, ruhi sarsıntılar keçirməsi bədii söz sənətinin özəyini təşkil etmişdir. Çox mürəkkəb, zəngin və maraqlı insan psixologiyasının açılması, bədii əsərlərin ideya məzmununu, təsvir formalarının və təsir qüvvəsinin güclənməsinə, sənətkarlığının dərinləşməsinə səbəb olmuşdur” [13, səh.53].
Bu baxımdan C.Nağıyev “Kitabi-Dədə Qorqud”da müşahidə etdiyi psixologizm probleminin qoyuluşu və öyrənilməsində 7 mühüm cəhətə diqqət yetirir: a) xalq psixologiyası; b) dramatizm – vəziyyətin gərginliyi: ağlamaq-yas tutmaq; sevinmək (qaç-qaç gülmək); c) yuxugörmə; ç) əvvəlcədən duyma – ürəyədamma; d) oğul öldürmə; e) qeyrət, namus, şərəf; ə) dəlisovluq psixologiyası.
Fikrimizcə, C.Nağıyevin təqdim etdiyi yuxarıda qeyd olunan 7 mühüm cəhət nəinki “Kitabi-Dədə Qorqud”da, eləcə də, bu ədəbi abidə daxil olmaqla bütünlüklə ədəbiyyat tarixi kontekstində psixologizm probleminin öyrənilməsi istiqamətində mühüm addım sayıla bilər.
Bu baxımdan həmçinin C.Nağıyevin fikrincə, “folklor əsərləri xalqın müxtəlif nəsillərinin birgə yaradıcılıq barı olduğundan və bu əsərlərdə təsvir olunan bir sıra hadisələr xalqın tarixi ilə səsləşdiyindən, həmin əsərlərdən çıxış edərək el yaradıcılığının tarixi poetikasını və tarixi psixologiyasını öyrənmək, üzə çıxarmaq mümkündür” [13, səh.53]. Hətta bu cəhətdən, C.Nağıyevin qənaətinə görə, “dünya ədəbiyyatının nadir incilərindən olan “Kitabi – Dədə Qorqud” dastanları qədim türkdilli qəbilələrin, orta əsrlərdə yaşamış oğuz tayfalarının, eləcə də, bu qrupa daxil olan əksər xalqların, xüsusilə, azərbaycanlıların psixologiyasını, əsatirini, tarixini və mədəniyyətini öyrənmək üçün çox qiymətli bədii material və faktlarla zəngindir” [13, səh.53].
C.Nağıyev müşahidələrinə görə, doğru olaraq bu qənaətə gəlir ki, əslində, ““Kitabi-Dədə Qorqud” boylarında asanlıqla şamanizm (qamçılıq) dünyagörüşünün və nə vaxtlarsa, oturaq həyat sürən, şəraitlə bağlı olaraq bir müddət oturaq, sonra isə köçəri həyat sürən qədim türklərin əcdadları sayılan şumerlərin və hunların psixologiyasının izlərinə rast gəl”mək [13, səh.53-54] mümkündür.
Bu baxımdan türkdilli xalqların ümumu dünyagörüşünü, psixologiyasını özündə ehtiva edən “Kitabi - Dədə Qorqud” C.Nağıyevin fikrincə, “qəhrəmanlıq dastanı olduğuna görə, burada igidlik, cəsurluq, mərdlik, azadlıq ehtirası ilə yanaşı, qorxaqlıq, satqınlıq, namərdlik, ikiüzlülük kimi zidd olan xüsusiyyətlər təsvir olunmuşdur” [13, səh. 54].
C.Nağıyev həmçinin dastanda müşahidə etdiyi psixologizmin mühüm tərkib hissəsi kimi çıxış edən yuxugörmə və əvvəlcədən duyma-ürəyədamma hadisəsi ilə bağlı maraqlı mülahizələri ilə diqqəti çəkir.
C.Nağıyevin fikrincə, “yuxugörmənin real təcrübə ilə əlaqəsi az olsa da, bəzən, o, konkret həyati hadisələrdən doğur. Yuxu görmə yolu ilə adam uzaq məsafədə olan bir hadisədən xəbət tuta bilər, gələcəkdə baş verəcək təhlükənin və yaxud şad xəbərin yaxınlaşdığını duy”duğu halda, əvvəlcədən duyma – ürəyədamma hadisəsində “yuxugörmədən fərqli olaraq, ... gələcəkdə baş verəcək hər hansı bir hadisə, təhlükə və yaxud xoş xəbər yatarkən yox, ayıq vaxtı adamın ürəyinə damır. Bir hadisənin olacağını sanki adama xəbər verirlər. Ürəyədamma hadisəsi adətən həyatda özünü döğruldur. Bu psixoloji məsələ “Kitabi – Dədə Qorqud” dastanlarında öz əksini tapmışdır” [13, səh.56-57].
Tanınmış psixoloq-alim Əkbər Bayramov Xalid Əlimirzəyevin və C.Nağıyevin qənaətini möhkəmlədən mülahizələrində problemə elmi- metodoloji cəhətdən kompleks yanaşmaları ilə diqqəti çəkir.
Müəllifin nəzərincə, sənətkarı fəaliyyətə təhrik edən hər bir şey onun beynində qavrayış, təfəkkür, təxəyyül, hiss şəklində əks olunur...bədii təfəkkür sahibi bir tərəfdən süjet xəttini fikirləşir, hadisələrin inkişaf perspektivlərini, əsərin əsas konfliktini müəyyənləşdirir, digər tərəfdən nəzərdə tutulan obrazların xarakterlərini, münasibətlərini aydınlaşdırır [2,səh.134].
Alim bədii əsərdə spesifik cəhəti ilə seçilərək onun mahiyyətinə çevrilən psixoloji təhlilin əhəmiyyətinə diqqəti artırır.
Müəllif hesab edir ki, «psixoloji cəhətdən əsaslandırma, daxili təhlil bədii əsərdə mühüm məsələdir, əsərin bədii təsir qüvvəsi məhz bu amilin hansı dərinlikdə həll olunmasından asılıdır» [2,səh.136].
Ə.Bayramova görə, «hər bir bədii əsərin mərkəzində insan durur….bədii əsərin əsas məziyyəti, insan psixologiyasının düzgün, dərin əks etdirilməsindədir» [2,səh.162].
X.Əlimirzəyevin ədəbiyyatmızda psixoloji xüsusiyyətin heç də yeni anlayış deyil, əksinə, onun ədəbi həyatımızda dərin tarixi kökləri və özünəməxsus ənənələri olması iddiasını təsdiqləyən müəlliflərin (Əkbər Bayramov və Əbdül Əlizadə) nümunələr əsasında inkar edilməyən maraqlı elmi nəticələri diqqətdən yayınmır.
Əkbər Bayramov və Əbdül Əlizadənin birgə hazırladıqları «Psixologiya» kitabında psixoloji anlayış və təsəvvürlərin təşəkkülü və formalaşması Azərbaycan ədəbiyyat tarixi kontekstində alınaraq tədqiqata cəlb edilir.
Müəlliflər bu qənaətdədir ki, hələ şifahi xalq ədəbiyyatında özünəməxsus yer tutan keçəl, küpəgirən qarı, kosa obrazları uzun müddət xalqın müəyyən sosial etalon və stereotiplərini ifadə etməsi, lətifələrimizdə xalqın müxtəlif sosial hadisələr haqqındakı ictimai rəyi, məsələn, Bəhlul Danəndə, Molla Nəsrəddin kimi praktik psixoloq kimi el-oba içərisində əsl insan sərrafı tək tanınması, Azərbaycan nağılları və dastanlarındakı müxtəlif psixoloji hadisələr, deyək ki, vəzir, vəkil və başqa obrazlar xalqın müəyyən sosial qrup və təbəqələr barədə təsəvvürlərini genişləndirir [3,səh.56].
Müəlliflərin mülahizələrində Avestada ruh və psixi hadisələr haqqında müxtəlif məzmunlu təsəvvür və ideyaların, «Kitabi Dədə-Qorqud»da insanın müxtəlif emosional halətlərin təsvirə çəkilməsi, davranış normalarında özünü göstərən xəyanət, həsəd, qorxaqlıq, fərarilik kimi mənfi sifətlərin tənqid olunması da ədəbiyyat tariximizdə əksini tapan daşlaşmış psixoloji təsəvvür və təhlillərin formalaşmasından xəbər verildiyi önə çəkilir [3,səh.56].
Müəlliflərin bu fikri bir daha təsdiq edir ki, psixoloji təhlil, hal, məqam, vəziyyət bədii sənətlə daim sıx vəhdətdə mövcuddur. Psixoloq alimlər haqlı olaraq iddia edirlər ki, «Kitabi Dədə-Qorqud» dastanı münasibətlərin, davranışların psixoloji təhlili cəhətdən qabarıqlığı ilə yadda qalır. Qazan xan oğlunun öz yoldaşlarını vuruşma meydanında qoyub qaçdığını fikirləşəndə ona ağır cəza verməyi üstün tutması epizodunu xatırlayaq.
Müəlliflərin qənaətinə görə dastan «nəinki tayfadaxili və tayfalararası münasibətlərin psixoloji təhlili, həm də müxtəlif sosial-psixoloji vəziyyətin, xüsusilə, stres şəraitində qrup üzvləri arasında münasibətlərin təsviri baxımından önəmlidir» [3,səh.57].
Müəlliflər Xaqani, Nizami, Nəsimi, Füzuli, A.A.Bakıxanov, M.F. Axundov, M.Ə. Sabir, C. Məmmədquluzadə, Ü.Hacıbəyov əsərlərində qabarıq müşahidə olunan psixoloji təhlil məsələsinə də toxunur [3,səh.57-60].
Alimlərin araşdırmalarına görə Nəsimi yaradıcılığında özünü inamla təsdiq edən insan mürəkkəb struktura malik genetik, həm də sosial cəhətdən şərtlənmiş dərin fərdiyyəti olan şüurlu varlıqdır…bu amillər insan davranışını şərtləndirir, lakin şəxsiyyətin formalaşmasında üstün mövqeyi həyatda qazanılan keyfiyyətlər təşkil edir. Insani keyfiyyətlərin təşəkkülü daha çox tərbiyə və özünütərbiyədən asılıdır. O, insani münasibətlərin təhlilində də bu cəhətdən yanaşır…şəhvət, qəzəb, həsəd, təkəbbür…hərislik və s. kimi insanı alçaldan hisslərdən uzaq olmağı xüsusi olaraq qeyd edir [3,səh.59].
Ümumiyyətlə, «Nəsiminin insan konsepsiyası”nda daha çox mühüm yeri onun özünüdərketmə haqqında ideyası tutur…Hürufilik təlimində özünüdərketmə insanın özünü təkmilləşdirmə sisteminin əsasını təşkil edir. Özünüdərketmə sayəsində insan daxilən təmizlənir, paklaşır, yararlı, fəal varlığa çevrilir [2,səh.181]. «… freydizmdə özünütəhlil, özünümüşahidə, insanın mənəvi və sosial həyat mexanizmlərindən bioloji amillərin üstünlük qazanması qənaətinə gətirib çıxarır. Həmin bioloji mexanizmlər insanın rəftar və davranışını,…yaradıcı fəallığını təyin edir. Bu, əslində, insanı başqa bioloji varlıqlarla, xüsusən, heyvanlarla yaxınlaşdırmaq cəhdidir. Nəsimi isə bütün yaradıcılığı boyu belə bir meyldən aralanmağa çalışır… insanı heyvani instinktlərdən uzaqlaşdırmağa çalışır» [2,səh.188].
Füzulidəki Leylinin şam, pərvanə, bulud, Məcnunun isə ceyran, göyərçin, dağ ilə söhbətləri də psixoloq müəlliflirin nəzərincə, dünya ədəbiyyatında psixoloji təhlilin parlaq nümunələri hesab olunur [3,səh.59].
Ədəbiyyatda psixoloji əksetdirmənin, xüsusiyyətin bir küll halında üzə çıxması ilə bağlı mülahizələrində konseptual yanaşmaları ilə diqqəti çəkən tanınmış folklorşünas alim Azad Nəbiyev təsdiq edir ki, «söz sənəti xalq təfəkkürünün erkən çağlarından başlayaraq inkişafın müxtəlif dövrlərini və mərhələlərini, milli məişət həyatını və xalqın milli psixologiyasını özündə əks etdirir» [14,səh.23].
Alimin araşdırmalarına görə, «ağız ədəbiyyatı xalqın psixoloji dünyası, etik-estetik dünyagörüşü ilə sıx bağlı olmuş, qabaqcıl ideallar, humanist görüşlər zəminində yaranıb formalaşmış… Bədii təfəkkür inkişaf etdikcə insanın intəhasız hisslər və duyğular dünyasını əks etdirən yeni bədii nümunələr yaranmışdır. ... «erkən etnosun yaratdığı rəmzlər, simvollar sistemi, mif yaradıcılığında …hiss və emosiyaların simvolik təcəssümünü doğurur, erkən təfəkkürün intellektual səviyyəsini öyrənməyə xidmət edirdi [14,səh. 132].
Demək, intellektuallıqla hisslər aləminin qovuşaq bədii ifadəsi söz sənətinin ilkin dövrlərindən başlayaraq onun ayrılmaz üzvi hissəsi kimi çıxış edir.
Yuri Boryevin bədii əsərin növü, tipinə görə intellektuallıqla psixoloji analiz kimi iki yerə ayrıldığını təsdiqləyən müddəası bu baxımdan elmi-nəzəri və metodoloji və ya məntiqi cəhətdən özünü doğrultmur.
Söz sənəti hisslər, fikirlər aləminin assosiativ daxili analoji rabitə, əlaqədə bədii ifadəsi olmaqla əqli-intellektual səviyyənin, fikrin, hissin, düşüncənin və davranışların, münasibətlərin formalaşmasına bu və ya digər cəhətdən zəmin yaradır.
Deməli, bədii məhsul kimi meydana çıxan əsər eyni anda psixoloji analiz, psixoloji təhlil funksiyasını yerinə yetirir, insanda zəngin ali hisslərin, düşüncələrin, hərəkətlərin, davranışların, münasibətlərin formalaşmasına geniş yer ayırmaqla intellektual səviyyənin yüksəlməsinə nail olur.
İntellektuallıqla psixologizm, psixoloji təhlil bu halda əsərin bütövlüklə mahiyyət və məzmununa çevrilir.
Bizim fikrimizcə, şifahi xalq yaradıcılıq nümunələrində özünü göstərən psixoloji təhlildə, məsələn, atalar sözü və məsəllər, yanıltmaclar, sınamalar, tapmacalarda epik və əqli intellktual-fəlsəfi psixologizm onun bədii mahiyyətinə çevrilirsə, bayatı, nağıl və dastanlarımızda lirik-romantik və ya dramatik-epik məzmuna malik psixoloji təhlil, psixologizm daha çox üstünlük qazanır.
Ümumiyyətlə, ədəbiyyatı psixologizmdən kənar qavramaq mümkün deyil, o, sənətin, ədəbi həyatın daxili qanunauyğunluğunu tamamlayan və tənzimləyən bütöv, tam, vahid ədəbi estetik komponenti olaraq onun üzvi hissəsini təşkil edir.
Bu baxımdan psixoloji təhlilin ağız ədəbiyyatı nümunələrində spesifik cəhətini araşdıran tədqiqatçılar haqlı olaraq hesab edir ki, «hadisələr üzərində hökmranlıq idealı ilə yaşayan insanda onları qavramaq, başa düşmək, özünə tabe etmək duyğuları yaranır. Bu duyğular isə insanın ilk inanc və etiqadlarını, ayin və mərasimlərini yaratmış, həmin çoxcəhətli düşüncə şəcərələri özünün rəngarəng modelləri ilə şifahi yaradıcılıqda əksini tapmışdır» [14,səh.248].
Bunların içərisində özünəməxsus yer tutan inanclar sınamalar nəticəsində qətiləşən hökmlərin bədii ifadəsidir.
Sınama xalq yaradıcılığının alqış, qarğış, əfsun, cadu, fal, atalar sözü kimi janrların yaranmasında…mühüm rol oynamışdır [14,səh.248]. Məsələn, xalq ədəbiyyatının nümunələrindən biri sayılan «əfsun sözün gücünə inamı əks etdirən bir janrdır. Bu janrda oxşar səslər, sözlər vasitəsilə insan psixikasına, təbiət qüvvərinə təsir göstərir, sözün gücü, təsviri inamın təntənəsinə çevrilir» [14,səh.324].
Məhz psixoloji təhlil və vəziyyətin bədii ifadəsi olan «magik poeziyanın, eləcə də əfsun və ovsunun insan təkamülündəki ən başlıca xidmətləri… qorxu vahiməsini aradan qaldırmaqda, insanda qorxusuzluq düşüncəsinə inamı bərpa etməkdə cəngavər, mübariz və vətənpərvər nəslin yaranmasındakı əhəmiyyəti idi» [14,səh.330].
Bundan əlavə, nəzəri fikrə görə, ağız ədəbiyyatında müəyyən psixoloji vəziyyəti özündə ehtiva edən və onun bədii təcəssümü olan «yuxu, gözəgörünmə, göstərmə, eymənmə, ürəyədamma, ruh, qarabasma və s. kimi şifahi yaddaş üçün yeni olmayan arxaik düşüncə etnosun nitqində sözlə nəql edilən, ifadə olunan özünəməxsus ölçüləri və parametrləri olan bədii modellər yaratmışdır» [14,səh.283].
Şifahi xalq yaradıcılığında xüsusi yer tutan gözəgörünmələr müəyyən psixoloji vəziyyətin bədii ifadəsində «insanı əhatə edən mühit insan gözünün görə bilmədiyi rəngdə olan mikroaləmlə zəngindir. Psixi dərketmədə nəzərə çarpacaq hər hansı dəyişiklik məqamında insan həmin canlıları kiçik və böyük ölçülərdə görür və vahimələnir» [14,səh387].
Ümumiyyətlə, «eyni və oxşar psixoloji məqamların bədii təsəvvürdə yaratdığı qorxu, vahimə, stress tezliyinin… həcmi bir məqamda eymənmə yaradırsa, başqa məqamlarda qarabasma və ürəyədamma modeli yaradır və onu əhatə edən mətn kiçik janr kimi formalaşır» [14,səh.390].
Azad Nəbiyev bir maraqlı müddəasında haqlı olaraq israrlıdır ki, «emosional ifadələr və ya deyim tərzləri, pantomim hərəkətlər, him-cimlərlə fikrin ifadə vasitələri… ifadə edilmiş fikrin sadəcə olaraq psixoloji məqamların dürüstləşməsinə və tamamlanmasına xidmət edir» [14,səh. 482].
Folklorşünas alim Məhərrəm Qasımlının qənaətləri də Azad Nəbiyevin ümumiləşmiş elmi-nəzəri konseptual müddəaları ilə tamam üst-üstə düşür.
Duyğuların, hissi-emosional hal və vəziyyətin, davranışların bədii mifik, mistik-estetik ifadəsi qam-şamanda daha qabarıq şəkildə mövcuddur.
Şifahi xalq yaradıcılığının ayrılmaz tərkib hissəsi olan qam-şaman hadisəsi tükənməz bədii estetik təsir gücünə və dərin təlqinedici fövqəladə magik qüvvəyə (öncə duyum, yüksək ekstaz, sehr, əfsun) aparıcı, öndə olan və intellektual başlanğıca malikdir.
Tədqiqatçı Qam-Şaman hadisəsinin bədii-psixoloji təhlildə onun üstün cəhətinə diqqəti artıraraq xatırladır ki, əslində «ilkinliyə, soy-kökə məxsus mifoloji dünya duyumun əsas axarları tarixi genetik özümlüyün aparıcı, hərəkətverici impulsları, etnopsixologiyanın milli spesifik keyfiyyətləri məhz Qam-Şaman dünyasında, onun ayin və mərasim strukturunda, söz və magiya aləmində hərəkət, davranış ölçülərində, gerçəkliyə münasibət biçimlərində bərqərardır» [11,səh.14].
«Çoxçeşidli fəaliyyəti və hadisələrə dinamik nüfuzetmə imkanları baxımından qam-Şaman [11,səh.14] müəllifin hesab etdiyi kimi, «musiqi-söz-rəqs magiyasının əsas ifaçısı və təmsilçisi olmaqla «qəbilənin, tayfanın, ümumiyyətlə, toplu halında yaşayan ibtidai icmanın müşkülünü həll edir…gələcəkdən xəbər gətirən, mənsub olduğu toplumu (etnosu) bəd ruhlardan, qorxu və bəlalardan qoruyur, xəstələrə şəfa verən bilici – yolgöstərici olaraq, icmanın ali təbəqəsinə daxil edilir. Rəhbər – idarəedici özəkdə əsas yerlərdən biri olan ruhani xadim vəzifəsinə yüksəlir» [11,səh.10].
Elmi-nəzəri təsəvvürlər sisteminə görə, qam-şaman mifoloji mərasim icrasında…bədii sözün gücündən estetik-psixoloji vasitə kimi istifadə edir [11,səh.18-19].
Qam-şamançılıqda bədii söz müəyyən psixoloji təhlil, hadisə, proses, hal, məqam vəziyyətlə yüklənərək müşayiət olunduğundan onda lazım olan yüksək təlqin və ya sirayətedici qüvvənin aşkarlanmasına səbəb olur.
Buradan aydın olur ki, bədii söz yüksək estetik keyfiyyət daşıyaraq bu və ya digər tərəfləri ilə meydana çıxan müəyyən psixoloji hadisə, vəziyyət, məqamdan doğulur. Psixoloji hadisə, proses, hal, məqam, vəziyyət həm yaradıcı şəxsin daxili psixoloji, mənəvi dünyası, həm də eyni zamanda yaratdığı obrazların ətraf mühitlə əlaqəli tərəflərində aşkarlanan hissi-emosional və intellektual münasibətlərin, davranışların üzvi vəhdətində gerçəklənir.
Aydın Dadaşov problemin çözülməsi istiqamətində başlanğıc olaraq Ziqmund Freydin Psixoanalizə giriş barədə mühazirələrin, psixanaliz eksperimentlərin təsiri axarında formalaşmış fikirlər üzərində qurur.
Tədqiqatçının nəzərincə, «şüuraltı aləmin kodlarını bədii ifadə vasitəsinə çevirən və qloballaşmanın ilkin mərhələsini təşkil etməklə yanaşı, etnik, milli, sosial mədəniyyətdən asılı olmayaraq bütün insanların problemlərini özündə birləşdirən psixologizm ədəbiyyat və sənətə sirayət etməsinə səbəb oldu» [4,səh. 169-170].
Müəllifin qəbul etdiyi bu psixologizm anlayışında «demokratiyanın sənət ekvivalenti sayılan və müxtəlif sənət sahələri arasındakı sərhədləri dağıdaraq onların ifadə vasitlərinə yiyələnən modernist baxışa üstünlük verir» [4,səh.208].
Avstriyalı psixiatr həkim Ziqmund Freyd (1856-1939) «Psixoanalizə giriş», «Yuxugörmə təkanı», «Mən və onlar», «Totem və tabu» əsərlərində əsasən yaradıcı şəxsin, insanın bütövlüklə fəaliyyətini, o cümlədən bədii yaradıcılığını tənzimləyən instinktin idarəsi altında fikirlərini həyata keçirməsini önə çəkir.
Freydə görə, sənət xüsusi halda, məişət seksual enerjisinin, fantaziyanın məhsulu olan obraza keçməsinin nəticəsindən yaranır. O, sosial kökdən deyil, bioloji kökdən rişələnir və qeyri- şüuri xarakter daşıyır. Freydizm yaradıcılığı həyatdan və şüurdan təcrid edir, onu kortəbii, idarə olunmayan gücə çevirir və bütün bədii əsərlər seksual mənbəyə malikdir. Onlar simvollala idarə olunur [19, səh.32].
Fikrimizcə, söz sənətinin sonrakı inkişaf dövrlərində həmin modernist baxışla yüklənmiş psixologizmi bəlkə də yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək olardı.
Ümumilikdə isə psixologizm bütün çoxcəhətli tərəfləri ilə söz sənətinin bədii-estetik prinsipi kimi doğularaq bir küll, vəhdət halında formalaşmışdır.
Zənnimizcə, Ziqmund Freydin «Psixoanalizə giriş barədə mühazirələrim» əsərinə qədər dünya ədəbiyyatı onun tərkib hissəsi kimi meydana gələn psixologizm və ya psixoloji analizin sayəsində və ya müəyyən psixoloji xüsusiyyəti ilə doğularaq təhlilə çəkilən obrazlar aləminin canlı bədii-psixoloji portreti ilə diqqəti çəkmiş, onlarda şüuraltı aləmin kodları bədii təsvir və ifadə vasitələrinə çevrilmiş, dünyanın, insanların taleyi problemləri ilə birgə bədii əsərlərin mahiyyət və məzmununa hoparaq əsrlər, minilliklər boyu daim izlənilmiş və izlənilməkdədir.
Ö.Xəyyam, M.Gəncəvi, Ə.Xaqani, N.Gəncəvi, İ. Nəsimi, M.Füzuli, V.Şekspir, L.Tolstoy, F.Dostoyevski əsərlərində yuxarıda qeyd etdiyimiz cəhətlər bu baxımdan qabarıqlığı ilə üzə çıxır.
Nizaməddin Şəmsizadə psixoloji təhlillə bağlı qeydlərində həmkarı Xalid Əlimirzəyevin psixologizmi sənətkarlığın əsas məziyyəti kimi dəyərləndirən müddəalarına bərabər eyni fikri təsdiqləyən yüksək elmi nəzəri baxış nümayiş etdirir.
Alim doğru olaraq bu qənaətdədir ki, psixologizm bədii təcəssümü müəyyən edən yaradıcılıq metodunun özünəxas sənətkarlıq axtarışları ilə əlaqələnir.
Tədqiqatçının nəzərincə, «qəhrəmanın zahiri təsvirindən uzaqlaşıb, daxili-psixoloji təhlilə keçid epoxası…insanı formalaşdıran həyatın, həm də onun bədii təcəssümünü müəyyən edən…yaradıcılıq metodunun sənətkarlıq axtarışları ilə bağlıdır» [17,səh. 43].
Arif Səfiyev də psixoloji təhlili bədii analitik təfəkkür tərzinin və ya həm də bizim fikrimizə görə, intellektual təfəkkür tərzinin əlaməti kimi düşünərək qəhrəmanın xarakterinin müəyyənləşməsində əsas cəhət hesab edir və bunu tədqiq etdiyi dövrün dramaturgiyasında özünü göstərən yeni poetik xüsusiyyəti kimi qəbul edir.
Alimin nəzərincə, «bədii-analitik təfəkkür tərzinin əlamətləri olan psixoloji təhlilin güclənməsi…bü cəhətdən…həyatın özündə mövcud olan zidd meyllərin qəhrəmanın daxili hərəkətində verilməsi, bədii konfliktin mürəkkəb, ziddiyyətli, insan xarakterlərinin qarşılaşdırılmasında ifadə edilməsi, ictimai problemlərin qəhrəmanın şəxsi taleyində, beləliklə də sosial-əxlaqi məsələlərin şəxsiyyətin daxili- mənəvi aləminin güzgüsündə əks olunması dramaturgiyada özünü göstərən yeni poetik əlamətlərdəndir» [16,səh.7].
Müəllif tədqiq etdiyi dövrün pyeslərində konfliktin artıq mürəkkəb insani münasibətlər üzərində qurulmasını müşahidə edir və aydınlaşdırır ki, «qəhrəmanın xarakterinin müəyyənləşməsi daha çox psixoloji təhlilə əsaslanır. Qəhrəmanın mürəkkəb və ziddiyyətli vəziyyətlərdən keçərək özünü dərk etməsi, bununla da müasir insanın mənəvi-əxlaqi münasibətlərin ifadəsi kimi meydana çıxır» [16,səh.74].
Demək, psixoloji təhlildə həm qəhrəmanın xarakteri müəyyən olunur, açılır, həm də eyni zamanda özünü və ətraf ələmi dərk etməyin və ya mənəvi-əxlaqi münasibətlərin bədii ifadəsi kimi şərtlənir.
İlham Rəhimli psixoloji təhlildə dil məsələsinə xüsusi olaraq önəm verir. Biz də öz növbəmizdə onun elmi-nəzəri və metodoloji yöndən məqsədəuyğun sayırıq ki, «təbii dil insanın daxili varlığının, dünyagörüşü və dünyaduyumunun, əqidəsinin, bir sözlə, psixoloji aləmin ilkin siqnalıdır…Qəhrəmanın inkişaf prosesində onun dili…psixoloji ovqatla, mübarizələrin, hadisələrin məntiqi tələbi ilə bərabər dəyişməlidir» [15,səh.92].
Müəllif fikrini əsaslandırmaq üçün digər çağdaş dramaturqlarla yanaşı İlyas Əfəndiyevin yaradıcılığı üzərində araşdırmalar apararaq bu qənaətə gəlir ki, «İlyas Əfəndiyev lirik-psixoloji dramaturgiyamızın banisi olduğu kimi, səhnə əsərində lirik-psixoloji dilin ilk yaradıcısıdır».
Onun nəzərincə, «...lirik-psixoloji üslub ailə-məişət, intim məsələləri, hətta ən kəskin həyat problemlərini sadə dillə, onun psixoloji imkanları ilə həll etmək üçün daha səmərəlidir. İ.Əfəndiyevin lirik-psixoloji pyesləri buna parlaq misaldır.
Müəllifə görə, lirik-psixoloji üslub və janr həmçinin dramaturqun öz fərdi keyfiyyətləri olan lirik-psixoloji dilini formalaşdırır» [15,səh.73].
Tədqiqatçının bir fikrini dəqiqləşdirmək istəyirik.
İlyas Əfəndiyev lirik-romantik məzmuna malik psixoloji dilin, üslubun və ya müasir Azərbaycan nəsr və dramaturgiyasının inkişafına nail olan yaradıcı şəxsiyyət kimi diqqəti çəkir. Liriklik, romantiklik onun əsərlərinin və qəhrəmanların ruhuna, canına hoparaq yaşanılmış hiss və həyəcanların, düşüncələrin, davranışların, münasibətlərin romantik qatında insan həyatına daxil olur, oxucuların bədii-estetik qavrayışı və duyumuna, dünyagörüşünə təsir edən gözəl insani duyğuların yaranmasına zəmin yaradır.
Fikrimizi təsdiqləyən müəlliflərdən akademik Kamal Talıbzadə İ.Əfəndiyevin yaradıcılığı ilə bağlı elmi müşahidələrinə əsasən qeyd edir: «lirik- romantik üslub İlyas Əfəndiyevin artıq fərdi üslubu kimi formalaşmışdır. Bu yaradıcılıq üslubunun formalaşmasında ədibin mövzuları, surətləri də əsas amillər kimi iştirak etmişdir» [18,səh.53].
Musa Adilov da psixoloji təhlil və ya psixologizm məsələsinin öyrənilməsində bədii dilin əhəmiyyətini dəyərləndirir. O, bu baxımdan M.F. Axundov dram əsərlərinin bədii dilində müşahidə olunan psixologizm məsələsinə aydınlıq gətirir.
Problemin çözülməsi istiqamətində psixoloji vəziyyətlə bağlı söz və ifadənin təkrarı, replika, nidalar, xitablar, dialektizmlər, fikirlər, mənafelər toqquşması kimi meydana gələn dialoqlarda obrazların danışıq, ifadə tərzinə görə fərqlənən cəhətlərin təhlili alimin araşdırmalarında xüsusi yer tutur [1,səh.85-99].
Əziz Ələkbərli psixoloji təhlil və ya psixologizm məsələsinin ayrılmaz üzvi hissəsi kimi çıxış edən bədii şərtiliyin tipoloji baxımdan 3 (üç) mühüm xüsusiyyətini aydınlaşdırır: 1) subyekt şərtiliyi; 2) məkan şərtiliyi; 3) zaman şərtiliyi [9,səh.109].
Psixologizmin mahiyyət və məzmununu özündə ehtiva edən bədii şərtiliyin üç mühüm cəhəti xüsusi əhəmiyyətə malikdir.
Burada obrazlar aləmi, həyat materialı müxtəlif zaman və məkan daxilində müəyyən psixoloji təhlil, vəziyət, hal, məqamda bədii təsdiqini tapır və estetik dəyərini əldə edir. Subyekt şərtiliyi psixologizmin daxili şərti bədii keyfiyyəti kimi üzə çıxır.
Müəllif subyekt şərtiliyində daxili aləmin konkret hissi formada təqdimin iki cəhətinə diqqəti artırır.
Bizim fikrimizcə, bu həm də psixologizm probleminin daxili şərti bədii keyfiyyəti kimi reallaşır: 1) daxili «mən» də mövcud olan qeyri-maddi səslərə (düşüncə, xəyal və s.) məhz «səs» formasında estetik don geyindirilir: daxili səs həyati səs kimi şərtlənir; 2) daxili «mən» şəxsləndirilərək konkret obraz, insan kimi əsərə gətirilir, daxii səs öz daxili məni ilə bərabər hüquqda əsərin personajlar aləminə daxil olur [9,səh.34].
Təhsin Mütəllimov Ə.Haqverdiyev əsərləri üzərində müşahidə olunan psixologizm və ya psixoloji təhlillə bağlı müəyyən bölgü əsasında mülahizələrini qurur.
Tədqiqatçı Ə.Haqverdiyev nəsrində psixoloji təhlil üsulundan yalnız üç cəhəti önə çəkir: 1) birbaşa, müstəqim şəkildə müəllifin surətə verdiyi xasiyyətnamə detalları, təfərrüatları; 2) bir surətin başqası haqqındakı mülahizələri; 3) surətin özü haqqında etirafları [12,səh.193].
Muxtar İmanov İ.V.Straxov, A.B. Esinə əsaslanaraq psixoloji əksetdirmənin üç məlum formasını T. Mütəllimovun şərti bölgüsündən az fərqli olaraq: 1) daxili aləmin gözlə müşahidə oluna bilən zahiri əlamətlər vasitəsilə; 2) ümumi müəllif şərhi vasitəsilə və 3) daxili düşüncələr vasitəsilə əks olunmasını xatırladaraq müasir Azərbaycan nəsrində psixologizmi məhz həmin bölgülər əsasında təyin etməyə cəhd göstərir [10,səh.13].
Bədirxan Əhmədov Azərbaycan satirasının inkişaf problemlərində (1920-1980-ci illər) psixoloji analizin 3 (üç) istiqamətində təzahür etdiyini önə çəkir: 1) müəllifin satirik ifadə üsulundakı psixoloji analiz; 2) ictimai münasibətlərdə üzə çıxan xarakterin psixologizmi; 3) obrazın zahiri görkəmi ilə daxili aləminin həyat fəlsəfəsinin psixoloji analizi [5,səh.33].
Beləliklə, aydın olur ki, psixologizm probleminin öyrənilməsi onun bir sıra mühüm və zəruri cəhətlərin üzə çıxmasına imkan verir.
Psixologizm və ya psixoloji təhlil ədəbi-tarixi hadisə olmaqla yanaşı nəzəri-estetik amil kimi müəyyənləşərək qavranılır.
Bədii əsərdə ədəbi-estetik fakt kimi müəyyənləşən psixologizm və ya psixoloji təhlil, proses, vəziyyət, hal, məqam hiss-emosiyalar, düşüncələr, hərəkətlər, davranışlar, münasibətlər, müəllif təhkiyəsi və təsviri və bədii dil şəklində üzə çıxır.
Bədii fakt, hadisələr, xarakterlər, müəyyən psixoloji təhlil, proses, vəziyyət, hal, məqam və əlamətlərlə müşayiət olunmaqla ümumilikdə obrazlar aləminin təbiiliyini, canlılığını inandırıcılığı ilə əsərdə ortalığa qoyur.
Təhlilə çəkilən insan, fərd, şəxsiyyət və onun taleyi əsər boyu izlənilərək hiss və düşüncələrin, davranışların, münasibətlərin inkişafı fonunda bədii həyat qazanır, məxsusi cəhətləri ilə açıqlanaraq durulur.
Fərd, şəxsiyyət əsərdə özünü və ətraf aləmi təhlildə özünü və ətraf aləmi tanıyaraq dərk etməyə başlayır.
Bu baxımdan psixologizm əsər üçün ölçü, dəyər vahididir. Başqa sözlə, psixoloji təhlildə həm qəhrəmanın xarakteri müəyyən olunur, açılır, həm də özünü və ətraf aləmi tanıyıb dərk etməyin və ya əxlaqi- mənəvi münasibətlərin bədii ifadəsi kimi şərtlənir.
Söz sənəti hisslər, fikirlər aləminin assosiativ daxili-analoji rabitə, əlaqədə bədii ifadəsi olmaqla yanaşı, əqli-intellektual səviyyənin, fikrin, hissin, düşüncənin və davranışların, münasibətlərin formalaşmasına bu və ya digər cəhətdən müsbət təsirini göstərir.
Başqa sözlə desək, bədii məhsul kimi meydana çıxan əsər psixoloji analiz funsiyasını yerinə yetirməklə oxucuda zəngin ali hisslərin, davranışların inkişafına zəmin yaradan intellektual səviyyənin yüksəlməsinə nail olur.
İntellektuallıqla psixologizm və ya psixoloji təhlil bu halda əsərin bütövlükdə mahiyyət və məzmününa çevrilir.
Ümumiyyətlə, ədəbiyyatı psixologizmdən kənar qavramaq mümkün deyil. O, sənətin, ədəbi, bədii həyatın daxili qanunauyğunluğunu tamamlayan və tənzimləyən bütöv, tam, vahid ədəbi-estetik komponenti olmaqla onun üzvi hissəsini təşkil edir.
Bədii-estetik prinsip kimi müəyyənləşən psixologizm və ya psixoloji təhlildə intellektuallıq, onun lirik, romantik, satirik, komik, mifik, mistik, şərti-metaforik və başqa bu kimi bədii- estetik şərtini yerinə yetirən növlərindən biri kimi çıxış edir.
Psixoloji baxımdan təhlilin, analizin özü intellektual analizin, davranışların, münasibətlərin, düşüncələrin özü kimi müəyyənləşir. Nəticədə bədiiliyin təsdiqində intellektual analizlə psixoloji analiz qovuşaraq meydana çıxır.
Bu halda psixoloji analiz və ya psixologizm ön cərgədə dayanır. Ona görə ki, əsərin taleyi obrazlar aləminin daxili yaşantılarından doğan hiss, həyəcanların təbiiliyi, inandırıcılığından asılıdır. Başqa halda, mükəmməl sənət nümunəsi kimi yüksək estetik təsir gücünə malik bədii əsərdən söhbət gedə bilməz.
Əsərin ruhunu, canını hərəkətə gətirən qəhrəmanların, obrazlar aləminin daxili-psixoloji vəziyyəti, onların yaşantılarıdır ki, bu da öz növbəsində bədii- estetik prinsip kimi özünə yer alan psixologizmin üzərinə düşür.
Söz sənəti psixoloji situasiya fonunda gerçəklənən hiss, həyəcanların, daxili yaşantıların, düşüncələrin, mübarizələrin, konfliktlərin və ya davranışların, münasibətlərin təmasından dolğunlaşaraq bütövləşir, “ətə-qana dolur”. Buradakı psixoloji analiz intellektual təhlilin dərki tək bədii-estetik dəyər qazanır.
Psixoloji təhlilin üsul və vasitələrindən biri kimi çıxış edən, həyatı, insanı daha yaxından və dərindən tanıyıb dərk etmək anında daxili şüuraltı fikir axının və yaddaşın köməyinə bədii ehtiyac duyulduğu qaçılmazdır.
Xatırlama, yadasalma məqamında bədii yaddaşda çözələnən hadisə və proseslər indiki halda vəziyyətin idarə olunması baxımdan yeni məzmun qazanır.
Nəql olunan hadisə, proseslər qəhrəmanın yaddaşında müəyyən hiss, düşüncələrin, hissi-emosionallıqla intellektuallığın vəhdətində yaranan hərəkətlərin, davranışların daxili – analoji assosiasiyaların əlaqə və düzümündə aşkarlanır.
Psixoloji analizdə qəhrəmanın özünü və ətraf aləmi təhlil və dərk etməsi əqli-fikri proses, intellektual analizin nəticəsi və dərki kimi şərtlənərək keçmiş və indi bədii yaddaşda ələnir.
İnsan qəlbinin dialektikası, dünyanın və şüurun qarşılıqlı əlaqələri psixoloji baxımdan təhlilində fikri-intellektual analizin bədii təqdimi kimi üzə çıxır.
Əsaslı sosial problemlərin və dünyanın bədii analizi ilk öncə psixoloji cəhətdən əqli-fikri-intellektual təhlildə araşdırılır, rəmzi fikir, ibrətli hekayətlər və tarixi fakt məsələsi əsərdə inikasını tapan mifik düşüncə, şərti-metaforik üslub, didaktik-tərbiyəvi cəhət və intellektuallıq bədii-estetik prinsip kimi meydana çıxan psixoloji təhlil və ya psixologizmin növü, tipi tək şərtlənir.
Psixoloji təhlil, əsər boyu bəzən romantik hiss, düşüncə, davranışlar, münasibətlər üzərində izlənilərək qurulur. Bu baxımdan sənət həmişə poetik aləmlə, ondakı gözəllik və harmonik cəhətlə hesablaşaraq mövcud olur.
Dərin psixoloji hal, vəziyyətlə, böhranlı məqamlarla üzləşmək, sevgi, məhəbbət sehri, cazibəsinə düşmək, daim hisslərin cilovunda vurnuxmaq bu romantik qəhrəmanı şərtləndirən cəhətdir. Onlar arzuların həyata keçməməsindən ümidsizliyə qapılır, ümidsizlik, bədbinlik əhvalı nəinki keçmişdə, həm də indilikdə qəhrəmanı tərk etmir.
Psixologizm əsərdə məzmun, həm də forma kimi bədii təsdiqini tapır. Psixologizm sayəsində əsər sənətkarlıq axtarışları və ya yaradıcılıq metodu baxımdan təkmilləşərək kamil sənət nümunəsi kimi meydana gəlir. Bu halda psixologizm məzmun və formanın daxili qatını təşkil edir və alt qatda gizlənən daxili aləmin və həyatın bədii-estetik ifadəsi olur.
Psixologizmdə ən mühüm cəhət insana münasibətində fərdi və sosial yanaşma tərzini özündə birləşdirir.
Psixologizm ədəbi-estetik prinsip kimi tarixən söz sənəti ilə birlikdə doğulur və bədiiliyin təsdiqində onun üzvi hissəsi kimi çıxış edərək insanı bütünlüklə daxili aləmi ilə birgə alıb öyrənir. Bu baxımdan psixologizm sənətin daxili mahiyyətinə çevrilir.
Psixologizm həm də bədii yaradıcılığın nəticəsi kimi meydana çıxır.
Psixoloji analiz və ya psixologizm müəllif psixologiyası, onun personajları, geniş mənada cəmiyyətin psixologiyası (sosial qrup, epoxa) vəhdət halında birləşərək müəllif şəxsiyyətinin və yaradılmış obrazların, qəhrəmanların ümumiləşmiş bədii ifadəsində aşkarlanır.
Psixologizm bədii yaradıcılıqda qnoseoloji məna kəsb edir. İctimai şüur formalarından biri olaraq estetik prinsip kimi onun üzvi hissəsini təşkil edir, inikas olunan predmetin və sənətin nəticəsi kimi müəyyənləşərək dərk olunur.
İnsanın ətraf aləmlə əlaqəsi zamanı onun daxili dünyası baxımından mənəvi azadlığı sayəsində özünəxas müstəqilliyi üzə çıxır. Obraz ətraf gerçıkliklə bağlı davranışı ilə meydana gələn müəyyən psixoloji vəziyyətin estetik ifadəçisi olur, indiki anda daxili aləmin etirafı ümumi estetik dəyər şəklində üzə çıxaraq ondakı bədii gözəllik, cəlbedicilik sənətdə psixologizmi şərtləndirir.
Psixoloji mexanizm özlüyündə insanın estetik davranışını müəyyən etməklə onun sosial tarazlığını təmin edir.
Bədii əsər xüsusi olaraq insanın, cəmiyyətin psixi sferası, ən əsası isə ondakı hisslərin sferasını sistemləşdirib öyrənir və öyrənilən psixi, hissi sferalar sənətin bədii imkanları vasitəsilə insanı həyata çağırır, zəruri və vacib olan ayrı-ayrı ideoloji formalara yiyələnməyi təlqin edir.
Sənətin özünəxas cəhətlərini, onu başqa ideoloji formalarından ayıran tərəflərini aydınlaşdırmaq üçün bədii-estetik prinsip kimi müəyyənləşən psixoloji analizə ehtiyac duyulduğu qaçılmazdır.
Psixoloji analiz insanda və ətraf aləmdə daxili vəziyyətin, müxtəlif hal və hərəkətlərlə müşayiət olunan cəhətlərin bədii ifadəsi kimi şərtlənir.
Psixoloji analiz müəllif düşüncəsində, həm də qəhrəmanların özünütəhlilində, onların jest, hərəkət və davranışlarında özünü göstərir.
Psixologizm qəhrəmanın təkrar olmayan və gözlənilməz davranış və hərəkətlərindən başlanır və yaranır (L.Ginzburq). Psixoloji təhlilin qaçılmazlığı, insanın, cəmiyyətin, hisslərin sferasını sistemləşdirib öyrənilməsi məhz sənətin bədii imkanları vasitəsi ilə reallaşır (Vıqotski).
Psixoloji proses mexanizmində bədii hiss, həyəcan obraz qismində doğularaq estetik dəyər qazanır.
Fikri, hissi proses obrazlı olmaqla əsərdə psixoloji və intellektual əməliyyatı yerinə yetirməklə müəllif üçün ideyanın açılmasına bədii zəmin yaradır.
Fikri, hissi proses bədii forma və məzmun baxımından intellektual-fəlsəfi, lirik, romantik, dramatik, komik, satirik, tragikomik, şərti-metaforik, mifikliyi ilə şərtlənir. Əsərin bədii tərkibi və təşkilində onlar bu və ya digər baxımdan bir vəhdət, küll halında qovuşaraq gerçəklənir və bədii həyat qazanır.
Psixoloji xüsusiyyət, təhlil bədii idrakın, təfəkkürün mürəkkəb psixoloji təkamülündən yaranan keyfiyyət dəyişikliklərindən, onun ifadə və təsvir çalarların yeni boyalarla təqdimindən başlanır. Psixoloji təhlildə ruhani aləmlə, ilahi varlıqla bağlı ülviyyət insanın könül dünyasına xas olan bütün ali keyfiyyətlərin, ictimai məziyyətlərin əsası, əqli-intellektual-mənəvi təkamülün ən yüksək formasıdır. Ülviyyətə sahib olan insan onu əhatə edən mühitdə və öz mənəvi dünyası ilə yanaşı ilahi gözəlliyi, Allahı dərk etməyə, ona qovuşmağa can atır. Psixoloji təhlildə könül dünyası saysız-hesabsız sirlər xəzinəsi, gözəl, pak duyğular yuvası kimi reallaşır, könül dünyası, insanın mənəviyyatı, bu baxımdan əsərdə mükəmməl obraza çevrilir. Bədii-psixoloji təhlildə yuxu, röya xəyalın bir növü kimi daxili aləmin məhsulu olaraq varlığın, şüurun, hiss, duyğuların, düşüncənin nəticəsi kimi meydana çıxır (Xalid Əlimirzəyev).
Psixoloji təhlildə özünüdərketmə insanın özünü təkmilləşdirmə yolunda əsas amil hesab olunur, özünüdərketmə sayəsində insan daxilən paklaşır, yararlı fəal varlığa çevrilir (Əkbər Bayramov).
Mifologiya, folklordan kök atıb rişələnən, «bədii təfəkkür inkişaf etdikcə insanın intəhasız hisslər və duyğular dünyasını əks etdirən yeni bədii nümunələrdə hiss və emosiyaların rəmzi- simvolik təcəssümü erkən təfəkkürün intellektual səviyyəsindən» (Azad Nəbiyev) xəbər verir.
Demək, intellektuallıqla hisslər aləminin qovuşaraq bədii ifadəsi söz sənətinin ilkin dövrlərindən başlayaraq onun ayrılmaz üzvi hissəsi kimi çıxış edir.
Atalar sözü və məsəllər, yanıltmaclar, tapmacalarda epik və əqli-intellektual-fəlsəfi psixologizm onun bədii-estetik mahiyyətinə çevrilir, bayatı, nağıl və dastanlarda lirik, romantik və dramatik-epik psixoloji təhlil və ya psixologizm üstünlük qazanır.
Bədii-psixoloji təhlildə «hadisələr üzərində hökmranlıq idealı ilə yaşayan insan onları qavramaq, başa düşmək, özünə tabe etmək duyğuları üzərində köklənərək ilk inanc və etiqadlarını, ayin və mərasimlərini yaradır, həmin çoxşaxəli düşüncə silsilələri özünün rəngarəng modelləri ilə şifahi yaradıcılıqda əksini tapır, məsələn, alqış, qarğış, əfsun, cadu, fal, atalar sözü və s.
Bunlardan əfsun – sözün gücünə, inamı əks etdirərək oxşar səslər, sözlər vasitəsi ilə insan psixikasına, təbiət qüvvələrinə təsir göstərilmək cəhdi ilə diqqəti çəkir.
Psixoloji təhlil və vəziyyətin bədii ifadəsi olan magik poeziyanın və ya əfsun və ovsunun insan təkamülündəki ən başlıca xidməti məhz qorxu vahiməsini aradan qaldırmaqda insanda qorxusuzluq düşüncəsinə inamı bərpa etməklə cəngavər, mübariz və vətənpərvər nəslin formalaşmasına güclü və inamlı təkan verir (Azad Nəbiyev).
Psixoloji təhlildə bədii təcəssümünü tapan yuxu, gözəgörünmə, eymənmə, ürəyədamma, ruh, qarabasma özünəməxsus tərəfləri ilə diqqəti çəkir. Burda emosional ifadələr və ya deyim tərzləri, pantomim hərəkətlər, him-cimlə fikrin ifadə vasitələri inikasını tapan fikrin, psixoloji məqamların dürüstləşməsinə və tamamlanmasına xidmət edir (Azad Nəbiyev).
Bədii söz yüksək estetik keyfiyyət daşıyaraq bu və ya digər tərəfləri ilə meydana çıxan müəyyən psixoloji hadisə, vəziyyət, məqamdan doğulur.
Bədii söz başqa halda müəyyən psixoloji təhlil, hadisə, vəziyyətlə yüklənərək onda lazım olan yüksək təlqinedici qüvvənin aşkarlanmasına səbəb olur.
Psixoloji təhlil həm yaradıcı şəxsin daxili-mənəvi dünyası, həm də yaradılan obrazların ətraf mühitlə əlaqəli tərəflərində aşkarlanan hissi-emosional və intellektual münasibətlərin, davranışların, düşüncələrin üzvi vəhdətində gerçəklənir.
Psixologizm bütün çoxcəhətli tərəfləri ilə söz sənətinin bədii-estetik prinsipi kimi doğularaq bir küll, vəhdət halında formalaşır.
Psxologizm bədii təcəssümü müəyyən edən yaradıcılıq metodunun spesifik sənətkarlıq axtarışları ilə əlaqələnir (Xalid Əlimirzəyev, Nizaməddin Şəmsizadə).
Psixoloji təhlil həm də bədii analitik təfəkkür tərzinin və ya intellektual təfəkkür tərzinin əlaməti tək müəyyənləşərək əsərdə üzə çıxan yeni poetik xüsusiyyət kimi şərtlənir (Arif Səfiyev).
Psixoloji təhlildə subyekt, zaman və məkan şərtiliyi (Əziz Ələkbərli) psixologizmin daxili şərti bədii keyfiyyəti kimi üzə çıxır.
Psixoloji təhlildə müəllif şərhi, qəhrəmanın daxili düşüncələri əsərin bədii- estetik təsir gücündə xüsusi rol oynayır.
Psixologizmin və ya psixoloji təhlilin formalaşması və inikasında bədii dildə müşahidə olunan söz və ifadələrin təkrarı, replika, xitablar, nidalar, fikirlər, mənafelər toqquşması kimi meydana gələn dialoq və monoloqların, hərəkət, davranışların bədii-psixoloji təsvirini verən remarkaların və ya bədii dil və adların şərti mənaları mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, bizim birinci qənaətimizə görə, söz sənəti ilə birgə doğulan (A. İezuitov), ədəbiyyatda dərin tarixi kökləri və özünəməxsus ənənələri olan (Xalid Əlimirzəyev), mifologiya, folklordan kök atıb rişələnən psixologizm və ya psixololji təhlil, hal, məqam, hadisə, proses bədii təfəkkür inkişaf etdikcə (Azad Nəbiyev, C.Nağıyev, M.Qasımlı),forma və məzmun etibarı ilə əsərdə bədii-estetik şərtini yerinə yetirməklə tipoloji baxımdan bir neçə yerə ayrılır:
1) lirik; 2) romantik; 3) dramatik; 4) epik (nəqli, informativ); 5) faciəvi; 6) fəlsəfi-intellektual; 7) mifik; 8) şərti-metaforik; 9) mistik; 10) satirik; 11) komik; 12) tragikomik; 13) memuar, avtobioqrafik və s.
Bizim ikinci qənaətimizə görə, psixologizm və ya psixoloji təhlil əsərdə bədii estetik şərtini yerinə yetirərkən xarakteri və mövqeyi baxımından bir neçə mühüm spesifik cəhətləri ilə şərtlənir.
Bunlar aşağıdakı elmi-nəzəri şəkildə qruplaşır:
1) milli; 2) ictimai; 3) xalq-kəndli; 4) fərdi; 5) sosial; 6) bəşəri, dünyəvi hiss və düşücələr davranışlar, münasibətlər üzərində köklənən əzəmi fərdi-sosial və s.
QAYNAQLAR:
1.Adilov M. Klassik ədəbiyyatda dil və üslub. Bakı: Maarif, 1991, s.85-99, 234 s.
2.Bayramov Ə. S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı: Azərnəşr, 1981, 190 s.
3.Bayramov Ə. S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı: Maarif, 1984, 540 s.
4.Dadaşov A. Müstəqillik dövrünün dramaturgiyası, (teatr dramaturgiyasında mövzu, struktur, üslub və janr problemləri). Bakı: 2005, 218 s.
5.Əhmədov B. Azərbaycan satirasının inkişaf problemləri (1920-1980-cı illər). Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı: 2005, 46 s.
6.Əlimirzəyev X. «Kitabi- Dədə Qorqud» dastanında şəxsiyyət və cəmiyyət problemi. Bakı : Elm, 2000, 84 s.
7.Əlimirzəyev X. Bədii həqiqət uğrunda. Bakı: Yazıçı, 1984, 244 s.
8.Əlimirzəyev X. Nizami Gəncəvinin insan konsepsiyası. Bakı: Gənclik, 2001, 354 s.
9.Ələkbərli Ə. Dramaturgiyada sənətkarlıq axtarışları (bədii şərtilik), (1960-1980-cı illər). Bakı: Ağrıdağ, 1997, 118 s.
10.İmanov M. Müasir Azərbaycan nəsrində psixologizm (1960-1970-ci illər). Bakı: Elm, 1991, 144 s.
11.Qasımlı M. Ozan – aşıq sənəti. Bakı: Uğur, 2003, 308 s.
12.Mütəllimov T. Əbdürrəhimbəy Haqverdiyevin poetikası, Bakı: Yazıçı, 1988, 328 s.
13.Nağıyev C. “Kitabi-Dədə Qorqud”da psixologizm.//Azərb.SSR Ali və Orta İxtisas Təhsil Nazirliyi.Elmi əsərlər.Dil və Ədəbiyyat. Bakı: 1976, səh.53-59.
14.Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I hissə. Bakı: Turan, 2002,678 s.
15.Rəhimli İ. Sənət yolu, sənətkar ömrü. Bakı: Yazıçı, 1988, 224 s.
16.Səfiyev A. Azərbaycan dramaturgiyası müasir mərhələdə (1960-1980-cı illər). Bakı: Ozan, 1998, 276 s.
17.Şəmsizadə N. Müsbət qəhrəmanın ədəbi taleyi.Yaradıcılıq metodu məsələləri. Bakı: Elm, 1989, s. 41-56, 150 s.
18.Talıbzadə Kamal. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı: 1991, 393 s.
19.Quləev N.A. Teoriə literaturı. Moskva: «Vısşaə şkola»,1985,271 str.
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə