Kaliça JAKIPOVA
(Qırğız Respublikası)



* * *

Səninçün məhəbbət qız ədasıdır,-
Sən bilə bilməzsən nə çəkirəm mən.
Belə darıxansan, gəl çıx..! hardasan? -
Amma nə minnət qoy, nə yazıq de, sən.

Göstərmə özünü mənə yad kimi,
Bezdim, hər baxışın min oyunludu.
“Bunu da bacarram, ötüşər bu da” -
Bu da sənə cavab..! oldumu?- oldu..!

Gözləmə, - araxanca hönkürmürəm də,
Amma yenə heyif, - uzaqlardasan...
Sən mənim sevgimdə təmənna gəzmə,
Sənin kobudluğun düzəlmir – busan.

Köməksizin olum, ancaq yanında...
İstəyin budursa, olsun..! - gün gələr,
sənsiz də açılar yenə sabahlar...
Mənə göz yaşlarım yeni güc verər,
amma çox istərdim zəif də qalam...


Amneziya*

“Sən axı əvvəllər belə deyildin...”-
neçə yol deyərlər, bezdim, usandım.
Əvvəllər gözündə axı necəydim?-
indi lal-dinməzəm,- dedin, inandım.

Sanki dünya uçub üstümə mənim,
köksümün altında yellər ulaşır...
Bəzən danışıram özüm-özümlə,-
yörəmdə tənhalıq gəzib dolaşır.

Qəmə qərq oluram xatirələrdə,
bəzən lap özümə nifrət edirəm.
Keçmişim gözümdə donur kədərlə,
təzadlar qoynunda xiffət edirəm.

Məni ovundurmur uzaq ilğımlar,
günahı zamanın üstə atmıram.
Əvvəlki məni sev, qoru, nə olar,
mən unutdum onu, xatırlamıram.

* Amneziya – huşsuzluq, hafizəni itirmək

 

 (Çevirən: İbrahim İlyaslı)

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə