Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “ƏDƏBİYYAT, MUSİQİ, TƏSVİRİ SƏNƏT VƏ GƏNCLİK” adlı 4 aylıq layihə başa çatmışdır.

Layihə çərçivəsində silsilə tədbirlər düzənlənmiş, layihənin adından da göründüyü kimi, fəqli sənət sahələrini təmsil edən yaradıcı gənclər bir araya gələrək, işbirliyi məsələlərini müzakirə etmiş, habelə problemlər, uğurlar barədə fikir mübadiləsi aparmışlar. Düzənlənən tədbirlərdə görkəmli alimlər, nüfuzlu aydınlar, tanınmış QHT başçıları, KİV nümayəndələri də öz düşüncələrini bölüşmüşlər. Professorlar Fuad Məmmədov, Rahid Ulusel, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, yazıçı-dramaturq, əməkdar mədəniyyət işçisi Yunus Oğuz, əməkdar mədəniyyət işçisi, tanınmış solo-saz ifaçısı Nemət Qasımlı, Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun direktoru, tanınmış şair İbrahim İlyaslı, filoloq dosent-doktorlar Şəmil Sadiq, Təranə Turan Rəhimli, sözügedən layihənin məsləhətçisi Əkbər Qoşalının məruzə etdiyi silsilə tədbirlərdə, habelə Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi, tanınmış rəssam Nəvai METİN, Türkiyəli araşdımaçı-yazar Cəfər Dal, araşdırmaçı-yazar Könül Aydın Nehmət, nüfuzlu QHT başçıları Vüqar Qəadirov, Emin Həsənli, Gənclər Fondu Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev, Fondun məsul əməkdaşı Vüsalə Niftəliyeva və başqaları sənətin estetik dəyərləri, sənət harmoniyası və yaradıcı gəncliyin qarşısında duran vəzifələr mövzusunda çıxış etmişlər.

Rəsm əsərlərinin sərgiləndiyi, gənc bəstəçilərin əsərlərinin səsləndirildiyi, şeirlər oxunan, ifalar dinlənən tədbirlər, belə bir fikrə haqq qazandırıb ki, yaradıcı gəncliyin işbirliyi sənətdə peşəkarlıq əmsalının artmasına, şou-biznes aləmində son illər tez-tez müşahidə olunan “özü yazır, özü bəstələyir, özü oxuyur, özü təbliğ edir” şəklində “birxətliliy”in, monotonluğun aradan qaldırılmasına xidmət edir. Bu fikirlər layihə iştirakçılarının Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ilə görüşündə də səsləndirlmişdir. Gənc və yeni nəsil şairlərin şeirlərinə musiqi bəstələnməsi üçün Bəstəkarlar İttifaqına təqdim edilmək üçün toplanması, artıq görüşün, ümumən layihənin praktik sonuclarından sayıla bilər.

Layihənin gedişində fərqlənən gənclər, layihəyə mənəvi dəstək verənlər özəl “Fəxri fərman”la təltif olunublar.

Layihə çərçivəsində işıq üzü görən “SƏS... SÖZ... RƏNG” adlı qarışıq janrlı toplu isə, öz forma-məzmununa görə diqqətəlayiq, nadir rastlanan bir kitab kimi xarakterizə oluna bilər. Topluda yer alan 74 gənc müəllifdən 37-si şair, 5-i bəstəçi, 30-u rəssam, 1-i rəssam-fotoqraf, 1-i heykəltaraşdır.

Gənc araşdrımaçı-yazar Əfsanə Ələsgərlinin layihə rəhbəri olduğu kitabın tərtibçiləri DGTYB mənsubları olan yazarlar Sərdar Şirvan, İntiqam Yaşar (Gədəbəy), Şəfa Vəli (Gəncə), Tural Adışirin (Şəki), baş məsləhətçisi millət vəkili dr. Cavanşir Feyziyev, baş rəyçisi isə dos.dr. Şəmil Sadiqdir. Kitaba önsözü ADPU-nun dosenti Təranə Turan Rəhimli yazıb. “Səs... Söz... Rəng”in üz qabığında Elmar Məmmədzadənin “Nəğməli dünyam” (ipək üzərində rəsm) əsəri, arxa qapağında isə gənc rəssam Şəhla Kərimovanın “Butalı aşiq aşıq” əsəri verilib.

228 səhifəlik, nəfis tərtibatlı kitab “Elm-Təhsil” NPB-də işıq üzü görüb.

Toplu pdf formatında milli internet resurslarında da yerləşdiriləcək. 

 

Submit to DiggSubmit to FacebookSubmit to Google BookmarksSubmit to StumbleuponSubmit to TechnoratiSubmit to TwitterSubmit to LinkedIn

Şərh yaz


Təhlükəsizlik kodu
Yenilə