dos.dr.
TƏRANƏ TURAN RƏHİMLİ, DGTYB Məsləhət Şurasının üzvü

 “Estetik dəyərlərin harmoniyası” bütün dövrlərdə cəmiyyətdə diqqət mərkəzində yer alan bir məsələ olmayıb, amma bu harmoniya bir qanunauyğunluq kimi bəşər tarixinin bütün mərhələlərində mövcud olub. Ədəbiyyat, musiqi, təsviri sənət bəşəriyyətin ibtidai dövrlərindən başlayaraq müəyyən harmoniya ilə inkişaf edir. Bu günkü gəncliyi həmin harmoniyanı dərkə çağırış, onların diqqətini bu əhəmiyyətli mövzuya yönəltmək, konkret layihə çərçivəsində tədbirlər həyata keçirmək təqdirəlayiq işdir. Dünya Gənc Türk Yazarlar Birliyinin bu sahədə atdığı ilk addım gələcəkdə incəsənət sahələrinin qarşılıqlı yaradıcılıq əlaqələrinə çox əlavələr edəcək, ümumilikdə ədəbi-mədəni əlaqələrin intensivləşməsinə, yeni bir məzmun qazanmasına öz töhfəsini verəcəkdir.

Estetik zövqü müəyyənləşdirən çoxsaylı amillər içərisində konkret yaradıcılıq sahələrinin – musiqinin, təsviri sənətin və ədəbiyyatın üzvi bağlılığı elə vəziyyətdədir ki, onlardam biri həmişə qeyri-ixtiyari digərini xatırlatmağa xidmət edir. Biri digərini öz mahiyyətində yaşadır. Çünki, şair kimi bəstəkar da, rəssam da ahəngin övladıdır, onları həyəcanlandıran, yaradıcı təxəyyülünü hərəkətə gətirən, yaratmağa sövq edən amillər, səbəblər eynidir. Böyük bəstəkar Frans Şubert deyirdi ki, “yaxşı musiqi əgər təkcə yaxşı musiqidirsə – o yaxşı musiqi ola bilməz.” Bu fikir belə bir həqiqəti diqtə edir ki, yaxşı musiqi bizim xəyallarımızı alıb uzaqlara aparırsa, düşüncələrimizə yeni nəsə əlavə edirsə, yaddaşımızda bir roman qədər dərin iz buraxırsa, o ədəbiyyat kimi zəngin və geniş məzmunludur. Yaxud konkret həyat lövhələrini bütün rəngarəngliyi ilə gözlərimiz önünə gətirirsə, burada yaxşı musiqi həm də rəssamlıqdır.
Eyni paralelləri bədii fikrin, yaxud rəssamlığın digər incəsənət sahələri ilə əlaqəsi baxımından da izah etmək olar. Təbiətdən doğma səsləri ayırıb müəyyən ahəngə gətirən, bu ahəngi təntənəli surətdə ictimaiyyətə təqdim edən, insan düşüncəsinə sözlərlə təsir göstərən şair də, bu səsləri rənglərin dili ilə danışdıran rəssam da, onları notlara köçürən bəstəkar da eyni məharətin sahibidirlər. Təsadüfi deyil ki, dünya mədəniyyəti tarixində ədəbi istedadı ilə tanınan böyük sənətkarlar incəsənətin digər sahələrində də məharət göstəriblər. Görkəmli rus yazıçısı A.S.Qriboyedov həm də bacarıqlı bəstəkar olmuşdur. Onun yazdığı valslar indi də çalınmaqdadır. M.Y.Lermontov həm də mükəmməl karikatura ustası idi. Yapon ədəbiyyatının görkəmli nümayəndəsi, Nobel mükafatçısı K.Yasunari həm də rəssam təxəyyülü, peşəkar fotoqraflıq məharəti ilə tanınırdı. Vəfatından sonra onun Kamakuradakı evindən tapılan, yazıçının pərəstişkarlarını daha bir istedadı ilə heyrətdə qoyan çoxsaylı əsərləri bunun bariz örnəyidir. Yaxud əksinə, rəssam, bəstəkar fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılıqla məşğul olan sənətkarlar çox olmuşdur. Tanınmış rus rəssamı V.Q.Perov həm də yazıçı idi. Onun Moskva həyatından bəhs edən hekayələri dəyərli bədii örnəklər kimi dönə-dönə çap edilmişdi. J.J.Russo həm yazıçı, həm bəstəkar, həm də böyük filosof kimi tanınırdı. A.Kunanbayev yazıçılıqla bərabər bəstəkarlıqla da məşğul olub. Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov həm də böyük yazıçı və tənqidçi idi. Bu kimi misalların sayını kifayət qədər artırmaq olar.
Qeyd etdiyimiz faktlar bir daha isbat edir ki, sənət sevgisi heç bir məhdudiyyət tanımır. Bu sevginin kökü, mənşəyi birdir. Emil Zolyanın yazdığı kimi, “incəsənət insan duyğusunun süzgəcindən keçmiş təbiətdir” Bədii sənətin də, rəssamlığın da, musiqinin də cövhərində təbiət var. Buna görə də onların harmoniyası təbiətin özü qədər təbii və zəruridir. Lakin burada çox incə bir nüansı da nəzərdə saxlamaq lazımdır ki, estetik dəyərlərin harmoniyası eyni zamanda, millilik amilinə söykənməlidir. Milli özülü, dayağı olmayan, millilikdən uzaq düşən sənət həqiqi sənət deyil, onun cövhərində bir sünilik, saxtakarlıq var. Və belə bir sənət inkişaf yolunda çox uzağa gedə bilməz. O əsər böyük uğur qazana bilir ki, o millidir. Sənətin bəşəriliyə gedən yolu məhz millilikdən keçir. Milli olmayan əsər ümumbəşəri miqyasda nüfuz qazana bilməz. Yaradıcı gəncliyi ilk növbədə bu mühüm məziyyətə diqqət yetirməyə yönəltmək lazımdır.
Çağdaş dövrdə bəzən çox əcaib əsərlərlə qarşılaşırıq. İstər rəssamlıqda, musiqidə, istərsə də ədəbiyyatda özünü ifrat dərəcədə göstərən yad ünsürlər gənclərimizdə sənətə ehtiram, rəğbət əvəzinə, ikrah hissi yarada bilər. Öz yaradıcı “mən”ini son dərəcə fərqli ifadə etmək, seçilmək tendensiyasından irəli gələn bu əllaməçilik getdikcə geniş yayılır. Başqalarından daha fərqli düşündüyünü qabarıq nəzərə çatdırmaq, daha orijinal, elitar səviyyəli sənətkar olduğuna inandırmaq cəhdi belə yanlışlıqıara yol açır. Bir mühüm cəhət unudulur ki, ənənə üzərində boy atmaq, millilikdən qaynaqlanıb yüksəlmək bütün dövrlərdə incəsənətin orijinallığını təmin edib, onun təzə-tər görünməsinə stimul verib. Müxtəlif sənət cərəyanlarının mahiyyətini dərk etmədən öz təxəyyülünü hansısa “...izmlər” in çərçivəsinə qapatmaq, Qərbin nailiyyətlərinə qondarma istinadlar, yaratdığın əsəri əlaqəsiz surətdə, yerli-yersiz müəyyən istiqamətin nümunəsi kimi təqdim etmək... bütün bunlar yaradıcı insanın həqiqi sənət yolunu tapmasına mane olan cəhətlərdir. Unutmaq olmaz ki, sənət əsəri bütün əlavə “bər-bəzəkdən”təmizlənib təkcə milliliyində, təbiiliyində qalarsa, bu onun uzunömürlü olmasına yetər. Sənətkar istedad baxımından kamil olmasa belə, sənətinin milli aspekti ilə əbədiyaşarlıq qazana bilər. V.Q.Belinski xəlqilikdən məhrum istedadlı şairi əvvəlcə gur qol-budaq atıb göyərən, lakin kökü dərinlərə işləmədiyindən tezliklə quruyan ağaca bənzədirdi. Buna görə xəlqilik, millilik dahilikdir. Dahilərin hamısı milliliyi əsərlərinin ruhuna, onun ideyasına, məzmununa, bədii mündəricəsinə hopdura bildikləri üçün dahidirlər. V.Hüqonun bütün yazdıqları bizə fransız ruhunu, fransız təfəkkürünü tanıdır, L.Tolstoyun əsərləri rus xarakterini canlandırır, F.Dostoyevski rus ziyalısının qartal baxışları ilə həqiqəti cilalayır, T.Şevçenkonun yaradıcılığında ukraynalının ürəyini görürük, Ç.Aytmatovun yaratdıqları qırğız həyatının ensiklopediyasıdır...
Müxtəlif vaxtlarda və fərqli millətlərin Nobel mükafatçılarına bu ali ödülün hansı səbəblərə görə verildiyini araşdırdıqda bir həqiqət üzə çıxır ki, yazıçıların böyük əksəriyyəti milli ruhu, milli xarakteri əsərlərində dürüst ifadə etdikləri üçün bu mükafatı alıblar. Yaponiyanın ilk Nobel mükafatçısı Kavabata Yasunariyə məhz “yapon şüurunu, varlığını çatdıran yazıçılıq ustalığına görə” 1968-ci ildə Nobel ödülü verilir.
Burada mühüm bir faktı qeyd etmək lazımdır ki, Yaponiya yeganə ölkədir ki, əsrlərlə öz qapılarını yadellilərə, eləcə də Avropaya bağlı saxlayıb. XIX əsrdə baş verən Meyci inqilabına qədər yaponların digər millətlərlə heç bir əlaqəsi olmayıb. Burada başlıca məqsəd millətin varlığını, onun tarixini, dilini, mədəniyyətini, ədəbiyyatını və s. yadelli təzyiqlərdən, təsirlərdən qorumaq idi. Bu gün dünyada yaponlar qədər öz milliliyini qoruyub saxlayan, orijinallığı, özünəməxsusluğu ilə seçilən ikinci bir millət yoxdur. XIX əsrdən başlayaraq başqa mədəniyyətlərə inteqrasiya, eləcə də Avropayla hərtərəfli əlaqəər yaponlardan heç nə qoparıb ala bilmədi, əsrlərlə möhkəmlənən yapon milli təfəkküründən heç nə əskilmədi, əksinə bu inteqrasiya onların həyatına yeni bir rəng qatdı. Diqqət edin, bu inteqrasiya yaponları dəyişdirmədi, onların fikrini kökündən təzələmədi, məhz düşüncələrinə rəng qatdı. Bu günkü yaradıcı gəncliyi məhz bu səviyyədə milliliyə səsləmək lazımdır. Qoy azərbaycanlı bir rəssamın, musiqiçinin, yazıçının əsəri ilə tanış olanda onun mahiyyətində bütöv Azərbaycan görünsün, bizim çox zəngin milli xarakterimiz burada öz əksini tapsın. Axı bizim Vətənimiz əsrlərlə yadelli işğallara məruz qala-qala, başqa millətlərin təsirində ola-ola öz milli kimliyini yaşada bilib, dilini, ədəbiyyatını, musiqisini göz bəbəyi kimi qoruyub. Bu mənada, ərəblərin, farsların, monqolların, rusların və s. millətlərin əsrlərlə işğalı altında olan millətimiz milli varlığını məhv olmağa qoymayıbsa, onun milli mədəniyyətini yaşadığımız müstəqillik dövründə qoruyub yaşatmaq heç də mürəkkəb iş deyil.
Dünya Gənc Türk Yazarlar Birliyi ədəbi təşkilatdır, amma onun incəsənətin digər sahələri ilə ədəbiyyatı vəhdətdə götürən bir layihəyə imza atması sevindirici və qürurvericidir. Fəaliyyəti ilə Türk dünyasında böyük nüfuz qazanan Əkbər Qoşalının və DGTYB mənsublarının fədakar əməyi sayəsində ərsəyə gələn belə tədbirlərin öz səmərəsini yaxın gələcəkdə lazımi səviyyədə verəcəyini təxmin etmək çətin deyil.

Məruzə DGTYBnin Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Ədəbiyyat, Təsviri sənət, Musiqi və Gənclik" adlı Layihə çərçivəsində Azərbaycanda Atatürk Mərkəzində düzənlənən konfransda (07.11.2015) oxunub.
Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə