Könül AYDIN (NEHMƏTOVA)

***

Hər yerdə, hər kəsdə Onu aradım,
Mövlam özü mənim mürşidim oldu.
Qəmdən hisli könlüm eşqdə arındı,
Düşdüyüm girdablar irşadım oldu.

Baxma, yuxusuzm... yuxularım çin,
Demə, çürüyürdüm mən için-için...
Leysan gözləyirdim dirilmək üçün,
Ruhuma can verən gürşadım oldu.

 

MÖVLAMMIŞ ƏZƏLDƏN MÜRŞİDİM MƏNİM

Mövlammış əzəldən mürşidim mənim,
Yandın fərağında, bilmədin, könül.
Nəfsin nə yeyinmiş, sevgidən ötə,
Mənlikdən çatladın, yılmadın, könül.

Mövlam, nə dilədin, dinlədi verdi,
Hirsini içindən çıxarıb... yerdi...
Yollar Haqq yoluna, mənzilə erdi,
Hardasan, sən hələ gəlmədin, könül.

Bürüdü fəryadın, nalən hər yanı,
Yıxdım, –dedin, – bütün bütləri, hanı?
Ruhunu da sardı tozu-dumanı,

Qəlbində yerini silmədin, könül.


ONUN KÖNLÜMƏ PIÇILTILARI

Yürü,
hələlik çıx get,
özünü harda itirsən,
gəlib məndə taparsan.
İndi hələlik çıx get,
məni dönəndə taparsan...

Bugünün, sabahın
ömrünə qalanacaq,
ayağın irəli yürüyər,
ancaq
özünü dünəndə taparsan...

Aradığın
həyat
özü olar həyatda,
yaşaya-yaşaya sən onu hətta
yalnız öləndə taparsan...

***
Ruhum çöllərin divanəsi,
köksüm dar qəfəs...
Hər alıb-verdiyim
sanki son nəfəs...

Məni saleh bilib
bəndə sandılar.
Kuyinə baş qoydum,
dində sandılar.

Mən eşqin butasıyam,
gördüm yuxusun.
Bir aşiqin nəfəsindən
aldım qoxusun.

Öz evimdə yerim yox,
çəkilim gedim....
Göz yaşı tək yanaqlardan
tökülüm gedim....

Könlümdə qızılgül
pardaxlanıbdır.
Deyəsən, bülbülə
adaxlanıbdır...

Çağırır ruhumu
quşların səsi.
Bürüyür ətrinə
gülün nəfəsi.

Könlümdə toy-büsat
qurdum bu gecə.
Sərxoşmu olmuşam
mey içə-içə?

İndi mən dünyaya
qayıdım necə?!..
Ruhum, dur yığışaq
əbədi köçə....

BƏLKƏ

Yenə yer üzünə ələnir toran,
Bir azdan köksünü saracaq hətta.
Könlümdə məhəbbət, əlimdə Quran
Hər gecə saxlayır məni həyatda.

Yoxsa ki hər günün qürub çağında
Ruhum öləziyib, sönərdi bəlkə?!
Ya atam dirilib və qucağında
O körpə qızcığaz dönərdi bəlkə?!

Hər gecə xəyalım kabus olardı,
Ölüm kəsdirərdi üstümü bəlkə?!
Uzaq məmləkətlər xəbər alardı,
Yanğın sanardılar tüstümü bəlkə?!

Yenə yer üzünə ələnir toran,
Bu gecə möcüzə olaydı, Tanrım!
Dilimdə bir zikr, əlimdə "Quran",
Sevgi yer üzünə dolaydı, Tanrım!

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə