* * *
Niyə xəyal kimisən,
Niyə gerçək olmursan?
Yoxsa, gedib dünyadan,
Yenidən doğulursan..?

Unutmağa gəlmişdim,
Unutmağın adı yox.
Kədərini nuş etdim,
Kədərinin dadı yox...

Özümü öldürəcəm,
Başdaşım sən olarsan.
Ölümü güldürəcəm,
Göz yaşım sən olarsan
            May 2015, Bakı

Təmiz qadın

Nədir gözlərində o sual, qadın? –
O suala məndə cavab gəzirsən..?
Sən gör bir dünyanın hansı vaxtıdı –
Günahkar adamda savab gəzirsən...

Məndə çirkinliyə batmışam bəlkə,
Hiss etsə... çivin də qonmaz üstümə...
İstəsən qəlbimi verə bilərəm,
Ancaq... gəl, təmizlik, saflıq istəmə...

Çalış qoruyasan öz saflığını,
Çalışma..! – Sən bunu bacarmalısan!..
Oyunlar içinə düşərsən yoxsa,
Oyuncaq adlanar o gözəl adın...
Qadın!.. ey qadın..!
            26.04.2013, Bakı


Özümdən inciyib, sənə gəlirəm…
               Mərhum şairimiz Şaiq Vəli

Neçə yoxuş, neçə dərə keçmişəm,
Azaraq göylərdən yerə köçmüşəm.
Mən xeyir deyilən şərə düşmüşəm,
Sözümdən inciyib sənə gəlirəm.

Həyat qəfəs kimi görünür mənə,
Hər şey nəfəs kimi bürünür mənə.
Ölüm addım-addım sürünür mənə,
İzimdən inciyib sənə gəlirəm.

Mənəm – Zaur Sahil, tanı, Allahım,
Köhnəlib ömrün paltarı, Allahım.
Tapşırıb torpağa canı, Allahım,
Özümdən inciyib sənə gəlirəm...

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə