Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan” adlı layihə çərçivəsində “CAN AZƏRBAYCAN” şeirlər toplusu işıq üzü görüb. Layihə rəhbəri Əfsanə ƏLƏSGƏRLİ, tərtibçisi Sərdar ŞİRVAN olan toplunun redaktoru Əkbər QOŞALI, məsləhətçiləri isə prof.dr. Güllü YOLOĞLU, dos.dr. Rəsmiyyə SABİR, dos.dr. Şəmil SADİQdir.
“QHT Nəşriyyatı”nda nəşr olunan topluda 89 şairin Azərbaycan adlı, Azərbaycan ünvanlı, Vətən sevdalı şeirləri yer alıb. Klassik ədibimiz Abdulla Şaiqdən başlamış, nakam taleli şairimiz (31 yaşında yaşama vəda etmiş...) Hamlet Kazımoğlunadək... təqribən yüzillik zaman zərfində quzeyli-güneyli şairlərimizin (şəhid şairlərimiz də daxil olmaqla...) timsalında şeirin Azərbaycanı, Azərbaycanın şeiri oxuculara təqdim edilir.

Topluya yazılmış “ÖnSöz”ü və onun "İçəriy"ini təqdim edirik:

ÖN SÖZ

Vətənimiz Azərbaycan dünyanın ən qədim insan məskənlərindən, ilkin mədəniyyət ocaqlarından biri, gözəl doğası olan görklü bir yurddur. Azərbaycanımızın min illər boyu mərd oğul-qızları olub. Xalqımızın övladları öz milli-mədəni əxlaqı, insanda insandan artıq anlam axtaran fəlsəfəsi, zülmə, ədalətsizliyə qarşı mübarizə ideyaları ilə silahlanmışdır.
Azərbaycan xalqının zəngin şifahı və yazılı ədəbiyyatı vardır. Bu ədəbiyyatın tarixi onu yaradan xalqın tarixi kimi min illərlə ölçülür. Yarandığı ölkənin sınırlarını aşaraq dünyanı bəzəyən bu sənət inciləri insanda dərin duyğular, məhəbbət, saflıq, mənəvi dəyərlər aşılayır.
Dünya mədəniyyəti xəzinəsinə Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun və b. dahi söz ustaları bəxş etmiş Azərbaycan xalqı xoşbəxt olmağa layiqdir.
Azərbaycan xalqının ilkin orta çağdan başlayan etnik-mədəni yöndən biçimlənməsi milli ədəbiyyatın, bədii təfəkkürün də özgü çalarlar qazanmasına gətirib çıxarıb. “Dədə Qorqud” eposunun yaranması ilə Azərbaycan ədəbiyyatı öz ideya-bədii inkişaf yönünü bəlli etmişdir.
Sonralar türkçülük, çağdaşlıq və islamçılıqdan oluşan bu yüksəliş getdikcə Azərbaycan xalqının ideologiyasına, milli məfkurəsinə çevrilmişdir.
XX yüzil Azərbaycan ədəbiyyatı da türkçülük, çağdaşlıq və islamçılıqla yanaşı, milli demokratik ideyaların təşəkkül tapıb biçimlənməsi ilə müşayiət olunur. Sovet dövründə də milli ədəbiyyatımız mövcud ideoloji üzüntülərə, basqılara baxmayaraq, davamlı şəkildə inkişaf etmişdir. Əvəzolunmaz söz sənəti yaradıcılarımız ədəbiyyata yeni mövzular, ideyalar, formalar gətirmiş, ən əsası isə ədəbiyyatda Türk Dünyasının bağrından qopan parlaq azərbaycançılıq günəşi (ideyası) yaratmışlar. Bu ideya azərbaycanlıları düşmənə boyun əyməkdən xilas edən qurtuluş yolu, onları bir-birinə bağlayan ülvi hiss və duyğulardır!
XIX-XX yüzilliklərdən başlayaraq böyük azərbaycanlılar – Abbasqsulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Əhməd Cavad, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar kimi ədiblərimiz azərbaycançılıq məfkurəsinin carçıları olmuşlar. Bu ideya Azərbaycan xalqının həyat və mübarizəsini, xalqımızın bütövlüyü ideyasını əks etdirir. Milli oyanışa, ictimai tərəqqiyə, müstəqillik düşüncəsinin inkişafına təsir göstərən bu ideya daha çox poeziyada özünü göstərir. Poeziya ilə yanaşı, nəsr, dramaturgiya və publisistikada da bu məfkurənin daşıyıcıları olmuşdur.
Milli oyanış və mədəni tərəqqi yollarında yorulmadan çalışan C.Məmmədquluzadənin publisistikasının şah əsəri sayılan “Azərbaycan” məqaləsi siyasi intibah dövrünün bədii manifesti sayıla bilər. Bu məqalədə irəli sürülən ideya hər bir Azərbaycan vətəndaşı üçün ana dili, milli coğrafiya və tarixi dərsliyi proqramıdır, desək, yanlış olmazdı.
Qədim dövlətçilk gələnəyinə malik Azərbaycan xalqının qızıl dövrü sayılan Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə ədəbiyyatda türkçülük, cümhuriyyətçilik, milli dövlətçilik ideyaları geniş tərənnüm olunurdu. Ədəbiyyat nümayəndələrimizin əsərlərində Azərbaycan milli varlığının tərənnümü ön plana çıxırdı. Vətənpərvərliyin, cümhuriyyətçiliyin alovlu tərənnümçüsü olan Əhməd Cavadın “Azərbaycan bayrağına”, “Can Azərbaycan”, “Azərbaycan”, “Azərbaycan, Azərbaycan” şeirlərini örnək göstərə bilərik.
Xalqın milli-mənəvi tərəqqisində, ictimai-mədəni düşüncəsinin yeniləşməsində böyük xidmətlər göstərmiş C.Cabbarlı da bir çox əsərlərində, eləcə də “Sevdiyim”, “Azərbaycan bayrağına” şeirlərində milli dövlətimizi və ana torpağa bağlılığın ülviyyətini tərənnüm edirdi. Milli qürur hissi aşılayan “Azərbaycan bayrağına” şeirində C.Cabbarlı üçboyalı bayrağımızı bədii cəıhətdən açır, bu bayrağın Turan üstə açılmasını diləyir:
...Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: istiqlal!
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bu göy bayraq Turan üstə açılsın!
Şeirləri dillər əzbəri olan Səməd Vurğun azərbaycançılıq ideologiyasının yaradıcılarından biridir. Doğma dilin yabançı sözlərdən arınması, milli duyğuların tərənnümü onun əsərlərinin əsas yönü olmuşdur. S.Vurğunun “Azərbaycan” şeirinin böyük ədəbi önəmi vardır. Əsər Azərbaycanı, Azərbaycançılıq ideyasını tərənnüm edir:
...Dağlarının başı qardır,
Ağ örpəyin buludlardır,
Böyük bir keçmişin vardır,
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

...Ölməz könül, ölməz əsər,
Nizamilər, Füzulilər!
Əlin qələm, sinən dəftər,
De gəlsin, hər nəyin vardır,
Deyilən söz yadigardır.
Milli poeziyamıza xalq ruhu, xalq yaşamının unudulmaz mənzərələrini gətirmiş ustad Şəhriyarın yaradıcılığında da Azərbaycan mövzusu önəmli yer tutur. Onun bir çox şeir və poemalarında, eləcə də Quzey Azərbaycan mövzusunda yazdığı “Məmməd Rahim həzrətlərinə cavab”, “ El bülbülü”, “Can Rüstəm”, “Qafqazlı qardaşlarla görüş”, “Qaçaq Nəbi” və s. əsərlərində Bütöv Azərbaycan məfkurəsi özünü göstərir. Bu şeirlərdə milli birlik duyğularından, ayrılıq və həsrət notlarından yoğrulmuş azərbaycançılıq ideyası hakimdir. Şəhriyarın “Azərbaycan” şeiri Güneyli-Quzeyli Azərbaycanda azərbaycançılıq mövzusunda yazılmış şah əsərlərdən biridir.
...Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!
Göstərdiyimiz ustadlarla yanaşı müxtəlif ədəbi nəsillərə aid olan Almas Yıldırım, Süleyman Rüstəm, Məmməd Araz, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Cabir Novruz, QABİL, Fikrət Qoca, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub və b. görkəmli şairlərimizin yaradıcılığında da azərbaycançılıq ideyası, Vətən mövzusu əsas yer tutur. Azərbaycan xalqının azadlıq tarixini əks etdirən, Vətən haqqında qüvvətli poetik simfoniya kimi səslənən bu şeirlərin hər birində milli-mənəvi birlik ideyası məharətlə tərənnüm edilir.
Oxuculara təqdim olunan bu kitabda doğma Azərbaycana həsr edilmiş seçmə şeirləri toplamağa çalışmışıq. Hər bir şeirdə Vətən məhəbbəti, saf vətənpərvərlik duyğuları, milli özünüdərk, soykökə qayıdış, azadlıq ideyaları öz əksini tapır.
...Gənc nəslin vətənpərvərlik, şüurlu vətəndaşlıq ruhunda tərbiyəsində bu şeir güldəstəsinin önəm daşıdığına inanmaq istərdik. Gənc nəsil məhz milli-vətənpərvərlik ruhuna köklənərək özünə qayıda bilər. Özünə qayıdan (gəncliyə sahib) xalq isə xoşbəxt (qalib!) olmağa layiqdir.
Sərdar ŞİRVAN
DGTYB Məsləhət Şurasının üzvü

***
TOPLUnun İÇƏRİYi:

Uğurlama (Əkbər QOŞALI),
ÖnSöz (Sərdar ŞİRVAN),

Abdulla ŞAİQ
Hüseyn CAVİD
Almas YILDIRIM
Məhəmməd HADİ
Əhməd CAVAD
Cəfər CABBARLI
Səməd VURĞUN
Seyid Məhəmmədhüseyn ŞƏHRİYAR
Süleyman RÜSTƏM
Mir Mehdi ETİMAD
Məmməd RAHİM
Rəsul RZA
Mirvarid DİLBAZİ
Mir Mehdi ÇAVUŞİ
Məhəmmədbağır NİKNAM
Mir Tağı MİLANİ
Mir Hidayət HƏSARİ
Balaş AZƏROĞLU
Mədinə GÜLGÜN
Əbülfəz Hüseyni HƏSRƏT
Əli FİTRƏT
Əli TUDƏ
Ələkbər ZİYATAY
Zeynal CABBARZADƏ
Hilal NASİRİ
Hüseyn ARİF
Nəbi XƏZRİ
Fəridə ƏLYARBƏYLİ
Mikayıl AZAFLI
Məhəmmədtağı ZEHTABİ (KİRİŞÇİ)
Bəxtiyar VAHABZADƏ
QABİL
Söhrab TAHİR (AZƏRAZƏR)
Əliağa KÜRÇAYLI
Vidadi BABANLI
Fikrət SADIQ
Əli KƏRİM
Tofiq MAHMUD
Nəriman HƏSƏNZADƏ
Xəlil Rza ULUTÜRK
Bəhmən VƏTƏNOĞLU
Məmməd ARAZ
Cabir NOVRUZ
Tofiq BAYRAM
Fikrət QOCA
Məstan GÜNƏR
Qaçay KÖÇƏRLİ
İbrahim GÖYÇAYLI
İlyas TAPDIQ
Mahmud Dəstəpuş VALEH
Rəfiq Zəka XƏNDAN
Qulamrza Səbri TƏBRİZİ
Rüfət ZƏBİOĞLU
Məmməd İSMAYIL
Məmməd ASLAN
Ağa LAÇINLI
Arif ABDULLAZADƏ
Çingiz ƏLİOĞLU
Vaqif İBRAHİM
Oqtay RZA
Rasim KƏRİMLİ
Rəsul QOVLARLI
Davud ORDUBADLI
Hafiz BAXIŞ
HİDAYƏT
Sabir RÜSTƏMXANLI
Zəlimxan YAQUB
DİLSUZ (MUSTAFAYEV)
Nüsrət KƏSƏMƏNLİ
Aslan KƏMƏRLİ
Paşa QƏLBİNUR
Vaqif BƏHMƏNLİ
Rüstəm BEHRUDİ
Məmməd NAMAZ
Musa ƏLƏKBƏRLİ
Zirəddin QAFARLI
Ramiz QUSARÇAYLI
Əjdər OL
Barat VÜSAL
Sona VƏLIYEVA
Elçin İSGƏNDƏRZADƏ
Afaq ŞIXLI
Elman TOVUZ
Elçin MİRZƏBƏYLİ
Ülvi BÜNYADZADƏ
Alı MUSTAFAYEV
Nizami AYDIN
Faiq QƏRİBOĞLU
Hamlet KAZIMOĞLU
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə