Dünən (16.07.2015) Azərbaycanda Atatürk Mərkəzində “Alpaqut Turan Döyüş Sənəti və onun elan olunmamış müharibəyə məruz qalan ölkəmiz üçün yararları” mövzüsünda konfrans keçirildi. Tədbirdə ictimaiyyət nümayəndələri, idman mütəxəssisləri, məşqçi-müəllimlər, idmançılar, araşdırmaçı-yazarlar və digər qonaqlar iştirak etdi.
Konfransı Dünya Alpaqut Federasiyası İdarə Heyətinin üzvü, yazıçı-publisist Əkbər Qoşalı açaraq, iştirakçıları salamlayıb, qutsal Ramazan Bayramı münasibəti ilə təbriklərini çatdırdı. Tədbirin Atatürk Mərkəzində keçirilməsini də anlamlı bulan natiq, Alpaqut haqqında iştirakçılara yığcam bilgilər bilgilər verdi.
Daha sonra tədbir iştirakçılarına söz verildi.
ADFA-nın prezidenti, tanınmış idman ustası Azər Həsənsoy Alpaqut Turan Döyüş Sənətinin güncəlləşdirilməsi və dirçəldilməsini çox vacib hadisə kimi dəyərləndirdi: “Müstəqillik əldə etdiyimiz illərindən bu günə qədər bir neçə idman mütəxəssisi milli döyüş sənəti formalaşdırmağa cəhd etmişdir, ancaq demək olar, heç bir ciddi sonuca vara bilməmişdilər və başlanılan iş yarımcıq qalmışdı. Bu gün Alpaqut Turan Döyüş Sənətinin sistemləşdirilməsinə mən çox sevinirəm. Bu barədə geniş olmasa da, xeyli bilgi almışam və deyə bilərəm ki, mükəmməl bir iş görülüb. Bu döyüş sənətinin nəinki ölkəmizdə, hətta dünyada geniş tanınması üçün əlimdən gələn köməkliyi etməyə hazıram. Çünki biz adətən başqa ölkə və mədəniyyətlərə xas döyüş növlərinin iştirakçına çevrilirik, Alpaqut isə öz doğma döyüş sənətimizdir.”
“Biz hər birimiz bu işdə səfərbər olmalı və Alpaqut Milli Döyüş Sənətinin inkişafına köməklik edə biləcək iş adamlarını bura dəvət etməliyik” deyə sözə başlayan AMEA-nın əməkdaşı, araşdırmaçı-yazar, antropoloq Pərviz Elay bu döyüş sənətini milli mədəniyyətimizin təbliğatı baxımından müqayisə edilə bilməyəcək bir hadisə adlandırdı. O, Alpaqutun içtimai şüura oturuşması baxımından silsilə tədbirlər keçirilməsinin vacibliyini vurğuladı.
“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun başqanı dos.dr.Vüqar Zəfəroğlu: “Alpaqut üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq. Biz bu işin əvvəlindən Alpaqut Döyüş Sənətinin fədakar təbliğatçısı Vasif Namazova dəstək veririk və həmişə də onun yanındayıq. Artıq biz Alpaqutun inkişafını görürük. Çox sevindirici haldır ki, artıq Alpaqutun ulusumuz üçün nəyi kəsb etdiyi daha geniş şəkildə başa düşülməkdədir. Artıq soydaşlarımızdan öz oğul övladlarına Alpaqut adı verənlər də var. Bu bir faktdır və çox sevindirici haldır.
Qutsal Orucluq ayının sonuna gəldiyimiz bugündə demək istərdim ki, qutsal yolda olan qut döyüşçülərə eşq olsun!”
DAF I vitse-prezidenti, hüquqşunas Araz Abdullasoy: “Biz çalışıqır ki, qədim türk döyüş mədəniyyətini dünyaya tanıtdıraq. Bu istiqamətdə Alpaqut bir güclü tutalğac, güclü bir hadisədir. Hər bir təklif bizim üçün dəyərlidir. Bütün idman içtimaiyyətini bu yöndə birləşməyə çağırıram.”
AFFF prezidenti Rasim Eyvazov: “Biz idman təşkilatı başçıları uluslararası yarışlarda çox oluruq və başqa xalqaların öz döyüş sənətlərini necə həvəslə yaydığının şahidiyik. Hətta ölkəmizdə bu yad etnomədəniyyətlərdən yoğrulmuş döyüş sənətləri nə qədər desəniz var. Ayrıca sizə örnək göstərə bilərəm ki, qonşu Gürcüstan dövləti öz milli döyüş sənəti olan Xridolini dövlət səviyyəsində inkişaf etdirir. Hətta təhsil bazasına da salınıb. Bu baxımdan düşünürəm ki, Alpaquta dövlət dəstəyi mütləq vacibdir. Bu bizim doğma idman növümüzdür, onu təhsil proqramlarına – tarix, kulturalogiya, bədən tərbiyəsi və idman, habelə hərbi hazırlıq dərslərinə salmaq lazımdır. Qəbul etmək lazımdır ki, artıq bu var və bu çox yüksək səviyyədə işlənib hazırlanıb. Birlikdə bu işin inkişafına dəstək vermək lazımdı. Biz bu işin fədakarı olan əziz qardaşımız Vasif Namazovun, onun həmkarlarının yanındayıq və bu işdə bütün imkanlarımızı səfərbər edəcəyik.”
AAF prezidenti Aqil Acalov: “Biz Azərbaycanda Alpaqutun inkişafı üçün bu günə qədər əlimizdən gələni etmişik. Ancaq təbidir ki, bu yöndə daha çox iş görülməlidi. Bu gün hamımız bilirik ki, bu işin həm dünyada, həm də Azərbaycanda inkişafı üçün ən böyük yük Vasif Namazovun üzərinə düşüb. Mən hamını bu işdə yaxından iştirak etməyə, aktiv olmağa çağırıram. Biz öz milli idman mədəniyyətimizi dünyada tanıtmaq baxımından birlikdə olmalıyıq. Birlik –qüvvət güc deməkdir.”
Sonda Alpaqut Turan Döyüş Sənətinin qurucusu Vasif Namzov öz fikir və mülahizələrini bölüşdü: “Biz bu gündən etibarən Alpaqutun daha sürətlə yayılması üçün işlər görəcəyik. Bu yöndə bizim strategiyamız və proqramımız var. Bu günə qədər biz bir neçə uluslararası tədbir həyata keçirmişik. İlin sonunda isə “Alpaqut Bitik” kitabının təqdimatını keçirəcəyik. Düşünürəm ki, Alpaqutun bütün proqramları bu kitabda ictimaiyyətə çatdıqdan sonra bura çox güclü şəkildə axın olacaq. İndi bir çoxlarının Alpaqutun içindən xəbəri yoxdu. Buna baxmayaraq milli dəyərlərə sahib olan insanlar, yalnız Alpaqut adının özünə görə buradadır. Düşünürəm ki, məhz bu milli ruhda olan insanlarımız sayəsində dövlətimizin xoşbəxt gələcəyinə təminat verə bilərik.
Təkraredirəm, Alpaqutun proqramları artıq hazırdır. Düşünürəm ki, yaxşı bir iş ortaya qoya bilmişik. Biz bu proqramları bir neçə dilə çevirib, yayacayıq. Azərbaycan xalqı, bütün türk dövlət və topluluqları öz tarixi keçmişi olan Alpaqutla fəxr edəcək.”
Tədbirin sonunda Dünya Alpaqut Federasiyasının prezidenti, Milli Məclisin Komitə sədri, Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov öz tövsiyyələrini verdi, onun iştirakı ilə xatirə şəkli çəkdirildi.
 
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə